• cümə axşamı, 25 aprel, 01:57
  • Baku Bakı 19°C

Paşinyan Sarkisyanı hədəfə aldı

05.12.19 16:16 916
Paşinyan Sarkisyanı hədəfə aldı
"Demokrat” baş nazir eks-prezidentin tənqidinə dözmədi

Nikol Paşinyanın repressiya dalğası Serj Sarkisyana da gəlib çatdı. Əslində bu, gözlənilən idi. Bir müddət əvvəl Serj Sarkisyan Zaqrebdə Avropa Xalq Partiyasının toplantısında çıxışı zamanı indiki hakimiyyəti sərt tənqid etmişdi. Üstündən cəmi bir həftə keçməmiş Paşinyanın istintaqçıları Sarkisyanın başının üstünü kəsdiriblər. Beləliklə, Robert Koçaryanın ardınca bütün rəqiblərini həbs etməkdə israrlı olan Nikol Paşinyan, deyəsən, bu arzusuna da çatacaq. Çox güman ki, artıq bunun razılığını da alıb. Məsələ ondadır ki, Koçaryan həbs ediləndə Rusiya ən yüksək səviyyələrdə buna etiraz etmişdi. Lakin elə ki, Nikol Kremlin forpostu olduğunu etiraf etməyə başladı, o vaxtdan Paşinyana "gözün üstə qaşın var” deyən olmadı. İndi də ona, rəqiblərini sıradan çıxarmaq imkanı yaranıb və baş nazir də fürsəti fövtə verməyərək hücuma keçib.
Beləliklə, erməni mediasının yazdığına görə, Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmədə və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmaqla bağlı qadağa qərarı qəbul edilib. Serj Sarkisyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. İttihama görə, 24 yanvar 2013-cü ildə hökumət, torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb. "Maksxur” və "Fleş” şirkətləri də daxil olmaqla dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib. "Maksxur” daha aşağı qiymət təklif edib. Nəticədə bu şirkətin müraciəti hökumət tərəfindən təsdiqlənmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib. Serj Sarkisyan "Maksxur”un daha sərfəli təklifini bilə-bilə, ona məhəl qoymayıb və rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Fleş” şirkətinin xeyrinə seçim etməyi tapşırıb. Nəticədə, hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17.041.300 litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul "Fleş” şirkətinin hesablarına köçürülüb. Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17.343.530 litrə qədər artıb, məbləğ isə 1.821.070.650 drama çatıb. Nəticədə 14 fevral - 28 iyun arasında 12 ton dizel yanacağı satılıb, bunun üçün 1.269.275.070 dram subsidiya ayrılıb. Bu vaxt "Maksxur” şirkəti yanacağı daha aşağı qiymətlərlə təmin edə bilərdi (846.183.380 dram). Faktiki olaraq dövlət büdcəsindən 423.091.690 dram artıq pul ödənilib. Serj Sarkisyan bu xəbərə hələ ki, heç bir reaksiya verməyib. Erməni KİV-ləri yazır ki, "Fleş” rəhbəri Barseq Beqlaryan Sarksyanın ən yaxın adamlarından olub. Keçmiş hakim partiya - Ermənistan Respublika Partiyası da bu xəbəri şərh etmək istəməyib. Sadəcə bildirilib ki, tezliklə bu məsələ ilə bağlı müvafiq bəyanat olacaq. "Kommersant” yazır ki, Sarkisyanın özü üçün isə bu, sürpriz olmayıb. "Bu xəbərdən əvvəl eks-prezidentin kürəkəni Mikael Minasyan artıq belə bir ehtimal səsləndirmişdi ki, onun özünə, qayınatasına və ailənin digər üzvlərinə qarşı cinayət işi qaldırılacaq. Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryanın qənaətincə, Sarkisyana qarşı cinayət işinin qaldırılması keçmiş hakimiyyətə qarşı qaldırılan kampaniyanın tərkib hissəsidir: "Bu, təbii bir işdir və indi də gedib Sarkisyana çıxdılar”. Ekspert hesab etmir ki, cinayət işi Sarkisyanın Paşinyanın ünvanına səsləndirdiyi ittihamlarla bağlıdır: "Onun ittihamları o demək deyil ki, hakimiyyət üçün təhlükə törədir”.
Yeri gəlmişkən, ən müxtəlif kanallar vasitəsilə Sarkisyana qarşı hücumlar start götürüb. "Serj Sarkisyan çox pis rəhbər olub”. Bunu erməni biznesmen Xaçatur Sukiasyan jurnalistlərə açıqlamasında deyib. "Sarkisyan hər şeyi özü, kürəkəni üçün edib. Mən Sarkisyanı çox yaxşı tanıyıram, onunla normal müzakirələrim olub”, – deyə o bildirib. Sukiasyan Sarkisyanın həm də çox pis dost olduğunu söyləyib: "Sarkisyan çox pis dostdur. Ona görə ki, Ermənistan qurulan zaman o, Qarabağdan gəldi və bütün köhnə dostlarını unutdu. Hətta prezidentliyi kimdən aldığını da unutdu”. Qeyd edək ki, Sukiasyan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın yaxın adamlarından biri olub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər