OPEC-in qarışıq mesajları
Ekspertlər deyirlər ki, aparıcı ölkələrin verdiyi
açıqlamalar və digər informasiyalar qiymətlərə təsir edir
OPEC
kartelə üzv və digər qeyri-OPEC neft istehsalçılarının ("OPEC plus”) Vyana
toplantısından əvvəl hasilatın azaldılması barədə qarışıq mesajlar verir. Ötən
günlərdə İraqın Neft naziri Tamir Gadban istehsal məhdudiyyətlərinin daha 400
min barrel artırılaraq, gündəlik 1,6 milyon barrelə çatdırıla biləcəyini deyib.
Lakin o, OPEC səviyyəsində bu məsələyə dair hər hansı danışığın aparılmadığını
da bildirib. OPEC və müttəfiqlərinin istehsalın daha da
azaldılıb-azaldılmayacağı barədə qarışıq mesajlar verməsi isə bazarda
qeyri-müəyyənliyə səbəb olur. "Bloomberg”ə görə, dekabrın 4-də Vyanada qapalı
keçirilən "OPEC plus” Müştərək Texniki Komissiyasının (JTC) 35-ci iclasında
nazirlərin tövsiyələri dinlənilib, lakin hasilatın daha da azaldılması məsələsi
gündəmə gəlməyib.
Qeyd edək
ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın başda olduğu
qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini
artıra biləcəyini qeyd edən ekspertlər, bu, baş verərsə, xam neftin qiymətinin
də bahalaşacağını vurğulayıblar.
Digər
tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi
təqdirdə "qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə
xəbərdarlıq ediblər. Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci
iclası olub. Ondan bir gün əvvəl isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC
ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası
təşkil olunub. Ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik
1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin
müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.
Maraqlıdır, son günlər verilən təzadlı mesajlar neftin qiymətinə necə təsir
edəcək? Ümumiyyətlə, hasilatın azaldılması, yoxsa artırılması daha realdır?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevsöylədi ki, toplantıdan əvvəl bu cür informasiyaların mediada yayılması
təbiidir: "Hələlik, sadəcə, versiyalar irəli sürülür. Toplantıda ötən müddət
ərzində götürülən öhdəliklərin icra vəziyyəti və 2020-ci ildə qlobal bazarlarda
gözlənilən təhlükələr müzakirə olunacaq. 2020-ci ildə neft bazarının tam təfərrüatı
bu görüşdə analiz ediləcək. İraqın neft naziri görüşdən əvvəl belə bir fikir
səsləndirdi ki, gələn il neft bazarlarını tənzimləmək üçün OPEC ölkələri əlavə
olaraq gündəlik neft hasilatını 400 min barel azaldılacaq. Əgər bu fikirlər
təsdiq olunarsa, kvota 1,6 milyon barel olacaq. Bütün hallarda OPEC və OPEC+
ölkələr Vyana sazişinin şərtlərini müdafiə edəcək. Yəqin ki, mart ayından sonra
təyin olunan müddət uzadılacaq. Çünki gələn il bazarı təhdid altına alan bir sıra
amillər mövcuddur. Belə ki, gələn il ABŞ, Braziliya, Norveç, Argentina kimi
ölkələrin neft hasilatı ciddi həcmdə artacaq. Bu faktı nəzərə alsaq, görərik
ki, OPEC-ə üzv olmayan ölkələrin hasilat həcmi 2,5 milyon barel arta bilər.
Belə olan halda OPEC və müttəfiq dövlətlər bazarı tənzimləmək üçün öz üzərinə
götürdüyü öhdəliklərə ciddi nəzarət etməlidir. Yaxud da OPEC ölkələri hasilat
həcmlərini bir qədər də azaltmalı olacaq. Çünki təşkilat daxilində sazişin
şərtlərinə əməl etməyən dövlətlər də var. Məsələn, İraqın sutkalıq neft
hasilatı 4,7 milyon bareldən çox olub. Halbuki Vyana sazişi çərçivəsində İraqa
qoyulan kvota 4,5 milyon bareldir.
OPEC-in aparıcı üzvlərindən olan Nigeriya da sazişin şərtlərini pozur.
Oktyabr-noyabr ayları ərzində bu ölkə sutkalıq 1,8 milyon bareldən çox neft hasil
edib. Sazişin şərtlərinə görə, 1,7 milyon bareldən çox olmamalıdır. Rusiya da 2019-cu ilin əvvəlindən bu günə kimi
üzərinə götürdüyü öhdəliyə heç bir halda əməl etməyib. Bütün bunlar onu göstərir
ki, təşkilat daxilində sazişin şərtlərini pozan dövlətlər var. Ona görə də,
OPEC və müttəfiqləri bu sazişin
şərtlərinə ciddi əməl və nəzarət etməlidir. Əgər bu olmazsa, əlavə kvotalar
tətbiq olunmalıdır. Bu məsələnin hansı səviyyədə həll olunacağı OPEC
rəhbərliyinin qərarından asılıdır. Əks halda, bazarda balansın pozulacağı
qaçılmazdır. Bu isə neftin qiymətində dalğalanmalara gətirib çıxaracaq”.
Neft Araşdırmaları
Mərkəzinin rəhbəri İlham Şabanqeyd etdi ki, neftin hazırkı qiyməti verilən açıqlamalara
adekvat olaraq dəyişir: "Hazırda qiymətlər gah qalxır, gah da aşağı enir.
Aparıcı ölkələrin neft nazirlərinin verdiyi açıqlamalar və digər informasiyalar
qiymətlərə təsir edir. Hələlik qiymətlər qalxsa da, bu, uzun müddət belə davam
edə bilməz. Pozitiv siqnallar azaldıqda, qiymətlər də anidən aşağı düşür. Son
iki gün ərzində qiymətlərdəki dalğalanmaların əsas səbəbi məhz budur.
Təşkilatın çıxaracağı qərar elan olunanadək, qiymətlər artıb-azalan fonda
dəyişəcək. Verilən qərarın bazar iştirakçıları tərəfindən necə qəbul olunacağı
mühüm məsələdir. Bazar iştirakçılarına gündəlik olaraq hasilatın 400 min barel
azaldılması təklif olunur. Əgər bu təklif təsdiqini tapmasa, qiymətlər 61-62
dollar ətrafında dəyişəcək. İraqın neft naziri rəsmi şəkildə açıqlama verib ki,
hasilatın azaldılmasına dair Vyana sazişinin şərtləri saxlanılacaq və kvotalar
gündəlik olaraq 1,2 milyon barel olaraq qalacaq. Bu qərar mart ayına qədər
qüvvədədir. İraq təklif edir ki, bu qərar ilin sonunadək uzadılsın. Ola bilsin
ki, görüşdə heç bir qərar qəbul olunmadı. Belə olan təqdirdə, neft bazarlarında
vəziyyət yenidən təhlil ediləcək və buna uyğun qərarlar çıxarılacaq. Yəni bir
neçə versiyalar və proqnozlar səsləndirilir. Hələlik real mənzərəni təsvir
etmək olmur”.
Şəbnəm