• cümə axşamı, 25 aprel, 20:50
  • Baku Bakı 21°C

Qələbənin zəmanəti olan birlik - Fotolar

09.10.20 14:43 3514
Qələbənin zəmanəti olan birlik - Fotolar
Azərbaycan cəmiyyətində hər zaman olduğundan daha böyük milli və siyasi həmrəylik mövcuddur
26 illik atəşkəs sazişindən sonra ötən müddət ərzində ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətinin apardığı danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkün etməyib. İşğalçı Ermənistanın qeyri-konstruktivliyi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ probleminə dair qəbul etdiyi 4 qətnamənin icra edilməməsi, təcavüzkar dövlətə buna görə hər hansı təsir və təzyiqin göstərilməməsi düşmən ölkənin əl-qolunu bir qədər də açıb.Cəzasızlıq mühitindən sui-istifadə edən işğalçı Ermənistan Azərbaycanla sərhəddə, cəbhə xəttində davamlı təxribatlar törədib, mülki əhalimizin, hərbçilərimizin öldürülməsinə, yaralanmasına səbəb olub. Buna cavab olaraq Silahlı Qüvvələrimiz sentyabrın 27-dən genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ikinci geniş müharibə - Böyük Vətən Müharibəsi başlayıb.


Mənəvi-psixoloji durum yüksək səviyyədədir

Ordumuzun bütün cəbhə xətti boyu hücuma keçdiyi tarixdən indiyə qədər keçən vaxt ərzində Murovdağ zirvəsi, çoxsaylı strateji yüksəkliklər, həmçinin Cəbrayıl şəhəri də daxil olmaqla ümumilikdə 30-a yaxın yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli, Tərtər, Cəbrayıl rayonlarının düşməndən təmizlənən kəndlərində Azərbaycan bayrağı dalğalandırılıb. Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, döyüşlərin gedişində hərbçilərimiz böyük qəhrəmanlıq və şücaət göstərir, mərdliklə vuruşurlar. Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin bu gücü və Vətən həsrəti qarşısında dayana bilməyən düşmən ordusu böyük sayda itki verərək geri çəkilir, işğal altında saxladığı əraziləri qarış-qarış tərk edir. İndiyədək döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Təşviş və qorxu içində olan düşmən

Şanlı Ordumuz qarşısında məğlub olan düşmən geri çəkilmək məcburiyyətində qalıb. Hər gün Azərbaycan Silahlı Qüvvələri müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edir, ərazini erməni yaraqlılarından təmizləyir. Minlərlə erməni döyüşçüsü məhv edilib, 300-ə yaxın hərbçi əsir götürülüb. Hərbçilərimiz düşmənin onlarla nəqliyyat vasitəsini, tanklarını, artilleriya qurğularını, silah-sursatını ələ keçirib. Təşviş və qorxu içində olan düşmən öz hərbi texnikalarını, nəqliyyat vasitələrini, silah-sursatını, hətta əsgər üçün şərəf sayılan döyüş bayraqlarını da atıb qaçmaqdadır. Şanlı Ordumuza müqavimət göstərə bilməyən, məğlubiyyətdən yaxa qurtara bilməyəcəyini anlayan Ermənistan silahlı qüvvələri müharibə qanunlarına zidd olaraq Azərbaycanın mülki əhalisinin yaşadığı şəhər, qəsəbə və kəndləri hədəfə alır, dinc sakinləri artilleriya atəşinə tutur. Bununla təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya edilmiş əlavə Protokolların tələblərini kobud şəkildə pozur.

Dinc əhaliyə qarşı terror əməlləri

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı davam etdirilən belə terror əməlləri nəticəsində 31 dinc vətəndaş həyatını itirib, 154 nəfər yaralanıb, 928 yaşayış evi, 133 mülki obyekt tam yararsız hala düşüb. Bunun bir səbəbi ermənilərin mahiyyətindən qaynaqlansa da, digər mühüm səbəb və düşmənin əsas məqsədi Azərbaycan vətəndaşları arasında itkilərə yol açmaqla cəmiyyətimizdə fikir ayrılığı, təşviş yaratmaq, insanları qorxutmaq, Ordumuzun irəliləməsini əngəlləməkdir. Lakin işğalçıların gözlədiyinin əksinə olaraq, insanlarımız arasında heç bir fikir ayrılığı, qorxu, təşviş yaranmayıb. Ailə üzvlərini, yaxınlarını itirən, evinə və obyektlərinə zərər dəyən insanlarımızın düşmənə nifrəti, qisas hissi daha da artıb. Silahlı Qüvvələrimizə, Ali Baş Komandana güvənən vətəndaşlar işğal altındakı torpaqlarımız azad olunana qədər Ordumuzun döyüşləri dayandırmamasını tələb edir, Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirlər. Malına, mülkünə ziyan dəyən, əsgər və zabit övladını itirən valideynlər "Vətən sağ olsun” deyib ərazi bütövlüyümüzün təmin olunmasını istəyirlər.


Ümummilli məsələ ətrafında birləşmək

Bütün bunlar Azərbaycanda xalq-dövlət-ordu birliyinin bariz nümunəsidir. Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda hətta iqtidara qarşı sərt tənqidi mövqeyi ilə tanınan siyasi partiya və təşkilatlar, həmçinin ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar bəyanat verərək xalqın, dövlətin, Ordunun, Ali Baş Komandanın yanında olduqlarını bəyan edir, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirlər. Misal üçün, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbəri bəyanat qəbul edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarını bəyan edib, bununla da milli və siyasi həmrəylik göstəriblər. Müxtəlif idarə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar, hətta xarici ölkələrdə yaşayan soydaşlarımız da xalqımıza, Ordumuza dəstək olur, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edirlər. Qismən səfərbərliyin elan olunması və bəzi vətəndaşların xidmətə cəlb olunması ilə yanaşı, on minlərlə vətəndaş könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə yollanmağa hazır olduqlarını söyləyir.

Xalqı qələbəyə ruhlandırmaq

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı deyib ki, Ordumuzun əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır. Azərbaycanın dövlət başçısının xalqa müraciətini xatırladan alim, bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin Vətən uğrunda birləşdiyini və Prezidentin siyasətini tam şəkildə dəstəklədiyini söyləyib. Bildirib ki, ölkə rəhbəri öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə edib, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırıb. O qeyd edib ki, bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan Ordumuza dəstək verməlidir.

İnformasiya müharibəsinin düzgün qurulması

AMEA-nın vitse-prezidenti dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq vurğulayıb ki, 30 il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya edir: "Bunun nəticəsidir ki, Ordumuz düşmənə layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır. İllərdir ki 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşüb. Bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq və uğurlar əldə edirik. Azərbaycanın Silahlı Qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin də əvəzsiz rolu var. Sevindirici haldır ki, məhz ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli Azərbaycan Ordusu formalaşıb.
Hazırkı şəraitdə informasiya müharibəsinin düzgün qurulması da son dərəcə vacibdir. Bu istiqamətdə Azərbaycan ziyalılarının, medianın xüsusi rolu var. Alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidir, necə ki verirlər”.

"Bizim xalqımıza birlik yaraşır”

Kinorejissor Rüstəm İbrahimbəyov da bu günlərdə mediaya açıqlamasında dövlət başçısı İlham Əliyevə, Ordumuza dəstək nümayiş etdirib. O, Prezident İlham Əliyevin çıxışlarını çox bəyəndiyini dilə gətirib. Qeyd edib ki, Azərbaycan Prezidenti Ordunu çox yüksək səviyyədə idarə edir: "Fəxr edirəm ki, bizim xarici siyasətimizi aparan ağıllı, qabiliyyətli və müdrik bir şəxs, dövlət başçımız var. Bizim xalqımıza birlik yaraşır. Mən bu birlikdən qürur duyuram. Mənə elə gəlir ki, qələbəmiz yaxındadır. Yavaş-yavaş dünyada da başa düşürlər ki, günah kimdədir. Azərbaycan informasiya müharibəsində də düşməni udur. Ermənistanın imkanları bizə bəllidir. Açıq-aşkar məlumdur ki, bir çox dövlətlər bizim tərəfimizdədir. Düşünürəm ki, bir-iki həftədən sonra Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq”.


"Yumruq kimi birləşməyi bacardıq”

Kinorejissor, 1992-ci ildə analarının qucağında məcburi köçkün düşən körpələrin bu gün tankın üstündə öz torpaqlarında düşməni əzməsinə, Qarabağı görməyən uşaqların bu gün Qarabağın azadlığı uğrunda mübarizə aparmasına da münasibət bildirib: "Hazırda böyük ruh yüksəkliyi içərisindəyəm. 30 il ərzində azərbaycanlılar haqqında çox sözlər deyirdilər. Deyirdilər ki, azərbaycanlıların müharibə aparmaq qabiliyyəti çatmır. Bütün dünyaya təsdiq etdik ki, biz müharibə etməyi bacarırıq. Eyni zamanda, sülhsevər xalqıq. 27 il ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışdıq. Ermənistan bizi məcbur etdi ki, onlarla savaş dilində danışaq. Bütün dünya gördü ki, Azərbaycan Ordusu çox güclüdür. Azərbaycanın qeyrətli oğulları var. Eləcə də xalq olaraq yumruq kimi birləşməyi bacardıq. Azərbaycanlılar haqqında yanlış fikirləri Qarabağ uğrunda gedən döyüşlər məhv etdi”.


Siyasi müstəvidə etibarlı və peşəkar münasibətlər

Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, hazırda Azərbaycan cəmiyyətin hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. O, 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanat qəbul etməsini milli və siyasi həmrəyliyin parlaq nümunəsi kimi qiymətləndirib: "Bu bəyanat, eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Siyasi Partiyaların birgə bəyanatı ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Bu bəyanatın hazırkı vaxtda, Ermənistanın Azərbaycana qarşı başladığı növbəti genişmiqyaslı hərbi təxribatı zamanı qəbul edilməsinin böyük siyasi və ümummilli əhəmiyyəti var. Bu onu göstərir ki, ideoloji baxışları, siyasi platformaları və proqramları müxtəlif olan partiyalar lazım gəldikdə bütün fikir ayrılıqlarını bir kənara qoyaraq Azərbaycan üçün bir mövqedən çıxış edə bilirlər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın təcavüzkar, işğalçı siyasətini qınayır, beynəlxalq təşkilatları düşmənin mülki əhalinin yaşadıqları kənd və qəsəbələri atəşə tutmaları faktını insanlığa qarşı edilən cinayət kimi qiymətləndirməyə çağırır. Siyasi partiyaların qəbul etdikləri bəyanatda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı müəyyənləşdirdiyi və həyata keçirtdiyi siyasət tam dəstəklənir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirilir”.


Şanlı Ordumuza hərtərəfli dəstək

Millət vəkili söyləyib ki, Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi, milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Onun sözlərinə görə, tarixi ədalət və haqq, torpaqlarımızın düşmən işğalından azad olması uğrunda aparılan müharibə zamanı xalq iqtidar-müxalifət cəbhəsinə bölünməməlidir: "27 sentyabr tarixində Ermənistan tərəfindən başlanan geniş miqyaslı hərbi təxribata qəhrəman ordumuzun əks-hücum əməliyyatı artıq işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda Böyük Vətən Müharibəsidir. Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu müqəddəs müharibənin tezliklə qələbə ilə başa çatması üçün bütün imkanlarını səfərbər edir. Şanlı Ordumuza hərtərəfli dəstək nümayiş etdirilir. Silahlı Qüvvələrimizin düşmən üzərində tam və qəti qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edəcəyinə tam əminik. Hazırda ölkəmizdə yüksək səviyyədə mövcud olan Xalq-Dövlət-Ordu birliyi və həmrəyliyi gözlədiyimiz qələbəyə zəmanət verir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər