Paşinyana əvəz tapılıb?
"Cırtdan partiyalar” gözünü
Manukyana dikib
"Nikolsuz Ermənistan” şüarı bu gün erməni cəmiyyətini ikiyə bölüb,
desək yanılmarıq. Bir qisim onu erməni bəlalarının günahkarı, satqınlıqda
ittiham edir və dərhal hakimiyyətdən getməsini istəyir. Digər qisim isə hesab
edir ki, indiki durumda Nikolun hakimiyyətdə qalması yaxşıdır. Və ən maraqlı
olan onun yerinə kimin təyin olunmasıdır. Maraqlı olan odur ki, erməni
cəmiyyətinin tanınmış simalarından heç kim lider olmaq, məsuliyyəti öz üzərinə
götürmək istəmir. Sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryana
gəldikdə, ermənilərdə onlara qarşı nifrət hissi o dərəcədədir ki, heç adları
belə çəkilmir. Məsələ ondadır ki, Nikolun vəzifəsindən getməsini istəyənlərin
sırası da getdikcə azalır. Aksiyalarda iştirak sayı bir neçə minə də çatmır.
Baş naziri istəməyənlər, əsasən işğaldan azad edilən torpaqlardan çıxarılanlar,
övladları müharibədə həlak olanlar, itkin düşənlərdir. Ən maraqlısı odur ki,
Nikolu ittiham edənlər ona qarşı elə bir ciddi fakt da ortaya qoya bilmir.
Məsələn, Rusiya sülhməramlıları ilə bağlı məsələdə onun qəbul etdiyi qərara
qarşı çıxan yoxdur. İttihamlar odur ki, xarici siyasət məsələlərini düz
qurmadı.
Antipaşinyançılar bildirirlər ki, əsas ittihamlarını dekabrın 5-də baş
tutacaq ümumxalq mitinqində elan edəcəklər. Belə bir acınacaqlı durumda
ermənilərin cırtdan partiyaları özlərinə yeni lider seçmək qərarına gəliblər.
17 müxalif partiya baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli
sürüb. O da bildirib ki, baş nazir olduqdan sonra özünün partiya fəaliyyətinə
son qoyacaq, parlament seçkisində iştirak etməyəcək və ən önəmlisi, baş nazir
vəzifəsinə iddialı olmayacaq. Bununla belə, o, bir il müddətində yeni parlament
seçkisinin keçirilməsini vəd edib. 17 partiyadan ibarət şura, yaranmış
vəziyyətdən çıxış edərək "Vətənin Xilası Naminə Hərəkat” təşkil edəcəyini
bildirib. Bu barədə məlumatda deyilir ki, bu hərəkat ümumerməni xarakteri
daşıyacaq və siyasi partiyalardan yüksəkdə dayanacaq. Bu hərəkata əsas
etibarilə partiya nümayəndələrinin, ziyalıların və geniş ictimaiyyətin
qoşulacağı gözlənilir. "Vətənin Xilası Naminə Hərəkat” bildirib: "Hərəkatın
məqsədi mümkün qədər tez bir zamanda Ermənistanın ölümcül rejimindən xilas
olmaq, dövlətçiliyin itirilməsinin qarşısını almaq, müharibə sonrası ölkənin
sağalmasını həyata keçirmək, keçid antiböhran hökumətini təşkil etməkdir. Bu
hökumət milli dövlət maraqlarında olan daxili və xarici siyasət istiqamətində
işləməli, vətəndaşların təhlükəsizliyini təmin etməli və növbədənkənar parlament
seçkisi keçirməlidir”.
Məlumata görə, baş nazir vəzifəsinə yeganə namizəd
dekabrın 5-də Yerevanın Azadlıq meydanında özünün və yeni hökumətin
məramnaməsini elan edəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın
"Joğovurd” nəşri müxalifətin, böyük ehtimalla, Hrant Baqratyan, Vazgen Manukyan
və Artur Vanetsyanı Ermənistanın baş naziri vəzifəsinə namizəd göstərəcəklərini
yazmışdı. Nəşr iddia edir ki, Rusiya
tərəfi Vazgen Manukyanı növbəti baş nazir kimi görməyə daha çox meyllidir.
Nəşrin yazdığına görə, Vazgen Manukyan bu yaxınlarda namizədliyini müzakirə
etmək üçün Moskvaya yola düşüb.
"Politik.am” nəşri yazır ki, söhbət müvəqqəti
hökumətin başçısı vəzifəsini tutmaqdan gedir, bu da Ermənistanı növbədənkənar
seçkilərə aparmaq və mövcud daxili siyasi böhranı azaltmaq deməkdir. "Bu,
əlbəttə ki, erməni siyasi sahəsi üçün olduqca maraqlıdır, çünki Vazgen Manukyan
Qarabağ savaşı və Ermənistan uğrunda mübarizədə əsaslı xidmətləri olan bir
insandır. Dövlət idarəçiliyində və siyasi fəaliyyətdə ciddi təcrübəsi ilə
yanaşı, xüsusən də Ermənistan üçün həqiqətən böhranlı və çətin şəraitdə dövlət
idarəetmə sistemində ciddi vəzifələr tutduğu üçün təcrübəsi var. Əvvəlcə
bioqrafiyasından üç epizodu xatırlayaq․Vazgen Manukyan 1988-ci ildə "Qarabağ” komitəsinin üzvü, koordinator,
1990-cı ildə Ermənistan Ali Sovetinin deputatı, 1990-1991- ci illərdə baş
nazir, 1992-1993-cü illərdə Dövlət təhlükəsizliyi üzrə dövlət naziri, müdafiə
naziri vəzifəsini icra edib, eyni zamanda ölkənin Hərbi-Sənaye Kompleksinin
rəhbəri olub. 74 yaşlı Vazgen Manukyan 1988-ci ildə təsis edilmiş separatçı
Qarabağ komitəsinin üzvü olub. 1988-ci ilin dekabrında "Qarabağ komitəsinin”
üzvləri ilə birlikdə həbs olunaraq Moskvadakı "Matroskaya tişina” həbsxanasına
salınıb. Bu da məlumdur ki, Ermənistanın ilk nizami ordusu Manukyanın baş
nazirliyi dövründə təşkil edilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon
Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan,
Yerevanda aksiyalar da keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi
ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı
İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək
"Vernatun” adlı ictimai-siyasi klub yaradıb. Vazgen Manukyan baş nazir Nikol
Paşinyanı sərt tənqid edən siyasətçilərdən biri olub. O, Qarabağ döyüşləri
davam edən vaxtda Nikol Paşinyanı istefa verməyə çağırmışdı.
Nəşr yazır ki, Manukyanın adı heç vaxt soyğunçuluq, korrupsiya ilə
əlaqələndirilməyib, yəni cəmiyyət tərəfindən mənfi qəbul edilən və rədd edilən
bu cür hadisələrin bataqlığında olmayıb: "İndi xüsusilə vacib olan, Vazgen
Manukyanın rus elitası tərəfindən məqbul sayılmasıdır. Çünki Ermənistanın
istənilən lideri indi rusların etibar edəcəyi, rusların danışacağı və rusların
ortaq çalışacağı bir adam olmalıdır”. Yeri gəlmişkən, ekspertlər arasında
fərqli düşünənlər də var. Rusiyalı ekspert Aleksey Fenenko bildirir ki, erməni
mediasının Manukyanı Rusiyanı qane edən bir şəxs kimi qələmə verməsi ilə razı
deyil. O, bu seçimi "anti-Rusiya seçimi” adlandırır. Əlavə edib ki, Manukyan vaxtilə
Rusiyadan uzaqlaşmaq və Böyük Ermənistan qurmaq üçün Qərbə söykənməyi tələb
edirdi: "Onun namizədliyinin irəli sürülməsi erməni müxalifətində anti-Rusiya
tendensiyanın dominantlığı demək olacaq. Görünür, erməni cəmiyyəti Qarabağ
müharibəsindən belə bir nəticəyə gəlib ki, radikal şəkildə Rusiya ilə
münasibətləri kəsmək, NATO-ya üz tutmaq lazımdır”. Onun qənaətincə, Manukyanın
timsalında Ankara və Bakı müəyyən narahatlıq keçirməlidir. "Çünki bu şəxs
1996-cı ildə Qarabağın Ermənistana birləşdirilməsini irəli sürürdü. Hətta
Ağrıdağın belə, müqəddəs dağ kimi Ermənistana qaytarılmasını deyir, bu istiqamətdə
aksiyalar keçirirdi. Məhz 1998-ci ildə Levon Ter-Petrosyan Qarabağla bağlı
saziş imzalamağa hazırlaşanda Manukyanın təşəbbüsü ilə onu vəzifəsindən
uzaqlaşdırdılar”- deyə fikrini tamamlayıb.
Azər NURİYEV