Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

Siyasət
22 Yanvar 2020, 21:10 1134
Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyev bildirib: "Biz gənclərin nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla – neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır".