AZE | RUS | ENG |

Realizm estetikasının gücü

Realizm estetikasının gücü
Əməkdar rəssam Rafael Abasovun bədii axtarışları haqqında

Sənət aləmində mövcud olan müxtəlif "izm”lərin yarandığı və  rəqabət apardığı bütün dövrlərdə realizmin estetikasının sehrinə düşməyən rəssamlarımız demək olar ki, olmayıb. Bunu şərtləndirən başlıca səbəb isə realist bədii şərhlə gerçəkliyi və onun çeşidli hadisələrinə, insanların sayagəlməz fəaliyyətinə tamaşaçını inandırıcı "bədii güzgü” tutması olmuşdur. Doğrudan da, üslubun inandırıcılıqdan qaynaqlanan  ovqatyaratma gücünü öz yaradıcı potensialı ilə qovuşduran təsviri sənət ustalarımız zaman-zaman milli sənət saxlancımıza duyğulandırıcı – yaddaqalan əsərlər bəxş etmişlər.
 
XIX yüzilliyin ikinci yarısından başlayan və bu günümüzə kimi öz estetikasının zənginliyi ilə rəssamlarımızı ovsunlamaqda davam edən realizm ənənələrini yarım əsrə yaxın bir dövrdə uğurla yaşadan və onu yeni bədii çalarlarla zənginləşdirən yaradıcılarımızdan biri də respublikanın Əməkdar rəssamı Rafael Abasovdur. 
Doğma Bakıda əvvəlcə Ə.Əzimzadə adına rəssamlıq məktəbində (1960-1965) Əbdülxalıq Rzaquliyev və Böyükaga Mirzəzadədən, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974)  Mikayıl Abdullayev və Tahir Salahovdan sənətin sirlərini öyrənən  Rafael Abasov (1943) bir qərinədən çoxdur ki, yaradıcılıqla məşğuldur. Onun müxtəlif mövzulu əsərlərini artıq klassikləşən  "sərt üslub”a – dünyanı sərt baxış tərzinə bir qədər də realizmə bələnmiş duyğulandırıcı lirik-romantik və ruh-ovqat qatması səciyyələndirir. Bunu həm onun məntiqli məna-məzmun yüklü və kompozisiya bütövlüyü ilə seçilən süjetli tablolarında, özündə zəngin psixoloji yaşantıları gerçəkləşdirən portretlərində, maddi-mədəniyyət nümunələrini qürurdoğurucu qaynağa çevirən natürmortlarında, tamaşaçını ovqat bolluğuna qərq edən gözoxşayan mənzərələrində müşahidə etmək mümkündür...
 
Rafael Abasovun müxtəlif tutumlu əsərlərinin tamaşaçı rəğbəti qazanmasının kökündə  ilk növbədə onun bu janrların məlum "estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirmək bacarığı durur, desək, yanılmarıq. Bu mənada onun müxtəlif illərdə ərsəyə gətirdiyi  "Düşüncələr” ("Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti” (1996), "Qayğılı anlar” (2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), "Akademik Məzahir Abbasovun portreti” (1988), "Kəndli oğlan” (1984), "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin” (2009), "Xalq artisti Fuad Poladovun portreti” (2006) və s. portret-kompozisiyaların adını çəkmək olar.
 
Adətən, çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər məlumat və təəssürat olduğundan onların fərqli obrazlarını yaratmaq nisbətən çətin olur. Məhz bu baxımdan rəssama uzun illər respublikaya rəhbərlik etmiş Heydər Əliyev cənablarının portretini kətan üzərində gerçəkləşdirmək heç də asan olmayıb. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində aparıcı və həlledici olduğunu etiraf etməli olsaq, demək olar ki, rəssam tanınmış siyasi xadimin obrazının yaddaqalanlığını əldə etmək üçün çox uğurlu kompozisiya həlli ("Düşüncələr”) tapa bilmişdir. Bunun üçün dəbdəbəli, rəsmi təqdimatdan imtina edən rəssam H.Əliyevi ev şəraitində-baxışlarını naməlum istiqamətə yönəlmiş və düşüncələrə qərq olmuş vəziyyətdə təsvir etmişdir. Geyimin və pozanın sadəliyi, obrazı əhatələyən azsaylı detallar və yığcam və nüfuzedici rəng həlli obrazın səmimiliyini şərtləndirmişdir. Bütün bu məziyyətlərin son nəticədə portretin aurasını genişləndirdiyinə və əsərin dolğun məna-məzmun tutumlu  süjetli tablo kimi qəbul olunduğuna şahidlik etmək mümkündür.
Bu portretin uğuru rəssamı daha da ruhlandırmış və o, müstəqillik dövründə Heydər Əliyevin bədii tutumuna görə bir-birindən fərqlənən obraz-portretini yaratmağa nail olmuşdur. Hazırda görkəmli siyasi xadimin respublikamızda fəaliyyət göstərən əksər Heydər Əliyev mərkəzlərini bəzəyən monumental tutumlu portretləri bilavasitə Rafael Abasov fırçasının məhsullarıdır. Bu sırada Gədəbəy, Şəmkir, eləcə də Bakının Binəqədi, Pirallahı, Suraxanı və b. rayonlardakı mərkəzlərin adını çəkmək olar. Rəssamın ulu öndərlə bağlı həmin əsərlərində də bu böyük şəxsiyyətə mənsub olan zəngin keyfiyyətlərin yaddaqalan bədii tutumda bədiiləşdirilməsi qabarıq duyulur.

 
Eyni müsbət  sözləri rəssamın obrazlarının dolğunluğuna və əhatəliliyinə nail olduğu iki tanınmış dövlət xadimi – İlham Əliyev və Vladimir Putinin, eləcə də İkinci dünya müharibəsindəki qəhrəmanlığını sonralar elm sahəsində davam etdirən akademik Məzahir Abbasovun və aktyor Fuad Poladovun portretləri haqqında söyləmək olar. Rəssamın kompozisiyaya onun bədii tutumunun genişləndirilməsinə xidmət edən detallar daxil etməsi heç şübhəsiz həmin şəxsiyyətlərin obrazlarının dolğunluğunun əldə olunmasında yardımçı olmuşdur.
 
Bütünlükdə demək olar ki, "sərt üslub”un estetikasından faydalanmaqda davam edən Rafael Abasov portret janrında yaratdığı sənət nümunələrinin  timsalında realizmin özünüifadə imkanlarının nəhayətsizliyini sərgiləyə bilib. Bunu rəssamın həm tutumuna görə süjetli tablo kimi qəbul olunan, həm də bu janrın klassik nümunəsini xatırladan digər portretləri də təsdiqləyir. "Avtoportret” (1981), "Kəndli oğlan” (1984),  "Heykəltəraş Tofiq Hüseynovun portreti” (1979), "Rəssam Nadir Qasımov” (2001), "Əlövsətin portreti” (1990), "Alman futbolçusu Bert Ştangenin portreti” (1993), "Amerikalı qadın” (1997), "Qəhrəman ana” (2000), "Salvador Dali haqqında düşüncələr”, "Hüquqşünas Səfa Mirzəyevin portreti” (1999), "Oğlum Rəşad” (2009)  və s. əsərləri özündə dəyişkən psixoloji yaşantıları  hifz edən portretlər hesab etmək olar. "Kəndli oğlan” əsərinə görə R.Abasovun Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də onun sənətkarlığına verilən yüksək qiymətin göstəricisidir...
 
Yuxarıda adlarını çəkdiyimiz portretlərdə xarakter müxtəlifliyi həm də həmin obrazların həyata münasibətlərini xarakterizə edən dəyərlərlə əlaqəli verildiyindən onlar  həm də tamaşaçı tərəfindən "suallar məcmusu”na bənzəyən bədii-psixoloji qaynaq kimi qəbul olunurlar. Ümumiyyətlə, rəssamın əsərlərində insan xarakterinə nüfuzetmə bacarığı kifayət qədər duyulandır. Bunu onun müxtəlif fiqurlu əsərlərində müşahidə etmək mümkündür. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi "Qazmaçılar” (1968), "Neftçi" (1978), "Nehrəm ağsaqqalları” (2006) əsərləri bu qəbildəndir.
 
Dünya və Azərbaycan rəssamlığında geniş yayılan natürmorta Rafael Abasovun biganə qalmamağının kökündə "dəstədən geridə qalmamaq”dan daha çox, arıq beş əsrə yaxın beynəlxalq incəsənət leksikonunda özünə daimi yer alan bu janrın estetikasına özünəməxsus çalarlar əlavə etmək durur desək, həqiqəti söyləmiş olarıq. Onun "Lahıc qabları ilə natürmort” (2006), "Keramik qablar” (1999),  "Mis qablar” (2000),  "Yaz gülləri” (2005) və s. əsərləri məhz rəssamın zamanlar arasında mənəvi əlaqənin  yaradılmasına xidmət edən lövhələridirlər.
 
Etiraf edək ki, rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün   fəsillərin dəyişkənliyi, dağların möhtəşəmliyi, bağların füsunkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, onların qarşısında istər-istəməz ovqat bolluğuna düşürsən. "Payız” (1996), "Meşə mənzərəsi” (2000), "Dəniz sahili” (2001), "Abşeronda (2003), "Günorta” (2004), "İsmayıllı mənzərəsi” (1996) əsərləri zəngin bədii dəyərləri özündə yaşadan tablolardır.
 
Onun  realizm estetikasının gücü qabarıq hiss olunan lövhələrin Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət  Rəsm Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında, yerli və xarici ölkələrdəki şəxsi kolleksiyalarda yer alması heç şübhəsiz onun çoxdan ənənəvi sayılan  mənzərə janrının bədii-estetik tutumuna yeni və özünəməxsus məziyyətlər bəxş etməsinin göstəricisidir.
 
Ziyadxan Əliyev

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019