Qubadan Zəngəzur dəhlizi xəbərdarlığı - TƏHLİL

Prezident
İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsindəki çıxışı zamanı Azərbaycanın
mövqeyini bir daha dilə gətirib. Qeyd edib ki, Ermənistan öz üzərinə götürdüyü
öhdəliyə əməl edərək, dəhlizin açılması ilə bağlı konkret tarix verməlidir
Zəngəzur dəhlizi
ilə bağlı yaranmış vəziyyət Ermənistanın həmişəki kimi qeyri-konstruktiv mövqedə
dayandığını göstərir. Amma Ermənistan
2020-ci ilin 10 noyabrında imzalanmış sənədə əsasən, üzərinə öhdəlik götürüb və
bu, bütün dünyaya bəllidir. Şübhəsiz ki, Azərbaycan rəsmi İrəvanın bu cür davranışını
qəbul etməyəcək. Prezident İlham Əliyev dekabrın 6-da
Qubanın Qonaqkənd qəsəbəsində çıxışı zamanı Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini
bir daha dilə gətirib: "Mən demişdim ki, bizə tarix versinlər
torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü
deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt
açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm
ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa
düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki,
bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə
həll olunsun”.

Post-münaqişə
dövründə yaranmış yeni reallıq
Əslində Prezident İlham Əliyev bu fikirləri ilə Ermənistana hansı mesajları vermiş oldu?Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Prezident
İlham Əliyevin post-münaqişə dövründə regionda yaranmış
yeni reallığa Ermənistan tərəfinin ciddi əməl etməsinin vacibliyini önə çəkdiyini
bildirib: "Ölkə başçısı vurğulayıb ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə
vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. 44 günlük Vətən
müharibəsi dövründə də ölkə başçısı Ermənistana Azərbaycan ərazilərindən
qoşunlarını çıxarmaqla bağlı şərtini açıqlamışdı. Vurğulanmışdı ki, Ermənistan
işğalda saxladığı Azərbaycan ərazilərindən ordusunu çıxarmaq üçün konkret vaxt
və qrafik verməlidir. Amma işğalçı Ermənistan bu çağırışlara əməl etmədi və nəticədə
döyüş meydanında darmadağın oldu. Azərbaycan öz hərbi gücü hesabına ərazilərini
işğaldan azad etdi. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına
imza atmağa məcbur oldu”.
Azərbaycan
sülhün davamlı olmasını istəyir
Deputat qeyd
edib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda sülhün, sabitliyin, əməkdaşlığın,
nəqliyyat və kommunikasiya imkanlarının geniş bir coğrafiyanı əhatə etməsində
maraqlıdır: "Bunun üçün əsas vacib şərt dövlətlərin bir-birinin maraqlarına
hörmətlə yanaşmasıdır. Digər amil isə sərhədlərin tanınması, beynəlxalq birlik
tərəfindən qəbul edilən ərazi şərtlərinə olan münasibətdir. Azərbaycan istər
Qarabağ münaqişəsindən öncə, istər 44 günlük müharibə dövründə, istərsə də ondan
sonrakı mərhələdə heç bir dövlətə qarşı ərazi iddialarında olmayıb. Bu gün də
Azərbaycanın tələbi sülhün və təhlükəsizliyin davamlı olmasına əsaslanır”.
Bakının şərtlərinə
əməl edilməlidir
C.Osmanov
vurğuladı ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz dövlətinin gələcəyi naminə
Azərbaycanın təklif etdiyi şərtlərə ciddi riayət etməlidir: "Çünki bu regionun
gələcəyi, kommunikasiyaların açılması, əlaqələrin qurulması iqtisadi, siyasi
maraqların təminatından asılıdır. Bunun əksinə olan hər bir addım ziyanlıdır.
Azərbaycanın təklif etdiyi imkanlar bütövlükdə bölgədə yeni bir səhifənin
açılmasına, xalqların firavan yaşayışına və region dövlətlərinin inkişafına
hesablanıb”.

"Ermənilər
"Zəngəzur dəhlizi” ifadəsini qəbul etmək istəmir”
Politoloq
Qabil Hüseynli bildirdi ki, Ermənistan kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin
açılması ilə bağlı ciddi maneələr yaradır: "Ermənilər "Zəngəzur dəhlizi” ifadəsini
də qəbul etmək istəmirlər. Söyləyirlər ki, bunu suveren hüquqlarına qəsd kimi qəbul
edirlər. Onlar istəyir ki, "dəhliz” ifadəsi "yol” termini ilə əvəz olsun. Ermənilər
deyir ki, açılacaq yolda sərhəd-gömrük məntəqələri olmalıdır. Gömrük məntəqəsi
yaranarsa, onda dəmiryolu və ya şose ilə keçəcək avtomobillər və sərnişinlər
yoxlanılacaq. Fikrimcə, cəmi 42 kilometrlik yol üçün qatarlara, avtomobillərə
baxış keçirib, gömrük rüsumu almaq doğru olmazdı. Bunu əvvəlcədən imzalanmış
xüsusi müqavilə əsasında tranzit xərcləri kimi ödəmək olar. Amma hər dəfə nəqliyyat
vasitəsini saxlayıb yoxlama aparmaq daşımalarda xeyli ləngimələrə gətirib
çıxaracaq. Bu, əziyyətdən başqa həm də əsəbi, gərgin şəraitə gətirib çıxarır. Üstəlik
də dəhlizə daxil olan nəqliyyat vasitələri bir ölkənin ərazisi ilə hərəkət etməyəcək”.
"Alternativ
yol hərbi gücdən istifadədir”
Q.Hüseynli
bildirdi ki, Ermənistan məhz dəhlizlə bağlı səsləndirilən fikirlərlə
razılaşmır: "Onu da qeyd edək ki, Ermənistan Fransa başda olmaqla bəzi qərb ölkələrinin
"dəstəyi ilə” nə kommunikasiyaların açılması, nə də sərhədlərin demarkasiyası və
delimitasiyası məsələsində bölgə dövlətləri ilə razılığa gəlmək istəmir. Ona
görə də Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi indi də
Ermənistandan dəhlizin açılması ilə bağlı konkret vaxtın verilməsini tələb
etdi. Müharibə dönəmində də bəzi vasitəçi dövlətlər atəşkəsə çalışırdılar. O dönəmdə dövlət başçısı yalnız Azərbaycan
ərazilərindən erməni silahlı birləşmələrinin çıxacağı ilə bağlı konkret
qrafikin veriləcəyi halda atəşkəs əldə ediləcəyini bəyan etmişdi. Belə də oldu.
Prezident yenə də istəyir ki, ermənilər yazılı şəkildə hansı müddətə
kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılacağını bəyan etsinlər. Azərbaycan
da buna uyğun hərəkətlərini müəyyən edəcək. Ermənistan buna uyğun davranış sərgiləməyəcəyi
təqdirdə Azərbaycan yaranmış problemin həlli üçün başqa yollar axtaracaq. Başqa
yol isə əlbəttə ki, hərbi gücdən istifadədir”.
Bəxtiyar Məmmədli
