Quraqlıqdan xilas edəcək yağıntı?
Ekspertlər
mart ayında ölkə ərazisində yağıntının olmasını yaxşı əlamət hesab edirlər.
Amma onu da qeyd edirlər ki, bu yağıntı yayda gözlənilən quraqlığın qarşısını
nisbətən alacaq. Təhlükə var, çünki bu, qlobal məsələdir, dünyada gedən
prosesdir. Yarımquraqlıq zonalarda problem özünü daha qabarıq şəkildə göstərəcək.
Ölkə ərazisində
ötən ilin payız aylarından başlayaraq havaların mülayim keçməsi, yağıntıların
olmaması bu ilin yay aylarında quraqlığın kəskin olacağını proqnozlaşdırırdı. Hətta
vəziyyət o həddə çatmışdı ki, Azərbaycanın əsas su mənbəyi hesab edilən Kür
çayının Neftçala və Salyan hissəsi qurumuşdu. Çayın Xəzərə tökülən hissəsində şirin
suyu dəniz suyu əvəzləmişdi. Yaranmış vəziyyəti
bir sıra ekspertlər ekoloji problem kimi dəyərləndirirdi. Hətta müvafiq dövlət
qurumları yaranmış vəziyyətdən çıxış edərək uzunmüddətli tədbirlər planı
hazırlayıb, su ehtiyatlarının artırılması istiqamətində işlər görülüb.
Lakin mart
ayından başlayaraq ölkə ərazisində qar və yağışın həddən artıq yağması bölgələrdə
selə və daşqınlara səbəb oldu. Bir neçə gün öncə məsələ ilə bağlı açıqlama verən
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, son
günlər Azərbaycanda havaların yağıntılı keçməsi, xüsusilə dəmyə əkinlərə müsbət
təsir göstərib: "Çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə
qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən
artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də
pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq”.
Qlobal
iqlim dəyişikliyinin təsiri
Nazirlik rəsmisi
onu da deyib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində
çiyid səpininə başlanacaq: "Fermerlərin əkinə hazırlıq prosesini düzgün
aparması, sahələrin arata qoyulması vacibdir. Qlobal iqlim dəyişiklikləri bir
çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də
yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv
suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır.
Arata
qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən
fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri
sığortalamaq üçün sahələri əkinə düzgün hazırlamalı, torpaqlar arata
qoyulmalıdır”.
Novruz
bayramı ərəfəsində miqdardan artıq düşən yağıntı yayda quraqlığın qarşısını
almaq üçün yetərlidirmi?
"Yalnız
bizdə yox, dünyada gedən prosesdir”
Coğrafiya
elmləri doktoru, professor Çingiz İsmayılov "Kaspi” qəzetinə açıqlamasında bildirdi
ki, qlobal istiləşmə prosesi getdiyi üçün quraqlığın olacağı ehtimalı var:
"Ancaq çox yaxşı oldu ki, mart ayında bu yağıntılar düşdü. Yəni bu yağıntılar o
quraqlığın kəskin keçməsinin qarşısını nisbətən alacaq. Amma qeyd etdiyim kimi
təhlükə var. Çünki bu, qlobal məsələdir və yalnız bizdə yox, dünyada gedən
prosesdir. Əlbəttə ki, yarımquraqlıq zonalarda bu problem özünü daha qabarıq şəkildə
bildirir. Hesab edirəm ki, məsələni birmənalı qiymətləndirmək olmaz”.
Yağışların
olması, buzlaqların və qarın əriməsi...
Ç.İsmayılov
əlavə etdi ki, yay aylarında istilərin necə keçməsinin əkin-biçinə təsiri
olacaq: "Ancaq mart ayında olan yağıntılar məsələnin qarşısını xeyli aldı. Hələ
yanvar ayında verdiyim açıqlamada qeyd etmişdim ki, yaz ayında yağıntılar
olmalıdır və bu, ənənəvidir. Onu da vurğulayım ki, Kür çayının qollarının bir
hissəsi buzlaqların əriməsi ilə qidalanır. Əlbəttə ki, yağışların olması,
buzlaqların və qarın əriməsi Kür çayında suyun artmasına kömək edəcək”.
İddia etmək
olmaz ki...
Ekoloq Cəmşid
Quliyev bildirdi ki, quraqlıq planetimizdə müşahidə olunan və son illər daha da
kəskinləşən iqlim dəyişiklikləri ilə əlaqədardır: "Yəni quraqlıq iqlim dəyişikliyinin
birbaşa fəsadıdır. Çaylarda suyun miqdarı isə təbii ki, birbaşa yağıntılarla əlaqəlidir.
Amma bu günə qədər gedən proseslər – quraqlıq və son vaxtlar yağan yağıntılarla
bağlı proqnoz vermək çətin olur. Çünki verilən proqnozlar bəzən özünü
doğruldur, bəzən də yox. İndi düşən yağıntının yayda gözlənilən quraqlıq problemini
həll edəcəyini də iddia etmək olmaz. Ona görə ki, indi yağan yağış müəyyən bir
müddət torpağın nəmişliyini qoruyub saxlaya biləcək. Qarşıdakı aylarda havaların
necə olmasından asılı olaraq suyun buxarlanması və dağlara yağan qarın əriməsi
və onun çaylara öz təsirini göstərməsi kimi proseslər nəzərə alınmalıdır”.
"Hər şey
bundan sonra yağacaq yağışlardan
asılıdır”
C.Quliyev
qeyd etdi ki, indi düşən yağıntının uzunmüddətli təsirinin olacağı real deyil:
"Ona görə də hər şey bundan sonra yağacaq yağışlardan və bütövlükdə yağıntının
miqdarından asılıdır. Təbii ki, proqnozları da meteoroloji qurumlardan və ya
meteoroloqlardan almaq olar. Necə olacaq, yağıntılar olacaqmı, gözlənilirmi-gözlənilmirmi
və s. Amma istənilən halda indiki yağışı və qarı quraqlıq probleminin həlli
hesab eləmək, əlbəttə ki, doğru olmaz”.
Bəxtiyar Məmmədli