• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Qoşulmama Hərəkatının yekun sənədi İrəvanda böyük narahatlıq yaradıb - Fotolar

30.10.19 20:00 2987
Qoşulmama Hərəkatının yekun sənədi İrəvanda böyük narahatlıq yaradıb - Fotolar
Ekspertlərin fikrincə, işğalçı ölkənin xarici işlər nazirliyi absurd bəyanatlar verməklə Ermənistanı dünyanın 120 dövlətinə qarşı qoyur
Paytaxt Bakı oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi edib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Görüşün sonunda Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə, Azərbaycan hökumətinə və xalqına təşəkkür, həmrəylik sənədi qəbul olunub. Bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Bununla da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini daha da gücləndirib. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirib, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayıblar.


Təbii olaraq bu hadisə işğalçı Ermənistanda böyük narahatlıq yaradıb. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə qəbul edilən yekun sənədlə bağlı rəsmi İrəvan gülünc mövqe sərgiləyib. Qoşulmama Hərəkatında yalnız müşahidəçi qismində iştirak edən və ölkəmizdə olan tədbirə qatılmayan Ermənistanın xarici işlər nazirliyi oktyabrın 28-də bəyanat yayıb. İşğalçı ölkə Qoşulmama Hərəkatına üzv olan 120 dövləti məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edərək, onları beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırıb. Ard-arda diplomatik uğursuzluğa məhkum olan işğalçı ölkədən əslində bundan fərqli mövqe gözləməyə də dəyməzdi.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Ermənistan xarici işlər nazirliyinin məlum reaksiyası bir sıra reallıqlardan xəbər verir. Onun fikrincə, kommunikasiya baxımdan, enerji daşıyıcı yollardan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən təcrid olunan işğalçı ölkə diplomatik baxımdan da məğlubiyyətə uğrayır, təcrid olunur: "Ermənistanın xarici işlər nazirliyi belə absurd bəyanatlar verməklə ilk növbədə özünü dünyanın 120 dövlətinə qarşı qoyur. Çünki, müasir dünyada hansısa maraq müqabilində bir-iki dövləti aldatmaq, nəyinsə qarşılığında 3-4 havadarı qazanmaq olar, amma 120 dövləti bu yolla özünə dəstəkçi etmək olmaz. Lakin fakt budur ki, Bakıda keçirilən Zirvə Görüşündə BMT üzvü olan 120 dövlət Ermənistan işğal altındakı Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər. Bu mövqe beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə söykənir. Azərbaycanın burada oynadığı rol, həyata keçirdiyi siyasət, atdığı diplomatik addımlar şübhəsizdir. Ancaq bununla belə, əgər bu mövqe beynəlxalq prinsiplərlə uzlaşmasaydı, Zirvə Görüşünün sonunda qəbul edilən yekun sənədə imza atan dövlətlərin sayı Ermənistanın işğalçılıq siyasətinə, ədalətsiz mövqeyinə dəstək verən dövlətlərin sayından artıq olmazdı”.

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə 120 dövlətin məhz Azərbaycanın mövqeyinə dəstək verməsi, bunun qarşılığında Ermənistan xarici işlər nazirliyinin gülünc bəyanat yayması, işğalçı ölkənin öz ekspertlərinin dili ilə ifadə etsək, gedən qatarın dalınca daş atmağa bənzəyir: "Ən əsas məsələ Ermənistanın öz təcridinin bir qədər də güclənməsidir. Haqsız olmaqları bir yana, beynəlxalq hüquqa uyğun olaraq hərəkət edən dövlətlərin ünvanına əsassız ittiham yağdırırlar. Məsələyə işğalçı ölkənin maraqları baxımdan da yanaşsaq, Ermənistan xarici işlər nazirliyinin bəyanatı bu dövlətin necə çıxılmaz vəziyyətdə olduğunu, siyasətçilərinin, diplomatlarının naşılığını nümayiş etdirir. Bu yerdə bir məqamı da xatırlatmaq istəyirəm. Ermənilərlə ortaq mövqedən çıxış edən bəzi sapı özümüzdən olan baltalar sosial şəbəkələrdə "fəallıq” göstərərək, Bakıda keçirilən Zirvə Görüşünün əhəmiyyətini kiçiltməyə çalışırdılar. Son proseslərdən sonra bu "özümüzünkülərdən” soruşmaq yerinə düşərdi ki, əgər doğurdan da Qoşulmama Hərəkatının toplantısı iddia etdiyiniz kimi "mənasız” və "əhəmiyyətsizdirsə”, işğalçı Ermənistan nə üçün bu təşkilatın yekun sənədindən narahatlıq keçirir?”.


Politoloq Nəzakət Məmmədova da hesab edir ki, kiçik, zəif Ermənistanın dünyanın BMT-dən sonra ikinci böyük təşkilatının - özündə 160-a yaxın dövləti birləşdirən qurumun iradəsinə qarşı bəyanat verməsi məntiqsizdir. Onun sözlərinə görə, bu, əsassız və mənasız diplomatik demarş cəhdindən başqa bir şey deyil: "Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinə hörmətsizlik göstərdi və özünü bir daha ifşa etdi. Bu, ermənilərin özləri haqda yaratdıqları qədim, mədəni, sivilizasiyalı xalq və dövlət anlayışlarını puç etdi. Dünyanın 200-ə yaxın dövlətindən 160-ı beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli addım ataraq, hər hansı sənəd qəbul edirsə, bunu qeyd-şərtsiz qəbul etmək hər bir dövlətin borcudur. Lakin Ermənistanın bu münasibəti təəccüblü deyil. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri 27 ildir icra etməyən, Bişkek protokolunu 25 ildir pozan, Türkiyə ilə imzaladığı protokolları zibil yeşiyinə atan barbar dövlətdən bundan fərqli yanaşma gözləmək illüziya olardı”.

N.Məmmədova deyib ki, Qoşulmayanlar Hərəkatı kimi nüfuzlu təşkilata qarşı bəyanat vermək üçün bir ölkənin ya güclü havadarları olmalı, ya da diplomatik nəzakət və protokol qaydalarının pozulması kimi qeyri-sivil addımlar atmaqla, beynəlxalq münasibətlərin kobudcasına pozulmasını adi hal kimi qəbul etmək ənənələri formalaşmış olmalıdır: "Ermənistan bu təşkilat yanında müşahidə statusuna malikdir və nəinki Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvə Görüşünə qatılmaması, üstəlik qəbul edilən sənədləri pisləməsi bu statusun ləğvi üçün əsas yarada bilər. Belə addımlar ölkəyə heç də müsbət imic qazandırmır. Əksinə onun beynəlxalq nüfuzuna ciddi zərbə vurur”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər