• şənbə, 20 Aprel, 05:21
  • Baku Bakı 15°C

Pandemiyanın yaradıcı əhval-ruhiyyəyə təsiri

21.06.20 12:00 1133
Pandemiyanın yaradıcı əhval-ruhiyyəyə təsiri
"Elə bil, o yazılarda virusun da möhürü var”

Gün boyu yeni koronavirus infeksiyası ilə bağlı xəbərləri eşitməyə az qala adət etmişik. Sevməsək də, narahat olsaq da, təşviş və həyəcan keçirsək də, oxuyuruq. Təkcə əhvalımıza deyil, işimizə də təsir edir. Yaradıcı adamlar da məsələyə birmənalı yanaşmırlar. "Xəstəliklə bağlı elan olunan karantin, yaradıcılıq üçün şərait yaradır və ya karantin, yaradıcılıq əhval-ruhiyyəmizi məhv edir”- deyə fikirlər haçalanır.

Daxildə yaşamaq

"Karantin” sözü italyan dilində "qırx gün” deməkdir. Məndə də həmişə bir şeyin qırx gün çəkəcəyi fikri mənfi assosiasiya doğurur” deyən ədəbiyyatşünas alim Rüstəm Kamal bu cür yasaq sisteminə öyrəşmədiyimizi deyir: "Düzdür, deyirlər, yaradıcı adam ən kritik situasiyada da yaza bilər. Bunun dünya ədəbiyyatında, mədəniyyətində nümunələri var. Yazan adamlar heç bir şəraitə baxmadan yazırlar. Ancaq şüuraltı karantinin başqa yasaqlardan fərqi ondadır ki, şüurumuzda və yaradıcılığımızda diskomfort yaradır. Mənfi, emosional məkan yaradan bir səbəb, virusla bağlı informasiyanın sutkanın 24 saatında beyinlərə təlqin edilməsidir. Yəni o informasiyanın özü bizi «yeyir». Bu yalnız virus olsaydı, müəyyən bir sahəyə də yayılardı – inanan inanardı, inanmayan inanmazdı və bunlar keçib gedərdi. Ancaq bütün telekanallar, yazılar, sosial media bu xəstəliklə bağlı məlumatlar paylaşır. Digər tərəfdən, virusun vizual görüntüsü yayılır. Bu, yeganə xəstəlikdir ki, virusun şəkli var. Taun xəstəliyinin və ya digər infeksiyaların şəkli yox idi. Koronanın vizual görüntüsünün olması da həssas adamlara təsir edir. Yarıdıcı adamlar da həssas insanlardır. İnanmıram ki, bu, onların içinə bir hüzur gətirsin”. Ədəbiyyatşünas, pandemiyadan qabaqkı günlərdə daha çox yaza, düşünə bildiyini deyir: "Bir var, insan özü-özünə qapanır və öz yaradıcı dünyasında yaradır. Bir də var, səni zorən qapadırlar – bunlar fərqli şeylərdir. Bir var, sənə deyirlər ki, qapıdan çölə də çıxma, səni həbs və ya cərimə edə bilərlər. Bir də var, sən evdə özün özünə qapanmısan, oturub yazıb yaradırsan, bu, tamam fərqli şeylərdir. Bizim rahatlığımızı pozan, bu virusla bağlı informasiyanın ifrat çoxluğudur. Həmçinin bu tip xəbərlərin gecə-gündüz beyinlərə yeridilməsidir. Xəstəliyin vizual görüntüsünün qabardılması da əhval-ruhiyyəyə təsir edir. Xəstəliklə bağlı qadağaların bu qədər uzadılması, üstəlik, insanlar üçün də ümidverici informasiyaların olmaması mənfi aura yaradır. Çünki insanlar bilmir ki, virusun məhv olması payızda, ya qışda olacaq. Yaz ayları insanlar ona görə dözdülər ki, «havalar istiləşəndə virus məhv olacaq» - təsəllisi var idi. Bu cahillik səviyyəsində də olsa, insanlar bir qədər ümidlə yaşadırdı. Sonra «Virusun məhv olmasının nə günəşə, nə təbiətə dəxli var, bunun ikinci dalğası gələcək» kimi fikirlər səslənəndə, artıq bütün bəşəriyyət mənfi informasiya ilə yükləndi. Belə bir cəmiyyətdə yaradıcılıq rahatlığı və enerjisi tapmaq, yaradıcılıq planlarını yerinə yetirməyin nə qədər səmərəli ola biləcəyini təsəvvür edə bilmirəm. Düzdür, mən müəyyən yazılar yazdım. Ancaq elə bil, o yazılarda virusun da möhürü var. Axı biz onu daxilimzdə yaşayırıq”.

İnsanlıq üçün narahatlıq

Yazıçı Əlabbas Bağırov karantin şəraitində yaşadığı hissləri belə təsvir edir: "Elə bil bütün varımdan yox olmuşam. Son dərəcə bədbinləşmişəm. Tək ona görə yox ki, həyatımı itirə bilərəm, doğmalarımı görməyə bilərəm, həm də ona görə ki, ümumən, insanlıq üçün, bəşəriyyət üçün narahatam. Hərdən mənə elə gəlir ki, bizi böyük bir fəlakət gözləyir. Bu fikrin qarşısında özümü son dərəcə gücsüz hiss edirəm. Bu, bəlkə də tək öz dərdim olmuş olsaydı, məni bu qədər əzməzdi. Əgər bütün bəşəriyyət bu dəqiqə hansısa səbəblərdən eyni taleyi yaşayırsa və insanlıq onun qarşısında acizdirsə, bu, məni həm bir insan, həm bir vətəndaş, həm də bir yazıçı kimi düşüncələrə qərq edir”.
Yazıçı Orxan Fikrətoğlu «Ömür boyu karantində yaşamış adamlarıq. Sadəcə siyasi proseslər o qədər absurddur ki, adamı yaradıcılıqla məşğul olmağa qoymur” deyə narahatlığını bölüşür: "Ancaq insanların xəstəliyə bir qədər cahil münasibəti fonunda, müəyyən mənada təşkilatlanmalar daha konstruktiv təşkil edilsə və icrası daha sərt şəkildə olsa, yazıçı da öz işi ilə məşğul olar. Yazıçı da öz millətinin dərdini çəkən adamdır. Çünki bizim qarşıda Qarabağ savaşımız və digər problemlərimz var. Bunun üçün millət sağ və sağlam olmalıdır». Karantin şəraitinə gəlincə, yazıçı hesab edir ki, karantin rejiminin özü yazıçı üçün əlverişlidir: "Bu, yazıçıya imkan verir ki, özünün nəyə qadir olduğunu göstərsin. Yəni gözə görünməyən bir virusla firon iddiasında olan, dünyanı idarə etmək istəyən insan bacarmır. Beş qramlıq bir mikrobun qarşısında insan aciz qalıb. Bizim cəmiyyət baş verənlərə adekvat deyil. ola bilsin ki, təhsil problemidir, ola bilsin ki, psixoloji durumunda problemi var, ola bilsin, iqtisadi durum çox sıxıb. Biz reallığa hazır deyilik. Bir çox insan adi həqiqətləri görməyə qadir deyil. Karantin vaxtı Bakının qapılarında yaranan tıxacları gördünüz. Sərt karantin rejimində insanlar hara gedirdi? Anlamırlar ki, xəstəlik daşıyıcılarıdır, yaxud xəstəliyə yoluxa bilərlər. Yanaşma, dünyanın hər yerində belədir, amma bizdə daha qabarıqdır. Bütün bunlar da bizi psixoloji basqı altında saxlayıb. Bununla belə, hesab edirəm ki, insan güclü olmalıdır. Bu cahillik və zehniyyətlə vəziyyət daha da mürəkkəbləşir. Təbii ki, bütün bunlar yaradıcı insanlara da təsir edir. Amma bu çətin vəziyyətdə müşahidələrimə əsasən deyə bilərəm ki, insanların içində Allaha qayıdış yarandı. İçlərində qorxu ilə bərabər, bir mərhəmət oynandı. Çünki insanlar çox vəhşiləmişmişdi. Amma indi elə bil, ibtidaiyə qayıdış oldu.
Karantində daha məhsuldar işləmək
"Altun” Nəşriyyat Evinin rəhbəri Rafiq İsmayılov "Karantin hər gün alışdığımız bir vəziyyət deyil” deyir: "Adətən, insanın nəyəsə alışması bir prosesdir. Bu, insana bir rahatlıq da gətirir. Yəni insan əvvəlcə özü üçün bir ab-hava yaradır və ondan sonra işlə məşğul olur. Təəssüf ki, bəzən sevmədiyimiz şəraitə də alışmağımız lazım gəlir. Məsələn, karantinlə bağlı bunları söyləmək olar. Hətta deyərdim ki, bəzən bunların xeyri də olur”. Naşirin fikrincə, yaradıcılığa mane olan məqamlardan biri də, təyin etdiyin görüşlərin baş tutmamağı, vaxtın düzgün bölüşdürülməməyidir: "Bu, bəzən imkan vermir ki, öz fikirlərinə dərindən dalasan, nəsə bir şey yaradasan. Karantin dövründə isə bilirsən ki, bütün bu işlərdən azadsan. Kimsə zəng edib nəsə tapşırsa belə, karantini bəhanə gətirib öz işinlə rahat məşğul ola bilərsən. Bu baxımdan, karantin müəyyən imkanlar da yaradır. Mən, daha çox dərsliklərlə məşğul oluram. Başqa müəlliflərlə birlikdə dərsliklər üzərində işləyirəm. Burda da yeni texnologiyalar – "Zoom”, "Skype” kimi proqramlar yaxşı imkan yaradır. Bir yerə yığışıb hansısa məsələnin üzərində müzakirə edirik. Aprel ayında – bir ay işə çıxmayanda evdən işləməli olduq. O müddət ərzində, deyərdim ki, dərsliklər üzərində iş daha ciddi getdi. Çünki mən nəşriyyat direktoruyam, hardasa vəzifə öhdəliklərim var. Ancaq karantinlə əlaqədar o öhdəliklərdən, bir növ azad idim, yalnız dərsliklə məşğul oldum. Ona görə də, hesab edirəm ki, karantin vaxtı daha məhsuldar işlədim”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər