QOŞA XALIN “QAYIDIŞI”...

Vaxtilə
İrəvanda baş tutan toyların birində məşhur xanəndə Cabbar Qaryağdıoğlunun gəlin
tərifi kimi səsləndirdiyi "İrəvanda xal
qalmadı, O xal nə xaldı, üzə düzdürmüsən? De görüm nə xaldı, qoşa düzdürmüsən?” sözləri bir əsrdən çoxdur ki, ürəyəyatımlı musiqiyə bələnmiş tutumda
biz azərbaycanlıların dilində dolaşmaqdadır, desək, yanılmarıq. Həmin qoşa xalın
anadangəlmə olmasına heç birimizin şübhəsi qalmadığı halda, indi məlum olur ki, gənc qızın
gözəlliyinə gözəllik qatan həmin xallar təbii deyilmiş və zamanında onları
gəlinin bəyaz çöhrəsində əbədiləşdirən ustalar varmış. Bu döymələrin bədəni
bəzəməsi və onun tarixi barəsində 2000-ci illərin əvvəllərində bu mövzunu
təsviri sənətə gətirən mərhum rəssam Sara Manafova ilə xeyli söhbətlərimiz
olmuşdu. Odur ki, bu ilin sentyabrında gənc rəssam Leyla Şahbazovanın çəkdiyi
və xalq arasında daha çox tatu kimi tanınan çoxsaylı mandalaları gördükdə
içimdə təsviri sənətimizə yeni nəfəs gətirmək istəyi ilə yaşayan belə bir
yaradıcının mövcudluğuna çox sevindim. Bundan bir müddət sonra-ötən ilin noyabr
ayında tanınmış sənətşünas Telman İbrahimovun internet səhifələrində tatuların
həyatımızda yeri barəsində paylaşdığı məlumatda həmin qoşa xalın-döymənin İrəvanlı
gözəlin üzündə qərarlaşmasının qədim mədəni ənənələrdən qaynaqlandığını dilə
gətirməsi əslində, gənc rəssamın
simasında tarixi keçmişə yeni yaradıcı münasibətin baş verdiyini söyləməyə əsas
verirdi.
Tarixən
kainatın həndəsi sxemi, onun quruluşu kimi təsvir olunmaqla, həm də dini
mahiyyətli rəmz sayılan və öncə
buddizmdə - qədim Hindistan mədəniyyətində yer almaqla dünyaya yayılan
mandalanın uzaq Azərbaycana gəlişini-Qobustan qaya rəsmlərində əksini tapmasını da haradasa insanların ona
olan marağı ilə izah etmək olar. Amma onun zamanında Altaydan tutmuş Türkiyə
ərazisinə qədər yayılması ilə yanaşı, Qədim Mesopotamiya, Afrika və Yaxın Şərq
ölkələrinin həyatında yer almasını həm
də insanların yəqin ki, mandaların qoruyucu-magik gücünə inanmalarının nəticəsi
sayıla bilər...
Mandalada hifz olunan fəlsəfi tutum və onun
çoxqatlı məna-məzmunun müxtəlif formalı rəmzlərdən "boylanması”nın qədim tarixə malik olması bəzən onun
tamaşaçısını bu tükənməz qaynağın az
qala dünya naxış saxlancının qaynağı olmasına inandırır. Əsas bədii göstəricisi
kvadratın daxilinə çəkilmiş dairə olan mandala cizgi ritminə, bəzən rəng uyarlıl;ğına,
bəzən də -təzadına görə, sonralar Şərq mədəniyyətinin bütün sahələrinə
yayılmaqla, əslində, onların həm də özünəməxsus cizgilərlə-bədii məziyyətlərlə
zənginləşməsini şərtləndirmişdir. Təsviri, daha çox isə dekorativ-tətbiqi
sənətin əksər sahələrinin bəzək elementinə və məna-məzmun daşıyıcısına çevrilən
mandalarda cəlbediciliyin duyulası olmasındandır ki, elə ilk baxışda mənəvi
qaynağa çevrilən bu sənət nümunələri ovsunlayıcı görünürlər. Leyla xanımın Bakı
sərgisində də belə əsərlər kifayət qədər çox idi. Yüksək bədii-estetik dəyərinə
görə həm də zamansızlığa və məkansızlığa qovuşduğunu sərgiləyən müəllifin bu mandaları
göstərdi ki, o, milli təsviri sənət məkanımıza yeni rəng qatmaq gücündədir.
Odur ki, həm qədim, həm də müasir olan mandalanın rəssamlığımıza yeni
qayıdışını yalnız alqışlamaq olar...
Yuxarıda qeyd etdiyimiz kimi çox qədim tarixə malik
olan mandalaların bizim günlərdə Leylasayağı təqdimatında da onların ənənəvi
olaraq bələndikləri fəlsəfi-rəmzi qatların
yeni və özünəməxsusluğu görünürdü. Bu başqalarından fərqlənmənin kökündə
müəllifin fərdi yaşantılarından qaynaqlanan və rəssam təxəyyülü ilə bənzərsiz
naxışlara çevrilən mandalarında həm də suallı olması durur. Qənaətimizcə, bu
mənada rəssamın "sirr qatı”na bələndiyi danılmaz olan kompozisiyaları
qarşısında dayanan tamaşaçı ilə təsvir arasında mənəvi dialoqun yaranmasının
özü rəssamın məqsədinə çatdığının göstəricisidir. Onun rəng və cizgilərdə ifadə
olunan arzu-kompozisiyalarında ümumi formadan məzmun daşıyıcılığına uzanan yol
həm də zamanlar arasında mənəvi körpü yaradıcısı kimi çıxış etdiyindən, onlar
ümumi görüntüsündə həm də müasirliyin duyulduğu "nur məcmusu” kimi
görünürlər...
Gənc rəssamın zahiri görünüşü obrazlı görkəm almış
mandalarının məna-məzmun daşıyıcılığının bilavasitə duyulası düşüncə qaynağına
çevrilməsi də onun bədii axtarışlarında çoxqatlılığa-Şərq mədəniyyəti ənənələrindən
qaynaqlanmağa üstünlük verməsinin göstəricisi sayıla bilər. Bu mənada Leyla
xanımın bir əsərdə insanı, səmanı və dənizi, digər kompozisiyada isə nəbatat və heyvanat aləminin bitki ilə
vəhdətdə təqdimatı, şəfəq formasını alan memarlıq elementlərinin nəticə kimi
qəbul olunan qovşağındakı harmoniyanın gözəlliyin daşıyıcısı kimi ifadəsi cəlbedici və yaddaqalandır. Mandaların ağ-qara
cizgi axıcılığında, bəzən də onlara əlavə olunmuş yığcam rənglərin ümumi
tutumunda müəllifin ovqat yaratmaq istedadının işartıları görünməkdədir. Onun
təkcə lələk formalı mandalasında bunu duymaq mümkündür. Bu lələyin xüsusi
ritmli açılışından "boylanan” və dünyadan "buta”sını arzulayan ürəklərin göz
muncuğuna tapınmasına verilən bədii görüntü ilk növbədə obyektə - mövzuya incə
müəllif yanaşmasının nəticəsidir. Həmin mandalarda ali reallığın rəsm-bədii
görüntü şəklində əksi fəlsəfi qata bələndiyindən tamaşaçı düşüncələrini
pərvazlandırmaq gücündədir.
Tarixən
məhəbbət, xoşbəxtlik, uğur və sərvəti insana cəlb etmək kimi magik gücə sahib
olan qoruyucu-mandalalar gənc rəssamın təqdimatında qədim nümunələrlə anım
yaradan olduqlarından tamaşaçısını ovsunlamaq gücündədir. Mandalanın klassik
forması ilə səsləşən bədii "göl”ün qrafik ləçəklərindən "boylanan” Şərq ruhunda
isə gənc rəssamın gerçəkliyin harmoniyasının əldə olunmasına yönəli bədii
axtarışlarının uğurlu nəticəsi görünməkdədir. Müəllifin digər bir
kompozisiyasında - dairəvi mandalanın ləçəklərinin memarlıq elementləri ilə
anım yaradan görüntülərində də müəllifin ənənəvi olaraq "daşlaşmış musiqi” kimi
qəbul olunan və insan baxışlarını ovsunlayan unikal tikili əzəmətini qabartmaq
və mənalandırmaq istəyi duyulur...
Qədim zamanlardan gerçəkliyə münasibətini mağara
rəsmlərində ifadə edən insanların müxtəlif, o cümlədən, də rəmzi-fəlsəfi
tutumlu formalardan – mandalalardan istifadəsi də göstərir ki, bu cür
özünüifadələr həm də onun yaradıcılarının ruhlarında və iç dünyalarında hifz
olunan gözəllik duyumunun bədii təzahürüdür. Mandaların bir qayda olaraq
klassik tutumda ikonoqrafik təsvir və mürəkkəb naxışların toplu halına
gətirildiyi, kainatın müqəddəs rəmzlərdən "hörülmüş” çeşnisi olması
qarşılığında ona müraciət etməyin hər yaradıcıdan həm də cəsarət tələb etdiyini
etiraf etməliyik. Bu mənada ixtisasca hüquqşünas olan və rəssamlıq sahəsində
xüsusi təhsil almayan Leyla xanımın çəkdiklərinin yalnız təxəyyülün
nəhayətsizliyindən və fəhmdən yarandığını söyləsək, həqiqəti ifadə etmiş
olarıq...
Mandaların ümumi tutumunun incəliyi birmənalı olan
naxış elementlərindən yaranmasının qarşılığında, irili-xırdalı bu naxış
toplusunun aşıladığı yüksək estetik dəyərlərin bir araya gələrək
mənalandırılması onun müəllifinin davamlı axtarışlarının nəticəsidir, desək,
yanılmarıq. Bu gözoxşayan sənət nümunələrində Leyla Şahbazova dəst-xəttinin mövcudluğunu
şərtləndirən başlıca səbəb onların yaradıcı səmimiliyindən qaynaqlanmasının
nəticəsidir. Etiraf edək ki, uzaq-yaxın zaman kəsiyində yaradılan zəngin
"mandala ensiklopediyası”nın xofu ona təsir göstərməmiş və gənc rəssam yalnız
ürəyinin səsinin, yaradıcı təxəyyülünün ruhuna tapınaraq arzularını fərqli – başqalarına
da maraqlı görünə biləcək bədii tutumda gerçəkləşdirməyə çalışmışdır. Gərgin
axtarışlar prosesi zamanı gənc fırça ustasının insanların bədənlərində həkk
etdirdikləri mandala-rəsmlərin tətbiq sahəsinin mümkünlüyünü sərgiləmişdir.
Bakı sərgisinin ekspozisiyasına daxil edilən və üzəri Leyla xanımın yaratdığı
mandalarla bəzədilmiş geyimlərin orijinallığı birmənalı olan estetikası
qarşılığında əminliklə söyləmək olar ki, onlar artıq həyatımıza daxil olmaq
hüququ qazanıblar. Həmin geyimlərin ümumi tutumunda ifadə olunan yüksək zövq
nümunəsi həm də milli moda sənətinə yeni ruh gətirmək gücündədirlər..
Ziyadxan Əliyev
