AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

Mədəniyyət
25 May 2021, 15:45 219
Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində "Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib.
Kaspi.az xəbər verir ki, "Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür.
Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə”sinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. O, Şərq intibahının banisi hesab edilən Nizami Gəncəvinin yaradıcılığının ölməz və bəşəri olduğunu, məhz Nizaminin yaradıcılığı ilə Şərq poeziyasının başladığını vurğulayıb. Qeyd edib ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub, heç vaxt doğma Gəncəni tərk etməyən şair böyük bir vətənpərvərlik nümayiş etdirib. Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub.
ŞƏT-in Baş katibi bir çox şairinin dahi Nizami Gəncəvinin ədəbiyyatda açdığı yolu ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını deyib.
Vladimir Norov 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimini xatırlayıb. O, ŞƏT-in katibliyində dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə və Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə təşəkkür edib. Əmin olduğunu bildirib ki, ədibin büstü onun tərənnüm etdiyi xeyirxahlıq, mərhəmət və digər yüksək insani dəyərlər kimi ŞƏT-in katibliyində çalışanları da ilhamlandıracaq.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.
Səfir Ə.Zeynallı bildirib ki, Nizami Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən Nizami Gəncəvinin ölməz "Xəmsə”si multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib. Bu ideyalar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də əksini tapır.
Əkrəm Zeynallı Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasının fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun dahi şair Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırdığını vurğulayıb. Bu istiqamətdə şairin əsərləri bir neçə dilə tərcümə olunub, Paris, Strasburq, Roma, London, Moskva və başqa şəhərlərdə sərgi və təqdimatlar keçirilib.
Səfir Əkrəm Zeynallı Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb, ordeni və onun vəsiqəsini Yüen Sikuna təqdim edib.
Nizami Gəncəvinin bütün bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun "Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq” ordeninə layiq görülməsindən qürur duyduğunu deyib və dövlətimizin başçısına bu yüksək mükafata görə təşəkkür edib. O, bundan sonra da iki ölkə arasındakı mədəni mübadiləyə töhfə vermək üçün əlindən gələni edəcəyini bildirib.
Yüen Sikun Nizami Gəncəvinin Pekinin ən iri parklarından olan Çaoyanda qoyulmuş büstünü Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümününün qeyd olunduğu 2012-ci ildə hazırlayıb.
Sonra tədbirdə dahi şairin yaradıcılığına həsr olunan film nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri Nizami Gəncəvinin əsərlərindən parçaları Azərbaycan və Çin dillərində oxuyublar.
Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində fəaliyyət göstərən "Amber” kvartetinin ifasında Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərləri səslənib.
Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda "Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.