AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident Naxçıvandan növbəti mühüm mesajlar verdi - TƏHLİL

Prezident Naxçıvandan növbəti mühüm mesajlar verdi - TƏHLİL

Cəmiyyət
11 May 2021, 19:30 827
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri bir çox xüsusiyyətinə görə əlamətdar oldu. Səfər çərçivəsində Prezident Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Dövlət başçısı, eyni zamanda, "ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu, "Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi.
Prezident Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verdi və bir sıra mühüm bəyanatlar səsləndirdi.

Mayın 10-da baş tutan Naxçıvan səfərinin rəmzi mənası

Dövlət başçısı qeyd edib ki, Qarabağdakı zəfərdən sonra Ulu Öndər Heydər Əliyevin ilk doğum günündə Naxçıvana budəfəki səfərinin çox böyük rəmzi mənası var.
Doğrudan da, məhz Ulu Öndərin doğum günündə Prezident İlham Əliyevin atasının vətəni Naxçıvan Muxtar Respublikasına səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki məhz Heydər Əliyevin 30 il bundan əvvəl ciddi fəaliyyəti nəticəsində bu qədim diyarın ermənilər tərəfindən işğal edilməsinə imkan verilməyib. Bu məsələyə toxunan dövlət başçısı çıxışında qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər.
1990-cı illərin əvvəllərində Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti və Ermənistanın torpaqlarımızı işğalı nəticəsində ölkəmizin parçalanma təhlükəsində olduğunu deyən Prezident məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti sahəsində xalqımızın xilas olduğunu və bugünkü zəfərimizin əsasının qoyulduğunu vurğulayıb. Prezident bildirib ki, 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik, bugünkü Zəfərin təməli, məhz o vaxt qoyuldu.
Həmin tarixə nəzər salsaq, doğrudan da, 1990-cı illərin əvvəllərində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda vəziyyətin çox ağır olduğunu, üstəlik orada vətəndaşlarımızın blokada vəziyyətində yaşadıqlarını qeyd edə bilərik. 1990-cı ilin sentyabrında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə müstəqil Azərbaycanın gələcəkdəki xilasının və uğurlarının əsası qoyuldu. Ulu Öndərin həmin vaxt apardığı aktiv siyasi fəaliyyət nəticəsində Naxçıvan işğaldan və bu kimi təhlükələrdən xilas oldu, qonşu ölkələrlə iqtisadi-siyasi əlaqələr quruldu, Muxtar Respublikaya iqtisadi yardımlar gəldi, əhalinin ərzaqla təminatı məsələsi həll olundu. Bütün bunları öz şəxsi nüfuzu və uzaqgörən siyasəti nəticəsində reallaşdıran Heydər Əliyev sözün həqiqi mənasında Naxçıvanı xilas etdi.

Naxçıvan MR-nın bugünkü inkişafı

Heydər Əliyevin Bakıda hakimiyyətə gəlməsi ilə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanın tarixində də yeni inkişaf səhifəsi açıldı. Xüsusi həssas coğrafiyada yerləşən və Azərbaycanın əsas hissəsi ilə sərhədləri olmayan Naxçıvan MR-na dövlət tərəfindən bu illər ərzində xüsusi diqqət və qayğı göstərildi. Nəticədə, Naxçıvan MR son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordçu bölgə oldu, burada ÜDM-də 10 dəfədən çox artım qeydə alındı.
Bir zamanlar enerjisiz, işıqsız qalan Naxçıvan bu gün özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən yararlanır. Bu gün Naxçıvanda elektrik enerjisi ilə təchizat və qazlaşdırma 100% səviyyəsindədir.
Bundan başqa, milli brendlər olan ASAN və DOST mərkəzlərinin Naxçıvanda yaradılması da bölgədəki sosial-iqtisadi vəziyyətə və insanların müxtəlif dövlət xidmətlərinə əlçatanlıqları üçün müsbətə doğru irəliləyiş olacaq.
Bu illər ərzində Azərbaycan dövlətinin Naxçıvan MR-nın təhlükəsizliyinə və müdafiəsinə ayırdığı diqqət göz qabağındadır. Təsadüfi deyil ki, budəfəki səfəri çərçivəsində də ölkə başçısı Naxçıvanda hərbi obyektlərin açılışında iştirak etdi. Müsahibədə hərbi aerodromun və hərbi hospitalın açılışı ilə bağlı suala cavabında Prezident İlham Əliyev bölgədə müdafiə sahəsində aparılan işlərdən danışdı. Qeyd etdi ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Prezident deyib ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan MR-da mövcuddur.
Eyni zamanda çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanda hakimiyyət böhranına səbəb olan və 44 günlük müharibədə bizim üçün əlverişli strateji mövqe qazandıran Günnüt əməliyyatına da toxundu. Dövlət başçısı bildirdi ki, "bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.

Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqə bərpa edilir

Prezident müsahibəsində qeyd etdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Hazırda Horadiz-Ağbənd dəmir yolunun inşası aparılır, bu dəmir yolunun bərpasından sonra dəmir yolu xətti Ordubad dəmir yolu stansiyası ilə birləşdiriləcək.
Dövlət başçısı təsadüfən Ordubada gəlmədiyini də, qeyd edərək əlavə edib ki, Zəngəzur dəhlizi mütləq açılacaq. O bildirdi: "Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Zəngəzur dəhlizi reallıqdır

Prezident bundan əvvəlki çıxışlarında olduğu kimi bir daha Azərbaycanın tarixi ilə bağlı çox vacib məqama toxunaraq bu torpaqların əsl sahibinin bölgədə yeni tarix yazdığını regiondakı və regiondan uzaqdakı qüvvələrin diqqətinə çatdırdı. O, Zəngəzurun tarixi və indiki proseslərlə bağlı çox vacib məqama toxunaraq qeyd etdi ki, "Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Prezidentin Zəngəzurun tarixinə Naxçıvan səfərində də diqqət yetirməsi, indiki və gələcək nəsillər üçün həm də bir "yol xəritəsi”dir. Bir zamanlar vahid halda və əhalisinin böyük hissəsi Azərbaycan türklərindən ibarət olan Zəngəzur mahalı 1920-ci il dekabrın 1-də iki yerə parçalandı və Qərbi Zəngəzur ( ermənilər Sünik adlandırır) qanunsuz olaraq Ermənistana verildi.
Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib, 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıyıblar, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Dığ kəndinin erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
1990-cı illərin əvvəllərində ermənilər "Böyük Ermənistan” iddialarının davamı olaraq Zəngəzurun şərqini də işğal edə bildilər. Lakin Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev ötən ilin sonunda tarixi ədaləti bərpa edərək bölgəni Azərbaycana qaytarmağa müvəffəq oldu. Burada xüsusilə vurğulamaq lazımdır kı, Ali Baş Komandan İlham Əliyev Zəngəzurun şərqinin işğaldan azad edilməsinə, Zəngəzurun qərbinə azərbaycanlıların "de-fakto” qayıtmasına, məhz bu diyarın Azərbaycandan qopardılmasının 100-cü ildönümündə müvəffəq oldu.
Prezidentin bir müddət əvvəl Zəngilanda hava limanının təməlqoyma mərasimində iştirakı, Naxçıvana səfəri çərçivəsində isə Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının istifadəyə verilməsi, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad dəmir yolu stansiyasının qurulması, hazırda inşası davam edən Horadız – Ağbənd yolu, təbii ki, Zəngəzurun tarixi vətəni ilə qovuşması istiqamətində vacib addımlardır.

Dağlıq Qarabağ adlı ərazi vahidi, Dağlıq Qarabağ münaqişəsi yoxdur

Prezident İlham Əliyev müsahibəsində postmünaqişə dövründə bəzilərinin Dağlıq Qarabağla bağlı xəyallarına toxunaraq növbəti mühüm bəyanatını səsləndirdi: "Dağlıq Qarabağ münaqişəsi həll olunub. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir”.
Prezidentin bu sözlərini Ermənistandakı revanşist qüvvələrə, eyni zamanda bir sıra dövlətlərə xəbərdarlıq kimi başa düşülməlidir. Aprelin əvvəlindən başlayaraq Minsk qrupunun Qarabağla bağlı Azərbaycanı və Ermənistanı danışıqlara dəvət etməsi, Minsk qrupunun bəzi dövlətlərinin Dağlıq Qarabağın statusu haqqında boşboğazlığı fonunda Azərbaycan Prezidentinin bölgə ilə bağlı qəti və prinsipial bəyanatı həmin tərəflər üçün ciddi xəbərdarlıq kimi başa düşülməlidir.
Mövzunu davam etdirən dövlət başçısı deyib: "Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq – "de-fakto” münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.
Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar”.
Prezidentin münaqişə həll olmayıb deyənlərə bunun çox təhlükəli yanaşma olmasını bildirməsi və ardınca noyabrın 10-da imzalanmış sənədin atəşkəs haqqında deyil, məhz münaqişənin həlli ilə bağlı sənəd olduğunu qeyd etməsi çox vacibdir. Burada Prezident dünyadakı müxtəlif təxribatçı qüvvələrə noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın əsl mahiyyətini başa salır və qeyd edir ki, bu sənədin imzalanması münaqişənin sona çatması ilə bağlı idi. Doğrudan da, bəyanatda Dağlıq Qarabağın siyasi gələcəyi və Xankəndi ilə bağlı siyasi dialoqun yer almaması, əvəzində isə, Azərbaycan və Ermənistan arasında əlaqələrdə yeni mərhələdən bəhs edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında bəndlərin yer alması, hazırda 10 noyabr razılaşmasını müxtəlif cür yozmaq istəyən qüvvələrə zərbədir. Həmin qüvvələr Ermənistanın rəhbərinin də imzası olduğu bu sənəddə Dağlıq Qarabağla bağlı heç bir dialoqdan və siyasi statusdan söhbət getməməsini unutmasınlar. Bəyanatda açıq-aşkar şəkildə münaqişənin artıq geridə qaldığından və yeni geoiqtisadi proseslərə start verildiyindən söhbət gedir.
Bu kontekstdə dövlət başçısı xüsusilə Fransa və Kanada siyasətçilərini tənqid etdi. Prezidenti onlara Azərbaycanın işlərinə qarışmamağı, öz işləri ilə məşğul olmağı məsləhət gördü.
Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağa status verilməsi ilə bağlı fikirləri alt –üst edərək qeyd etdi ki, "bəzi siyasətçilər Dağlıq Qarabağın - deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin”.
Sonda dövlət başçısı ermənilərə odla oynamamağı məsləhət gördü. O bildirdi ki, Azərbaycanın dəmir yumruğu hələ də yerindədir və əgər ölkəmizə qarşı zərrə qədər təhlükə olarsa, onlar dərhal məhv ediləcəklər.
Dövlət başçısının bu bəyanatları həm Ermənistan, həm də onun havadarları üçün mühüm mesajlarla doludur. Ermənistan bölgədə yaranmış yeni reallığı düzgün qiymətləndirməli, doğru nəticə çıxarmalı və anlamalıdır ki, yalnız Azərbaycanla dost münasibətlər onun bir dövlət kimi gələcək mövcudluğunun əsas şərtidir. Yaxşı olar ki, elə havadarları da bunu anlayıb, İrəvanı başa salsınlar.

Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,
Bakı Politoloqlar Klubunun sədri