Qafqaz üçün yeni turizm marşrutu
"İter Vitis Qafqaz” Rusiyanın Krasnodar vilayətindən
başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır
Şərabçılıq inkişafı ilə birlikdə şərab turizmi
(Enoturuzm) marşrutunu da formalaşdırır. İnsanlar getdikcə daha çox üzüm
sortlarını deyil, həm də məhsulun hansı şəraitdə yetişdiyini, şərab istehsalı
prosesinin necə həyata keçirildiyini gözləri ilə görməyə üstünlük verirlər. Şərab
marşrutunun destinasiyası gənc olsa da, mənşə tarixi bölgədən bölgəyə dəyişir.
Daha çox 2000-ci illərdən start götürən şərab turu (Vinetour) bir və ya daha
çox şərab fabrikini ziyarət etmək istəyənlər üçün təşkil edilir. Standart
proqrama üzüm bağları turu, istehsal prosesi ilə tanışlıq, şərab zirzəmiləri
turu və ən əsası, dequstasiya daxil edilir. Payızda belə
səfərə çıxanların üzüm yığımında iştirak etmək və ya məhsulu ayaqları ilə əzmək
şansı ola bilir. Bu cür turların başqa bir xoş tərəfi, bölgə mədəniyyəti ilə
yanaşı, şərab hazırlayan insanlarla tanış olmaqdır. Həm də bəyəndiyiniz şərabı
birbaşa istehsalçıdan almaq şansı əldə edirsiniz.
Şərabın
qazandırdığı milyonlar
Hazırda dünya populyar turizm marşrutları
arasında şərab turları da yer alıb: fərdi, qrup, korporativ, bir neçə saat, tam
gün və ya bir neçə günü əhatə edən turlar təklif edilir. Bu turizm növü həm
şərab həvəskarları, həm də təcrübə mübadiləsi aparmaq istəyən və dünyanı gəzən səyahət
həvəskarları üçün maraqlıdır.
Ekspertlər bildirirlər ki, hazırda bu bazarın
ümumi həcmini qiymətləndirmək problemdir. Məsələn, İtaliyada şərab turizmi ildə
2,5 milyard avro gəlir gətirir. Almaniyada bu tip tətillərə hər il 50 milyon
insan qatılır və onlar səyahətə 5,5 milyard avro xərcləyirlər. ABŞ-da 27 milyon
səyahətçi yemək və şərab dequstasiyasına maraq göstərir.
Şərab turları istehsalçıların özləri, eləcə də
fərdi bələdçilər və ya ixtisaslaşmış agentliklər tərəfindən təşkil edilir. Qurulmuş
şərab marşrutlarına güvənərək turu fərdi qaydada planlaşdıranlar da var.
Bakıdan-Qarabağadək
Dövlət Turizm Agentliyi "İter
Vitis Qafqaz” şərab marşrutunun reallaşması istiqamətində işlər həyata
keçirir. Azərbaycan Turizm Bürosunun
Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova "Kaspi”yə açıqlamasında qeyd etdi ki, şərab
marşrutu üzərində işlər davam etdirilir: "Bu
marşrut Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə
keçir və Gürcüstanda başa çatır. Azərbaycanda isə bu marşrut Bakıdan start
götürür və Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Balakən
də marşruta daxil ediləcək. "İter Vitis” Qafqaz marşrutu üzrə Gürcüstanla
danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq. Gürcüstan da
təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu,
Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur:
"Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif
olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də, bu, yeni
və innovativ marşrutdur. Bu, Qafqaz ölkələrinin turizm marşrutudur”.
Mədəni
irsi tanıtmaq
Ş.Həsənova şərabla bağlı Qarabağ regionu üzrə
də işlər görüləcəyini və gələcəkdə marşruta əlavə olunacağını bildirdi. Sektor
müdirinin məlumatına görə, hazırda ölkədə 15-dən çox şərab zavodu fəaliyyət
göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır: "Onu da qeyd edim ki,
"İter vitis” marşrutunun məqsədi təkcə şərabı dequstasiya etmək deyil, eyni
zamanda, yerli üzüm sortlarını təqdim etmək və bu istiqamətdə mədəni irsi
tanıtmaqdır”.
Şərabla turist
cəlbi
Qeyd edək ki, Azərbaycanda şərab turizminin öz tarixi ənənələri var. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər
Ağakərimovun sözlərinə görə, hələ SSRİ dövründə Azərbaycan şərabları
populyar olub. Hətta medallara layiq görülüb. Ancaq Sovet İttifaqı dağılandan
sonra şərab turizmi də tədricən sıradan çıxıb. "Hər ölkənin şərabçılıq
mədəniyyəti var. Turistlər bu fərqli mədəniyyətlərlə tanış olmağa can atırlar.
Son illər yenidən bizim ölkəmizdə də şərabçılıq dirçəlib. Şamaxı, İsmayıllı,
Qəbələ, Tovuz, Gəncə kimi rayonlarda şərab turizmini inkişaf etdirən
müəssisələr fəaliyyət göstərir”. Ekspert hesab edir ki, bu sahədə Avropa
ölkələrinin təcrübəsi öyrənilməli və tətbiq edilməlidir: "Bu yolla dünya
ölkələrinin vətəndaşlarını ölkəmizə turist kimi cəlb etmək olar”. Ekspertin
fikrincə, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları daha
çox təbliğat işləri aparmalıdır. Yəni şərab fanatları ölkəmiz də daxil olmaqla
dünyanın hər yerində var. Şərab turizmini inkişaf etdirmək üçün böyük potensial
da öz yerində...
Təranə
Məhərrəmova