Qarabağı da əhatə edəcək turizm marşrutu
Əli və Nino marşrutu ölkəyə xeyli əlavə turist
cəlb edəcək. Bu layihə ilə Əli və Nino bədii
qəhrəman və heykəltəraşlıq obrazı çərçivəsindən çıxaraq, geniş miqyaslı
beynəlxalq turizm marşrutuna - Azərbaycanla Gürcüstan arasında körpüyə
çevriləcək.
"Əli v Nino” məhəbbət romanıdır. Dünyanın 33 dilinə tərcümə olunub. Qurban
Səidin müəllifliyi ilə məşhurlaşsa da, ətrafında müzakirələr və mübahisələr bu
günədək bitmir. Ayrı-ayrı mənbələrdə əsərin müəllifinin Yusif Vəzir
Çəmənzəminli, romanı alman reyesterlerində
qeydiyyatdan keçirib "Qurban Səid” təxəllüsünün özünə aid olduğunu iddia edən
avstriyalı baronessa Elfrida fon Ehrenfels, əsl adının Məhəmməd Əsəd bəy olduğunu
irəli sürən yəhudi mənşəli yazıçı Lev Nissembauma olduğu qeyd edilir. Amma bu mübahisəli
fikirlər nə müsəlman Əli Xan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgisindən
bəhs edən əsərin məşhurlaşmasına, nə Azərbaycanda haqqında eyniadlı filmin çəkilməsinə,
nə roman
əsasında ilk dəfə virtual dekorasiyalı ritual faciənin səhnələşdirilməsinə, nə də
eyniadlı kitab evinin yaranmasına mane ola bilib. Eləcə də roman Batumi
şəhərində Gürcüstanın
o zamankı prezidenti Mixael Saakaşvilinin "Gürcü və Azərbaycanxalqlarının dostluq rəmzi” adlandırdığı məşhur
"Əli və Nino” abidə-kompleksinin ucaldılmasına təkan verib.
Bundan sonra Əli və Nino
bədii qəhrəman və heykəltaraşlıq obrazı çərçivəsindən çıxaraq geniş miqyaslı
beynəlxalq turizm marşrutuna - Azərbaycanla Gürcüstan arasında körpüyə çevriləcək.
Dünya turistlərinin diqqəti Qarabağı da əhatə edəcək bu marşruta yönələcək.
Beynəlxalq turizm bazarına
inteqrasiya
Turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə
prioritet istiqaməti elan edən Azərbaycan dövləti son illər ölkəmizdə bu
sahənin inkişafı ilə bağlı islahatlar həyata keçirir. Beynəlxalq turizm
bazarına inteqrasiya üçün müxtəlif layihələr üzərində iş gedir. Artıq ölkəmiz
dünyada yeni turizm istiqaməti (destinasiya) kimi tanınmağa başlayıb.
Hazırda üzərində tamamlanma işləri gedən "Əli və Nino” da beynəlxalq
turizm marşrutu kimi hazırlanır. Bu marşrutun yanvar ayında iki ölkə arasında
müzakirə olunan "Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin inkişafında
mühüm rol oynayacağı da proqnozlaşdırılır. Belə ki, Azərbaycan və Gürcüstanın
müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə
yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasını, postpandemiya
dövründə hər iki ölkənin turizminin bərpası və inkişafını nəzərdə tutur.
Qarşılıqlı səfərlərdə azalma yaşanır
Pandemiya dövrü - quru sərhədlərin bağlı olması Gürcüstandan ölkəmizə
gələn və gedən turistlərin sayının azalmasına ciddi təsir göstərib. Dövlət
Statistika Komitəsindən əldə etdiyimiz rəqəmlər də bunu təsdiqləyir:
2021-ci ildə
ölkəmizə gələn ümumi turistlərin cəmi 7.9 faizi Gürcüstanın payına düşüb. Bu
isə əvvəlki illə müqayisədə 66 faiz azalma deməkdir. Eyni zamanda, 2021-ci ilin
yanvar-oktyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 65
867 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,1 faiz
azdır.
Hesab edilir
ki, postpandemiya dövrü yenidən ölkələrimiz arasında turist mübadiləsinin
inkişafına yol açacaq. "Əli və Nino” layihəsi isə təkcə iki ölkənin deyil,
həmçinin qonşu və Avropa ölkələrinin turistlərini cəlb edəcək.
Qarabağa qədər uzanacaq xətt
"Əli və Nino” Qarabağı
əhatə edən turizm marşrutu olacaq. Azərbaycan Turizm Assosiasiyası Bürosunun sektor
müdiriŞərifə
Həsənovamarşrutun
Qarabağı əhatə etməsi planının xüsusi önəm daşıdığını qeyd edir: "Əli xan Şirvanşirin Qarabağa, Şuşa şəhərinə böyük
rəğbəti olub. Əsərdə "Onların diyarında hər şey gözəldir.Ancaq bu diyarın ən gözəli Qarabağ atıdır” fikirləri təsadüfən yer
almayıb. Ona görə
də turizm marşrutuna Şuşa şəhəri, Cıdır düzü, xanlıq dövrü abidələri və digər
görməli yerlər daxil edilib. Layihəni həyata
keçirməklə biz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm də
Gürcüstana səyahət etmək imkanı yaratmaq istəyirik. Çünki avropalı turistlər
adətən bir turizm marşrutu üzrə Qafqaz ölkələrinə səfər etmək istəyirlər.
Həmçinin turistlər Bakı, Gəncə və Şuşanı görmək imkanı qazanacaq, Qarabağın
digər rayonlarına səfər edəcəklər”. Sektor müdirinin sözlərinə görə,
Gürcüstanda gəzməli yerlərin siyahısını gürcü həmkarları hazırlayır. Əsas
istiqamət isə Tbilisi və Batumi olacaq: ”Əli və Nino” əsəri Avropada da məşhurdur. Hesab
edirik ki, belə bir tur təqdim etməklə avropalı turistlərin diqqətini cəlb
etmək olar. Əsas məqsəd əsərdə qeyd edilən bütün regionlara turistləri cəlb
etməkdir”. Ş.Həsənova bildirir ki, bərpa işləri bitdikdən, infrastruktur
formalaşdıqdan sonra yerində ətraflı araşdırmalar da aparılacaq: "İndiki
şəraitdə marşrutun Bakı-Şəki, Gəncə-Qazax, ordan da Gürcüstana keçməklə davam
etdirilməsini planlaşdırırıq. Əli xan Şirvanşirin Dağıstana, Qarabağa və İrana səyahətlərindən
söhbət açıldığından marşrutun bu ölkələr tərəfindən də maraqla qarşılanacağı
istisna edilmir”.
Marşrutun təbliğinə ehtiyac var
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin
müşaviriMüzəffər Ağakişiyev "Əli və Nino”nun daxili və qonaq turizminin inkişafında müsbət rol
oynayacağına şübhə etmir: "Bu marşrut üzərində hərtərəfli iş görmək lazımdır.
Hər bir yeni marşrut turizmin inkişafına təkan verir və turistləri cəlb edir.
İlk növbədə bu marşrutun təbliğatı hərtərəfli təşkil olunmalıdır ki, insanlar
xəbərdar olsunlar və maraqları artsın. Hesab edirəm ki, "Şərab marşrutu”,
"Alman məskənləri” və "Aleksandr Dümanın Azərbaycanda olduğu yerlər”
marşrutları kimi bu marşrut da turistləri cəlb edəcək. Sadəcə, təbliğatına,
təqdimatına və yüksək səviyyədə təşkilinə ehtiyac var”.
Daha çox turistin
cəlbi
Turizm marşrutunun iqtisadi mənfəət gətirəcəyinə əmin
olan millət
vəkili, iqtisadçı Vüqar Bayramov bildirdi
ki, müasir turizmdə vacib alətlərdən
biri turizmin marşrut olaraq bir neçə ölkəni əhatə etməsidir. Gürcüstanla Azərbaycanı
əhatə edəcək turizm marşrutu da daha çox turist cəlb etmək, eləcə də ölkələrin
turizm potensialını təqdim etmək baxımından çox əhəmiyyətlidir: "Bu kontekstdən
"Əli və Nino” turizm marşrutu daha çox turistin cəlb edilməsi, eyni zamanda iki
ölkənin turizm potensialının təqdim edilməsi baxımından diqqət çəkir. Digər tərəfdən,
nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin böyük turizm potensialı
var, bu marşrut, təbii ki, Azərbaycana daha çox turistin cəlb edilməsinə imkan
yarada bilər”.
Qarabağın
inkişafı üçün
Marşrutun iki
ölkə arasında turizm əlaqələrinin, dostluq münasibətlərinin inkişafı ilə
yanaşı, işğaldan azad olan Qarabağ turizminin tanıdılmasında da böyük rol
oynayacağını Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Arzu
Nağıyev də
vurğulayır: "Belə bir turizm marşrutunun yaradılması ümumən region üçün mühüm
əhəmiyyət kəsb edəcək, turizm infrastrukturunun inkişafında rol oynayacaq. Burda
həm iqtisadi, həm də regional məsələlər var”. Millət vəkilinin fikrincə, "Əli
və Nino” marşrutunun Qarabağı əhatə etməsi bu bölgənin tanıdılmasında müsbət irəliləyişə
səbəb olacaq: "İşğaldan azad edilən ərazilərimizdə hava limanlarının tikilməsi,
beynəlxalq marşrutların yaradılması çox ciddi məsələdir. Artıq Laçın və
Zəngilan istiqamətində də hava limanlarının açılması mühüm əhəmiyyət kəsb edir.
Gələcəkdə Zəngəzur dəhlizinin açılışı ilə Avropadan Türkiyə və Naxçıvan
vasitəsilə o əraziyə keçmək məsələsi də gündəmdədir. Bu gün Qarabağın tanıdılması,
bu bölgənin gələcək inkişafı üçün turizm marşrutlarının açılması zəruridir”.
Azərbaycana və
Gürcüstana turist cəlbi
Səyahətçi bloqer,
telejurnalist Mirsəməd Cəfərli hesab edir ki, marşrut Qərbdən regiona marağı artırmaq
baxımından maraqlı ideyadır: "Təsəvvür edin, turistlər Tbilisini gəzdikdən
sonra avtobusla sərhədi keçir və Azərbaycan turu başlayır. Və yaxud Bakını, Gəncəni
gəzəndən sonra Tiflisə gedirlər. Bu, çox yaxşı düşünülüb”. Səyahətçi ölkəmizlə
müqayisədə Gürcüstanda turizmin inkişafının daha yüksək olduğunu da qeyd edir:
"Pandemiyadan əvvəl Gürcüstana gələn turistlərin sayı Azərbaycandan iki dəfə
çox idi. Mən həmişə Gürcüstanda olanda "bu marşrutu necə Azərbaycana tərəf yönləndirmək
olar?” deyə düşünürdüm. Tiflisdən bizim sərhədə 40-50 km dir. ATA-nın orda turizm
bürosu açılsa, turizm şirkətləri turist mübadilələri etsələr, yaxşı nəticə olar”.
Səyahətçi gediş-gəliş zamanı sərhəddə problemin mövcud olduğunu da qeyd edir:
"Qırmızı körpü sərhəd məntəqəsində Gürcüstan tərəfini sürətlə keçirsən, Azərbaycan
tərəfində isə saatlarla dayanırsan. Sərhədçilərin, gömrük işçilərinin
yoxlamaları həddən artıq uzun vaxt aparır. Bu proseslərin də asanlaşdırılmasına
ehtiyac var”.
Gürcüstanda
yaşayan azərbaycanlı iş adamı Fərid Süleymanov qonşu ölkənin
turizminə böyük maraq olduğunu təsdiqləyir: "Hazırda pandemiya turistlərin gəlməsinə
mane olur. Bununla belə, qonşu ölkələr, avropalılar, xüsusən Azərbaycandan gələn
turistlər bu ölkəyə böyük maraq göstərirlər. Liman şəhəri Batumi isə Qara dənizin
çimərlikləri ilə turistləri daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, "Əli
və Nino” marşrutu da hər iki ölkəyə turist cəlbində mühüm rol oynayacaq”.
Romeo və
Cülyettanın hekayəsindən ilhamlanaraq
Qeyd edək ki, dünya turizmində "Əli və Nino” kimi
analoji marşrutlar çoxdur. "Dünyada Romeo və Cülyettanın hekayəsindən daha
kədərli hekayə yoxdur” deyə turistləri qarşılayan İtaliyanın Verona şəhərinə
insanlar kədərlənmək üçün deyil, dünyanın ən romantik şəhərlərindən birinə baş
çəkmək üçün gedirlər. Burada Verona tikişçiləri turistlərin adlarına romantik
bir yastıq və ya dəsmal tikir, suvenir dükanı izdihamla dolub boşalır. "Əli və
Nino”nun izi ilə də belə bir turist axınını yaratmaq mümkündür. Sadəcə, marşrut
üzərində planlı işləmək, tanıtmaq, qiymətin münasibliyini təmin etmək və digər süni
əngəlləri aradan qaldırmaq lazımdır...
Təranə Məhərrəmova