Peşəkar jurnalistlər üçün bilikləri artırmaq baxımından fürsət
12.11.19 16:47
3668
«Kaspi» Təhsil Şirkəti ingilis
dili kursları təşkil edəcək
«Kaspi» Təhsil Şirkəti "Xəzər” Teleradio Yayım Şirkətinin birgə təşkilatçılığı
və Mətbuat Şurasının rəsmi dəstəyi ilə jurnalistlər üçün ingilis dili təlimlərinə
start verir. "Kaspi Polyglot” dil kursları
nəzdində təşkil olunacaq ingilis dili kurslarının əsas məqsədi Azərbaycanın peşəkar
jurnalistlərinin ingilis dili biliklərini artırmaq və inkişaf etdirməkdir.
Qeyd edək ki, şirkət 6 il dalbadal "Azərcell”lə birlikdə jurnalistlər
üçün ingilis dili kursları həyata keçirib. Sonradan layihəyə fasilə verilib.
Yenidən start götürən layihə ilə bağlı keçirilən mətbuat konfransında «Kaspi» Təhsil Şirkətinin baş direktoru Elnur
Əliyev bildirdi ki, layihənin Azərbaycan
jurnalistikasının inkişafına böyük töhfəsi olduğunu düşündükləri üçün yenidən reallaşdırmağı
qərar veriblər: "Bu ideyanı irəli sürən Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva
oldu. Çox sevinirik ki, həm Mətbuat Şurası, həm də "Xəzər” Media Mərkəzi bizə bu
istiqamətdə dəstək verdilər. İnanırıq ki, bu layihə də əvvəlki layihələr kimi uğurlu
olacaq”. E.Əliyev məlumat verdi ki, bundan əvvəl keçirilən layihələrə 40-50 jurnalist
cəlb olunub və onlar bu kurslarda 6 ay ərzində ingilis dili biliklərini inkişaf
etdriblər: "Bu layihənin nəticəsində bir çox jurnalistlər uğur qazandılar. İnanırıq
ki, layihənin davamı bir çox jurnalistlərin ingilis dilini öyrənməsinə yenə də böyük
fayda verəcək». E.Əliyev KİV nümayəndələrinin
mükəmməl ingilis dilinə sahib olmalarının üstünlüklərini də qeyd etdi. «Layihə
müstəqil dövlətimizin hərtərəfli inkişafı barədə həqiqətlərin dünyaya yayılması,
Qarabağ haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, xalqımızın zəngin
mədəniyyəti və tarixi barədə məlumatların ingilis dilində dərc olunması kimi məqsədlərə
xidmət edəcək. Jurnalistlərin ingilis dili bilikləri həmçinin dünya xəbərlərinin
Azərbaycanda da operativ və düzgün yayılmasına, Azərbaycan jurnalistikasının beynəlxalq
jurnalistlər qrupuna inteqrasiyasına və təcrübə mübadiləsinə də stimul verəcək”.
E.Əliyev qeyd etdi ki, gələcəkdə jurnalistlər arasından, nəticələrə
uyğun olaraq iki nəfərin seçilib London şəhərinə dil kursuna göndərilməsi
haqqında da düşünülür: «Belə bir niyyətimiz var. O zaman biz "Azərcell”ə
müraciət etmişdik ki, jurnalistlər üçün motivasiya xarakterli bir şey olsun.
Onlar da müəyyən vəsait ayırmışdılar. Hələlik isə bu layihə üçün vəsait
ayrılmayıb. Ancaq gələcəkdə hər hansı sürprizlərin ola biləcəyi istisna deyil.
Bu, həm yaxşıdır, həm də əvvəlki təcrübələrə görə çaşdırıcı rol da oynayıb.
Məsələn, bir çox jurnalistlər üçün xaricdə iki həftəlik və ya bir aylıq kurslar
çox gözəl praktika olubsa, bəzən ingilis dili səviyyəsi yaxşı olan jurnalist
məhz Londona getmək üçün kurslara qatılıb. Ümumilikdə isə bu, faydalıdır.
Vəsait cəlb olunarsa, mənbə tapılarsa, gələcəkdə nəzərə alacağıq».
Azərbaycan Mətbuat Şurasının
sədr müavini Ümid Mirzəyev jurnalistlər üçün ingilis dili kurslarının təşkilinin
böyük əhəmiyyəti olduğunu qeyd etdi: "Biz bu vaxta qədər "Kaspi” Təhsil Şirkətinin
çox sayda sosial yönümlü layihələrinin şahidi olmuşuq. Hesab edirəm ki, əvvəllər
altı il ərzində davam edən bu layihənin yenidən bərpası bu istiqamətdə mühüm addım
olacaq. Beynəlxalq tədbirlərdə iştirak edərkən, ingilis dilinin nə qədər vacib olduğunun
fərqinə varırıq. Həm ölkəmizin tanıdılması, həm də əlaqələrimizin qurulması baxımından
bu layihənin əvəzsiz rolu var. Bu, peşəkar jurnalistlərimizin layihədən yararlanması
üçün bir şansdır. Çünki bizim Qarabağ problemimiz var, bizə çamur atanlar çoxdur.
Jurnalistlərin mücadilə aparması üçün dil bilgiləri də vacibdir. Dil öyrənilməsi
jurnalist üçün çox önəmlidir. Həm də bu kursun təşkili media qurumlarına dəstəkdir.
Layihənin əhəmiyyətliliyini nəzərə alaraq, Mətbuat Şurası da layihəni
dəstəkləyir».
Layihənin digər tərəfdaşı –
"Xəzər” Teleradio Yayım Şirkətinin sözçüsü Aqşin Kamal vurğuladı
ki, qloballaşan dünyada ingilis dilinin çox vacib olduğunu nəzərə alsaq, bu layihənin
əhəmiyyətliliyini başa düşmək çətin deyil: "Əvvəlki illərdə "Kaspi” Təhsil Şirkəti
bu layihəni uğurla həyata keçirib. Həmçinin "Xəzər” Media Mərkəzinin təmsilçiləri
də bu qruplarda iştirak edərək setrifikat alıblar. Yenə də ölkənin qabaqcıl
təhsil şirkəti olan "Kaspi” Təhsil Şirkəti bu layihəni həyata keçirməyə
başlayanda "Xəzər” Media Mərkəzinin rəhbərliyi layihəyə dəstək verməyə hazır
olduğunu bildirdi. Bir media şirkəti olaraq bizim üçün bu layihəyə dəstək
verməyin böyük əhəmiyyəti var. Çünki bu, təhsil yolunda atılan addımdır”.
KTŞ-nin baş direktor müavini
Aydın Əliyev layihənin şərtlərindən danışaraq qeyd etdi ki, təlimdə iştirak etmək
üçün 40 jurnalist seçilərək ingilis dili bilik səviyyəsinə görə 4 qrupa bölünəcək:
"Tədris 6 ay ərzində davam edəcək və yekunda ingilis dili imtahanından uğurla keçən
jurnalistlər sertifikat əldə edəcəklər”. Dekabr ayının əvvəlində jurnalistlərin
ingilis dili bilik səviyyələrini yoxlamaq məqsədi ilə imtahan keçiriləcək:
«Jurnalistlər kursa qatılmaq üçün minimum "elementary” səviyyəsində dil
biliyinə malik olmalıdırlar. Nəticələr
və təlimlərdə iştirak edəcək jurnalistlərin seçimi xüsusi təşkil olunan
komissiya tərəfindən dəyərləndiriləcək. Komissiyanın tərkibi «Kaspi» Təhsil
Şirkətinin rəhbərliyi, "Xəzər” Teleradio Yayım Şirkətinin nümayəndəsi, Mətbuat
Şurasının nümayəndəsi, müstəqil ekspertlər və ictimai xadimlərin iştirakı ilə
formalaşacaq. Dərslər yanvarın ayının əvvəlində başlayacaq və həftədə iki dəfə
axşam və gündüz saatları olmaqla iyun ayının sonuna qədər davam edəcək”. A.Əliyev
qeyd etdi ki, dərslərin başlama saatları və keçiriləcək günləri anket
formasında əks olunacaq. Layihədə iştirak edənlər sonda sertifikat alacaqlar:
"Ancaq iştirakçıların kursu müvəffəqiyyətlə bitirmələri ilə bağlı xüsusi
tələblərimiz olacaq. Çünki 6 ay ərzində jurnalistlərin iki səviyyəni bitirmə
imkanı olacaq. Bu o deməkdir ki, bir səviyyədən digər səviyyəyə keçid imtahanı
veriləcək. Həmin imtahanı uğurla verə bilməyənlər kursu dayandıracaq və onların
yerinə gözləmə siyahısında olan jurnalistlər cəlb olunacaqlar. Həmçinin dərslərə davamiyyət çox önəmlidir.
Davamiyyəti yerində olmayan namizədlər kənarlaşdırıla bilər və onların yerinə
gözləmə mövqeyində olan namizədlər dəvət ediləcəklər”.
Təlimdə iştirak etmək istəyən jurnalistlər öz tərcümeyi-halını, jurnalist
vəsiqəsinin sürətini və ən maraqlı hesab etdiyi 3 yazısını və ya video süjeti (audio
yazısını) [email protected] – email
ünvanına göndərməlidirlər. Müraciətlər noyabrın 13-dən 30-dək qəbul olunacaq.