Dəhşət ədəbiyyatı sadəcə "dəhşətlər”, ya hətta "dəhşətciklər”, hərdən "miskita” ya da
ingiliscədən alınmış "horror" - oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən
ədəbi janrdır. Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif
xalqların mifologiyasının alt qatından götürülərək (xortdanlar, zombilər,
qulyabanılar, kabuslar, iblislər və s.) məhdudlaşdırılmış yığımı var. Dəhşət
ədəbiyyatının, fövqəltəbii personajların mövcudluğu ilə təyin olunan müxtəlif
mövzuları var: "kabuslar haqqında hekayə" (ghost story), vampir
romanı, "qulyabanı haqqında hekayə" (werewolf story) , iblisə mübtəla
olmaq haqqında əfsanələr və s.
Ədəbiyyatda bu janrın "kralı” Siven Kinq sayilır. Həm
də Din Kuns, Uiliyam Bletti
("Şeytanı qovan"), Ayra Levin ("Rozmarinin uşağı"),
İngiltərədən Klayv Barker ("Cəhənnəmdən üsyançı") , Robert Makkammon
("Onlar susayiblar"), Enn Rays ("Xordtanların
xronikaları"), Loren Hamilton Annita Bleyk adlı nekromant haqqında
silsiləsi ilə, Riçard Laymon, Piter Straub, Uitli Striber, Cek Ketçam, məlumdur
. Rey Bredberinin hekayələrinin çoxu da bu janra aiddir. İngiltərədə Ceyms
Herbert, Remsi Kempbell, Brayan Lamli ("Nekroskop") bu janrı dünyada
tanıdan yazıçılardır.
Azərbaycanda dəhşət
ədəbiyyatına gəlincə, bizdə bu janra məxsus olan mövzuların çoxu öz əksini Azərbaycanda xalq yaradıcılığında tapıb –
divlər, cinlər, əjdahalar, tilsimlər, xortdanlar, qulyabanılar və s. Müəllif
ədəbiyyatında bu janr nisbətən gec – 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin
əvvəli meydana çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm
məktubları”nı bu janrın nümunəsi hesab edirlər. Bundan əlavə, yazıçı Vaqif Sultanlının
"Ölüm yuxusu” povesti, Anarın "Göz muncuğu” əsəri də var.
Müasir Azərbaycan ədəbiyyatında ilk mistik trillerin
müəllifi Fərid Nəsibzadədir. O, 2016-cı ildə nəşr olunan "Şayətin” kitabı ilə ölkəmizdə qorxu janrının ilk
müəllifi kimi tanınır.
"Müzakirə”mizdə janrla bağlı təzadlı fikirlər
səsləndi.
O tip ədəbiyyatın əleyhinəyəm
Yazıçı-tərcüməçi
Kamran Nəzirli sualımızı təəccüb qarışıq
heyrətlə qarşılayır: "Dəhşət ədəbiyyatı?!
Ölmədik, bu günü də gördük! Bütün dünyada bu janr meydan sulayır. Bəzən də
deyirlər ki, dünyəvi prosesdir, tələbat var, nə bilim, oxu funksiyası dəyişib,
ya da, bəlkə elə dəyişdiriblər və s. "Palaza bürün, elnən sürün” məsəli burda mənim
üçün keçmir... Düzü, bilmirəm, bu janrın əsasını kim qoyub, nə məqsədlə qoyub.
Mən, ümumiyyətlə bu janrda yazılan əsərləri oxumuram. Sevmirəm və heç bilmirəm
bizdə bu janrda kimlər yazır”. Yazıçıya görə, bu ədəbiyyat insanlığın
psixologiyasına ziddir: "Yazmaq istəyənlərə də məsləhət görməzdim. Bu ədəbiyyat
(əgər buna ədəbiyyat deyirlərsə) bütün insanlığın psixologiyasına mənfi təsir
edir. Son onilliklər ədəbiyyat, incəsənət, kino və s. sahəsində, internetdə
çoxsaylı dəhşətli "məhsullar” ucbatından dünyada insanların psixologiyasında problemlər
yaranıb. Bir tərəfdən ekologiya, bir tərəfdən yediyimiz məhsullar, bir tərəfdən
qəbul etdiyimiz dərmanlar... bir tərəfdən də dəhşət ədəbiyyatı... bütün bunlar
insanı fiziki və mənəvi məhvə aparır. Axı, heç olmasa ədəbiyyat öz əzəli
missiyasına sadiq qalsın! Hara və nə üçün yox olur o estetik hisslər, zərif
duyğular?” K.Nəzirli bizdə o tip ədəbiyyatın
yayılmasının əleyhinədir: "Yadımdadır, tələbə vaxtı Edqar Allan Po
yaradıcılığına müraciət etmişdim, onun şeirlərindən bir neçəsini də dilimizə
çevirdim. Lakin bir dəfə onun "Qara pişik” adlı hekayəsini oxudum, düzü, bir
neçə gün özümə gələ bilmədim. Doğrudur, Edqar Ponun həmin hekayəsi "dəhşət ədəbiyyatı”na
o qədər də uyğun gəlmirdi, amma dəhşətli idi...Əlbəttə, tərcümə etdim, hətta dərc
də olundu. Amma özümə söz verdim ki, bundan sonra o tipli hekayələr oxumayım. Dəhşət!
Ədəbiyyat da dəhşət olarmı? Mən bizdə o tipli ədəbiyyatın, bədii və cizgi filmlərinin,
internet məhsullarının... istehsalının və yayılmasının qəti əleyhinəyəm”.
Maraq varsa, yazılmalıdır
"Qorxu insanda
adrenalin yaradır. Bu da insana xoş təsir edir. Tutaq ki, biz həyəcanlanmağı
xoşlayırıq, bunun üçün yüksək karuselə, kanata və s. minirik. Müəyyən dərəcədə
qorxmaq insanı təsirləndirir və həyəcanvericidir” deyən yazıçı-publisist Mirmehdi Ağaoglu bildirdi ki, bu janr ədəbiyyatda
daha çox Edqar Allan Ponun yaradıcılığında yer alıb. Belə ki, qrateks, detektiv
janrları onun yaradıcılığından gəlir. "Bu mövzular onun hekayələrində var. Hazırda
bu janr dünyada geniş yayılıb. Mənə elə gəlir ki, üçüncü dünya ölkələrinə nisbətən,
inkişaf etmiş ölkələrin əlavə problemləri, qayğıları olmadığından, onlar bu cür
qorxunu, həyəcanı kitablardan, filmlərdən yaşamağa çalışırlar”. Yazıçı bu
janrda çəkilən filmlərin də insana zövq yaşatmadığı fikrindədir: "Bu yaxınlarda
bir qorxu filminin təqdimatı keçirildi. Mən o filmə baxdığım zaman qorxudan
başqa heç nə yaşamadım. Filmdə sənət adına məni heç nə duyğulandırmadı. Orada nə
rejissor, nə aktyor işi var idi. Sadəcə yaradılmış qorxulu personajların qəfil
ekrana gəlməsi musiqi və s. effektlərlə insanları qorxutmağa yönəlmişdi. Mən bu
filmdən zövq almadım. Öz-özümə sual verdim: niyə insanlar bu filmə baxsınlar?
Amma insanlar bu cür filmlərə baxırlar. Dünyada belə filmlərin böyük izləyici
kütləsi və onlara həvəs göstərən insanlar var. Qorxu filmlərinin əvəzedilməz
obrazı Zombidir. Bu obraz Haiti yerlilərinin yaratdığı mif idi. 18-19-cu əsrlərdə
mif kimi yaranıb. Ancaq bunu kino sənayesi o qədər təqdim etdi ki, o, filmlərin
əvəzolunmaz personajına çevrildi və bu, bizə artıq bir reallıq kimi gəlir». Ədəbiyyatda
da qorxu əsərlərinin nümunələrinin olduğunu deyən yazıçı vurğuladı ki, Stiven
Kinq bu cür əsərlərin ən məşhur yaradıcısıdır. "Yazıçının əsərləri əsasında
filmə baxmışam, amma oxumamışam. Onun əsərlərini oxumamağımın səbəbi qorxu əsərlərinin
marağımda olmamasıdır. Ancaq onun «Yazı sənəti» adlı ədəbiyyatçılıq haqqında kitabını
oxumuşam. Həmin kitabı Kazım Səlimov ingilis dilindən Azərbaycan dilinə
çevirib. Stiven Kinqin kitabları milyon tirajlarla dünyanın hər bir yerində çap
olunur. O cümlədən, bizim dilimizə də tərcümə edilir. Əsərləri haqqında
saysız-hesabsız filmlər çəkilib. O filmlərini hamısı kassa filmləridir”. Yazıçı
qorxu ədəbiyyatı nümunələrinin bizim dilimizə tərcümə olunduğunu deyir: "Kitab
mağazalarının rəflərində tərcümə olunan qorxu ədəbiyyatı nümunələrinə rast gəlmişəm.
Ancaq bu janrla maraqlanmadığım üçün almamışam. Eşitdiyimə görə, azərbaycanlı
müəlliflərdən də bu janra maraq göstərənlər var. Gənclər arasında da bu janrda
yazan müəlliflərinin olduğunu eşitmişəm”. Bu janrın lazımlığına gəlincə, yazıçı
hesab edir ki, əgər ədəbiyyatın alıcısı varsa, demək, bu janra ehtiyac var: «Bu
yaxınlarda bizdə qorxulu janrda «Xoxan» filmi çəkildi. Düzdür, bu film komediya
üzərində qurulmuşdu. Artıq bu janr bizim kino sənayesində də tələbata çevrilir.
Rejissorlar bu janra müraciət edirlər. Yəqin ki, bu, yerli izləyicinin
marağındadır. Ancaq bu tip filmlərdə kompüter qrafikası daha çox pul tələb
etdiyindən, kinoya daha çox pul ayıran ölkələrdə aktualdır. O cümlədən, Türkiyədə
də qorxu filmləri çəkirlər”. Bizim baxdığımız qorxu filmlərinin əksəriyyətində mifologiyanın
yer aldığını deyən yazıçı hesab edir ki, bu, daha çox xristian mifologiyasına əsaslanır: "Tutaq
ki, qarşılarına bir vampir çıxır. Onu xaçla, müqəddəs su vasitəsi ilə
qorxudurlar. Bu, xristian dini dünyagörüşündən gəlmə elementdir. Türklərin isə
çəkdiyi bəzi qorxu filmləri var. Onlar məsələyə sırf islamı nöqteyi-nəzərindən
yanaşırlar. Məsələn, İslamda cinçıxartma, cadunu məhv etmək kimi adətlər var. İslamdan,
Şərq mədəniyyətindən gələn elementlər bu qorxu filmlərinə sirayət edib. Şərqdə
cin anlayışı ilə mübarizə kino faktı kimi maraqlıdır. Bu Şərq mədəniyyətinin o
filmlərə daxil olması incəsənət sahəsi kimi maraq yaradır” Yazıçı hesab edir
ki, əgər oxucunun bu janra marağı varsa, yazılmalıdır və tamaşaçı baxmaq istəyirsə,
çəkilməlidir: "Sonucda, bu əsərlər gəlir gətirmək məqsədi daşıyır».
Olmayan şey haqqında fikir yürütmək çətindir
Qorxu janrının nümunələrinin
bizim ədəbiyyatda olduğuna şübhə ilə yanaşan tənqidçi Tehran Alışanoğlu Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın
cəhənnəm məktubları»nı buna aid hesab etmir: «Janrın əsas rolu sürət əsrinin,
texnogen inkişafın insanın öz mahiyyətindən uzaqlaşdırılmasına qarşı bir xof
yaratmaqdan ibarətdir. Bu da inkişafın çox göründüyü Qərb ölkələrində yaranıb.
Hazırda Qərb ölkələrində bu janr inkişaf edir. Bunun kökündə axirət ideyasını
aktuallaşdırmaq durur. Hər-halda bizim ədəbiyyatda bu janrın nümunələri ilə
tanış olmadan, inkişafı barədə bir söz deyə bilmərəm. Olmayan şey haqqında
fikir yürütmək çətindir”.