Partiya sədrləri deyir ki, tək
pandemiya dövründə deyil, elə həmişə nə iş görülürsə, radikal müxalifət bəyənmir...
Dünyada koronavirus pandemiyası təhlükəsindən irəli gələrək,
hökumətlər qabaqlayıcı tədbirlər həyata keçirir. Xüsusilə, bu virusun yaşlı
insanları daha tez yoluxdurduğu hər kəsə bəllidir. Məhz bunu nəzərə alaraq,
Prezident İlham Əliyev yaşı 65 yuxarı olan 176 məhkumun cəzalarının çəkilməyən
hissəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının bu
qərarını cəmiyyətin böyük hissəsi təqdir etsə də, öz şakərindən geri qalmayan
radikal müxalifət düşərgəsi yenə də bu humanist addıma kölgə salmağa cəhd
göstərir.
Maraqlıdır ki, heç bir virus təhlükəsi olmayan vaxtlarda əfv və
amnistiya qərarlarını təqdir edən, o cümlədən belə addımların mütəmadi
atılmasını istəyən radikal düşərgə indi əksini nümayiş etdirir. Onlar məhz
sonuncu əfv sərəncamına müxtəlif siyasi don geyindirməyə çalışırlar. Hətta
pandemiya dövründə belə, onlarda humanist addımlara, proseslərə siyasi
nöqteyi-nəzərsiz, ədalətli baxmaq istəyi yoxdur. Əlbəttə ki, bu da cəmiyyətdə
ikrahla qarşılanır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki,
tək pandemiya dövründə deyil, elə həmişə nə iş görülsə, radikal müxalifət
bəyənməyəcək: "Dünənə qədər deyirdilər ki, əfv yoxdur, indi isə əfv sərəncamı
verilib, onda da bir neqativ axtarmağa başlayıblar. Bilirsiniz, əfv edilən 176
nəfər elə bir o qədər ailə deməkdir və hələ onların qohumları, yaxın ətrafı
var. İndi görün, nə qədər insana sevinc bəxş edilib. Cəmiyyətdə nə qədər
pozitiv enerji yaranıb. Təsəvvür edin ki, həmin yaşlı insanlara televiziyada
baxanda, adamın ürəyi ağrıyır. Onlar bu əfv sərəncamını necə səbirsizliklə
gözləyirdilər. Axı, radikal müxalifət düşərgəsi bunda nə neqativ axtarır?
Əlbəttə ki, bu, prezidentin müstəsna səlahiyyətidir və dövlət başçısı indiki
halda belə bir qərar qəbul edib. Gələcəkdə də əfv, amnistiya qərarları olacaq
və yüzlərlə ailəyə sevinc bəxş olunacaq”.
T.Kərimli qeyd etdi ki, sonuncu əfv sərəncamı ilə yaşı 65-dən yuxarı
olan şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar: "Təbii ki,
onlar cəmiyyətdə ictimai faydalı olmağı öhdələrinə götürüblər. Nə qədər insan
doğru olmayan yoldan geri qaytarılır. Ona görə də belə bir humanist addımda
neqativ axtarmaq müxalifət düşərgəsinə yaraşmayan addımdır. Fikrimcə, radikal
düşərgənin heç işi-peşəsi yoxdur və eləcə mikroskopla nə isə axtarır. Az qalıb
ki, koronavirusun yayılmasını da iqtidarın üstünə atsınlar. Bütün bunlara
baxmayaraq, hesab edirəm ki, dövlətimiz bildiyi yolla gedir və xalqı
sevindirib. Çox az sayda adam olar ki, əfv sərəncamına neqativ yanaşsın, mütləq
əksəriyyət cənab Prezidentin bu addımını müsbət qarşılayıb. Birmənalı şəkildə
deyə bilərəm ki, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident
Mehriban Əliyevanın cəmiyyətdəki nüfuzu çox yüksəkdir və onlar xalqımız
tərəfindən sevilirlər”.
Yurddaş Partiyasının sədri
Mais Səfərli bildirdi ki, Azərbaycan dövlətinin heç bir hərbi-siyasi bloka
qoşulmaması, ölkə Prezidenti İlham Əliyevin siyasətinin yalnız və yalnız milli
maraqlarımıza xidmət etməsi dünyadakı bir sıra siyasi çevrələrin və mərkəzlərin
ürəyincə deyil: "Bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Elə bu səbəbdən
də onlar çalışırlar ki, bizim işlərimizə maneələr yaratsınlar, inkişafımıza
əngəl törətsinlər, bizi zəiflətsinlər, özlərindən asılı vəziyyətə salsınlar.
Bu gün dünyanın bütün aparıcı dövlətlərində, bir çox beynəlxalq
təşkilatların dəhlizlərində kök salmış anti-Azərbaycan şəbəkəsi mövcuddur. Həmin
çevrələrin işində erməni diasporunun və lobbisinin də rolu çoxdur. Bizi
qarabaqara izləyən, fürsət düşdükcə ölkəmizə pislik etmək istəyən bu çirkin və məkrli
şəbəkə bütün bəşəriyyət üçün son dərəcə gərgin dönəmdə - koronavirusun dünyada
fəlakət halı yaratdığı bir vaxtda öz çirkin əməllərindən əl çəkmir. Onların
maliyyə dəstəyi ilə yaradılmış və dünyanın müxtəlif ölkələrindən "Youtube",
"Facebook" və s. sosial şəbəkələrdə yayımlanan çoxsaylı oyuncaq
televiziyalar vasitəsilə ölkəmizdə xaos, çaxnaşma, kütləvi psixoz yaratmağa
cəhd edirlər. Həmin televiziyaların daimi müsahibləri və şərhçiləri, daha
doğrusu, şərçiləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif
Məmmədov, Qubad İbadoğlu və başqa radikal müxalifətçilərdir. Onlar yorulmadan gecə-gündüz ağızlarına gələni
danışır, insanlarda acizlik, ümidsizlik yaratmağa çalışırlar. Bu siyasətbazlara
bir sual vermək lazımdır ki, əgər ölkəmizdəki durum sizlərin dediyi kimidirsə,
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə atdığı çevik addımlara,
qabaqlayıcı, səmərəli tədbirlərə görə Azərbaycan rəhbərliyinə xüsusi təşəkkür
edərdimi?
Hər bir vətəndaşımız çox gözəl bilir ki, əhalinin həyat və sağlamlığının
qorunmasında, bu təhlükəli infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin
təşkilində, karantinə alınmış minlərlə insanımızın bütün ehtiyaclarının
təmənnasız ödənilməsində dövlətimiz mümkün olan hər şeyi edir. Səhiyyəmizin
imkanları günbəgün genişləndirilir. Yeni böyük, 560 yerlik müasir klinikanın bu
məqsədlər üçün istifadəyə verilməsi, çox qısa zamanda maska və digər qoruyucu
vasitələr istehsal edən müəssisənin işə salınması, hər biri 200 yerlik olan
daha 6 modul tipli xəstəxananın tikintisinə qərar verilməsi, mövcud
zavodlarımızda əhalinin dezinfeksiya spirtinə ehtiyacının ödənilməsinin təmin
edilməsi bunun sübutudur”.
M.Səfərli vurğuladı ki, məhz ölkə rəhbərliyinin vaxtında atdığı
addımlar Azərbaycanı İtaliya, Fransa, İran, İspaniya, ABŞ-ın vəziyyətinə
düşməkdən xilas etdi: "Mən, bir siyasətçi kimi bütün dünyada dövlət
rəhbərlərinin koronavirusla mübarizədə fəaliyyətini izləyirəm. Ədalət naminə
demək istəyirəm ki, Prezident İlham Əliyevin, Birinci vitse- prezident Mehriban
xanım Əliyevanın bu günlərdə, bu ekstremal vəziyyətdə göstərdikləri
fəaliyyətlər əsl fədakarlıqdır. Dövlətimizin bu ağır günlərdə vətəndaşlarımıza,
işləyən insanlara, sahibkarlara dəyən ziyanın yüngülləşdirilməsində, iqtisadi
subyektlərin itkilərinin minimallaşdırılmasında, aztəminatlı ailələrin,
işsizlərin maddi ehtiyaclarının qarşılanmasında, 65 yaşdan yuxarı məhbusların
cəzasının çəkilməmiş hissəsindən azad olunmasında atdığı addımlar çox önəmli
tədbirlər sırasındadır. Bir sözlə, anti-Azərbaycan şəbəkəsinin bizə, ölkəmizə
qarşı apardığı növbəti çirkli kampaniyanın da iflasa uğradığı göz
qabağındadır”.