Otellərin fəaliyyətindəki "əmma”lar - ARAŞDIRMA
Rəhman
Quliyev: "Əgər otel nömrəni pulsuz belə versə, müştərinin orada qidalanmasından
gəlir əldə edəcək. Elə iki dəfə yemək yüz manat edir. Otelin günlük qiyməti
yetmiş-səksən manatdırsa, deməli, yeməkdən gələn gəlir ondan daha çoxdur”.
Azərbaycanda
turizm inkişaf etməkdə olan sahələrdən biridir. Bu sahənin inkişafına diqqət
çox ayrılır. Lakin yenə də müəyyən "əmma”lar gözdən yayınmır. Otellərin
işində sanki boşluq müşahidə olunur. Regionlarda, xüsusən də, yerli turistlərin
daha çox istirahət etdikləri bölgələrdəki otel və istirahət mərkəzlərinin
qiymətləri və ümumiyyətlə, müştəri sıxlığı ilə maraqlandım. Həftəsonları və
bayram günlərində müştəri ilə aşıb-daşan otellər həftə içi – ara günlərdə
boş-bikar qalır. Hərəsində bir neçə təsadüfi müştərini saymasaq, demək
olar ki, əksər otellərdə qalan olmur. Lakin həftə sonlarında boş yer tapmaq
müşkül məsələyə çevrilib.
O təbəqəni
cəlb etmək olar
Bəs niyə
otellərin fəaliyyəti tənzimlənmir? Bu boşluq hansısa proqram və ya kampaniyalar
vasitəsilə yoluna qoyulmur? Düşünürəm ki, hər halda, həftə boyu müxtəlif
vasitələrlə insanları cəlb etmək olar. Düzdür, əlbəttə ki, tələbat, istənilən
halda, yenə də həftə sonlarına olacaq. Müxtəlif strukturlarda çalışan adamlar
ancaq həmin günlərdə bölgələrə üz tuta bilirlər. Amma ölkənin bütün
vətəndaşları işləmir axı. Yəni həftə içi qiymətlər münasib olsa, ən azından o
təbəqəni cəlb etmək olar. Bununla bağlı turizm üzrə ekspertlərlə danışdıq.
Fikirlər müxtəlif, təkliflər ağlabatan oldu…
Düzgün qiymət
siyasəti
Turizm üzrə
ekspert Rəhman Quliyev deyir ki, otellər düzgün qiymət siyasəti yürütməlidir:
"Ümumiyyətlə, bu, dünya praktikasında da belədir, həftə sonunda otellərin
qiymətləri, təbii ki, həftə içi qiymətlərdən nisbətən baha olur. Bu da tələbata
uyğundur. Bütün dünyada tələbat olunan günlərdə qiymətlər yüksək olur.
Ancaq burada fərqli bir tendensiya yaratmaq olar. Yəni ki, həftə sonu –
şənbə-bazar günlərində otellərin qiymətlərinin düzgün qiymət siyasətini,
marketinqini qurmaq olar. Məsələn, deyək ki, beşinci, altıncı, bazar gününü –
yəni üç günü rezervasiya edənə, növbəti gün – yəni bazar ertəsi günü hədiyyə
olunsun. Baxın, orada qalan adamlar həmin otelin digər servislərindən də
istifadə edəcəklər. Məsələn, restoran, idman zalı və s. xidmətlərdən istifadə
edəcək. Bu da öz növbəsində həmin otelə xeyir gətirəcək. Yəni həmin
müştərilərin növbəti bir günü də oteldə qalmağı və yaxud da məsələn, beşinci,
altıncı, bazar günü bu qiymətlə, amma dördüncü gün hədiyyə kimi qalması otelin
gəlirini artıra bilər. Bundan başqa, qiymətlərə də endirim etmək çox
yaxşı olardı”.
Oteldə pulsuz
gün
Ekspert deyir
ki, müxtəlif kampaniyalar keçirmək, kalkulyasiya edərək qiymətləri
müqayisə etmək olar.Və hər iki tərəf üçün sərfəli qiymətlər çıxarıb
müxtəlif endirim kampaniyaları keçirmək də mümkündür: "Bunlar, təbii ki, həm də
otellərin kateqoriyalarına uyğun olmalıdır. Düşünürəm ki, ən yaxşı çıxış yolu
həftə içi günlərdən birini "free” - yəni pulsuz etməkdir. Bayaq da qeyd etdiyim
kimi, həmin günlərdə müştəri otelin digər xidmətlərindən istifadə etməklə otelə
əlavə gəlir gətirəcək. Bunun səhər yeməyi, naharı, şam yeməyi var. Hamısı da
ödənişlidir axı. Otelin işi dayanmayacaq”.
"Həm də otel
ayaqda qalacaq”
Mütəxəssis
bildirdi ki, hazırda otellərdə qidalanma orada qalmaqdan bahadır: "Yəni
bölgələrimizdə dörd-beş ulduzlu otellərin restoranında ikinəfərlik nahar
yeməyi, təqribən qırx-əlli manata başa gəlir. Təsəvvür edin ki, əgər otel
nömrəni pulsuz belə versə, müştərinin orada qidalanmasından gəlir əldə edəcək.
Elə iki dəfə yemək yüz manat edir. Otelin günlük qiyməti yetmiş-səksən
manatdırsa, deməli, yeməkdən gələn gəlir ondan daha çoxdur. Tövsiyə edərdim ki,
otellər düzgün qiymət siyasəti aparsınlar. Əvvəldə də dediyim kimi, qiymət
endirimləri, "free” günlər və s. etməklə müxtəlif kampaniyalar keçirsinlər.
Bütün bunlar, əlbəttə ki, otellərin işini çoxaldacaq, müştəri bazasını
artıracaq. Eyni zamanda də xidməti personal işləyəcək. Həm də otel
ayaqda qalacaq”.
Qiymətləri
endirmək, keyfiyyəti qaldırmaq
Məsələ ilə
bağlı turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov da bölgələrimizdə
otellərdə qiymətlərin həftə sonları və bazar günlərində daha baha olduğunu
vurğuladı: "Çünki həmin vaxtda tələbat böyük olur. Həftə içi, demək olar ki,
müştərisiz qalan otellər, həmin günlərdə yüksək qiymət tətbiq etməklə, sanki
bunu balanslaşdırırlar. Lakin biz müəyyən otellərlə əməkdaşlıq edirik. Onlar
həftə içi qiymətləri aşağı saldılar. Bu cür qiymətlərlə müştərilərdə daha çox
maraq və həvəs oyada bildik. Bu, çox effektiv vasitədir. Pandemiyaya qədər
gözləntilərimiz özünü doğruldurdu. Xüsusən də, Quba-Qusar, Lənkəran-Lerik
zonalarında bu sistemlə işləyirdik. Hazırda da bu prinsiplə otellərlə
əməkdaşlıq edirik. Otellərə müştəri cəlb etməyin ən optimal yolu, ilk növbədə
qiymətləri endirmək, keyfiyyəti qaldırmaqdır.
Xanım Aydın