Polad Bülbüloğlunun təşəbbüsü ilə xarici diplomatların yaradıcılıq sərgisi açılıb
Rusiyanın Moskva şəhərində diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb.
“Report”un Rusiya bürosunun xəbərinə görə, ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş etdirilir. Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini tamaşaçılara təqdim edirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılışında çıxış edərək, müasir mürəkkəb dünyada diplomatların həm də yaradıcılıqla məşğul olması sevindirici hal olduğunu vurğulayıb.
“Düşünürəm ki, bu sərgi yaradıcılığı nümayiş olunan hər bir diplomat üçün Rusiya paytaxtındakı fəaliyyəti dövründən xoş xatirə kimi qalacaq. Çünki yaradıcılıq həvəsi heç zaman sönmür”. P. Bülbüloğlu gələn il ekspozisiyanın daha geniş və müxtəlif janrlarda təqdim olunacağını bildirib, sərginin təşkilində yardıma görə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteliyə təşəkkür edib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə çıxışında qeyd edib ki, bir-biri ilə sıx bağlı olan diplomatiya və incəsənət müxtəlif ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşma və etimadın yaranmasında mühüm rol oynayır: “Bəzən bədii əsərlər sözlə deyilməsi mümkün olmayan həqiqətləri çatdırır. Həm qələm, həm də fırça ustası olan diplomatlar isə bunu daha inandırıcı edə bilirlər”.
Sərginin açılışında çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteli incəsənətin ölkələr və xalqlar arasında birləşdirici rolundan danışıblar.