“Qaranquş turistləri” gözləyən stimullaşdırıcı təkliflər
Ekspertlərin fikrincə, qiymətlər elə olmalıdır ki, vətəndaşlarda
yerli turizmin xidmətlərindən istifadə etməyə maraq yaransın
Yüz illər
öncə atalarımız gözəl bir məsəl deyiblər: "Gəzməyə qərib ölkə, ölməyə vətən
yaxşı”. Yəni haraları gəzsək də, yenə son
mənzil olaraq vətənə qayıdırıq. Amma bir müddətdir ki, ataların bu sözü
qüvvədən düşüb. Belə ki, gəzmək üçün qərib ölkələrə gedənlərin yolu bağlanıb,
vətəndə qalıblar və sərhədlərin nə zaman açılacağı bəlli deyil. Qərib ölkələri gəzməyə vərdiş edənlər bu il
yerli turizm xidmətlərindən faydalanacaqlar. Güman edilir ki, karantin
bitdikdən, regionlar arasında gediş-gəliş bərpa edildikdən sonra pandemiya
dövründə gəlirləri sıfıra düşən yerli turizm sektoru müəyyən qədər də olsa,
dirçələcək. Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, insanların yerli
turizm xidmətlərindən istifadəsi qaçılmazdır. Hər il xaricə gedənlər belə bu il
regionların təklif etdiyi xidmətdən yararlanacaqlar. Amma bu kimi məqamlarda
sual yaranır: uzun müddətdir heç bir gəliri olmayan turizm obyektləri
postpandemiya dövrü üçün hansı qiymət siyasətini tətbiq edəcək, qiymətlərdə nə
kimi dəyişiklik müşahidə ediləcək?
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan
Quluzadə deyir ki, postpandemiya dövründə turizm
sahəsində qiymətlərin əlçatan olması, əhalinin heç olmasa, yay dövrü ərzində
ölkə daxilində öz büdcələrinə uyğun istirahət edə bilməsi də vacib
məsələlərdəndir: "Əsas məqsədimizdən biri karantinin bitdiyi ilk dövrlərdə əhalimizə
regionlarda münasib qiymətlərlə yüksək səviyyəli xidmət göstərməkdir. Əslində,
bazar da postböhran dövründə qiymətlərin aşağı olmasını diktə edir. Sərhədlər
açıldıqdan, xarici turistlər yenidən Azərbaycana gəldikdən sonra qiymətlər
bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq stabilləşəcək. Həmin dövrdə
turizm sahəsində karantindən əvvəl mövcud olan qiymətlər də geri qayıda bilər.
Amma biz istəyirik ki, ilk dövrdə regionlarda əhalimizə münasib qiymətlə,
sərfəli və yüksək səviyyəli xidmət göstərilsin”.
K. Quluzadə
Azərbaycanda turistlərin yerləşdirilməsi baxımından problemin olmadığını da
qeyd edib.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoruƏhməd
Qurbanovun sözlərinə
görə, qiymətlərdə endirim olmasa belə, stabil qalacaq: "Sərhədlərin bağlı
olduğu bir dönəmdə turizm şirkətləri getmə-gəlmə turizmi ilə məşğul ola bilmir.
Ona görə, karantin bitdikdən sonra ilk növbədə daxili turizmin fəaliyyəti bərpa
olacaq. Burada da əsas məsələlərdən biri qiymət siyasətinin necə olacağı ilə
bağlıdır və bazarda əvvəlki kimi yox, yeni qaydalarla işləmək müzakirə mövzusudur.
Dövlət Turizm Agentliyi də postpandemiya dövrü üçün qiymətlərin tənzimlənməsi
baxımından bəzi fikirlər irəli sürüb. Bildirilib ki, qiymətlər yerli turistlər
üçün əlçatan olmalıdır. Yəni qiymətlər elə olmalıdır ki, vətəndaşlarda bu
turizm xidmətlərindən istifadə etməyə maraq yaransın. Ola bilsin ki,
qiymətlərdə əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər də olsa, enmələr
müşahidə olundu. Belə ki, vaxtı ilə xarici turistlərə təklif edilən qiymətlər
yox, vətəndaşlarımızın cibinə uyğun qiymətlərlə bağlı müzakirələr aparılır.
Düşünürəm ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar qiymətlərdə endirim
etməsələr belə, onu stabil saxlayacaqlar”.
Turizm üzrə ekspert Ceyhun Aşurov isə bildirdi ki, növbəti mərhələ üçün
qiymətdən də öncə otellərin sanitar gigiyenik qaydalara necə əməl edəcəyi əsas
götürüləcək: "Karantin bitdikdən sonra, xüsusilə də mövsümlə əlaqədar olaraq
yerli turistlərin regionlara bir, iki günlük səfərləri gözləniləndir. Bu zaman
bazarda müəyyən tələb yaranacaq və görünən odur ki, bir sıra otellər qiymət
siyasətində dəyişiklik edəcəklər. Regionlarda olan bəzi böyük otellər müəyyən
kompaniyalara başlayıblar. Otellər ilk gələcək "qaranquş turistlər” üçün
maraqlı, stimullaşdırıcı təkliflər hazırlayırlar. Qiymət məsələsinə gəlincə isə
ciddi qiymət artımından söhbət gedə bilməz. Əksinə, turist cəlb etmək üçün
endirimə gedənlər də var. Çünki başa düşürlər ki, gəlirləri birbaşa olaraq yerli
turistlərdən asılıdır. Bundan başqa növbəti mərhələdə otellərin qiymələri yox,
sanitar gigiyenik qaydalara nə dərəcədə əməl etdikləri önəmli olacaq.
Turistlərin də əsas gözləntisi bu istiqamətdə formalaşacaq”.
Ekspertlər qiymət artımının olmayacağını qeyd
edir, maraqlıdır, otellər postpandemiya dövrü üçün nə düşünürlər?
"Qalaaltı hotel& spa”nın marketinq meneceri Fəxri Qafarlı qeyd edir ki, yay mövsümi
üçün endirim kampaniyaları olacaq: "Hazırda qiymətlər üzərində
işləyirik, lakin hələ ki, dəqiq bir rəqəm demək mümkün deyil. Amma uzunmüddətli
və davamlı endirimli kampaniyalarının olması gözlənilir və bu kampaniyalar da
qarşıdakı mövsüm üçün qüvvədə olacaq. Normalda yay mövsümündə qiymətlər yüksək
olurdu, amma mövcud şəraiti nəzərə alaraq müəyyən endirimlər edəcəyik. Bu
endirimlər həm yerli turizm şirkətlərinə, həm də yerli turistlərə şamil
olunacaq”.
"Qiymət siyasəti tələb və təkliflə bağlı olan nüansdır” deyən "Ramada
Plaza Gəncə” otelinin baş meneceri Emin Həsənov söyləyir ki, tələb artdıqca, otellər qiyməti qaldıracaq, tələb
azaldıqca endirimlər olacaq: "Hazırda bölgə otellərinin böyük əksəriyyətində
qiymətlərdə 20, 30% endirimlər var. Bu
otellər otaq saylarının 90%-ni rezerv etdirdikdən sonra qalan 10%-də qiyməti
qaldıracaqlar və bu, olduqca normal bir prosesdir. Düşünürəm ki, karantin
rejimi ləğv edildikdən, regionlara gediş-gəliş bərpa edildikdən sonra
ölkədaxili turizmdə "boom” yaşanacaq. Bu isə bir ay çəkəcək, bir ay ərzində
otellər tam dolu olacaq. Məsələyə pessimist yanaşmaq istəmirəm, amma real olan
budur ki, 1 aydan sonra otel sektorunu ciddi böhran və müştəri qıtlığı
gözləyir. Böhran dövründə otellər böyük endirimlər etməyə, korporativ
müştərilərlə daha çox işləməyə məcbur olacaqlar”.
Günel Azadə