• şənbə, 20 Aprel, 14:55
  • Baku Bakı 23°C

Paşinyan məmurları hədəf aldı

13.12.19 17:53 1353
Paşinyan məmurları hədəf aldı
Baş nazir indi də dövlət idarəçilik sistemini inqilaba müqavimət göstərməkdə ittiham edir

Ermənistanın baş naziri Nikol Paşinyan indi də məmurları hədəfə alan ciddi və qalmaqallı ittihamlarla çıxış edib. Hökumətin iclasında dövlət sistemini bütünlükdə inqilaba müqavimət göstərməkdə ittiham edib. "Mən bu müqaviməti qıracağam, başqa yolu yoxdur”,– deyə o, əlavə edib. Baş nazir "bu gün Ermənistanın iqtisadi potensialı, iqtisadi artımı, ölkədəki mövcud iqtisadi vəziyyətlə bağlı "normal informasiya” almaq mümkündürmü?” - sualının cavabında "bu, mümkün deyil” cavabını verib. "Məsələn, mənə gərəkən informasiyanı ala bilmirəm. Dövlət orqanlarının iqtisadi durumumuz, iqtisadiyyatımızın potensialı, iqtisadi artımımız barədə bir-birinə az, ya çox yaxın dəyərləndirməsini əldə etmək mümkündürmü? Büdcənin müzakirəsindən başlayaq və nə edə biləcəyimiz barədə müzakirəylə bitirək. Biz niyə belə işləyirik, axı? Ona görə ki, işləməyin bircə işlək metodu var – siyasi vurğuları qoymaq və dövlət sistemini məsələlərin həllinə sövq etmək”,– baş nazir deyib.
Paşinyanın sözlərinə görə, dövlət idarəçilik sisteminin müqavimətinə baxmayaraq, bütün iqtisadi göstəricilər, "ümumiyyətlə hər şey” həyata keçirilir. "Bunu birbaşa, Ermənistanın baş naziri kimi deyirəm: bugünkü bütün uğurlar və nailiyyətlərimiz 100 faiz dövlət idarəçilik sisteminin ziddinə əldə olunmuş nəticələrdir”,– o vurğulayıb. "Bağışlayın, inciməyin, Ermənistanda korrupsiya ilə mübarizə də dövlət idarəçilik sisteminin ziddinə həyata keçirilir. Çünki zaman-zaman hüquq-mühafizə sistemindən soruşmalı oluruq: bununla, onunla bağlı nə baş vermişdi? Həmişə də bəhanə tapılır: tibbi-məhkəmə ekspertizası, kimsə ifadə vermir, kimsə qaçıb, kimsə qaçmayıb, kimsə qaçmaq istəyir”,– hökumətin başçısı vurğulayıb. "Gəlin vurğulayaq ki, dövlət sistemi bütünlükdə inqilaba müqavimət göstərir, bəli, bütün sistem müqavimət göstərir və mən bu müqaviməti qıracağam, başqa yolu yoxdur. Buna görə də Ermənistan xalqı şəxsən mənə və siyasi qüvvəmizə səs verib ki, bu ölkədə dəyişikliklər baş versin”,– Paşinyan deyib.
Xatırladaq ki, Paşinyan 2018-ci il mayın 8-də baş nazir seçilib. Ölkədə bir neçə həftə davam edən etirazlar nəticəsində keçmiş prezident Serj Sarkisyan baş nazir postundan getməli olub. Bu yaxınlarda Sarkisyana qarşı bir milyon dollardan çox vəsaiti mənimsəmə üzrə cinayət ittihamı irəli sürülüb.
N.Paşinyanın son bəyanatına dərhal reaksiyalar daxil olub. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hesab edir ki, Paşinyan bu bəyanatla yeni kadr "dağıntı”larına start verəcəyini bildirmək istəyir. Onun sözlərinə görə, bir çox dövlət strukturlarında sakit, lakin ciddi narazılıq yetişir: "Lakin bu narazılığın səbəbi "inqilab” deyil. Sirr deyil ki, ötən ilin aprel ayından sonra bizim hakimiyyətə qarşı da insanlar etiraz etmişdi. Lakin zaman göstərir ki, indiki narazılıq artıq pik həddə çatır”.
Onu da qeyd edək ki, Paşinyanın rəhbərliyi ilə keçən iclasdan sonra erməni iqtisadçıları və ekspertləri maraqlandıqları bir çox suallara cavab tapıblar. Amma qaranlıq qalan bir məqamdan başqa. Söhbət Ermənistanın dövlət büdcəsindən çıxan 2 milyon dolların hara xərclənməsindən gedir. Maraqlısı odur ki, bu pullar sənədlərə əsasən, baş nazirin 2019-cu il ərzində dövlət səviyyəli səfərləri üçün nəzərdə tutulub. Səfərlər üçün əvvəlcə 800 min dollar, bir neçə ay sonra 1 milyon 200 min dollar ayrılıb. Erməni mətbuatı bununla bağlı belə yazır: "Bu çıxarışlar hamısı sənədlərlə təsdiq olunur, amma məbləğin "şişirdilməsi” ilə əlaqədar heç bir izah verilmir. Niyə əvvəlcədən təyin olunan məbləğ artırılır? Niyə bu, sənədlərdə qeyd olunmur? Nəticədə isə nə az, nə çox - 2 milyon dollar yoxa çıxıb. Bunu ictimaiyyətdən gizlətməyə çalışırlar”.
Yeri gəlmişkən, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda keçirdiyi sorğunun nəticələrini yayımlayıb. Sorğuya əsasən, Ermənistanda əsas narazılıq yeni iş yerlərinin yaradılmaması və sosial-iqtisadi problemlərin həll edilməməsindəndir. Bu fikri müdafiə edənlərin sayının artdığı qeyd olunub. Hökumətin pis idarəçiliyindən şikayətlənənlərin də sayı artıb. Onların sayı 27% təşkil edir ki, bu da cari ilin mayından 5% çox olub. "Mənim addımım” blokunun səs faizlərində də 4% geriləmə qeydə alınıb. Bloku dəstəkləyənlər əhalinin 55%-ni təşkil edib. "Çiçəklənən Ermənistan” Partiyasını 19%, "İşıqlı Ermənistan”ı müdafiə edənlər 6% təşkil edib. Respondentlərin 59%-i Ermənistan Respublikaçılar Partiyasına heç vaxt səs verməyəcəyini söyləyib.
Yeri gəlmişkən, "Daşnaksütyun” Partiyası ətrafında aktiv müzakirələr də erməni gündəmini tutub. Partiyanın gənclər qanadı tərəfindən yayılan məktubda daşnakların lideri hakimiyyətə qarşı partizan müharibəsi aparmağa çağırıb. Bu da ölkə gündəmində geniş müzakirələrə səbəb olub. "1in.am” erməni saytı yazır ki, partiyanın ali orqanının üzvləri belə çağırışın olmasını təkzib etsələr də, İnternetdə bəzi rəhbər şəxslər radikal fəaliyyətə keçməyin vacibliyini bildirilər. Sayt yazır ki, "Daşnaksütyun”un keçmişini nəzərə alsaq, belə ssenarinin baş verməsini istisna etmək olmaz. Öz növbəsində politoloq Arkadi Vardanyan bəyan edib ki, daşnakların Ermənistanda fəaliyyətini qadağan etmək lazımdır. Onun sözlərinə görə, daşnakların fəaliyyəti mənasız, ideyasız və məzmunsuzdur. "Bu səbəbdən də onları rəsmən qanundan kənar elan etmək gərəkdir. Heç olmasa, ölkə daxilində. Ölkə hüdudlarından kənarda isə qoy istədiklərini etsinlər”, - deyə fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər