• cümə, 26 Aprel, 20:42
  • Baku Bakı 22°C

Qocalan avtomobil parkını necə cavanlaşdırmalı?

05.11.19 09:30 1456
Qocalan avtomobil parkını necə cavanlaşdırmalı?
Ekspertlərin fikrincə, bu problemi nizamlamaq üçün gömrük sahəsində güzəştlər edilməli, aşağı faizlə kredit verilməlidir
Oktyabrın 31-də Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mətbuat konfransı keçirib. Nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verən Muxtar Babayev, qlobal ekoloji problemlərin ətraf mühitə mənfi təsirlərini azaltmağın prioritet məsələ olduğunu bildirib. Qeyd edib ki, havanın çirklənməsinin əsas səbəbkarları böyük müəssisələr və nəqliyyat sektorudur. Atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin böyük şəhərlərindəki 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub. Hazırda istismar olunan 1 milyon 402 mindən çox nəqliyyat vasitəsindən 35 faizi 10 il, 23 faizi 20 il, 19,1 faizi 30 ildən əvvəl istehsal olunmuş avtomobillərdir. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı beş dəfədən çox artıb. Nəqliyyat sektorunun ətraf mühitə zərərli təsirlərinin azaldılması üçün avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb.
Maraqlıdır, nəqliyyat sektorunun ətraf mühitə zərərli təsirlərinin azaldılması, avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, sırf elektriklə çalışan avtomobillər üçün infrastruktur yoxdur: "İlk növbədə ekoloji təmiz nəqliyyat vasitələrinin gömrük rüsumları azaldılmalı, mühərrik həcminə görə təyin edilmiş aksiz vergisi ləğv edilməlidir. Bu ilin əvvəlində elektromobillilərə tətbiq olunan bəzi rüsumlar aradan qaldırıldı. Hazırda rüsum 15% təşkil edir. Bu, təqdirəlayiq addımdır. Lakin bu addım, vəziyyəti o qədər də dəyişmir, çünki ölkəmizdə sırf elektriklə çalışan avtomobillər üçün infrastruktur yoxdur. Hibridlər də ekoloji təmiz nəqliyyat vasitəsi sayılır. İnsanlar daha çox hibrid maşınlara üstünlük verir. Bu səbəbdən də, gözləyirik ki, tezliklə bu maşınların gömrük rüsumu və aksiz vergisi azaldılacaq. Stimullaşdırmanın digər növü təzə maşın alarkən avto-kreditlərin verilməsini sadələşdirmək, tələb olunan ilkin ödənişin faizini və illik faizi azaltmaq olar. Hazırda banklar ilkin olaraq maşının qiymətinin 40%-ni, illik isə 16% -lə təklif edirlər. Bu, yüksək rəqəmdir. İlkin ödəniş 20%, illik isə 9-10% olsa, vətəndaşlara sərf edər. Bu zaman hər kəs təzə maşın alar və beləliklə, köhnə maşınlar dövriyyədən çıxar”.
Avtomobil məsələləri üzrə ekspert Eyyub Əliyev qeyd etdi ki, bank sektorunu da bu işə cəlb edib, daha ucuz ilkin ödəniş və faizlə kredit verilməsini təmin etmək mümkündür: "İlk olaraq köhnə, 30 ildən çoxdur ki, istifadə edilən maşın sahibləri siyahıya alınmalıdır. Utilizasiya işi ilk olaraq onlardan başlamalıdır. Onlara hər hansı kredit güzəştləri olmalıdır ki, köhnə, ekoloji baxımdan zərərli avtomobillərin yerinə təzəsini ala bilsinlər. Məsələn, hazırda ölkəmizdə avtomobil istehsalı ilə məşğul olan "Xəzər” avtomobil zavodu var. Onunla dövlət arasında bir müqavilə olsa, güzəştli avtomobil satışı həyata keçirilsə, köhnə avtomobilləri yeniləmək olar. Şərt o deyil ki, bu gün hamı hibrid və ya elektromobil maşın sürsün. Çünki onlar elə də ucuz avtomobil deyil. Amma hər kəsdə yenisi olsa, yaxşı olar. Bəzi yeni model avtomobillər var ki, onlar ekoloji cəhətdən köhnələr kimi zərərli deyil. Onlardan istifadə edilməsi məsləhət olunandır. Həmçinin bank sektorunu da bu işə cəlb edib daha ucuz ilkin ödəniş və faizlə kredit verilməsini təmin etmək mümkündür. Və ya vətəndaşdan köhnə avtomobili alınsın, yenisini ilkin ödənişsiz, aşağı faizlə kreditə versinlər. Hazırda ölkəmizdə müəyyən şərtlərlə evlərin satışı həyata keçirilir, əslində, həmin şərtlərlə vətəndaşları köhnə avtomobillərini də yeniləməyə stimullaşdırmaq olar”.
Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayevməsələni həllini ilk olaraq texniki baxışda görür: "Avtomobillərin utilizasiyası üçün ilk növbədə texniki baxış məsələsi tam effektiv həyata keçirilməlidir. Çünki texniki baxış nəticəsində avtomobil sahibinə onun maşının ekologiya üçün nə dərəcədə zərərli olduğu deyilir. Ümumiyyətlə, maşın texniki baxışdan keçərkən birmənalı şəkildə bildirilməlidir ki, bu avtomobil istifadəyə yararsızdır. Hətta, bəzi meyarlara uyğun olmadığını deyib, onu qeydiyyatdan çıxarmalıdırlar. Düzdür, bu, bir az çətin məsələdir, çünki insanların, xüsusilə də kənd yerlərində həmin köhnə maşınla çörək pulu qazananların narazılığına səbəb olacaq. Çünki nə qədər güzəşt edilsə də, onların təzə maşın almaq imkanı yoxdur”.
Ekspertin sözlərin sözlərinə görə, bu istiqamətdə problemlərin həlli gömrük rüsumunda ediləcək güzəştlə bitmir: "Ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsini stimullaşdırmaq üçün gömrük sahəsində müəyyən güzəştlər etmək lazımdır. Çünki hazırda elektromobil maşınların idxalı elə də ucuz deyil. Yəni dövlət tərəfindən bu sahədə hələ ki, stimullaşdırıcı heç bir addım atılmır. Məsələn, bu istiqamətdə Norveç təcrübəsini misal çəkmək olar. Orada bu maşınlara gömrük rüsumları tətbiq edilmir, şəhərdə pulsuz parklama, şarj yerləri təklif olunur. Buna görə də, orada avtomobillərin böyük bir hissəsi elektromobildir. Tutaq ki, bizdə gömrük rüsumuna güzəşt edildi, amma şəhərdə həmin maşınları şarj etmək üçün yer olmasa, görülən işlər effektiv olmaz. Ona görə, hərtərəfli şəkildə, düşünülmüş stimullaşdırıcı addımlar atılmalıdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər