Pandemiyanın bitəcəyi il? - ARAŞDIRMA
Mütəxəssis deyir ki, nəticələri sevindirici olan tədqiqatlar
var. Bugünkü mərhələdə strategiyanı doğru seçib, pandemiya ilə mübarizəni
endemik mərhələyə keçirmək olar. Buna da
ciddi maarifləndirmə, effektiv peyvəndlər, qızıl qaydalara əməl etməklə nail olmaq
mümkündür.
Yeni il yeni ümidlər, planlar deməkdir. Bu il, bəlkə
də, bütün dünyanın ən böyük ümidi pandemiyanın bitməsi, normal həyata
qayıtmağımızdır. Bununla bağlı artıq müsbət proqnozlar da eşidirik.
"COVID-19 pandemiyasına son qoyula bilər”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adanom Qebreyesus bildirib ki, dünya 2022-ci ildə COVID-19 pandemiyasına
son qoya bilər. ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə
hərəkət etməli olduğunu vurğulayıb: "Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci
ilin ortalarına qədər dünya əhalisinin 70 faizini peyvənd etmək kimi qlobal məqsədə
çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun
variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və
sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir”.
Koronavirusun mutasiyası nəticəsində yaranan "omikron”
variantını bir çox mütəxəssislər tunelin sonundakı işıq adlandırırdılar. Bu
ştammın pandemiyanın sonunu gətirəcəyini düşünənlərlə yanaşı, vəziyyətin daha
da pisləşəcəyini iddia edənlər də var idi. Bəs bizi nə gözləyir? Arzuladığımız
o işığa çatırıqmı?
"Virus az da olsa zəifləyib”
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin
sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, artıq "omikron”la bağlı elmi tədqiqatların
istinad edilə biləcək nəticələri var. Nəticəyə əsasən demək olar ki, virus az
da olsa, zəifləyib: "Artıq dolğun və elmi əsaslı fikir söyləmək mümkündür. Tədqiqatlar
göstərir ki, peyvənd olmayanların "omikron” ştammına yoluxma zamanı "delta” ilə
müqayisədə xəstəxanaya düşmə riski 24 faiz azalıb. Biz bu fakta əsaslanıb deyə
bilərik ki, "omikron” "delta” ilə müqayisədə bir az zəifləyib. Amma "tam zəifləyib
və qorxulu deyil” deyə bilmərik. "Omikron”da da ağır gedişli kliniki hallar
var. Bu prosesin isə "delta”ya yoluxan zaman baş verən ağır kliniki
gedişatlarla müqayisəli elmi tədqiqatı hələ mövcud deyil, amma önümüzdəki həftələrdə
onu da görəcəyik”.
Pandemiya bitib?
Həkim vurğulayır ki, peyvənd olunanlar arasında da "delta”
ilə müqayisədə "omikron”a yoluxma zamanı ağır kliniki hallar ciddi şəkildə
azalıb: "Növbəti önəmli tədqiqat isə Avstraliyada aparılıb. Sevindirici nəticələri
burada da görmək olur. Belə ki, orada yuxarı yaş qruplarının 95 faizə qədəri
peyvənd olunub. Tədqiqata əsasən, peyvənd olunanlar arasında "omikron”a yoluxma
zamanı "delta” ilə müqayisədə xəstəxanaya düşmə kvotası 50 faizdən çox azalıb.
Bu da bizə bir daha onu deməyə əsas verir ki, nəinki peyvənd olunmayanlar, eyni
zamanda peyvənd olunanlar arasında da xəstəxanaya düşmə riski azdır. Bütün bu
faktlar göstərir ki, "omikron” bu gün üçün ən optimal postpandemiya virusudur,
yəni endemik vəziyyətə ən uyğun virusdur. Bu gün elmin arzuladığı da məhz
pandemik vəziyyətdən epidemioloji olaraq qısa zamanda endemik vəziyyətə keçməkdir.
Amma bu tədqiqatlara əsasən deyə bilmərik ki, artıq biz heç bir qaydalara riayət
etməyək, virus zəifləyib, pandemiya bitib. İndi tətbiq ediləcək doğru
strategiya ilə ölkələr 2022-ci il üçün öz müqəddəratını həll edir”.
"Omikron” dalğasından qorxmalıyıq?
Mütəxəssisin sözlərinə görə, növbəti həftələrdə "omikron”
ştammının dalğasına rast gələcəyik: "Əhalisi çox olan ölkələrdə, xüsusən də
Almaniyada növbəti "omikron” dalğasına rast gələcəyik. Əgər "omikron” zəifdirsə,
sual oluna bilər ki, insanlar bu dalğadan niyə qorxur? Bunun da cavabı sadədir.
Adi qrip dalğaları zamanı nə qədər insanın öldüyü ilə bağlı statistikaya nəzər
salsaq, bunu anlayarıq. Xüsusən də yaşı 65-dən yuxarı, immun sistemi zəif olan
insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə "omikron” dalğası ciddi
narahatlıq doğurur. Buna görə də artıq həmin dalğanın qarşısını almaq üçün ciddi
tədbirlər başlanıb. Bu tədbirlərin əsasında effektiv peyvəndlərlə mübarizə və
strategiyada bu günə qədər bildiyimiz qızıl qaydalar - məsafənin saxlanılması,
canlı ünsiyyətdən maksimum şəkildə qaçmaq, qapalı otaq şəraitində görüş və tədbirlərin
keçirilməsini azaltmaq, maskadan istifadə, əllərin təmiz saxlanılması dayanır
ki, onlara da əməl olunmalıdır”.
Mübarizə strategiyasının əsası
Həkim qeyd edir ki, effektiv peyvəndlərlə mübarizə
strategiyanın əsasını təşkil etməlidir: "Bu da qaçılmazdır ki, bu gün "omikron”a
qarşı ciddi mübarizə aparan və təhlükəsini başa düşən ölkələrdə məqsəd gələcək
dalğanın zamanını maksimum uzatmaqdır. Təxminən 3 aydan sonra çıxacaq
modifikasiya olunmuş peyvəndlər əlimizdə olduqda və onların doğru tətbiqinə
başlandıqda, "omikron”la yoluxma zamanı ölüm sayı aşağı düşəcək. Bir faktı da insanlar
unutmamalıdır ki, bütün yuxarıda qeyd etdiyimiz tədqiqatlar "omikron”la bağlı
müsbət fikirlər göstərsə də, onun sürətli yayılması vətəndaş həyatı önəmli
sayılan ölkələrin səhiyyə xidmətinin nəzərəçarpacaq qədər aşağı düşməsinə səbəb
ola bilər. Məsələn, yoluxma sayı çox olduqda insanlar narahat olub xəstəxanalara
əsassız müraciət edirlər. Müraciət çox olduqda, səhiyyə sistemi ehtiyacı olan şəxslərə
zamanında xidmət göstərə bilmir və nəticədə ölüm halları çoxalır.”.
Pandemik mübarizədən endemik mübarizəyə keçid...
Mütəxəssis sonda vurğuladı ki, "omikron”a qarşı
strategiyanı düzgün seçsək, pandemik mübarizədən endemik mübarizəyə keçə bilərik:
"Bir daha vurğulamaq istəyirəm ki, nəticələri sevindirici olan tədqiqatlar var.
Bugünkü mərhələdə strategiyanı doğru seçib, pandemiya ilə mübarizəni endemik mərhələyə
keçirmək olar. Buna da ciddi maarifləndirmə,
effektiv peyvəndlər, qızıl qaydalara əməl etməklə nail olmaq mümkündür. Bundan əlavə,
Azərbaycanda göstərilən səhiyyə xidmətlərinin inkişafı COVID-19-a qarşı mübarizədə
ciddi şəkildə pozitiv istiqamətdə uğurlara səbəb ola bilər. Sonda isə deyə bilərəm
ki, bu gün elmi cəhətdən gözlədiyim odur ki, normal həyata qayıdış baxımından
Azərbaycan 2022-ci ili 2021-ci ildən daha yaxşı keçirəcək”.
Aygün ƏZİZ