Peşə təhsilinin məzmununu yeniləşdirəcək qərar

Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında
dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir
Novruz Məmmədov imzalayıb. Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və
Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1
nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilib
və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə
Təhsil Mərkəzi yaradılıb. 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət
Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Xaçmaz Peşə
Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət
Peşə Təhsil Mərkəzi yaradılıb. Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi
birləşdirilib və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
yaradılıb. Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək
onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ağstafa Peşə
Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə
Liseyi birləşdirilib və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi
yaradılıb. 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi
birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1
nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilib və
onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 2 nömrəli Ağdam
Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında
Ağdam Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. 1 nömrəli Füzuli Peşə Məktəbi və 2
nömrəli Füzuli Peşə Məktəbi birləşdirilib və onların bazasında Füzuli Dövlət
Peşə Təhsil Mərkəzi yaradılıb.
Bu qərarla
yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi dövlət
büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil” bölməsində Təhsil Nazirliyi
üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Təhsil Nazirliyi
Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan
irəli gələn məsələləri həll etməlidir.
Bəs
görəsən mərkəzlərin yaradılması peşə təhsilinin inkişafına necə təsir edəcək?
Təhsil eksperti
Hümeyir Əhmədov peşə
məktəblərinin vahid mərkəzlərdə birləşdirilməsini müsbət hal kimi
qiymətləndirir: "Hesab edirəm ki, bəzi ixtisaslara dəyişikliklər edilməlidir.
Çünki sovet dövründən qalma ixtisaslara bu gün ehtiyac yoxdur. Ona görə də,
indidən hərəkətə keçmək lazımdır. Peşə təhsil mərkəzlərinin yaradılması bu kimi
məsələləri də tənzimləyəcək. Mərkəzlər ixtisasların sosial-iqtisadi proqnozlarını
verməlidir. Məsələn, vaxtı ilə peşə məktəblərində konduktorlar hazırlanırdı.
Onlar tramvay, avtobuslarda işləyirdi. Amma indi buna ehtiyac yoxdur. Çünki
artıq nəqliyyat kart sisteminə keçib. Belə nümunələrin sayı çoxdur. Getdikcə
bəzi peşələr sıradan çıxır və öz yerin digərlərinə verir. Əgər bir ixtisasa
ehtiyac yoxdursa, bu sahədə təhsil almağın heç kimə faydası olmayacaq. Son
illər peşə təhsilinə xüsusi diqqət yetirilir. Bizim bu sahə üzrə mütəxəssislərə
böyük ehtiyacımız var. Elə sahələr var ki, ali təhsil tələb etmir. Peşə
mərkəzləri bu tip məsələləri də nizama salacaq. Mərkəzlərin maddi-texniki
imkanları daha geniş olacaq. Həmçinin, burada dərslər peşəkar müəllimlər
tərəfindən keçiləcək. Bildiyiniz kimi regionlarda kadr çatışmazlığı problemi
var. Ona görə də, əksəriyyət böyük şəhərlərə üz tuturdu. Dünya təcrübəsində
belə nümunələr çoxdur. Bizim üçün vacib olan, mütəxəssislərin yetişdirilməsi
məsələsidir. Peşə məktəblərinin keyfiyyəti o qədər də qaneedici səviyyədə
deyildi. Bizə müasir texnologiyanın əsaslarını bilən mütəxəssislər lazımdır.
Mərkəzlərin yaranması ilə bu məsələlər zamanla
öz həllini tapmış olacaq. Düşünürəm ki, peşə mərkəzlərinin maddi-texniki
bazası, yataqxana və digər vacib məsələlərinə diqqət ayırmaq lazımdır. Ümid
edirəm ki, əldə olunan nəticələr yüksək səviyyədə olacaq”.
Təhsil eksperti Nadir İsrafilovsöylədi ki, təhsilin pillələri arasında varislik, fasiləsizlik və ardıcıllıq
prinsiplərinin təmin olunması sahəsində peşə təhsilinin yeri, rolu və
əhəmiyyəti danılmazdır: "Bu baxımdan peşə təhsili müasir standartlara uyğun
olaraq, tamamilə yenidən qurulur. Həm Bakıda, həm də ayrı-ayrı rayonlarda yeni
peşə məktəbləri istifadəyə verilir, əvvəlcədən fəaliyyət göstərən peşə təhsil
müəssisələrinin şəraiti yaxşılaşdırılır. Bu məsələdə ən qabaqcıl təcrübənin
tətbiqinə cəhd göstərilir. Peşə təhsilinə marağı artırmaq, bu sahənin
inkişafını sürətləndirmək məqsədi ilə müəyyən güzəştlər nəzərdə tutan bəzi
qərarlar qəbul edilib. Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ,
təcrübə sahəsində əməkhaqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ
verilib. Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə, təhsili
başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçünbir
çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Peşə təhsili
almaq hər kəsin hüququdur. Bu hüquq ölkə vətəndaşlarına hələ orta məktəbdə
oxuduğu vaxtdan verilir. Ümumtəhsil müəssisələrində şagirdlər ilk peşə təhsili
alır. Peşə məktəbinə qəbul olunanlara yalnız texniki peşə təhsili almaq hüququ
verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə
texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil, tam orta təhsil bazasından
qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil
mərkəzinə isə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili
ilə yanaşı, tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından
qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ
verilir. Peşə təhsil mərkəzlərində də peşə liseylərində olduğu kimi, ümumi orta
təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta
təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il çəkir. Ancaq
tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün
təşkil edilən qruplarda 1 il təhsil almaq kifayət edir. Ümumi orta təhsil
bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təhsil müddəti 4 il,
peşə təhsil mərkəzlərinə tam orta təhsil bazasından qəbul olunmuş orta peşə
təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir. Bu baxımdan, yeni peşə
təhsil mərkəzlərinin yaradılması və şəbəkənin genişləndirilməsi təhsil
müəssisələrinin rasionallaşdırma və optimallaşdırılması, bu sahədə çevik, mobil
idarəetmənin təmin edilməsi, peşə təhsilinin məzmununun yenilənməsi və
nüfuzunun artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Peşə təhsil
mərkəzlərinin yaradılmasına diqqətin artırılması "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da nəzərdə tutulmuş vəzifənin - cəmiyyətin
tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili
standartlarının hazırlanması tələbindən irəli gəlir”.
Şəbnəm Mehdizadə
