AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəbir yeri almaq istəyirəm

Qəbir yeri almaq istəyirəm

28 İyun 2020, 12:30 559
Telefon zəng çalanda mətbəxdə əllərimi yuyurdum. Dəsmalı asqıdan götürmək istəyərkən az əvvəl yuduğum stəkana toxundum. Stəkan stolunun üstü ilə dığırlandı. Tutmağa çalışırdım ki, meyvə səbəti aşdı. Elə bu dəmdə fincan da dığırlanıb yerə düşdü. Döşəmədə fincanın qırıqlarına qarışan meyvələrin üstündən keçib,  tələsik iş otağıma girdim. Telefon arası kəsilmədən zəng çalırdı. Elə bil, səs, evin bütün otaqlarına yayılmışdı. Əllərimi qulaqlarıma sıxıb, səsi gözlərimlə izləməyə çalışdım. Belə məqamlarda gözlər daha yaxşı çıxış yolu olur. Yazı masamın üzərindəki hündür kitab yığınının ən üstünə qoyduğum telefon əsəbi təsiri bağışlayırdı. Həm qışqırır, həm də titrəyirdi. Onu sakitləşdirməyin tək yolu əlimə götürüb, "alo” demək idi. Ona yaxşı bələdəm. Əks halda susmaz, ya da donub qalardı. İllərin yoldaşlığı bizi bir-birimizə bənzətmişdi. O da, mən də axtarılmağı sevməzdik. Aramızda qəribə bir münasibət yaranmışdı. Bənzərim zəng çalanda mənim cavab verməyimi gözləyər, mənimsə, bu prosesdən zəhləm gedərdi. Sanki, hər çağırış həyatımı dəyişəcək pis xəbəri gözləmək kimi idi. Heç vaxt başıma gəlməsə də belə, ya biri xəstələnib, ölüm ayağındadır, ya birinin mənə ehtiyacı var, ki, mən zəng ediləcək sonuncu ümid yeriyəm. Halbuki, kömək edə bilməyəcəyim halda heç vaxt "yox”da deyə bilməmişəm. Bəs nə üçün zəng çalanda qarşı tərəfdən kiminsə "Səni sevirəm” yaxud, "sənin üçün darıxıram, artıq gəl” deyə biləcəyini düşünmürəm? Yəqin ki, elə zənglər üçün telefon başqa cür çalardı. Açığı bu günədək arzuladığım zəng gəlmədiyinə görə gözləməyi tərgitmişdim. Bax, beləcə həyatın axarıyla yaşayıram. İndi isə ya zəlzələdən, ya vəlvələdən onu sakitləşdirmək məcburiyyətindəydim. Telefonu açanda atamın səsini eşitdim. Onun hal-əhval tutmaqla arası yox idi: "Necəsən, neynirsən, yaxşısanmı?...”. "Mən qəbir yeri almaq istəyirəm” dedi. Belə başa düşdüm ki, ya ölür, ya da öləcəyini hiss edir. Bəlkə də, kimsə, yaxud həkimi ona öləcəyini demişdi. Hər nəcəsə sözləri mənə təsir etmədi. Onu heç vaxt sevə bilməmişəm. Açığı sevmək üçün xüsusi cəhd göstərdiyimi də xatırlamıram. Bəlkə də,  mübarizədən tez əl çəkmişdim.  Hər halda, indiki kimi olmasaydı, telefona şövqlə  cavab verə bilərdim... 
 
Bilmirəm... Əslində, atam məni sevdiyini düşünüb, eyni zamanda bunu heç vaxt göstərmədi. Daim bu yanlış düşüncəylə yaşadı. Bir gün belə bu haqda dərindən fikirləşmədi. İçimdəki nakamlıq mənimlə birgə böyüyürdü. Bilirdim ki, mən doğulanda o sevinməyib. Problem həmin gün, həmin saat başlamışdı və heç bitmək bilməyən bir hörgünün ilmə-ilmə uzanması kimi böyümüşdü. Bir növ şərf toxumağa başlayıb böyük yun şala çevrilən hörgülər kimi. Ən kədərlisi bunun sonralar da heç bitməməyi idi. Hörgülərin böyüdükcə ağır bir örtüyə çevriləcəyi danılmaz idi. İndi son sıranı da hörüb, ilməkləri bir kənara qoymaq zamanı idi. Həmin  böyük, ağır örtüklə keçmişin üzərini örtməyin zamanı gəlmişdi. O soyuq, buz kimi keçmişi isitmək vaxtı idi. Xatırlayıram, etdiyim heç bir hərəkəti bəyənib, valideyn xeyir-duasını vermədikdə necə də üşümüşdüm. Başqalarının uşaqları ilə müqayisə olunduqda, bəyənilməyəndə ürəyim az qırılmamışdı. Sonralar mən də atamın etdiyi heç bir hərəkəti, davranışı bəyənmədim, sevgiylə qarşılamadım. Onu hər zaman daha yaxşı atalar ilə müqayisə etdim. Amma, niyəsə o heç vaxt üşümədi. Gilas naxışlı, həsir papağımı taxanda mənə heç baxmamışdı. Velosiped sürməyi öyrəndiyim gün də sevinməmişdi. Üzməyi öyrənməksə, çox gec idi. Dərslərimi yaxşı oxuduğumçün onu çatdıra bilməmişdim. Atam özü də məndən nə umduğunu, məni necə görmək istədiyini heç vaxt bilməmişdi. Təbii ki, belə olanda mən də onu anlaya bilməzdim. O böyük idi, mənsə uşaq... Axı necə anlaşa bilərdik?! Hər zaman üşüdüyüm üçün mənə çox hirslənərdi. Elə hey lal-dinməz qızmar günəşin altında oturub buzlarımın əriməsini gözləyərdim.
 
İndi özünə qəbir yeri almaq istədiyini deyir...
 
Sanki, o dünyalıq olanda məni sevindirmək istəyir. Mən artıq sevindirilmək yaşımı çoxdan keçmişəm. Uşaqlığım üçün heç almadığı şokoladların sevinci çox keçmişdə qalıb. Gilas naxışlı, həsir papağı taxmaq da, dərs oxumaq da indi lazımsız bir məşğuliyyətdir. Yaşaya bilmədiyim uşaqlıq mənə sevgisiz yaşamağı çox yaxşı öyrətdi. Hər zaman yaxşı şagird olmuşam. Hərçənd, bu həyatda ən yaxşı sevməməyi öyrənmişəm. Heç də göründüyü kimi çətin deyil. Sadəcə, bir az zamanımı aldı.
 
Çətini sevməkdir...
 
Sevmək üçün lazım olan mübarizəni davam etmək istəməyəndə sevməmək başlayır. Bu qədər asan. Sözsüz, bəzən insanın çətin vəziyyətə düşdüyü də olur. Məsələn: körpə pişik balası görəndə, həzin musiqi eşidəndə, yaz gecəsi ay işığında həyətdə oturub qapıya söykənəndə, bütün bağçanın qızılı rəngə boyanmasına şahid olanda, üzərkən dəniz dibində rəngarəng daşların parıltısı gözlərinizi qamaşdıranda, mavi göyüzündən ağappaq bir bulud keçib gedəndə, piano ifası eşidəndə, bmahnı oxuyanda, kimsə əlinizi tutanda, isti havada yağışın sizi  islatmasında, gecə yarısı qar yağmağa başlayanda, balaca quş pəncərənizə qonub, sizə baxanda, gecə yatmadan əvvəl bir siqareti nəfəsinizə çəkəndə, sevdiyiniz bir sətri təkrar oxuyanda  və sairə...
 
Hadisələrin üstündən keçmək ən rahatıdır, gözləri bağlamaq bəs edir. Fəqət, qoxu mövzusunda bunu deyə bilməyəcəm. Burunu tıxamaq yetmir, ətir əlüstü çoxdan vücuda nüfuz etmiş olur. Özünə yer etdikdən sonra isə, artıq xatirəyə çevrilir. Ürəyi nə vaxt istəsə, özünü xatırladıb, bütün hər şeyi məhv edir. Bir qönçə gül açanda gözlərimizi bağlamağa fürsət tapmadan onun qoxusunu duymaq kimi bir şey...
 
Səslər... Bəlkə də, ən çətini səslərdir. Məsələn, həzin musiqinin ilk notları çox hiyləgər və cəld "tərpənir”. Sürətlə qulaqları tutmaq mümkün deyil. O hiyləgər  notlar büsbütün varlığımızı silkələyir. Nə qədər çalışıb vuruşsan da, olan olur. Səda kəsilsə belə, məhz həmin notlar bir mikrob kimi ürəyin hansısa küncündə özünə yer edib, məskən salır. Yumaq, silmək, qazımaq, dəfn etmək mümkünsüzdür. Ən pisi bu bütün səslər üçün keçərlidir. Pink  Floyd, ya da Maria Callas, Debussy ya da bir divar dələn alətin xoşagəlməz səsi. Seçmək, çevirmək, istədiyini dinləmək, istəmədiyinin üstündən keçmək şansın yoxdur. Həmişə bunun bir çıxış yolu olmalıdır deyə düşünüb, çarpışmışam. Olmur. Səslər ya var, ya da yoxdur...
 
Səsləri və qoxuları yerli-dibli yox edə bilsəydim, hadisələrə onsuz da nəzarət edə biləcəyimi düşünürdüm.  Əfsus ki, elə deyil. Sevməməyə başlayırsansa, hamısını məhv etmək lazımdı. Bunun üçün işıq, səs, qoxu, görüntü keçirməz bir qalxan hazırlamalısan. Və mən bunun öhdəsindən gəldiyimi düşünürəm. Gözlərimi yumdum, burnumu, qulaqlarımı tıxadım. Həmçinin qoxuları görərək, səsləri qoxulayaraq, varlıqları duyaraq onları heyrətləndirdim. Yəqin ki, belə bir şey, başlarına gəlməmişdi deyə təcrübələri yox idi. Ürəyimdə yer edənləri görməzdən gəldim, elə davrandım sanki yoxdular. Gül qoxusunu, günəşin batışımı, son  Debussy notunu sildim, qazıdım, yerə düşən qırıntıları süpürüb, zibil qutusuna atdım. Nəticədə heç bir şeyi, heç bir kəsi sevmədim, sevə bilmədim. 
 
Bir də məni sevənlər var. Hər şeyə baxmayaraq sevənləri deyirəm. Onları sadalamaq çox da çətin deyil. Çünki, sayları o qədər azdır ki... Çox yəqin o kəslər də oturub bir anlıq dərindən düşünsələr, bu daş adamı sevməkdən imtina edərlər. bacarıqsızdırlar sadəcə. Mən əlimdən gələni edirəm, amma onlar, tənbəllik edirlər. İndi "sevgi dəf edən” qalxanı məni sevənlərə qarşı qaldırmaq lazım gəlir. Bir növ kiçik bir döyüş kimi. Kim daha güclüdür, kim daha mübariz. Bəlkə də, əsl sual: "kim nə istəyir”dir..
 
Qəbir yeri almaq istəyirmiş...
 
Mənə heç vaxt şokolad, dondurma almayıb. Gözəl ətirli çiçək qoxlatmayıb. Bir nağıl danışmayıb, mahnı zümzümə etməyib. Gözlərimin içinə belə baxmayıb. Bir yerdə heç vaxt günəşin batmasına, ay işığına baxmamışıq. Yağışda islanaraq yeriməmişik.  İslanmaqdan qorxurduq deyə yağışdan həmişə qaçmışıq. Bir ağacın kölgəsinə uzanıb söhbət etməmişik. Heç susmamışıq da. Birlikdə yemək yeməyib, heç vaxt birlikdə acmamışıq. Birgə siqaret çəkməmişik, heç bir parkda gəzişməmişik də.  Qaranlıqdan belə qorxmamışıq. Gözəl bir üzüm salxımını birgə yeməmişik. Gözlərimizi yumub, musiqi dinləməmişik. Heç vaxt rəqs etməmişik. Gözlərimizdən yaşlar gələnə qədər gülməmişik. Bizi eyni ağcaqanadlar dişləməyib. Heç arılar da sancmayıb. Bir yerdə üşüməmişik belə. Bir-birimizə nə düşündüyümüzü soruşmamışıq. Necə olduğumuz barədə maraqlanmamışıq. Bunun heç fərqinə belə varmamışıq. Atam mənə göyüzündəki ulduzları göstərməyib. Niyə qar yağdığını, yağış yağdığını izah etməyib. Bircə dəfə olsun "narahat olma, mənə güvən, həll edəcəm” cümləsini dilinə gətirməyib. Pis yuxularımızı ayrı görüb, ayrı yaşadıq, qorxularımızı ayrı yaşayıb, ayrı qorxduq. Ölümdən də heç vaxt danışmadıq.
 
Qəbir yeri almaq istədiyini deyir
 
Bəlkə də, gedib, birlikdə məzar yeri seçməyimizi istəyir. Sonrada, başımda o gilas naxışlı həsirdən papağım, bir cığırla əl-ələ tutub gəzərik. Yolda mənə dondurma da alar. Mavi göyüzündən ağappaq bir bulud da keçər, başımızı qaldırıb seyr edərik.  Birdən yağış başlayar,  bir arı sancar, ağrını unutmağım üçün mahnı oxuyar. Unudaram... o qədər islanarıq ki, gözlərimizdən yaşlar gələnə qədər gülərik. Yağış kəsəndə hər yerə çiçək ətri yayılar. Bir anlıq gözlərimizi yumub, bu ətri içimizə çəkərik. Uzaqdan it hürüşməsi eşidilər, "qorxma, mən yanındayam” deyər.  Yolun bitməməyini istəyərik. Bu müddətdə bir neçə dəfə günəşin batmasına şahidlik edərik. Neçə yazlar, neçə payızlar, geridə qalar. Zamanın necə və nə cür  axdığının fərqində olmarıq...
Artıq ikimiz də yorulmuşuq. Bəlkə də, ayın əksi düşmüş dənizləri seyr edərək axırıncı dəfə birgə siqareti çəkərik.
Məndən istədiyi ilk şeysə, ona gözəl bir qəbir yeri almaqdı.
 
İpək Nil 
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aysu Kərimi