Qazax ədəbiyyatı

Qazax
ədəbiyyatının yaranması XV əsrə aid edilir. Onun təşəkkülü Qazı-Tuqan, Həsən
Qayğılı, Şalkiiz və Dosmambetin adı ilə bağlıdır. Adlarını çəkdiyimiz bu
sənətkarlar həm də eyni dərəcədə noğay və qaraqalpaq ədəbiyyatının özülünü
qoyanlardır. Qazı-Tuqan, Həsən Qayğılı, Şalkiiz və Dosmambet poeziyasının
başlıca xüsusiyyəti onların yaşadıqları dövr üçün xarakterik olan parlaq
obrazlılığı, müşahidə incəliyi və dərinliyi, dünya qavrayışını xüsusi üsullarla
vermə bacarığı ilə bağlıdır. Dosmambet yaradıcılığı təsəvvürlərimizi
köçərilərin mənəvi-əxlaqi siması ilə birgə vicdan və borc, insan ləyaqəti kimi
anlayışlarla zənginləşdirirsə, Şalkiiz poeziyasında biz bir qədər başqa yanaşma
tərzini – itaətsizlik görürük. «Sən hökmdar – mən qul, sən şahin – mən ördəyəm”,
"Nə zaman lazım gəlsə, canımı sənə qurban edərəm”. Şalkiizin bu fikirləri
istedadlı şairin dövrünün əsirinə necə çevrildiyini sübut etməkdədir. Lakin
eyni zamanda onu söyləməliyik ki, o, sillabik (heca) ölçülü qazax
şeirşünaslığında o, iz qoymuşdur.
Qazı-Tuqan-jırau
Süyinşi təxminən XV əsrin 20-30-cu illərində İtil (Volqa) çayı sahillərində
Astraxan vilayətinin Krasnı Yar şəhəri yaxınlığında doğulmuşdur.
Qazı-Tuqan-jıraunun həyatı haqqında dəqiq məlumatlar saxlanılmasa da, onun
köçərilərin hərbi aristokratiyasına məxsus olduğu, İtil çayının qolları Axtuba
və Buzan ətrafında məskunlaşmış türk qəbilələrinin tayfa başçısı və hərbi rəisi
olduğu bilinməkdədir. Eyni zamanda XV əsr ərzində Dəşti-Qıpçaqda davam etmiş qəbilələrarası
müharibələrdə onun kimin tərəfində vuruşduğu da məlum deyildir. Qazax ədəbiyyat
tarixçiləri müəyyən etmişlər ki, XV əsrin ikinci yarısında o, özünə tabe olan
qəbilələrlə İtil sahillərini tərk edərək Qazax xanlığı tərkibinə daxil
olmuşdur. Bu təxminən XV əsrin 60-80-illərini əhatə edən dövrə təsadüf edir ki,
bu zaman qazaxlar Mərkəzi və Qərbi Qazaxıstan ərazilərində tam
möhkəmlənmişdilər.
Qazı-Tuqan-jıraunun
poetik irsinin yalnız kiçik bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bu irs həm
XX əsrin əvvəllərinə qədər, həm də XX əsrin 60-cı illərində çap olunmuş qazax
poeziyası antologiyasına daxil edilmiş və onlardan bəziləri rus dilinə tərcümə
olunmuşdur.
Məlum
olduğu kimi, qazax ədəbiyyatı Orta Asiya və Qazaxıstan ərazilərində mövcud olan
zəngin orta əsrlər türk xalqları ədəbiyyatının varisi olmuşdur. XVII əsrdə
yazıb yaratmış jıraulardan dövrümüzə yalnız ikisinin – Jiyembet və Marqasxinin
yaradıcılığı çatmışdır. Onlar bu janrda müəyyən uğurlar qazansa da, ümumi
şəkildə jırau poeziyasının inkişafında xüsusi mərhələ təşkil edə bilməmişlər.
XVIII
əsrin ortalarında da qazaxların cunqarlara qarşı mübarizələri davam etmişdir.
Bu dövrdə tayfalararası mübarizə arxa plana keçir. Doğma elə məhəbbət
insanların daxili və mənalı aləminə təsir edir. Xalqın milli şüuru yüksəlir.
Akın və jırau yaradıcılığı xüsusilə güclənir. Qeyd etdiyimiz dövr üçün
Axtamberdi – juraunun yaradıcılığı (1675-1768) xüsusilə səciyyəvidir.
Cunqarlarla mübarizənin başçısı olan istedadlı komandan Axtamberdi, həm də
bacarıqlı jırau idi. Poetik şöhrəti hələ gənclik dövründən parlamış Axtamberdi
yaradıcılığı qədim qazax xalq poeziyasından rişələnməklə yetərincə məzmunlu və
rəngarəng olmuşdur.
Nəzərdən
keçirdiyimiz dövr qazax poeziyasının tanınmış nümayəndələrindən biri
Umbetey-jırau (1706- 1778) olmuşdur. Onun yaradıcılığında qazaxların etnik
həyatında yer almış eybəcərliklər dəlib-deşici satirik şeirlərinin mahiyyətinə
hopmuşdur. Bundan başqa Umbetey-jırau həm də qədim fəlsəfi-didaktik tolqau
(ağlayış) janrında qazaxların qəhrəmanlığını vəsf edən əsərlər müəllifi, qədim
epik poemaların bilicisi kimi tanınmışdır.
XVIII
əsr qazax poeziyasının inkişafında Buxara-jıraunun (1668-1781) rolu xüsusilə
qeyd edilməlidir. Çoxsaylı tarixi hadisələr şahidi olan Buxara – jırau XVIII
əsr qazax həyatının əksər tərəflərini əsərlərinin mahiyyətinə hopdurduğundan
onlar aforistikliyi və fəlsəfi duyum tərzi ilə diqqəti cəlb etməkdədir.
Buxara-jıraunun əsərlərinin estetik xüsusiyyəti, şeirlərinin ənənəvi bədii
personajlarla zənginliyi, obrazlılığı, aydınlığı, poetik biçimi və hecası da
diqqətçəkəndir. Buxaranın ilk bioqrafı Məşhur-Yusub onun hər hansı adı sözlərlə
yox, qafiyələrlə danışdığını qeyd etmişdir. Buxara-jıraudan sonra qazaxlarda
akın yaradıcılığı xüsusi vüsətlə inkişaf edir. Beləliklə, qazaxların poetik istedad
sahibləri qədim ozanlar (oğuz elinin ağsaqqalı, müdrik Dədə Qorqudu yada salaq)
kimi akınlar aul və obaları gəzə-gəzə toylarda, el şənliklərində, məclis və kurəkələrdə
öz nəğmələrini oxuya-oxuya xalqın sevimlisinə çevrilirdilər.
Jırau
yaradıcılığı ilə müqayisədə akın poeziyası bir qədər sadə təsir
bağışlamaqdadır. Bu ilk növbədə akın şeirinin quruluşunda özünü büruzə verir.
Akın şeirləri onbir hecalıqdan ibarət olmaqla a-a-b-a şəklində qafiyələnməklə
adətən dördmisralıq bəndlərdən, yaxud yeddi-səkkizlik olub müstəqil şəkildə
qafiyələnən misralardan ibarətdir. Lakin bu da qeyd edilməlidir ki, akın
poeziyası mövzusuna görə kifayət qədər rəngarəngdir. Bu nümunələrdə ilk növbədə
akınların diqqət mərkəzində xalq həyatında gündəlik baş verən hadisələr, adət-ənənə
və məişət məsələləri ilə bağlı məqamlar öz əksini tapır.
Şal-akın
(Tleyke Kuleke-ylı) (1748-1819) Kokçetav (Göyçədağ) vilayətində doğulmuşdur. Onun
atası Ablay xanın yaxınlarından olmaqla Orta Cuzda tayfa ağsaqqalları arasında
ən hörmətli adamlardan olmuşdur. Onların aulu təxminən 1755-1760-cı illərdə
Kokçetavdan İşim çayının sahillərinə köçərək birdəfəlik bu ərazilərdə
məskunlaşmışdır. Şal 16 yaşına çatanda artıq el-oba arasında akın kimi geniş
tanınmaqda idi. Ömrünün ikinci yarısını ehtiyac içində yaşamış Şal-akın 1819-cu
ildə yaylaqlara köç edilən zaman dünyasını dəyişmişdir. Məzarı Şimali
Qazaxıstan vilayətinin Sergeyevka qəsəbəsi ərazisindəki Ayutas təpəlikləri
yaxınlığındadır.
Şal-akının
əsərlərinin böyük bir qismi dövrümüzə gəlib çatmamışdır. Bəzi mənbələrdə
Şal-akının tarixi rəvayət və dastanlarından qidalanan qazax xalqının tarixini
əks etdirən epik əsəri də olmuşdur. Günümüzə gəlib çatan şeirləri isə XX əsrin
20-ci illərindən sonra toplanmış və yalnız 1960-cı ildə nəşr olunmuşdur.
Orijinal
təfəkkür sahibi Şal – akının bir sıra şeirləri "Yeri sən yaradıb bəzəmisən…”, "On
beşdə ata minib, yalından bərk yapışdım…” , "Bizdə yetmiş cür yetimlik var…”, "Ölümdən
xilas olmaq, qaçmaq olmaz…” və s. mövzu, məzmun, kompozisiya və s. baxımdan
olduqca maraqlıdır və sanki qazax realist ədəbiyyatının banisi olan Abay
Kunanbayevin əsərləri ilə səsləşməkdədir. Şal erkən parlamış istedadı sayəsində
xalqın sevimlisinə çevrilmişdir. O, bütün ömrünü aullarda keçirməklə xalq
şənliklərində, mərəkələrdə, məclislərdə qədim rəvayətlər, hekayətlər,
dastanlar, epik nəğmələr ifa edər, bədahətən etdiyi çıxışları ilə insanları
təəccübləndirərdi. Sonralar akın kasıblaşsa da, o, heç zaman öz ləyaqətini
nəfsinə qurban verməmişdir. Görünür, elə buna görə də Şal-akının şeirləri xalq
arasında böyük hörmətə layiq görülmüşdür. Şeirlərindən birində Şal-akın xeyli
sözləri həm də kağız üzərində qoşduğunu söyləmişdir. Bununla belə, bu yazılı
nümunələr hələ də ortaya çıxarılmamışdır.
Şal-akın
yaradıcılığında mifik şeirlər də az əhəmiyyət kəsb etmir. Digər klassik türk
aşıqları (məsələn, Yunus Əmrə, Abbas Tufarqanlı, Qurbani və b.) kimi onun
insanın müxtəlif yaş dövrlərini çevrələyən, dünyanın faniliyini əks edirən
şeirləri xüsusilə maraq doğurmaqdadır. Şal -akının yaradıcılığında dini motivlər
onun ömrünün son illərində daha böyük üstünlük təşkil etmişdir. Şairin fikrincə
xeyir tonqalını da insan alovlandırır, şər tüstüsünü də elə insanın özü
buraxır; işıq – yaxşıdan, bədlik, qaranlıq pisdən gəlməklə, hər ikisi insanla
bağlıdır.
Bütün
bunlar Şal-akın yaradıcılığının qazax poeziyasında fərqli yeni yaradıcılıq tipi
olduğunu ortaya qoyur və qazax səhralarında yeni biçimli yaradıcılıq üslubunun
araya-ərsəyə gəldiyini sübut edir. Şal-akın yaradıcılığı üçün ənənəvi jırau
poeziya nümunələrinə uyğun forma xarakterik deyildir. O, jırau poeziyası üçün
yeddi-səkkizlik aforistik-didaktik terme-formaya da meylli deyildir, əksinə öz
istəyinə uyğun olan on bir hecalıq qara olen formaya daha çox yer verirdi. Yeri
gəlmişkən qeyd edək ki, bu son dərəcə mühüm forma yalnız Abay yaradıcılığı
dövründə öz zirvəsinə çata bilmişdir.
Məhəmbət
Ötəmisov (1804- 1846) qazax şifahi poeziyasının klassiki olmaqla yanaşı, həm də
1836-1837-ci illər xalq azadlıq hərəkatının rəhbərlərindən biri kimi
tanınmaqdadır. O, 1804-cü ildə Qazaxıstanın indiki Ural vilayətinin Urdin
rayonunda doğulmuşdur. Məhəmbət uşaqlıq illərini Narın səhralarında, onların
nəsli-nəcabəti köç edib yaşadığı ərazilərdə keçirib. Poetik istedadı erkən
parlamışdır. Rəvayətə görə Bukeyev Ordasının xanı Cahangir gənc akının
bacarığından xəbər tutarkən onu öz sarayına dəvət edir. Məhəmbət xanın bu
təklifini qəbul etmir. Əksinə aul-aul, qışlaq-qışlaq gəzərək regionda olan
qanunsuzluqlarla bağlı öz nəğmələrini qoşub oxuyarmış. 1824-cü ildə Cahangir
xan iyirmi yaşlı Məhəmbəti öz oğlu Zülqərneynlə birgə Orenburqa oxumağa
göndərir. Şair burada xan oğlunun tərbiyəsi ilə beş il məşğul olur. Lakin
Məhəmbətin xanla münasibətləri az keçmir korlanır. 1829-cu ilin payızında xan
tərəfindən göz altına alınan akını Kalmık qalasında zindana atırlar. O, burada
bir ildən artıq qalır. Məhəmbət 1831-ci ildə türmədən qaçır. Bundan sonra o,
azadlıq mücahidi İsatay Taymanovla yaxınlaşaraq xalqı üsyana səsləyir. Burada Məhəmbət
üsyançıların rəhbərlərindən birinə çevrilir və bu hərəkatın istiqamətverici
qüvvələrindən olur. Üsyan yatırıldıqdan, onun başçıları İsatay Taymanov başda
olmaqla məhv edildikdən sonra Məhəmbət nəinki silahı yerə qoyur, əksinə daha
böyük əzm və mərdliklə vuruşur. Lakin qüvvələr bərabər olmadığından Məhəmbət
qaçıb gizlənmək məcburiyyətində qalır. Üsyan yatırdılır. O, Xivənin
hüdudlarından kənara çəkilib 1839-cu ilin sonlarına qədər oralarda qalır. "4
mart 1841-ci ildə Murtazqali Uzbekqarlıyev xana, hakim dairələrə Məhəmbətin
Emba və Ural ərazilərindəki aulda gizləndiyi haqda məlumat verir. Onun
axtarışına göndərilmiş dəstə Məhəmbəti qazax Tekeş Tlikeyevin arabasında görür
və 17 mart 1841-ci ildə Məhəmbət Orenburqa göndərilir”.
1841-1845-ci illərdə Məhəmbət Ural çayının
ətrafında yerləşən lap uzaq aullarda gizlənir. Üsyanı yatırmağa çalışan Bəyməhəmbət
sultan bundan xəbər tutduqda ora öz adamlarını göndərir və 20 oktyabr 1846-cı
ildə Məhəmbət Ötəmisov vəhşicəsinə qətlə yetirilir. Şairin evi dağıdılır, başı
isə sultana gətirilir.
Məhəmbət
şeirlərində xalqı azğın xana və çarizmə qarşı mübarizəyə səsləyir. Böyük
bəlalar və əzablar bahasına başa gələn azadlıq mübarizəsində iştirakda şair
vətən qeyrətini kim yüksək tuturdusa, onun bu işdə yaxından iştirakında çıxış
yolu görürdü .
Məhəmbətin
bizim dövrümüzə 40 şeiri və bir poeması gəlib çatmışdır. Öz xalqına məhəbbət,
azğın xanlara nifrətlə dolu Məhəmbət Ötəmisovun temperamentli yaradıcılığı
sonrakı qazax poeziyasının inkişafına güclü təsir etmişdir. Məhəmbət və onun
döyüş dostu, üsyançıların başçısı İsatay haqqında tanınmış akın İqılman Şurekov
"İsatay və Məhəmbət” adlı poema yazmışdır ki, bu əsərdə Məhəmbət və digər
akınların poetik sözü ilə bərabər, xalqın öz sosial hüquqları uğrunda
mübarizəsi əksini tapmışdır.
Məhəmbətin
yaradıcılığında xalqın qəhrəmanlıq qələbəsinin təsviri silahlı basqına gətirən
sosial səbəblər və s. kimi məsələlər bədii baxımdan relyefli əks olunmuşdur.
Bui lk növbədə feodalların, xanların, çar məmurlarının, bəylərin qara camaatı
istismarı ilə, onları öz oturduqları məskənlərindən perik salması ilə bağlıdır.
Üsyan
iştirakçılarının qəhrəmanlığını vəsf etməkdə Məhəmbət qazax ədəbiyyatında ilk
dəfə olaraq xalq mübarizəsi uğrunda qəhrəman obrazını yarada bilmiş və şair öz
idealını İsatay Taymanovun timsalında tapmışdır. Məhəmbət İsataya xeyli şeirlər
həsr etməklə onu doğma vətənin ləyaqətli övladı kimi dəyərləndirmişdir.
Məhəmbətin şeirlərinin əksəriyyəti təbliğat xarakterlidir. Onların sırasında "Dostlara
müraciət”, "Yürüşə çağırış”, "Qəmlənməyin, dostlarım”, "Biz qəhrəmanlar”, "Məhəmbətin
Cahangir xana müraciəti” və s. vardır.
Məhəmbətin
yaradıcılığı göstərir ki, o, öz çeşidli qiyamçı poetik təfəkkürü ilə qazax
ədəbiyyatının inkişafına nəzərəçarpacaq təsir göstərmişdir.
Məhəmbət
Ötəmisovun yaşadığı mürəkkəb tarixi mərhələnin təsvirini istedadlı qazax yazıçılarından
olan Anuar Alimjanov azadlıqsevər Məhəmbətə həsr etdiyi "Məhəmbətin oxu”
romanında təsvir etmişdir.
Nizami Tağısoy
