• cümə, 24 May, 12:13
  • Baku Bakı 24°C

Ərdoğan Türkiyəni qlobal gücə çevirir - TƏHLİL

03.06.23 01:00 2866
Ərdoğan Türkiyəni qlobal gücə çevirir - TƏHLİL

Dünyanın maraqla izlədiyi Türkiyədəki prezident seçkiləri iki turluq mübarizədən sonra Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşdı. İndi həm Qərb, həm də Şərqi ən çox düşündürən sual Ankaranın xarici siyasət kursunda hansı dəyişikliklərin olacağıdır.   

Türkiyədə prezident seçkilərində inamlı qələbə qazanan Rəcəb Tayyib Ərdoğan Ankaranın əvvəlki xarici siyasət kursunu davam etdirəcəyini bəyan edib. Bu da gözlənilən idi. Türkiyə son 20 ildə tək Şərqdə deyil, Qərbdə də beynəlxalq gücə çevrilməyə müvəffəq olub. Bu uğurun əldə olunmasının tək memarı indiki iqtidardır. Ərdoğan Türkiyəni regional və beynəlxalq güclər sırasına qaldırmağa müvəffəq olub. Nəticədə onun “əzələ diplomatiyası” ilə hər kəs hesablaşır. Qərb mediasında yer alan başlıqlardan birində qeyd edildiyi kimi, seçkinin nəticəsi “mövcud nizamın davamı” kimi qiymətləndirilməlidir. Qərb beyin mərkəzləri də Atatürkdən sonra onu Türkiyənin ən qüdrətli lideri kimi qələmə verir. Fövqəldövlətlərin təbrik məktublarından da bunu müşahidə etmək mümkündür. Bu, Türkiyənin və Ərdoğanın qlobal siyasətdə artan rolunu göstərir. Onlar illərlə davam edən, bəzən gərginləşən münasibətlərə baxmayaraq, Ərdoğanla işləməyə hazır olduqlarını bildiriblər. Qərb dairələrində belə bir fikir var ki, Ərdoğanın daha çox səs toplamasının səbəbi ölkənin beynəlxalq siyasətdə nüfuzunu yüksəltməsidir, insanlar məhz buna görə onu sevib səs veriblər. Məhz Ərdoğanın prezidentliyi dövründə Türkiyə Yaxın Şərqdə deyil, Qafqazda, Mərkəzi Asiyada mövqeyini gücləndirməyə müvəffəq olub. Bu qələbə Türkiyənin siyasətini müəyyən etməyə çalışan xarici qüvvələrin maraqlarına deyil, öz maraqlarına tabe olan xarici siyasətin davam etdirilməsi deməkdir.

Türkiyənin yaxın prioritetləri

Qərb Türkiyənin strateji əhəmiyyətini Avropa ilə Yaxın Şərq arasında körpü kimi çoxdan müəyyən etsə də, Rusiyanın Ukraynaya hücumu Ankaranın dünya miqyasında statusunu dəyişdi. Bu səbəbdən də az qisim insan Ərdoğandan böyük xarici siyasət sürprizləri gözləyir. Onun Rusiya ilə yaxın münasibətlər saxlaya biləcəyinə diqqət çəkən BBC bildirir ki, Qərbin Türkiyədən ilkin gözləntisi İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsidir. Eləcə də Türkiyə-Yunanıstan gərginliyi gündəmdədir. NATO ölkəsinin rəhbəri olsa da, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxın əlaqələri var və Ukrayna müharibəsində özünü arbitr kimi göstərib. O, Qara dəniz vasitəsilə taxıl ixracı üçün təhlükəsiz dəhliz açan sövdələşməyə vasitəçiliyə kömək etdi və Rusiya razılaşmanı pozmaq istəyəndə, bunun qarşısını aldı. Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Yevgeniya Qaberin sözlərinə görə, Ərdoğan Rusiyanın Ukraynanı işğalı ilə bağlı mövqeyini dəyişməyəcək. Moskvayla iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirəcək, Kiyevə isə özünümüdafiədə dəstək verəcək: “Ancaq hakimiyyətini möhkəmləndirmiş Ərdoğan bu dəfə daha sərt oynaya, Ukraynadan taxıl ixracı üçün Rusiyanı daha çox danışığa cəlb edə, hətta tərəfləri atəşkəsə sövq edə bilər”. O deyir ki, Rusiya Türkiyənin iqtisadi tərəfdaşları arasında qalacaq. Ərdoğanın seçki kampaniyasının əsas mesajı da belə olub ki, Türkiyənin Rusiyaya münasibətləri Birləşmiş Ştatlarla olandan az əhəmiyyətli deyil.

Atlantik Şurasının daha bir aparıcı əməkdaşı Riç Autzen isə diqqəti Suriyaya yönəldir. Qeyd edir ki, Suriya Ərdoğan üçün şəxsi miras məsələsi kimi qalır. Ankara Türkiyə ilə sərhəddə yerləşən, PKK-ya bağlı YPG-ni dağıtmaq, Suriyaya xeyli sayda qaçqını qaytarmaq istəyir. Riç bu il, yaxud gələn il YPG-yə qarşı yeni hərbi əməliyyatı istisna etmir. Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləyəcəyi gözlənilir.

Qafqaz və Mərkəzi Asiya

Buna baxmayaraq, Rusiya mediası və siyasi dairələrində Ərdoğanın qələbəsinə münasibət birmənalı deyil. Daha çox Türkiyənin Mərkəzi Asiyada mövqeyinin güclənəcəyindən narahatlıq əks olunur. Türk Dövlətləri Təşkilatının (TDT) aktiv quruma çevrilməsi ilk gündən ruslar tərəfindən qıcıq doğurub. Lakin Rusiyada fəaliyyət göstərən Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski rus mediasına müsahibəsində bildirib ki, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində köklü dəyişikliklər gözləmək lazım deyil. Qazaxıstanlı politoloq, Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev isə hesab edir ki, “Ərdoğan təşkilatı məzmunla, fəaliyyətlə doldurdu, Türkiyənin dünyanın müxtəlif bölgələrində, xüsusən də Mərkəzi Asiyadakı roluna daha qlobal nəzər saldı. Türkiyə Mərkəzi Asiyada Rusiya və Çinə qarşı tarazlığa çevrilir”.

Dosım Satpayev də hesab edir ki, istənilən dövlətin hərbi quruculuğu şaxələndirilməlidir, Mərkəzi Asiya ölkələri Türkiyə və Çinlə əməkdaşlıq yolu ilə Rusiya silahlarından asılılığını azaltmağa çalışacaq. Bunu Astanada da, Daşkənddə də, Bişkekdə də başa düşürlər. “Bölgədə Türkiyə hərbi tərəfdaş kimi qəbul edilir, silahların alınması ilə bağlı sövdələşmələr aparılır. Məsələn, Qazaxıstan türk pilotsuz təyyarələrinin istehsalı üçün fabrik tikməyə hazırlaşır”, - deyən ekspert qeyd edib ki, Türkiyə NATO üzvü olduğu üçün Mərkəzi Asiya ölkələri sonda NATO tipli silahlanmaya keçə bilər.

Ərdoğan-Qərb münasibətlərinə təsir edəcək amillər

Qərb mediası yazır ki, önümüzdəki dövrdə Ərdoğan-Qərb münasibətlərinə təsir edəcək məsələlərdən biri iqtisadiyyat olacaq. Amma “iqtisadiyyat ölüb, Ərdoğan pul üçün əyiləcək” qənaətində olanlar yanılır. İlin sonuna qədər ödənilməli və təhvil verilməli olan xarici borc 200 milyard dollardan artıq olsa belə. Ərdoğan bütün bunları bilmək üçün kifayət qədər təcrübəyə malik siyasətçidir. Yenə müzakirələr səviyyəsində bəzi sahələrdə Qərbə qarşı dayanacaq, amma həmişə masada qalacaq. Bunun konkret nümunəsini İsveçin NATO-ya üzvlük məsələsində görəcəyik. İyulda keçiriləcək sammitə qədər bu məsələnin həll olunacağına və Ərdoğanın seçkidə qalib gəlmənin rahatlığı ilə tez bir zamanda üzvlüyünü təsdiqləyəcəyinə inanmaq olar. Danışıqlar zamanla genişlənəcək və ABŞ ilə F-16 kimi bəzi məsələlərdə həll yolları axtarılacaq.

Son olaraq bu qənaətə gəlmək olar ki, növbəti illərdə Qafqazdan Yaxın Şərqə, Avropadan Afrikaya qədər Türkiyənin xarici siyasətinin fəal və aparıcı rolunun getdikcə daha da artacağı şəksizdir.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər