• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

Prezident: “Dövlət şirkətlərinin işi ciddi təftiş edilməli, yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz”

06.08.20 17:29 934
Prezident: “Dövlət şirkətlərinin işi ciddi təftiş edilməli, yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz”
"Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik”.
APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə deyib.
Prezident ilham Əliyev qeyd edib ki, məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik: "Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.
Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər - AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.
Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.
Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.
banner

Oxşar Xəbərlər