• şənbə, 14 Dekabr, 04:49
  • Baku Bakı 6°C

Körpə ölümləri niyə artıb?

14.12.24 02:30 67
Körpə ölümləri niyə artıb?

Körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

 Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Nəticədə son illər bu sahədə əldə olunan müsbət göstəricilər geriləməyə doğru gedir. Təkcə Zaqatala rayonunda qısa müddətdə 4 yeni doğulmuş körpənin ölüm faktı qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanları həmin faktlarla bağlı araşdırmalar aparırlar. Körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib. 2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb. Belə ki, 2022-ci ildə bir yaşadək həyatını itirən uşaqların sayı 959 olub.
Bəs görəsən, ölkəmizdə körpə ölümləri niyə artıb? Körpələrdə ölüm faktı daha çox hansı səbəblərdən yaranır?

1287 uşaq perinatal dövrdəki problemlərdən dünyasını dəyişib

Statistik məlumatlara əsasən, ötən il 2 039 nəfər uşağın əksəriyyəti, təxminən 63 faizi (1 287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən dünyasını dəyişib. Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib. Bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. Eyni zamanda bir yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.

Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur

Pediatr-neonatoloq Nazilə Hüseynova deyir ki, yeni doğulan körpələrdə müxtəlif problemlər müşahidə oluna bilər: “Məsələn, yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3-cü sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq  müxtəlif xəstəliklərin, o cümlədən ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir”.
Mütəxəssis deyir ki, körpələrdə xəstəliklərin vaxtında aşkarlanması üçün ən yaxşı üsul topuq testinin tətbiqidir: “Bu testlə endikrinoloji pozğunluqlar verə bilən 35-ə yaxın xəstəlik aşkarlana bilər. Bu testi verməklə valideynlər heç nə itirmir. Tam əksinə, əgər körpədə hər hansı bir xəstəlik varsa, bu vaxtında aşkarlanır və mütəxəssislər tərəfindən müdaxilə edilir. Biz ailələrə bu testi tövsiyə edirik. Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur”.

“Həkimə gec müraciət edirlər”

Tanınmış pediatr Vaqif Qarayev bildirir ki, südəmər uşaqlar adətən tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər: “Bu, bütün dünyada, o cümlədən Azərbaycanda da belədir. Çünki sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Amma bizdə həkimə gec müraciət etmək kimi praktika da var. Əksər valideynlər uşaqlarının sağlamlığına biganədirlər. Mütəmadi olaraq uşaqlarla işlədiyim üçün bu qənaətə gəlmişəm. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşmalar baş verir. Məsələn, pnevmoniyaya vaxtında müdaxilə olunmasa, körpə həyatını itirir. Eləcə də mədə-bağırsaq infeksiyalarına vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır. Nəticədə ölüm hadisəsi baş verir".

Risk faktorları nəzərə alınmalıdır

Həkim qeyd edir ki, uşaqların sağlam olması üçün bəzi məqamlara diqqət yetirilməsi zəruridir: "Öncəliklə, ailə planlaşdırılması düzgün aparılmalıdır. Risk faktorları nəzərə alınmalıdır. Tutaq ki, ananın yaşı 35-dən yuxarıdırsa, hamiləlik riskli olacaq. Əvvəlki hamiləlikdə ölü doğulma, qanaxma kimi hallar qeydə alınıbsa, riskli hamiləlik faktoru yüksəkdir, erkən və qohum nikahlar risk yaradır. Biz son vaxtlar irsi-genetik xəstəliklərin həddindən artıq çoxaldığını da müşahidə edirik. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər".

“İnsanlar bəhanə etməsinlər ki, pulumuz yoxdur”

V.Qarayev vurğulayır ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır: "Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığı xeyli artıb. Yəni insanlar bəhanə etməsinlər ki, həkimə getməyə pulumuz yoxdur. Hamilə qadın mütləq qadın məsləhətxanalarında nəzarət altında olmalıdır. Bir dəfə də olsun həkim qapısı döyülmür, doğulanda da bəlli olur ki, uşaq ya yarımçıq, ya da ağır patologiya ilə doğulub”.

Uşaq ölümlərinin statistikası sistemləşdirilməlidir

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, uşaq ölümlərinin statistikasının sistemləşdirilməsinə ehtiyac var: “Bir şeyi nəzərə almaq lazımdır ki, ötən il ölkədə qızılca epidemiyası yayılmışdı və bu xəstəlik uşaqlar arasında xeyli ölüm hallarına səbəb oldu. Eyni zamanda, son illər uşaqlar başa çatmayan koronovirus pandemiyasından əziyyət çəkdilər. Yəni belə bir qarışıq vəziyyətdə statistikanın sistemləşdirilməsinə ehtiyac var. Uşaqların daha çox hansı xəstəliklərdən dünyasını dəyişdiyi ətraflı təhlil olunmalıdır. Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq strukturları iş aparmalıdırlar”.

Professor qeyd edir ki, doğuşdan əvvəl və doğuşdan sonrakı uşaq ölümləri də fərqləndirilməlidir: “Məsələn, perinatal dövrdə uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. Hazırda Azərbaycanda normal keçən hamiləliyə çox az təsadüf edilir. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra körpə ölümü ilə nəticələnir”. 

Sevinc Abbasova

 

banner

Oxşar Xəbərlər