AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan repressiyalara hazırlaşır

Paşinyan repressiyalara hazırlaşır

Siyasət
22 Yanvar 2020, 20:50 907
Lakin bu hücum onun məğlubiyyətinə gətirib çıxara bilər
 
Ermənistanda son həftələr kütləvi informasiya vasitələri və ekspertlər ölkədə qeyri-stabil siyasi vəziyyətdən danışır və baş nazir Nikol Paşinyana qarşı təxribatlar, qəsdlər hazırlanması xəbərlərini qabardırlar. Bunun təşkilatçısı qismində isə daha çox Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vaneçyanın adı çəkilir. Sentyabr ayında qalmaqallı şəkildə öz postundan çıxarılan bu şəxs hazırda hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirməkdədir. Bu günlərdə N.Paşinyanın böyük qızı Maryam facebookda yazdığı statusda bildirib ki, Vaneçyan onların ailəsinə qarşı mətbuatda kampaniya aparır. KİV-in məlumatına görə, Vaneçyana bu kampaniyanı aparmaqda üçüncü prezident Serj Sarkisyanın kürəkəni və parlamentin keçmiş aparat rəhbəri Ara Saqatelyan yardımçı olur. Onların "Feyk” xəbərlərin köməyi ilə baş naziri gözdən salmağa çalışdıqları, uzunmüddətli perspektivdə isə hakimiyyət dəyişikliyinə nail olmaq istədikləri tirajlanır. Bu fonda belə bir informasiya yayıldı ki, hakim partiya A.Vaneçyanı dövlət çevrilişi cəhdində ittiham edib həbs etməyə hazırlaşır. Bununla bağlı qərar da N.Paşinyanın iştirakı ilə hakim "Vətəndaş müqaviləsi” Partiyasının iclasında qəbul edilib.
Bir faktı da qeyd edək ki, Vaneçyanın adı başqa bir qalmaqal da hallanır. Ötən ilin yayında sosial şəbəkədə onun Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla telefon danışığının mətni yayıldı. Tərəflər arasında telefon danışığında nəyin bahasına olursa-olsun Robert Koçaryanı həbs etmək, bu məqsədlə hakimlərə müəyyən göstəriş verilməsi müzakirə olunurdu. Orada eyni zamanda o zaman Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının rəhbəri Yuri Xaçaturovun həbs edilməsindən də söhbət gedirdi. A.Vaneçyanın Paşinyana qarşı qəsd planı fonunda hazırkı hakimiyyətin repressiya dalğasına start vermək istədiyi, baş nazirin öz hakimiyyətini qoruyub saxlamaq məqsədilə kəmərləri möhkəmləndirməyə hazırlaşdığı da bildirilir.
Ermənistanda ekspertlər diqqəti daha çox güc strukturlarının rəhbərləri arasında qəribə ölüm hallarının artmasına da yönəldirlər. Məsələn, bu günlərdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın öz evində ölü tapılıb. Bu şəxs S.Sarkisyana yaxınlığı ilə seçilirdi. Bu artıq son vaxtlar özünə qəsd edən sayca ikinci yüksək rütbəli şəxsdir. Sentyabr aynda Ermənistan polisinin keçmiş rəisi Ayk Arutunyan da özünə qəsd etmişdi. KİV diqqəti ona yönəldir ki, Vaneçyan və Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyan həbsdə olan R.Koçaryan və istintaq altında olan S.Sarkisyandan sonra repressiya siyahısına düşə biləcək növbəti şəxslər ola bilərlər. "Vaneçyan bu gün ölkədə ən informasiyalı bir şəxsdir. Bu şəxs "məxməri inqilab”ın küçə ssenarisinin bütün təfərrüatlarını bilir. Özü də general Soros Fondunun qatı əleyhdarıdır. Hesab edir ki, təşkilatının bütün nümayəndələri Ermənistan üçün təhlükədir”, - deyə erməni nəşrləri yazır. Nəşrlər əlavə edirlər ki, böyük ehtimalla həbs barədə şayiələri Vaneçyanı ölkəni tərk etməyə məcbur etmək məqsədilə yayırlar. Bu, N.Paşinyanı bir müddət sərf edə bilərdi.
Baş nazirə qarşı mümkün qəsdi və onun səbəblərini "Moskva-Baku” portalına şərh edən Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Paşinyan bu gün seçim qarşısındadır. "Təbii ki, o hər hansı repressiv addımlar atmaq istəməzdi. İstəyərdi ki, əvvəlki aylarda olduğu kimi, daha çox siyasi dəstək əldə etsin. Lakin onun hakimiyyətə gəldiyi dövrlə indiki vəziyyət fərqlidir. Nikola qarşı dəstək zəifləyir - sadəcə insanların ona olan etimadını doğrulda bilməyib. İnsanlar şəxsi həyatlarında nələrinsə yaxşılığa doğru dəyişdiyini müşahidə edə bilmirlər. Biz insanların mütəmadi olaraq yolları bağladıqları, narazılıqlar etdiklərini görürük. Beləliklə, Paşinyanın problemləri artır. Müxalif siyasi qruplaşmalar isə onun reytinqinin azalması fonunda aktivləşirlər. Bu gün Paşinyanın əleyhdarlarının onu hakimiyyətdən uzaqlaşdırmaq layihələrinin işə düşdüyü ehtimalı artır. Təbii ki, belə vəziyyətdə hamını "asfalta döşəyəcəyini” vəd edən Paşinyan radikal addımlara, zorakılığa əl ata bilər. Biz görürük ki, Paşinyan şəxsi qisas almaqla məşğuldur. Hər yerdə repressiyalar davam edir və hakimiyyəti əldə saxlamaq mübarizəsi daha da güclənəcək. Koçaryan həbsxanadadır, Koçaryanın həbsini qanunsuz adlandıran Tovmosyan istintaq altındadır. Sarkisyan da istintaqa ifadə verir. Əgər korrupsiyaya qarşı mübarizə gedərdisə, onda hökumət və parlamentdə təmizləmələr görmək olardı. Bunlar isə yoxdur. Bu səbəbdən də repressiyalar sırf siyasi xarakterlidir. Baş nazir vəd etmişdi ki, korrupsiyaya qarşı mübarizə aparacaq, əvəzində siyasi rəqiblərini izləyir”, - deyə S.Markov bildirib. Bununla yanaşı, ekspert hesab etmir ki, Vaneçyana qarşı repressiya onun Paşinyan və onun siyasi metodları, opponentlərinə qarşı mübarizə aparmasında çox şey bildiyi səbəbindən başlasın: "İndi seçicilər bütün siyasətçiləri bu və ya digər mənada yalançı hesab edirlər. Məsələ burasındadır ki,  Nikol Vaneçyanı onu devirməkdə şübhəli bilir. Artıq parlament polisə xüsusi razılıq əldə etmədən insanların telefon danışığını dinləmək hüququ verən qanun layihəsini qəbul edib. Bu da siyasi rəqiblərə qarşı repressiyaya kömək edəcək. Baş nazir həm də repressiyaların köməyi ilə reytinqini qaldırmağa cəhd edir”. Əlavə edir ki, Paşinyanın bu gün repressiyaya məruz qoyduğu şəxslər sabah yenidən "at belində”, yəni hakimiyyətdə ola bilərlər. Onun qənaətincə, ölkədə siyasi vəziyyətin gərgin olmasına qondarma DQR-də qurumda parlament və prezident seçkiləri də səbəb ola bilər. "Qarabağda seçkilər Paşinyan üçün əhəmiyyətli - bir nömrəli məsələdir. O, xalq arasında populyarlığını qoruyub saxlamaq üçün yaxşı iqtisadi göstəricilər, iqtisadi inkişaf təqdim etməlidir. İqtisadi yüksəlişin əldə edilməsi üçün isə Ermənistan Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokadan qurtulmalıdır. Bu da yalnız Azərbaycanla sülh razılaşması ilə mümkündür. Paşinyan mənim qənaətimcə, müəyyən mənada Bakı ilə sülh danışığına getməyə hazırdır. Lakin bunun üçün ona Qarabağın dəstəyi gərəkdir. Bunun üçün orada ya Paşinyanın adamları hakimiyyətə gəlməlidir”, - deyə fikrini tamamlayıb.
 
Azər NURİYEV