Oxuyaq, yoxsa dinləyək? - SORĞU
Şair və
yazıçılar deyir ki, kitabla ünsiyyətdə olmaq üçün hər bir üsuldan yararlanmaq
lazımdır. Amma onların fikrincə, çap formatında olan kitablar hələ uzun illər
yaşayacaq. Çünki bu, daha böyük yaddaşdır.
Son zamanlarda
günlər, sanki daha tez keçir. Və biz əvvəlki qədər başqa işlərə, əyləncəmizə,
mütaliəmizə vaxt ayıra bilmirik. Amma mütaliədən də qalmaq istəmirik. Bunun
üçün audiokitab köməyimizə gəlir. Audiokitabı başqa işlərlə də (zehni olmayan)
eyni vaxtda dinləmək olar. Onlardan ən yaxşısı yol gedə-gedə dinləməkdir. Bu,
müəyyən mənada həm də insanı yoldakı stress və gərginlikdən də uzaq edir. Sən kitabın səsli sehrinə
düşürsən və ruhən daha çox orda olursan deyə, ətrafda baş verən neqativlərə
qıcıqlanmırsan. Bundan başqa, gözlər də bir dinclik görür. İstər kitabdan, istərsə
də ekrandan (daha çox) oxuyanda gözlər yorulur. Düzdür, audiokitabların, fikrimcə, mənfi tərəfləri
də var. Məsələn, dinləyərkən, bəzən adamın fikri yayınır və xətti itirirsən və
s. Bəs yazıçı və şairlərimiz bu haqda nə düşünürlər? Onlar mütaliəni necə edirlər?
Kitabla ünsiyyət üçün bu üsullar məqbuldur
Şair Vaqif
Bəhmənli deyir ki, kitabla ünsiyyətdə olmaq üçün hər iki üsul – oxumaq da, dinləmək
də məqbuldur: "İnsanların işini asanlaşdırmaq üçün audiokitab buraxılır. Kitab
sərgisində də maraqlı bir audiokitab görmüşdüm. Qurani-Kərimin sətirlərinə
xüsusi çubuğu yaxınlaşdıranda səslənirdi. Xüsusilə, bilmədiyimiz dillərdə hər
hansı bir mətni, şeiri dinləmək üçün bu, əvəzedilməz bir üsuldur. Məsələn, hər
hansı bir şairin şeirini öz dilində, intonasiyasında dinləmək üçün çox gözəl
bir vasitədir”.
Təki kitab yaşasın
Vaqif müəllim
deyir ki, indi kitaba kömək lazımdır. Disklərdə, kartlarda olması çox yaxşıdır:
"Hətta indi xüsusi proqramlar var, bilirəm ki, telefona yükləyirlər və onlar
vasitəsilə dinləyirlər. Bunların hamısı kitabların
oxunmasından, kitabla təmasdan ötrü vasitələrdir. İstər dinləməklə, istərsə də
oxunmaqla olsun, təki kitab yaşasın. Əsas budur ki, kitab yaxşı kitab olsun.
Yaxşı kitabı istənilən formada oxucuya təqdim etmək olar. Məsələn, mənim iki
kitabım – "Artırma” və "Səndən özgə” kitablarım studiyada səsləndirilib və
diski də yazılıb. Əsasən öz ifamda olan şeirləri həm də gözəl fon musiqisi bəzədi. Buna albom
deyilsə də, əslində, bunlar özləri də bir kitabdır”.
Klassik formada mütaliəyə üstünlük verirəm
Şair deyir
ki, audiokitab dinləmir: "Böyük kitabxanam var və klassik formada mütaliəyə
üstünlük verir, hər gün bu kitablarla təmasda oluram. Bu gün kitab sektoru
yenidən inkişaf edir. Dünyada və həmçinin də Azərbaycanda kitab sərgiləri
keçirilir. Elə son vaxtlarda Bakı, Sumqayıt, Gəncədə keçirilən sərgiləri buna
misal çəkmək olar. Çox sevindirici bir haldır. Bunların hamısı onun göstəricisidir
ki, çap formatında olan kitablar hələ uzun illər yaşayacaq. Və bu daha böyük
yaddaşdır. Adam kitaba qulaq asanda, ola bilər ki, nəyisə ötürər, eşitməz.
Bilirsiniz, xüsusən də, ədəbiyyat adamları – yazıçılar, şairlər əsərin hər bir
cümləsini dərindən dərk etməlidir. Buna görə də, oxumaq daha yaxşı olar. Təcrübəni artırmaq, yazıçının hansı sözü, hansı cümləni
orada niyə məhz belə yazdığını araşdırmaq, başa düşmək, yəni sanki bir laboratoriyadan
keçirmək üçün mütləq şəkildə kitabı oxumaq lazımdır. Yəni oxucu üçün kitab ayrı
şeydir, yazıçı üçün ayrı şey”.
Dövlət proqramı hazırlansın
Vaqif müəllim
vurğuladı ki, yaddaşın müxtəlif cür formalaşma üsulları var: "Mən dinləyə
bilmirəm. Amma yeni nəsil, görürsən ki, daha yaxşı dinləyir, qəbul edir kitabın
bu formasını. Yenə də deyirəm, istənilən halda, bu da kitabın yaşaması üçün çox
gözəl təşəbbüsdür. Düşünürəm ki, hətta
audiokitabların hazırlanması ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Məsələn,
yüz təməl kitab seçmək olar. Elə "Kitabi Dədə Qorqud” və "Koroğlu” dastanlarından
başlamaq olar. Hətta dastandakı aşıq havalarını
elə musiqi ilə də vermək lazımdır. Çox gözəl alınar. Amma, ümumiyyətlə, bu işi,
məncə, uşaq ədəbiyyatından başlamaq lazımdır ki, uşaqlar elə məktəb yaşlarından
kitabın bu cür oxunmasına, daha doğrusu, dinlənilməsinə alışsınlar”.
Dinlədikləri oxuduqlarından daha çox olan yazıçı
Yazıçı-dramaturq
İlqar Fəhmi, bəlkə də, Azərbaycanda
yeganə insandır ki, böyük bir audiokitab arxivi var. Artıq on ildir ki, dinlədikləri
oxuduqlarından daha çoxdur: "Sürətlə keçən
həyatda, demək olar ki, heç nəyə vaxt yoxdur. Və xüsusilə də, mütaliəyə əvvəlki
qədər vaxt ayırmaq olmur. Ona görə də, bu baxımdan audiokitablar kitabla ünsiyyət
üçün əvəzsiz vasitədir. Amma bunun da
müsbət və mənfi tərəfləri var, əlbəttə ki. Müsbəti odur ki, əgər əsəri hər
hansı bir peşəkar aktyor, qiraətçi səsləndirirsə, sən o əsəri daha yaxşı hiss
edə, duya bilirsən. Amma bu tip dinləmələr birplanlı əsərləri dinləmək üçün əlverişlidir.
Yəni ilk dinləmədən insanın qavraya, anlaya biləcəyi, rahat bir mətn olmalıdır. Çünki kitabda istədiyin cümləni yenidən oxuya
bilirsən, istədiyin səhifəyə geri qayıda bilirsən. Amma audiokitabda çətindir. Çoxplanlı
mətni olan kitabı audiokitab formatda dinləmək rahat deyil. Məsələn, Çingiz Hüseynov, Nabokov kimi yazıçıların əsərlərini dinləyə bilmədim. Çünki bəzən
ehtiyac olur ki, hər hansı bir cümlənin üstündə dayanasan, fikirləşəsən. Amma hadisə
üzərində qurulan ədəbiyyatı dinləmək rahatdır. Hadisə səni tutur və onun
arxasınca gedirsən. Bədii söz oyunları olan ədəbiyyatı, müxtəlif göndərmələri
olan mətnləri dinləmək isə çətindir. Düşünürəm ki, çoxplanlı mətnləri dinləməkdənsə
oxumaq daha məqsədəuyğundur”.
Poeziya audioformatda
İlqar müəllimin
fikrincə, poeziyanı audioformatda dinləmək daha gözəldir: "Belə versiyada şeirlərin təsiri, sanki daha güclü
olur. Rusiya ədəbiyyatının gümüş dövrü şairləri Anna Axmatova, Marina
Svetayevanın şeirlərini belə dinləməyi daha çox sevirəm. Bilirsiniz, musiqi həlli
də gözəl olanda şeir dinləmək lap böyük zövq verir”.
Xanım Aydın