• cümə axşamı, 28 mart, 19:14
  • Baku Bakı 13°C

“PARAD” – Dörd avanqardistin birgə məhsulu

04.10.18 15:45 1291
“PARAD” – Dörd avanqardistin birgə məhsulu
1911-ci ildə əsası qoyulan və dövrünün ən önəmli fiqurlarını ətrafında cəmləyən "Sergey Dyagilevin Rus Baleti” truppası nəinki Rusiya, eləcə də, dünya xoreoqrafiya sənətinin inkişafında əsaslı rol oynamışdı. Sergey Pavloviç Dyagilev yaratdığı kompaniyaya Mixail Fokin, Vatslav Nijinski, Serj Lifar, Cocr Balançin, Leonid Myasin, Leon Bakst, Aleksandr Benua, Anri Matiss, Koko Şanel, Pablo Pikasso, Rixard Ştraus, Sergey Prokofyev, Erik Sati kimi dahiləri cəlb edə bilmişdi.
Yazını bu truppanın teatr tarixində önəmli hadisəyə çevrilən ilk sürrealist tamaşa - "Parad” birpərdəli baletinə həsr edirik. Premyerası 18 may 1917-ci ildə Şatle teatrında keçirlən bu balet dörd nəhəng avanqard sənətçinin ortaq işi idi. Əsərin mətni Jan Koktoya, musiqisi Erik Satiyə, xoreoqrafiyası Leonid Myasinə, səhnə tərtibatı isə Pablo Pikassoya aid idi. Giyom Apolliner baletin premyerası üçün "Yeni ruh” adlı manifest yazaraq tamaşa haqqında "həyatın özündən doğru” təyinini işlətmişdi. G.Apolliner məqaləsində müharibənin təsirindən təzəcə çıxmaqda olan Paris tamaşaçılarını "yeni ruh”u izləməyə çağırırdı.
Tamaşa səyyar balaqan sirk artistlərinin meydan tamaşasından öncəki paradını əks etdirirdi. Onlar nümayişdən qabaq insanların diqqətini cəlb etmək üçün çıxış edir və tamaşaçıları toplayırdılar. Sirk mövzusu daha öncə O.Domiye, J.Syora, T.Lautrek tərəfindən işlənmiş olduğundan rəssamlıqda elə də böyük yenilik sayılmasa da, balet sənəti üçün sirk artistlərinin həyat həqiqətini əks etdirməsi baxımından yenilik sayılırdı. Obrazlar çinli sehrbaz, amerikalı və fransız menecer, amerikalı qız, at və akrobatlardan ibarət idi.
Balet Pikassonun kubist üslubda dizayn etdiyi pərdə önündə oynanırdı. Sərt akkordların müşayəti ilə qalxan pərdə açdığı mənzərə ilə tamaşaçıların əhvalında gərginlik, narahatlıq ab-havası yaratmalı idi. Dəstənin önündə kostyum geyinmiş, əlində tənbəki tutmuş, 2,5 metr hündürlükdə nəhəng fransız menecer addımlayırdı. O, çinli sehirbazı səhnəyə çağırır, çinli sehirbaz gəlir, Şərq musiqisi altında nömrə göstərir və yenidən pərdə arxasında gözdən itirdi. Daha sonra isə Nyu-Yorku təmsil edən göydələn kostyumunda, əlində "Parad” yazılı tablo və səsgücləndirici olan amerikalı menecer səhnəyə çıxırdı. Hər kəsdə təəccüb, hətta ikrah doğuran bu geyimlər Pikasso tərəfindən üçölçülü kubist tablo kimi yaradılmışdı. Bəzi tənqidçilərin fikrincə kostyumlar həddindən artıq süni, qeyri-real tərtib olunmuşdu və aktyorların hərəkətinə ciddi maneçilik törədirdi.
Beləliklə, tamaşanın ilk nümayişi böyük narazılığa səbəb olmuşdu. Burada hətta Satinin musiqisi də tənqidçilərdən mənfi reaksiya almışdı. Çünki, Satinin kompozisiyasında musiqisiz səslərdən istifadə olunmuşdu. Jan Koktonun təkidi ilə Sati buraya çap maşınının səsini də əlavə etmişdi. İlk nümayişin uğursuzuluğuna baxmayaraq, 1919-cu ildə Londonda baş tutan ikinci nümayiş "Sergey Dyagilevin Rus Baleti” truppasının ən böyük uğuru kimi qiymətləndirilmişdi.
Cövhər Xeyrullayeva
Teatrşünas
banner

Oxşar Xəbərlər