Prezidentin ən yaxın silahdaşı - FOTOLAR
Mehriban Əliyevanın çoxcəhətli və davamlı fəaliyyəti
təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş ictimai əks-səda
doğurur
Azərbaycan
qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll
edilməsinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik
tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.Müasir dövrdə də adı Vətənlə
qoşa səsləşən qadınlarımız – analarımız ölkənin ictimai-siyasi, mədəni,
humanitar sahələrində, icra, qanunverici və məhkəmə hakimiyyətlərində, yerli özünüidarəetmə
orqanlarında fəaliyyət göstərir, Azərbaycanın daha güclü, qüdrətli dövlətə
çevrilməsi üçün böyük əmək sərf edirlər.
Geniş ictimai əks-səda doğuran fəaliyyət
Azərbaycanda qadın hərəkatının formalaşmasında,
onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan
Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin
Birinci-vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.
Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə
deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş ictimai əks-səda doğurur.
Xeyriyyəçilik ənənələrini dirçəltmək
Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və
beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii
gimnastika üzrə dünya kuboklarının, həmçinin dünya və Avropa çempionatlarının
Azərbaycanda keçirilməsinə dair qərarların qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin
irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə
aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü
il mayın 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Xalqımızın xeyriyyəçilik
ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev
Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O bütün
qərarları ilə milliliyini nümayiş etdirib. Daim Vətəninin tərəqqisinə xidmət
edib, ölkəmizin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafı
üçün yorulmadan çalışıb. Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən
layihələri yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmayıb. Mehriban Əliyevanın
təşəbbüsü ilə Fond Vatikanda, Fransada, Pakistanda, Cibutidə, Bosniya və
Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə önəmli layihələr icra
edib. Bütün bunlara görə, Heydər Əliyev Fondunun fəaliyyəti, ölkənin müxtəlif
inkişaf sahələrində gördüyü işlər 2015-ci il iyunun 29-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib,
Fondun prezidenti Mehriban Əliyeva "Heydər Əliyev” Ordeni ilə təltif edilib.
Vətən və millət maraqlarının qoruyucusu
Mehriban Əliyeva 2004-cü ildən Yeni Azərbaycan
Partiyası Siyasi (YAP) Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini, 2021-ci il martından sədrin birinci
müavinidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə
onun namizədliyi YAP tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli
sürülüb və deputat seçilib.Mehriban Əliyeva Milli Məclisin deputatı kimi
uğurlu millət vəkilliyi fəaliyyəti ortaya qoyub. Seçicilərinin etimadını
qazanaraq qadınların, gənclərin dövlət idarəçiliyində və xalqın təmsilçilik
orqanlarında fəal iştirakının əsas təşəbbüskarı olub. Mehriban Əliyeva nümayiş
etdirdiyi yüksək siyasi əxlaqla, Vətən və millət maraqlarına daim önəm vermə məramı
ilə mükəmməl örnəyə çevrilib.
Sürətli inkişafın şahidinə çevrilmək
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Milli
Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə
I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın
17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.
Mehriban xanımın fəaliyyəti nəticəsində 2015-ci ildə Azərbaycan belə bir mötəbər
tədbirə yüksək səviyyədə ev sahibliyi edib. Birinci Avropa Oyunları Mehriban
xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyil. O, 2017-ci il
mayın 12-dən 22-dək Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının
Təşkilat Komitəsinin də sədri olub, bu tədbirin uğurla keçirilməsində mühüm
xidmətlər göstərib. Bundan başqa, "Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda
yüksək səviyyədə keçirilməsində də birinci xanımın səylərini qeyd etmək
lazımdır. Bu yarışma dünyada ən uzun televiziya şousu, Avropa qitəsində isə ən
mühüm musiqi tədbiri hesab olunur. Bütün bu yarışmaları izləmək üçün dünyanın
müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar gördükləri qonaqpərvərlikdən
razılıqlarını ifadə edib və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli
inkişafın şahidi olublar.
Xalqın hakimiyyətə inamının möhkəmlənməsi
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın
Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və
təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. "Ölkəmizin və
xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət
etməyə çalışacağam” – söyləyən Mehriban Əliyeva Birinci vitse-prezident kimi Azərbaycanın
iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla
bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürüb. Birinci vitse-prezident
Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə
dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldub. Mehriban Əliyeva
millət vəkili, Fond rəhbəri, Birinci vitse-prezident kimi indiyə qədər ölkə həyatının
bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslərlə, gördüyü işlərlə cəmiyyətdə
özünə müsbət imic formalaşdırıb. Nəticə etibarilə o, Prezident İlham Əliyevin ən
yaxın silahdaşına çevrilib, ölkə rəhbərinin siyasi nüfuzunun daha da yüksəlməsinə
əməli töhfələr verib. Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən
sonra ən böyük xidməti də məhz Birinci vitse-prezident Mehriban xanım Əliyeva göstərib.
Rufik İSMAYILOV