• bazar, 22 Iyun, 08:01
  • Baku Bakı 21°C

Qəribə vərdişlər

17.03.15 08:10 2011
Qəribə vərdişlər
Ədəbiyyat tarixindən bir çox yazıçı və şairlərin yazı prosesi ilə bağlı qəribə vərdişləri olub. Məsələn, İngilis yazıçısı Virciniya Vulf kitablarının əksəriyyətini ayaq üstə yazıb. Çarlz Dikkens əsərlərini yazarkən hər əlli sətrdən sonra bir stəkan isti su içirmiş. Şillər isə yazı masasında hər zaman dişlənmiş, çürük alma saxlayır, aradabir almanı iyləyərək təxəyyülünü yeniləyirmiş. Aleksandr Düma təzə paltar geyinmədən yazı yaza bilmirmiş və başladığı romanı bitirənə kimi bayıra çıxmamaq üçün ayaqqabılarını və otağının açarlarını xidmətçisinə verirmiş. Nobel mükafatçısı Uilyam Folkner də içki düşkünü kimi tarixə düşüb. Tanınmış ABŞ yazarı Çarlz Bukovski içki vərdişindən xoşbəxt olduğunu bildirərək: “İçki özünü öldürüb yenidən doğulmağa bənzəyir” deyib. Nobel mükafatçısı Ernest Heminquey də içki düşkünü olub.
Bəs bizim yazıçı və şairlərimizin yazdıqları hansı proseslərin məhsuludur?
“Kaspi”nin sorğusunda maraqlı məqamlar üzə çıxdı.
Özümlə baş-başa
Şair, publisist Əjdər Ol adətən səhər tezdən yazmağı xoşlayır: «Səhər o başdan durub yazmağa başlayıram. Yazı prosesində istəyirəm ki, heç kim mənə mane olmasın və heç nədən də istifadə etməməyə çalışıram. Nə çay içir, nə də siqaret çəkirəm. Diqqəti yayındıracaq bir işlə məşğul olmuram. Xırdaca bir səs mənə mane olur. Özümlə baş-başa qalmaq istəyirəm. Belə olanda daha səfərbər oluram. Bəzən bəhanə axtarırsan ki, yazmayasan. Kənar bir səs sənə mane olur”. Əjdər Ol hesab edir ki, yazıçının gücü ilk növbədə ondadır ki, bəhanələrə fikir verməsin. Belə ki, bəhanələrə fikir verəndə yaza bilmirsən: “Özünü masanın arxasına atana qədər xeyli vaxt çəkir. Elə bil ki, özünü dartıb masanın arxasına gətirirsən ki, gəl, otur yaz, başqa şeyləri kənara qoy. Yazanda mənə mane olacaq hər şeydən yaxamı kənara çəkmək istəyirəm. Əgər yaxamı kənara çəkə bilmirəmsə, durub gedirəm. Bəzən elə olur ki, yazının üzərində dalbadal 4-5 saat otururam”. Yazıçı hazırda hər gün vaxtından asılı olaraq saat yarım və ya iki saat yaradıcılıqla məşğul olur: “Bunu zorla etmirəm. Özümlə baş-başa qalmaq, özümü ifadə etmək istəyirəm. Yazmaq istədiyimi yazmağa çalışıram».
Qaranquş
“Adətən yazıçılar haqqında belə bir ifadə var: «Bayquş və qaranquş yazıçılar». Gündüz işləyənlərə Qaranquş, gecə işləyənlərə isə Bayquş deyirlər” deyən yazıçı-şair Şərif Ağayar özünü bu mənada “Qaranquş” sayır: “Mən adətən sübhdən oyanıb yazıram. Söhbət nəsrdən gedir. Şeir elə şeydir ki, yol gedə-gedə də düşünüb nəsə yazmaq olur. Elə vaxt olub ki, 12-14 saat işləmişəm. Ancaq həmişə yazmaq əhvalında olmuram, bəzən yazdıqlarımı redaktə edirəm. Yazmaq üçün xüsusi hal olmalıdır». Ş.Ağayara görə, nəsr və poeziya nümunəsi yazıçı və şairin yazdığı hansısa bir hadisənin təsirindən yaranır. Bəzən isə ümumiyyətlə, yazıların heç bir hadisəyə aidiyyəti olmur. Amma bütün hallarda insanın yaradıcılığı kənarda baş verənlərin, müşahidə etdiyi hadisələrin təsiri altında yaranır”. Yazıçı deyir ki, adətən onu nəsə narahat edəndə yazır: “Məqsədli şəkildə oturub özümdən uydurmaq mənlik deyil. Şeir və nəsr insandan kənar yaradıcı güclə bağlıdır. Ciddi yaradıcılıq fövqəlbəşər bir şeydir. O, həmişə olmur. Yoxsa, akademiklər Füzulinin az qala texnologiyasını araşdırıblar. Həmin texnika ilə Füzuli kimi yaza bilərlər. Və buna çox cəhdlər olunub, amma alınmayıb. Demək bu, insanın şüurundan, onun təfəkküründən, mənəvi və psixoloji imkanlarından üstün hadisədir. Sözsüz ki, böyük yazıçıların, şairlərin fövqəlbəşər bir gücü var – bunu ilhama, allaha, təbiət enerjisinə bağlayırlar. Ümumiyyətlə, yaradıcılıqla bağlı müxtəlif yozumlar var. Ancaq bu enerjinin haradan gəldiyi tam məlum olmasa da, sadaladığım elementlər də yox deyil».
Yazının göz yaşları
«Balaca yazıçı olduğum üçün böyük şıltaqlıqlarım yoxdur» - deyən yazar Sevinc Çılğının yazı prosesi zamanı iki əsas vərdişi var. Belə ki, yazar hekayə qələmə alarkən çoxlu kitab oxumadan yaza bilmir. Oxuduğu kitablar mövzu baxımından uyğun olmadığından yazdığına təsir etmir, sadəcə özü yüklənir. Bundan əlavə, yazarkən otaqda tək olmalıdır: «Ən çox istədiyim adam olsa belə, yanımda olarkən onu ətrafımdan uzaqlaşdırıram. Yazarkən tam sakitlik istəyirəm». Sevinc xanımın digər vərdişi isə yaza-yaza ağlamasıdır. «Adətən yazı yazanda ağlayıram. Bu, özümdən asılı olmur. Mən yazanda çox sürətlə düşünürəm. Hətta, elə bir vəziyyət yaranır ki, sanki beynim əllərimi idarə etmir. Beynim daha sürətlə işləyir. Bir də görürəm ki, özümdən asılı olmadan ağlayıram. Xüsusən şeirləri ağlaya-ağlaya yazıram. Hekayələr isə bir qədər ağılın məhsuludur, yazandan sonra nə yazdığını bilirsən. Şeirləri isə yazandan sonra bəzən 20 dəfə oxuyuram və o hisslərdən ayrıla bilmirəm. Məncə şeirin enerjisi bitənə qədər oxuyub ağlayıram”. Sevinc xanım deyir ki, qızına həsr etdiyi şeirini hönkürə-hönkürə yazıb: “O an adam bilmir ki, necə yazır. Əgər yazıçı və ya şair özünün yazı texnologiyasını bilsə, bəlkə də gündə yazar. Ancaq yaradıcılıq belədir ki, onun necə ərsəyə gəldiyindən özün də baş açmırsan. Bu, bəlkə də vergidir. Vəhy gələndə belə olur. Sanki o enerji bitəndən sonra sakitləşirəm. Bəlkə də bununla mənfi enerjini özümdən kənarlaşdırıram...»
Saysız-hesabsız imzalar
Yazıçı Əliabbas Bağırov yazılarını qələmlə və əlyazma şəklində yazdığı vaxtlarda fasilə zamanı həmişə əlyazmalarının kənarında imzalarını atıb: «Vərəqlərin dörd yanı mənim imzam olardı. Bu vərdişin haradan yarandığını bilmirdim. İndi o əlyazmalara baxanda saysız-hesabsız formada imzalarımı görürəm. Bəlkə, qol çəkmək enerji toplamaq üçün mənə lazım idi. Amma əslində bu, həm də mənim enerjimi aparırdı. İndi də əlimdə bir qəzet oxuyanda özümdən asılı olmadan onun yazısız yerlərində qol çəkirəm”. Yazıçı artıq kompyuterdə işləməyə başlayandan bu vərdişini bir qədər tərgidib. Amma yeni vərdişi yaranıb: “Yazı yazarkən enerjimin tükəndiyini hiss edəndə müxtəlif əyləncəli oyunlara baxıram. Sosial şəbəkələrdən mümkün qədər uzaq qaçıram, çünki onlar məni yorur. Sadəcə, yorğunluğun üstünə əlavə yorğunluq gətirməmək üçün əyləncəli oyunlara üstünlük verirəm. Sonra yenidən yazımı davam etdirirəm».
Soyumuş çay və meyvə...
Yazıçı Aslan Quliyevin də yazı prosesində özünəməxsus vərdlişləri var. Belə ki, yazıçı yazı yazanda stolun üstündə çay və müxtəlif meyvələr olmalıdır: «Çay içməsəm, meyvə olmasa yaza bilmərəm. Bəzən isə çay içməyimin, meyvə yeməyimin yazıya dəxli yoxdur. Yəni yeyib-içməsəm də, yazmalıyam. Bəzən çay soyuyur, ancaq mütləq stolun üstündə olmalıdır. Ətrafda nə qədər səs-küy olsa da, o, mənə təsir etmir, ancaq çay və meyvə olmalıdır. Mən bəzən gecə-gündüz yazıram, ancaq elə hal olur ki, bəzən bir ay heç nə yazmıram». Yazıçı deyir ki, ilk dəfə yazmağa başlayanda belə vərdişləri olmayıb. Bəzən ayaq üstə, bəzən təbiət qoynunda olarkən, bəzən də yol gedərkən yazıb. «Evə qayıtma» adlı hekayəmin çox hissəsini təyyarədə yazmışam. Adətən qatarda, təyyarədə gedərkən adətən özüm üçün qeydlər edirəm. Yazıçı nə yazırsa, gördüyü, eşitdiyi, bəzən də oxuduğu hadisələrin təsiri altında yazır”. A.Quliyev deyir ki, illər keçə-keçə, yaşa dolduqca onun vərdişi dəyişib. Yaş həddini keçəndən, stula, masaya alışandan sonra çay və meyvə mənim üçün ayrılmaz atributa çevrilib: “Demək olar ki, 30-35 yaşdan sonra bu vərdişlə yazıram».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər