• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

“Qoymaram ki, tamaşaçı mənə gülsün” - MÜSAHİBƏ

15.01.22 11:15 1263
“Qoymaram ki, tamaşaçı mənə gülsün” - MÜSAHİBƏ
Anar Heybətov: "O 2-3 dəqiqədə sevinci elə dərin yaşayırsan ki, sonrakı həyatına davam etmək üçün təkan verir. Biz bir alqışa sevinən insanlarıq. O sevincin dərəcəsini sizə çatdıra bilmərəm. Sonra alqış bitir və...”
Özündə ədəbiyyatı, musiqini, xoreoqrafiyanı, vokalı, hətta deyərdim ki, müəyyən qədər rəssamlığı da birləşdirən teatr. "Teatr məbəddir” kəlməsi nə qədər şablon olsa da, teatr xadimləri ilə müsahibələrdən sonra hər dəfə buna əmin oluram. SöhbətdaşımAkademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Anar Heybətovdur. Deyir ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfini bitirib: "Aktyor olmaq istəyirdim. Ona görə də konservatoriyaya sənədlərimi könülsüz verdim və ixtisas imtahanından kəsildim. Hazırlaşdım, İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul oldum. Və universiteti bitirən kimi Akademik Milli Dram Teatrına gəldim.


Hər dövrün sualı

Anar Heybətovun fikrincə, "teatrda nə çatmır” hər dövrün sualıdır: "Çünki hər dövrdə öz zamanına görə nə isə çatmır. Amma indi teatrların pandemiyadan sonra açıldığı bir vaxtda ancaq şükür edirik ki, teatr açılıb, fəaliyyətini davam etdirir, məşqlərimiz, tamaşalarımız bərpa olunub. Deyərdim ki, tamaşaçıların teatra axınını da görürük. Sanki insanlar teatr üçün acıblar, hətta bilet tapılmır bəzən. Amma teatra yeni nəsil cəlb olunmalıdır. Əslində, indi teatrlarda gənclərin özünü göstərmələri üçün şərait var. Teatr Xadimləri İttifaqında Xalq artisti Azər Paşa Nemətovun rəhbərliyi ilə gənc rejissorların laboratoriyası yaradılıb, Əməkdar incəsənət xadimi Bəhram Osmanov dərslər aparır. Orada gənc rejissorlar yetişir. Bizim cavab tapa bilmədiyimiz suallara gənclər cavab tapar, düşünürəm”.


Klassika, yoxsa yenilik

Əməkdar artist deyir ki, teatrın öz adət-ənənəsi var, məncə, klassikanı saxlamaq lazımdır: "Təbii ki, yeni nəfəs, yeni tamaşalar da olmalıdır. Amma buna rəğmən, teatrda klassikanın saxlanılmasının tərəfdarıyam. Biz buna öyrəşmişik. Kimsə yeni formatda, yeni üslubda tamaşalara baxmaq istəyir, lap yaxşı, ona uyğun teatrlar var, orada baxsın, zövq alsın. Məsələn, elə insanlar var ki, yeni bir-iki söz öyrənir, bütün cümlələrdə onları işlədib özünü ağıllı göstərməyə çalışır. Bu da ona bənzəyir. Dram Teatrının özünəməxsus ənənəsi, üslubu var və biz buna dəyə bilmərik. Biz də istəyərik ki, maraqlı, fərqli tamaşalar qoyulsun, amma o zaman da Akademik Milli Dram Teatrının sanbalından, klassikasından əsər-əlamət qalmayacaq”.


Yaddan çıxan "hörmət”

Aktyor başına gələn maraqlı hadisəni də nəql etdi: "Ölülər” tamaşasında mən İsgəndəri, Hacı İsmayılov Mirzəni oynayırdı. İsgəndərin belə bir sözü var idi ki, "Mirzə, hər kəsin ki, elmi var, onun hörməti yoxdur, hər kəsin ki, hörməti var, onun da elmi yoxdur”. Necə oldusa, "hörmət” sözü yadımdan çıxdı. Üzümü Hacı İsmayılova tutub deyirəm ki, Mirzə, hər kəsin ki elmi var, onun nəyi yoxdur? Belə deməyimdə məqsəd o idi ki, cavabında həmin sözü mənə desin. O da qayıtdı ki, "nə bilim”. Elə bildim başıma qaynar su tökdülər. Əlim hər yerdən üzüldü, bir anlıq duruxdum və həmin an söz qəfil yadıma düşdü. Dedim, hə, hörməti yoxdur. Heç kim də heç nə hiss etmədi. Amma mən böyük həyəcan keçirdim. Tamaşa bitəndən sonra özünə danışıram, o da gülür, mən də”.

Alqışların sevinci

Aktyorun fikrincə, alqış qiymətsiz bir lütfdür: "Elə bilirsən sənə dünyanı verdilər. O 2-3 dəqiqədə sevinci elə dərin yaşayırsan ki, sonrakı həyatına davam etmək üçün təkan verir. Biz bir alqışa sevinən insanlarıq. O sevincin dərəcəsini sizə çatdıra bilmərəm. Sonra alqış bitir və öz həyatına, qayğılarına geri dönürsən. Adam səhnədə yorğunluğu, ağrını hiss etmir. Elə vaxt olur ki, qızdırman olur, özünü pis hiss edirsən, amma səhnəyə çıxan kimi yaddan çıxır”.

Aktyora qoyulan minnət
Anar bəy deyir ki, tanınmaq məqsədi ilə aktyor olan insanları başa düşmür: "Biz elə başlamamışıq bu sənətə. Son vaxtlar bunu çox müşahidə edirəm. Bu cür adamlar üçün nəyə çəkildiklərinin fərqi yoxdur, təki efirdə görünsünlər. Mənim üçün hər şeydən əvvəl materialdır, sonrakı söhbətlər elə sonra gəlir. Serial sektorunda məni narahat edən aktyora münasibətdir. Təbii ki, bu bütün "set”lərdə elə deyil. Bəzi yerlərdə aktyoru çəkdiklərinə görə az qala minnət qoyurlar, "teatrdan daha çox burda pul alırsınız” deyirlər. Öncədən teatr məşqlərinin, tamaşaların vaxtları da verilir. Bəzən olur ki, hansısa çəkiliş günü məşq, tamaşa ilə üst-üstə düşür və qeyri-professional yanaşma ortaya çıxır, "teatrdakı işini bugünlük ləğv elə, gəl çəkilişimizi edək” deyirlər. Mən onu istəsəm də edə bilmərəm. Yəni bu, aktyorun kaprizi deyil. Mənim anam rəhmətə getmişdi. Səhəri gün tamaşada oynadım, o biri gün "üçünü” verdim. Tamaşa heç nəyə baxmır. Düşünürəm ki, əgər aktyor qarşısında teatrla serial arasında seçim qoysalar, özünə hörmət edən aktyor teatrı seçər”.


Gülməli müqayisələr

Aktyorun fikrincə, yerli və xarici serialları müqayisə etmək yersizdir: "Mövcud şəraiti nəzərə almırlar. Bəzən çəkiliş meydançasına yüklü, əsəbi, problemli gəlirik, amma buna baxmayaraq çalışırıq ki, işimizi görək. Mən tamaşaçıdan qabaq özüm baxıb özümə gülərəm, qoymaram ki, tamaşaçı mənə gülsün, desin, bu nə oyundur?! Amma bizim müqayisə olunduğumuz aktyorlar meydançaya, məşqə yalnız bir problemlə gəlirlər: "Bu gün mənim bu işim var”. Onların çörəyini də kimsə alır. Əslində, bu müqayisələr, daha çox rejissora aid olmalıdır, nəinki bizə. Dili, ağzı olmayan atı çəkirlər filmə, məsələn, "Döyüş atı” filmini götürək elə. Ağlayırsan atın düşdüyü vəziyyətə. At adam deyil ki, amma elə çəkirlər, atın o biri atı sevdiyinə inanırsan”.


Ağ-qara rənglər

Onun üçün həyat qara və ağ rəngdən ibarətdir: "Onlar mənə rənglərin şahı kimi gəlir. Bütün rəngləri sevirəm, uşaqlıqda da rəsmlə məşğul olmuşam. İndinin özündə də bəzən cızma-qara edirəm. Amma mənim üçün rənglərin şahı ağ ilə qaradır. Həmişə deyirlər ki, qara rəng bədbinlikdir. Amma mənim üçün elə deyil”.

Xanım Aydın
Foto - Kərim Abbasov / Global Media Group

banner

Oxşar Xəbərlər