“Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTOLAR
"BİZ” filminin rejissoru, Bakı
Media Mərkəzinin icraçı direktoru Orman Əliyev: "Bir daha əmin oldum ki, bu
hissləri toplayıb bir filmdə cəmləşdirmək istəyirəm”
"BİZ” filminin Heydər Əliyev
Sarayında keçirilən təqdimatı Silahlı Qüvvələr Gününə gözəl töhfələrdən biri
oldu. Sənədli filmin pandemiyanın karantin qaydalarına uyğun keçirilən qapalı təqdimatı
zaldakı tamaşaçıların yaddaşını yenidən vərəqlədi, onlara sonsuz emosiya, göz
yaşı, həyəcan və şanlı ZƏFƏR-dən doğan qürur yaşatdı.Mədəniyyət Nazirliyinin dəstəyi ilə
"Azərbaycanfilm” studiyası və Bakı Media Mərkəzinin birgə işi olan "BİZ” sənədli filminin rejissoru, Bakı
Media Mərkəzinin icraçı direktoru Orman Əliyevlə söhbətimiz də filmin
ideyası, çəkiliş prosesi və Mərkəzin gələcək planları haqqındadır.
Emosiyaları
tamaşaçıya ötürmək
-
Orman müəllim, "BİZ” filmi Vətən Müharibəsindəki böyük Qələbəmizdən sonra
tamaşaçılara yenidən böyük qürur və şərəf hissi bəxş elədi, Qarabağ müharibəsi
ilə bağlı yaddaşımızı yenidən vərəqlədi. Mən zalda tamaşaçıların böyük
ajiotajını hiss elədim, təqdimatdan sonra sosial şəbəkələrdə yazılan emosiya
dolu rəyləri oxudum. Bu baxımdan sənədli salnamənin təsir gücü ortadadır.
Filmin ideyası necə yarandı, formatı necə düşünüldü?
- 44 günlük Vətən Müharibəsi dövrü
hər birimiz üçün gərgin keçdi. Hər bir yaradıcı insan kimi mən də həmin dövrdə
nəsə yaratmaq, öz fikrimi bildirmək haqqında düşünürdüm. İnsanların hamısında
bir həyəcan olduğunu müşahidə edirdim. Müharibə qəflətən baş verdi və bizim
üçün də gözlənilməz oldu. Həmin vaxt
insanlar müxtəlif hisslər keçirirdilər: cəbhədən xəbər gözləyir, rəsmi
informasiyaları, sosial medianı səbirsizliklə izləyirdilər. 44 gün bizim üçün həm
böyük, həm qısa müddət oldu. Kapitulyasiya aktı imzalanan gecə hər birimiz oyaq
idik. Mən cənab Prezidentin çıxışını eşidən kimi dərhal fotoaparatımla küçəyə
çıxdım. Həmin gün axşamadək insanlarımızın zəfər sevincini ifadə edən kadrlar çəkdim.
Çoxdan duymadığım hislərlə dolu idim. Elə bil xalqda çoxdan qələbə aclığı
vardı: insanlar sevinir, fərəhdən ağlayırdılar. Sanki hamı bir-birini
tanıyırdı. Sanki hamı eyni ananın övladı idi. Bu cür anlar az olur və onda
xalqın birliyini, millətin biri-birinə bağlılığını bütün varlığınla hiss edirsən.
Mən bir daha əmin oldum ki, bu emosiyaları tamaşaçıya ötürmək, bu hissləri
toplayıb bir filmdə cəmləşdirmək istəyirəm. Məlumdur ki, o vaxt təhlükəsizlik
baxımından çəkiliş qrupları, o cümlədən media nümayəndələri cəbhə bölgəsinə
buraxılmırdı. Yaradıcı, xüsusən audiovizual insanlar üçün material problemi
vardı. İstənilən audiovizual məhsulun da əsası materialdır. Xüsusən sənədli filmin çəkilişi zamanı biz daha çox videogörüntü və sənədli
material əsasında işləyirik. Mən "hansı formatdan istifadə edim”, "hadisələri hansı
formatda təqdim edim”- deyə çox düşünürdüm. Uzun müddət sosial şəbəkələrdə
yayılan materialları, xalq arasında məşhurlaşan videoları izlədim. Bu filmin
ideyası da onda yarandı. Mən o dövrdə məşhur olan qəhrəmanları tapmaq, o
insanlarla söhbət etmək, onların obrazlarını ekrana gətirmək, video çəkilən
vaxt yaşadıqları hissləri bir filmdə toplamaq istədim. Nəticədə "BİZ” filmi
alındı.
-
Filmdə arxa və ön cəbhə arasında körpü yaradan kadrlar var. Müharibə davam edən
günlərdə sosial şəbəkələrdə çox statuslar yazıldı, çox videolar paylaşıldı. Hər
birində də həyəcan, göz yaşı, emosiya, qürur... Qəhrəmanlarınızı necə seçdiniz?
Niyə məhz onlar ekrana gətirildi?
-
Əslində materiallar çox idi. Bütün videoları bir filmin xronometrajına yerləşdirmək
çox çətin idi. Şübhəsiz, biz müəyyən bir seçim etməli idik. Düzdür, mən bunu
tamaşaçıya deyə bilmirəm. Bununla bağlı hərbçilər üçün nəzərdə tutulan qapalı
premyerada səhnədən səsləndim. İndi də oxuculara sizin qəzet vasitəsilə yenidən
səslənmək imkanım var: filmdə göstərə bilmədiyim qəhrəmanlardan üzr istəyirəm!
Çünki o qəhrəmanlar saysız-hesabsızdır. Filmin xronometrajına və digər texniki
faktorlara görə bir çox qəhrəmanlardan istifadə edə bilmədik. Format olaraq
film öyrəşdiyimiz horizontal görüntüdən deyil, vertikal görüntüdən başlayır.
Biz çəkiliş zamanı qəhrəmanlarımızı bir necə kameradan çəkirdik. Onlardan biri -
əsas kamera vertikal quraşdırılmış kamera idi. Bu vertikal görüntü ilə biz
danışan qəhrəmanları başdan-ayağa kimi göstərə bilirdik. Müasir dövrdə
smartfonlar həyatımıza daxil olub və bu, görüntüyə də təsir edir. Fikir
vermisinizsə, bu gün sosial şəbəkələrdə yayılan videoların 90 faizi horizontal
görüntüdür. Bu sənədli filmlərə, müasir film estetikasına da təsir edir. Artıq
klassik kanonlar dəyişir. Öyrəşdiyimiz 16:9 formatı da dəyişir. Bugünkü dövr sənədli
filmində əsas, informasiyanı – görüntünü və həmin videofaktı tamaşaçıya
çatdırmaqdır. Bunun horizontal və ya vertikal formatda olması fərq eləmir. Bəli,
mən bu filmi sıfırdan çəksəydim, sosial şəbəkələrdə yayılmamış görüntülərdən
istifadə etməsəydim, yəqin ki, klassik 16:9 horizontal formatında olacaqdı.
Ssenaridə bütün emosiyaları qoruyub saxlamaq, danışan insanların görüntüsünü
itirməmək istəyirdim. Yaradıcı qrupla daxili müzakirələrimiz zamanı bəzən mənə
"gəlin, tamaşaçının fikrini yayındırmayaq” deyirdilər. Fikrimcə, bizim beynimiz
çox unikaldır. Əgər eyni zamanda 20 pəncərədən çox görüntüdə eyni dramaturgiya
inkişaf edirsə, xüsusi olaraq bir görüntüyə və ya bir pəncərəyə baxmağa ehtiyac
yoxdur. Filmdə görüntü olaraq ağır və həyəcan doğuran kadrlar vardı - Bərdənin,
Gəncənin və Tərtərin bombalanması ilə bağlı görüntülər. Bunlar videofaktlardır
və onların sənədli kinoda, xüsusilə müharibə mövzusundakı kinoda olmalarını
vacib hesab edirdim. Sadəcə, uzun müddət təqdimatın formatını axtarırdım: "Bunu
necə göstərim ki, tamaşaçı həm baxsın, həm də gələcəkdə kanalı dəyişməsin”- deyə
düşünürdüm. Film boyunca musiqi və kadrlara müəllifin müdaxiləsi yoxdur. Yəni
müəllifin manipulyasiya edib hansısa effekt yaratmaq fikri yoxdur. Tik-tokda,
instagramda, facebook-da insanlar hansı musiqi ilə müşayiət olunubsa, eyni fon musiqisini
dəyişmədən, müəllif hüququna qarışmadan istifadə etmişik. Kimsə zövqlü və ya
zövqsüz ola bilər, amma vətənpərvərliyə bunun heç bir aidiyyəti yoxdur. Bu
formatın çəkilişləri mənim üçün eksperimentlər idi. Həm də ona görə ki, 8 il
idi rejissor kimi fəaliyyətimi dayandırmışdım.
8 ildir ki, Bakı Media Mərkəzinə gəlmişəm. O vaxtdan bəri ilk dəfə
rejissor kimi bu filmi çəkməyi özümə bir vətəndaşlıq borcu saydım.
Daha
çox tamaşaçı üçün
-
Belə bir fikir var ki, "Müharibə haqqında ən yaxşı film həmişə müharibədən
sonra çəkilir”. Bu film də müharibədən sonrakı vaxtın məhsuludur. "Tamaşaçıya
mesaj” fikrinizə rəğmən siz real faktlar əsasında bədii film də çəkə bilərsiniz.
İndiki reallıqda isə maraqlıdır: gerçəyi çatdırmaq baxımından bədii filmlə
müqayisədə sənədli filmin fərqi nədir?
- Bu, daha çox mənim özümlə bağlı
olan məsələdir. Mən daha çox sənədli film rejissoruyam. Bakı Media Mərkəzinə gəlməmişdən
qabaq İctimai Televiziyada çalışırdım və "Carçıfilm” Mərkəzini yaradanlardan
biri olmuşam. Ondan əvvəl – "Lider” telekanalında çalışdığım dövrdə "Azərbaycan”
redaksiyasında müxtəlif mövzularda 30-dan çox sənədli filmin rejissoru olmuşam.
Ruhən sənədli filmə bağlıyam və bu janrı daha çox sevirəm. Bəlkə nə vaxtsa bədii
filmə də gələcəyəm. Müharibə mövzusunda - insan fəlakəti ilə bağlı mövzularda çəkmək
çətindir. Hesab edirəm ki, bu mövzuda sənədli kinolara çox böyük ehtiyac var. Bəli,
müharibə bitib. Müharibədən sonra işləmək həm asandır, həm də iş daha çoxdur.
Amma media müharibəsi bitməyib və həmişə davam edəcək.
-
"BİZ”in çəkiliş prosesi nə qədər davam etdi?
- Sırf çəkiliş günlərini və montajı
daxil etsək, çəkiliş 4 ay davam etdi. Respondentləri tapmağa və arxivləri
toplamağa daha çox vaxt getdi. Mən çalışırdım ki, bu dövr ərzində Bakı Media Mərkəzinin
fəaliyyəti dayanmasın. Çünki sənədli film üzərində çalışanda materialın içərisində
yaşayırsan, amma bununla yanaşı məşğul olmalı olduğun cari işlər də var. Filmdə
hər respondent 2-3 dəqiqə danışsa da, çəkiliş prosesində onların hər birinə 2-3
saat vaxt ayrılıb. Bu müddət ərzində elə bil sən o insanın həyatını yaşayırsan,
sonra çıxıb cari işlərlə məşğul olursan. Bu, o qədər də asan deyil. Mən buna
görə öz komandama təşəkkür edirəm! Onlar mənə böyük dəstək oldular. Komanda işi
olmasaydı, mənə çox çətin olardı. Ümumiyyətlə, bu mərkəzdə çalışan insanlar öz
sahələrini çox sevən insanlardır. Bizim uğurlu işlərimizin arxasında işimizə məhəbbət
dayanır.
-
Filmin qapalı nümayişi pandemiya şərtlərinə uyğun bəlli bir kütləni əhatə etdi.
Sənədli filmin geniş təqdimatı nəzərdə tutulurmu? Filmin festivallarda da
nümayişi olacaqmı?
- Əlbəttə, biz əlimizdən gələni edəcəyik
ki, film daha çox auditoriya toplasın və daha çox tamaşaçıya çatsın. Bunun üçün
resurslar çoxdur. Sadəcə, biz istəyirik ki, pandemiya ilə bağlı karantin
qaydaları dəyişməsə, sentyabr-oktyabr aylarında filmin daha geniş təqdimatını təşkil
edək. Ondan sonra telekanallarda, kinoteatrlarda nümayişi həyata keçirilsin. Bəli,
biz filmin festival həyatını da düşünürük. Filmin Silahlı Qüvvələr Günündə
qapalı təqdimatında ölkəmizdə səfərdə olan Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin böyük nümayəndə heyəti iştirak etdi. Onlarla qeyri-rəsmi görüşdə
bir neçə festivala dəvət aldıq. Yəqin ki, biz Türkiyədən başlayacağıq. Heç şübhəsiz,
filmi bir neçə Avropa festivalına da göndərmək istəyəcəyik. Amma müharibə vaxtı
bir sıra Avropa dövlətlərinin ölkəmizə münasibətini də gördük.
Şuşa
haqqında film
-
Bakı Media Mərkəzi işğaldan azad olunan rayonlar haqqında silsilə filmlər çəkməyi
planlaşdırırmı?
- Biz bir neçə dəfə həmin ərazilərdə
olmuşuq. Unikal materiallarımız var. Xarı bülbül festivalının, Şuşada bayram
namazının çəkilişini biz həyata keçirmişik. Qarabağ mövzusu bizim üçün heç
zaman tükənməyəcək. Bundan sonra daha çox sənədli, bədii filmlər çəkiləcək,
layihələr həyata keçiriləcək.Hazırda Şuşanın alınması ilə bağlı
bir sənədli film üzərində çalışırıq. Bəxtimiz gətirdi ki, Şuşa alınandan sonra
çəkiliş qrupumuzu ora ezam etməyə icazə verdilər. Qələbədən dərhal sonra bizim
çəkiliş qrupu əsgərlərlə birlikdə Şuşaya girib və yaradıcı heyət uzun müddət
orda yaşayıb, unikal görüntülər çəkməyə nail olub. Fotoqraf Zaur, rejissor
Cavidan və operatorumuz Əli əsgərlərlə bərabər uzun müddət Şuşada susuz vəziyyətdə,
işıqsız şəraitdə yaşayıblar. Biz artıq həmin eksklüziv fotolardan istifadə
edirik. Hesab edirəm ki, ilin sonuna yeni sənədli filmimiz hazır olacaq. Filmdə
Azərbaycan əsgərinin Şuşanı hansı igidliklə azad etməsini, böyük zəfəri necə
qazanmasını göstərmək istəyirik.
-
"BİZ”in təqdimatından sonrakı hissləriniz maraqlıdır...
- Təqdimat günü bir neçə dəfə
alqışlar səsləndiyini müşahidə etdim. İnsanlar ağlayır, gülür, sevinirdilər...
Çox müsbət enerji aldım. Bir daha öz özümə "Orman, sən öz sənətini
unutmamalısan” dedim. Düzdür, bu dövrdə prodüser olaraq ölkəmiz üçün çox vacib
sənədli filmlər hazırlamışıq. Amma bir rejissor olaraq bunlar qəribə hisslər
idi: "Necə oldu, bu emosiyalara nail oldum?”- deyə film boyu düşünür və buna
görə Yaradana şükür edirdim. Çoxdandır belə hisslər yaşamamışdım. Görünür, film
boyu nəyisə ötürə bildim ki, o emosiyalar yenidən özümə qayıtdı.Bundan sonra da işimizi bu istiqamətdə
davam etdirəcəyik. Qarabağı qaytarmaq istəyimiz göstərdi ki, biz bütöv olmaq
üçün çalışmışıq. Biz indi hər an - istər Azərbaycandan kənarda, istər ölkə
daxilində həmin bütövlüyü hiss edirik. Bizi "BİZ” edən budur!
Təranə Məhərrəmova