• cümə, 22 Noyabr, 02:00
  • Baku Bakı 14°C

“Qarabağ” ordenli qəhrəman - FOTOLAR

11.12.21 10:30 933
“Qarabağ” ordenli qəhrəman - FOTOLAR
Şəhid atası: "Oktyabrın 5-də hava çox pis idi - yağışlı, küləkli… Kamranın qızı yuxudan tez oyanmışdı. Mənə yaxınlaşıb "Qağa, yəqin atamgil soyuqdan donublar” dedi.
Hərb işini uşaqlıqdan sevib. "Məni də özünlə apar” deyə uşaq inadı ilə atasının əlindən yapışaraq onun işlədiyi hərbi hissələrə gedib. Maraqla hər şeyə diqqət kəsilib. Hərbçi "əmilər” başına sığal çəkəndə ürəyindən onlar kimi görünmək keçib. Yerişində, duruşunda onları yamsılayıb. Böyüdükcə uşaq xəyallarına həyatının gerçək istəkləri qarışıb: o da atası kimi hərbçi olub.Şəhid baş leytenant Kamran Kazımov uşaqlıqdan vətənpərvər böyüyüb. Onu Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə aparan da, şəhidlik zirvəsinə yüksəldən də ölkəsinə, torpağına olan məhəbbəti olub.Qəhrəman zabitin həyat və döyüş yolu haqda atası - Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli Kazımovla söhbətləşirik.


"Seçim sənindir…”

Kamran Rusiyanın Voloqda vilayətinin Vaşki rayonunda doğulub. 90-cı il hadisələri başlayanda atası könüllü olaraq hərbi xidmətini Azərbaycanda davam etdirmək üçün müraciət edib. "Bakıya qayıdandan sonra 2012-ci ilə qədər Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdim. Həmin ilin sonlarında ehtiyatda olan zabit kimi tərxis olundum” - deyə atası xatırlayır: "Kamran da orta təhsilini Xətai rayonundakı 63 saylı orta məktəbdə aldı. O, məktəb illərində dərslərini yaxşı oxumaqla yanaşı, idmana da böyük maraq göstərirdi”. Kamran musiqini də sevib. Sintezatorda ifa etdiyi musiqilər gələcəkdə hərb sənətini seçəcək gəncə duyğusallıq da aşılayıb. K.Kazımov 2010-cu ildə hərbi xidmətə yollanıb: "Hərbi xidmətini Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində keçdi. Xidmətini başa vurmağa 3 ay qalmış "Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qalıb xidmətimi davam etdirmək istəyirəm” - deyə bir gün zəng vurdu. "Seçim sənindir” dedim. Xidmətini N saylı hərbi hissədə davam etdirdi”.

"Müharibə başlasaydı…”

K.Kazımov müddətli hərbi xidmətini Daxili qoşunların xüsusi təyinatlı dəstəsində keçib. Hərbi xidmətini başa vurandan sonra - 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Hərbi Məktəbinə daxil olub: "2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Yenə də xidmətini davam etdirdi. Hərbi hissədə müxtəlif bölmələrdə taqım və qrup komandiri vəzifələrində çalışdı”- deyə atası vurğulayır. K.Kazımov zabit kimi çalışdığı müddətdə də yüksək döyüş hazırlığı, nizam-intizamı ilə hərbi hissə komandirlərinin və şəxsi heyətin hörmətini qazanıb. Komandirləri gənc zabitin xüsusi təyinatlıya xas xarakterik xüsusiyyətini yüksək qiymətləndiriblər. Uşaqlıqdan hərbçi ailəsində böyüməsi isə onun iradəli və dözümlü, nizamlı zabit kimi tərbiyə olmasına yol açıb. "Kamran hədsiz vətənpərvər idi. Onun haqqında komandirlərindən həmişə tərif eşitmişəm. Pandemiya ilə bağlı karantin tədbirləri sərtləşdiriləndə o da yoldaşları ilə birlikdə yoxlamalara cəlb olunmuşdu. İyul hadisələri baş verəndə evə fikirli gəlirdi. Hadisələr hamı kimi ona da pis təsir etmişdi. Xüsusən general Polad Həşimovun öldürülməsi onu sarsıtmışdı. "Elə hey "müharibə başlasaydı, gedib qisas alardıq, torpaqlarımızı azad edərdik” deyirdi”- deyə Qurbanəli Kazımov vurğulayır.

Özüm zəng edəcəm…

K.Kazımov 2020-ci ilin avqust ayında "Biz təlimə gedəcəyik” deyə atasına bildirib. Atası hərbçi olduğundan bu tip təlimlərin vaxtaşırı keçirilməsini soyuqqanlılıqla qarşılayıb. K.Kazımov avqustun 27-də təlimə yollanıb. "Bir ay müddətində iki dəfə evə gəldi. Amma tez-tez zəng edib bizimlə, uşaqları və yoldaşı ilə danışırdı. Sentyabrın 26-da isə "Biz gedirik, vaxt olanda özüm zəng edəcəm, siz zəng etməyin” deyə yenidən telefon açdı. Biz onda əks- hücum əməliyyatlarının başlayacağını bilmirdik. Səhəri gün eşitdik ki, Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlayıb. Kamran xüsusi təyinatlılarla təlim keçirdi, onlarla birlikdə də döyüşə yollanmışdı”, - atası deyir.


Sonuncu zəng

K.Kazımov Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Əvvəlcə Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşub. Dəfələrlə döyüş yoldaşlarını ölümdən xilas edib. Əsgərləri qələbəmizə inandırıb, onları döyüşlərə ruhlandırıb: "Kamran torpaqlarımızın işğaldan azad olunacağına əmin idi. Onları irəli aparan da bu inam idi”.


Zabit övladından nigaran ailə sentyabrın 30-dək oğulları ilə danışa bilməyib. Gözləri yolda, qulaqları səsdə gözləyiblər: "Sentyabrın 30-da zəng gəldi. Sevincək telefonu açdım. Kamran idi. "Döyüş istiqamətimizi dəyişiblər. İndi başqa istiqamətə keçirik”- deyə bildirdi. Amma hara gedəcəklərini demədi. Sonradan öyrəndim ki, Beyləqan-Füzuli-Cəbrayıl istiqamətinə keçiblər. Sonuncu dəfə oktyabrın 3-də zəng elədi. Hamımızla danışdı. Uşaqlarının səsini eşitdi. Onunla danışanda ətrafdan atəş səsləri eşidilirdi. "Vaxt olduqca yenə zəng edəcəm, narahat olmayın. Müharibə gedir, hər şey ola bilər. Ailəm, uşaqlarım sizə əmanət” dedi. Bu, onun son zəngi oldu. Daha Kamranla danışa bilmədik…”

"Oğlunuz şəhid olub…”

Ata aram-aram danışır. Arabir dolub-boşalan gözlərini gizlədir: "Oktyabrın 5-də hava çox pis idi- yağışlı, küləkli… Kamranın qızı yuxudan tez oyanmışdı. Uşaqlar mənə "qağa” deyirlər. Mənə yaxınlaşıb "Qağa, yəqin atamgil soyuqdan donublar” dedi. Çox kövrəldim. Həmin gün nəsə çox narahat idim. Bir neçə dost-tanışa zəng etsəm də, heç bir xəbər ala bilmədim. Səhəri gün Daxili Qoşunların Baş İdarəsinə zəng elədim. "Oğlunuz oktyabrın 5-də qəhrəmanlıqla şəhid olub” dedilər…”


"Onlar hamısı qəhrəmandır...”

"Heç bir valideynə övlad itkisi arzulamıram. Bu, ağır dərddir. Valideyn üçün övlad itkisi çox ağırdır. Ondan sonra həyat mənasını itirir”- deyir ata. Amma içindəki qürur da üzünə sirayət edir: "Kamran hərb işini könüllü seçmişdi. Vətənpərvər idi. Torpaqlarımızın azad olunması yolunda şəhid olmaq yüksək zirvədir. İnsanlar müxtəlif şəraitlərdə vəfat edirlər - qəzaya düşürlər, xəstələnirlər... Amma Vətən uğrunda şəhid olmaq başqa bir zirvədir. Biz fəxr edirik ki, Kamran kimi vətənpərvər bir övladımız olub”.

Kamranın ən böyük arzusu Qarabağın azad edilməsi idi. O, bu arzu uğrunda vuruşurdu. Zəfər gününü görməsə də, ruhu şad oldu: "Hamımızı toxtadan bu məqamdır. Onlar hamısı qəhrəmandır. 30 ildir başıaşağı gəzirdik. Onlar bizim qamətimizi düzəltdilər. Buna görə şəhidlərimizin hər biri ilə qürur duyuruq...”- deyir şəhid atası.

Kamranın üç övladı var. Qızı Aydan, oğlu Ərtoğrul məktəblidirlər. Üçüncü övladının isə üzünü də görməyib. Qəhrəman zabitin Kamrana adlı qızı atasının ölümündən bir neçə ay sonra - 2021-ci ilin aprel ayında doğulub: "Təsəllimiz onun övladlarıdır. Onları böyüdə-böyüdə təskinlik tapırıq. Kamranın bizə əmanət olan övladlarını göz bəbəyimiz kimi qoruyuruq”- deyə atası danışır.

K.Kazımov İkinci Fəxri Xiyabanda dəfn olunub.


Ölümündən sonra Ali Baş Komandanın fərmanı ilə "Qarabağ” ordeni, "Vətən uğrunda” medalı, Kəlbəcər və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Xətai rayonunda adına küçə var. Atası deyir ki, Kamran Zabratda yaşadığından və müharibəyə də oradan yollandığından onu qəsəbədə daha çox tanıyıblar. Şəhid zabitin adının qəsəbədə əbədiləşdirilməsi üçün o, Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edib: "Onda Kamranın ruhu şad olar. Biz də təskinlik taparıq...”
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər