AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Onlayn təhsil “Skype”, “Zoom” kimi platformalarda aparılmır”

“Onlayn təhsil “Skype”, “Zoom” kimi platformalarda aparılmır”

Müsahibə
31 İyul 2020, 09:30 3431
Mehman Bədəlzadə: "Dünyada magistr təhsillərinin 90 faizi onlayn şəkildə təqdim olunur”
  
Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri indiyə qədər onlayn təhsilə maraq göstərməyiblər, bununla bağlı hər hansı işlər görməyə meyilli olmayıblar. Ancaq pandemiya dövründə məcburən buna gedildi. İşin keyfiyyəti ilə bağlı fikirlər, ödənişlərlə bağlı narazılıqlar da çox oldu. Bu istiqamətə suallar ətrafında "USE Study Group”un rəhbəri Mehman Bədəlzadə ilə söhbətləşdik.

- Mehman bəy, bizdə onlayn təhsil sistemi yox səviyyəsində idi. Təhsil müəssisələri pandemiya dövründə məcbur buna getdilər. Sizcə, ümumilikdə bu keçid necə oldu?
- Bizdə onlayn xidmətlə bağlı müəyyən işlər görülmüşdü. e.gov və yaxud ASAN xidmətdə bəzi xidmətlərin onlayn göstərilməsi onlayn təfəkkürün açılması cəhətdən pandemiya dövründə xırda da olsa, bir təkan rolunu oynadı. Ancaq yenə də onlayna keçid çox asan olmadı. Çünki insanlar birdən-birə öyrəşmədikləri rejim və üsulla qarşılaşdılar. Bu problem təhsil sahəsində özünü qabarıq şəkildə göstərdi. Nə müəllimlər hazır idi, nə şagird və tələbələr, nə də valideynlər. Əslində, bizdə onlayn təhsilə keçidlə bağlı heç nə edilmədi. Pandemiya dövrü üçün keçici həll yolu oldu. Burda hər hansı keyfiyyətdən danışıla bilməz. Onlayn tədris belə aparılmır.

- Yəni bu üsul onlayn təhsil deyil?
- Birincisi, "Skype”, "Zoom”, "Facebook” və ya bu kimi qrup halında görüntülü danışıq imkanı yaradan proqramlar üzərindən gündəlik dərs mövzusunu şagirdə, tələbəyə danışmaq, onları sorğu-sual etmək onlayn təhsil deyil. İkincisi, onlayn təhsil "Skype”, "Zoom” və bu kimi platformalarda aparılmır. Onlayn təhsillə bağlı dünya təcrübəsi var, bunu araşdırıb tətbiq etmək olar. Onlayn təhsili təşkil edənin özünün platforması olur və onun üzərindən aparılır. Dərs materiallarının toplusu olan dərslik bankları var. Hansı ki, orda əlavə müəllimlərin qeydləri olur, onları oxuyursan. Şagird və ya tələbənin sinifdən çıxandan sonra müəllimin keçdiyi dərsi beynində necə canlandırması məsələsi var. Onlayn təhsil onun 80 faizini verməlidir. Onlayn təhsil ciddi işdir. Əgər bu qədər bəsit olsaydı, bütün xidmət onlaynlaşardı.

- Bizdə bunu daha yaxşı təşkil etmək üçün zaman olmadığını deyə bilərik?
- Onlayn təhsilin qurulması nə qısa, nə də uzun zaman işidir. Maddiyata bağlıdır. Maddiyatınız varsa, qısa zamanda da qurulması mümkündür. Maliyyə azdırsa, daha uzun çəkəcək.

- Yəqin ki çox maliyyə tələb etdiyi üçün ali təhsil müəssisələri də bunu qurmağa maraq göstərməyiblər.
- Məsələnin digər tərəfinə də baxmaq lazımdır. Düzdür, onlaynı formalaşdırmaq üçün kifayət qədər maddi-texniki bazaya  ehtiyac var. Çox böyük baza olmasa da, ehtiyac var. Ancaq onlayn sistemi qurmaq universitetə daha çox tələbə qəbul etmək imkanı verir. Bir universitetdə parta sayı 10 min tələbə qəbul etməyə imkan verirsə, o qədər qəbul edir. Onlaynda isə, bir fakültəyə də 10 min qəbul etmək imkanı yaranır.

- Ali və orta təhsil istiqamətini müqayisə etsək, onlayn sistemin işləməməsi ən çox hansına zərər vurdu?
- Hər ikisində eyni problem yaşandı. Hazırda bu sistemi qurmaq bəsit məsələdir, ancaq bəzən belə durumlarda geridə qalırıq. Düşünürəm ki, orta məktəb şagirdləri üçün daha çox problem oldu. Çünki onlar yetişən təbəqədir. Universitetdə oxuyanlar artıq 18 yaşını tamamlayıblar, onların problemlərini daha bəsit həll etmək olar. Çünki onlar kamera arxasında daha disiplinli olacaqlar. Orta məktəb şagirdlərində isə daha köklü şəkildə yanaşıb, həll etmək lazımdır. Əslində çox zaman aparmayacaqdı, 2-3 ay ərzində də qurmaq olardı. Pandemiyadan öncə bunlar həll edilsəydi, indi problem də yaşanmazdı. Biz bir neçə dəfə orta məktəblərə onlayn təhsil sisteminin qurulmasıyla bağlı təklif göndərmişik. Buraya dövlət məktəbləri də daxildir, özəl də. O qədər də ciddi baxmayıblar.

- Bu təklifləri pandemiya dövründə göndərmisiniz, yoxsa əvvəl?
- 2016-cı ildə bu təkliflə orta təhsil müəssisələrinə müraciət etməyə başlamışdıq. 2017-də də eyni şəkildə davam etdik, sonra da. Bu günə qədər hələ bir cavab gəlməyib. Pandemiya dövründə müraciətimiz olmayıb.

- Pandemiya dövrünə kurslar da tələbələrinə onlayn təhsil təklif etdilər. Bir qisim əvvəldən imtina etdi, pandemiyadan sonra davam etmək istədiyini bildirdi. Onlayn tədrisə gedənlərin böyük qismi isə bir neçə dərs sonra dayandırdı. Dedilər ki, effekt yaxşı deyil. Biz onlayn təhsilə öyrəşməmişik, yoxsa kursların da təqdim etdiyi onlayn təhsilin keyfiyyəti qaneedici deyil?
- Təbii ki, bu durumdan ən çox təsirlənən kurslar olacaq. Belə desək, bazarda təklif çoxdur, ancaq hamısının qiymət və tədris anlayışı onlayn təhsildən uzaqdır. Kurslarda dərs keçən müəllimlərin onlayn təhsillə bağlı ciddi professional təcrübəsi olmalıdır. Ancaq onların böyük hissəsi də məktəbdə, universitetlərdə işləyən müəllimlərdir, onlayn öyrətmə texnikaları olan şəxslər deyillər. Onların treninqi olmalıydı, sertifikasiyası keçirilməliydi.

- Onlayn təhsil sisteminin olmamasının şagird və tələbələrin mart ayından bu tərəfə olan təhsildən geri qalmasına səbəb olduğunu deyə bilərik? 
-  Məsələyə həm müəssisə və müəllimlər tərəfindən baxaq, həm də şagird, tələbə və valideyn tərəfdən. Təklifçi və tələbçi adlandıraq. Təklifçi deyəcək ki, biz bütün proqramı tələbəyə çatdırmışıq. Tələbçi isə deyəcək ki, bütün proqram verilsə də, gec alırdıq, düzgün formada çatdırılmırdı və yaxud bəhanələr də ola bilər. Yarım il müddətində ciddi problem yaşandığını deməzdim. Çünki bizdə onlayn tədrisin vəziyyəti yaxşı deyildi və mənə elə gəlir ki, təhsil müəssisələri açıldığında həmin dərsləri yenidən təkrar etmək məcburiyyətində qalacaqlar. Yarım ilin nəticəsinin necə olduğunu isə qəbul imtahanlarına düşən fənlərin suallarını abituriyentlərin necə cavablandırmasına baxaraq qiymətləndirmək olar. Ümid edirəm ki, qısa zamanda auditoriyalarda dərslərə davam ediləcək. Ancaq pandemiya təhsil müəssisələrimiz üçün bir dərs verdi ki, hər duruma hazır olmaq lazımdır. Onlayn sistemi qurmalıdırlar.

- Teledərslərin keyfiyyəti qaneedici oldumu?
- Onlayn təhsildənsə, teledərslər maraqlı idi. Üzərində işlənsəydi, daha effektiv olardı. Bu, tələbənin qavramasına daha çox kömək edir, nəinki "Zoom” arxasında öyrənmək. Eyni zamanda teletəhsildə 15-20 müəllim yığıla bilərdi və onlara birbaşa suallar verilmə imkanı yaradılardı. Ancaq sırf material anlatmağa fokuslandılar. Yenə də o birilərdən effektli idi.

- Şagirdlərin valideynləri də çox əziyyət çəkdilər, məlumatsız olanları da az deyildi. 
- Onlayn təhsil platformasında, şagirdlə yanaşı, hər bir valideynə də hesab açılır. Valideyn hesabına daxil olmaqla övladının gündəlik dərs prosesini izləyir. Bunu hazırlamaq üçün valideynlərə treninq keçirilməliydi. Valideynləri qınamaq da olmur. Deyək ki, orta məktəbi 80-ci illərdə bitirib, övladı məktəblidir və indi onlayn təhsil almalıdır. Onlayn təhsillə bağlı bazası, hər hansı məlumatı yoxdur ki, övladına kömək etsin. Bu səbəbdən tədris verən müəssisələr birləşib bir platforma yaratmalı və onun təqdimatını insanlar üçün geniş şəkildə aparmalıdırlar. Hər bir keçidin qayda və üsulları var. Bu qaydalara riayət etməyəndə, xaos yaranır. İndiki vəziyyət odur, təhsildə ciddi axsama var, bu da təhsil işçilərinin boynundadır.

- Bu müddətdə universitetlərlə tələbələr, özəl orta təhsil müəssisələri ilə valideynlər arasında problem yaşandı. Xidmət verən tərəf bildirdi ki, onlayn təhsil aparılıb, ödəniş edilməlidir, valideynlər isə təhsilin keyfiyyətindən narazı idilər, üstəlik ödənişin onlaynda əvvəlki qədər olmamalı olduğunu deyirdilər. Sizcə, burada məsələ necə tənzimlənməliydi?
- Təhsil müəssisələri açıq kartlarla danışmalıdırlar ki, bizim tədris xərcimiz bu qədərdir, tədrisdən əlavə xərclərimiz filan qədər. Dünya təcrübəsində tədris xərci ilə əlavə xərclər ayrı göstərilir. Valideynlərə bildirilməlidir ki, əlavə xərcdən nələr ödənilməlidir, nələr yox. Bizim xaricdə təhsil alan tələbələrimiz var. Mart ayından ölkəyə qayıtdılar və təhsillərini onlayn aldılar. Aprel, may ayına görə hesablamalar oldu, qalmaq, məktəbdə yemək və s. xərcləri hesabdan çıxıldı, geri qalan hissəni ödədilər. Proses bu şəkildə getdi. Orta təhsil müəssisələri verdikləri təhsilin keyfiyyətli olduğunu iddia edirlərsə, öz təhsil sistemlərini bir daha nəzərdən keçirməyi məsləhət görərdim. 

- Ölkədə olmasa da, xaricdə onlayn ali təhsil almaq imkanları var. Maraqlıdır, gənclərimiz buna nə dərəcədə maraq göstərirlər?
- Onlayn təhsilin üstünlüyü odur ki, sən ölkədəki işinə davam edə-edə xaricdə təhsil alırsan, özünü inkişaf etdirirsən. Ancaq xaricdə alınan onlayn təhsil diplomlarının bizdə dövlət və şirkət tərəfindən necə qəbul olunması məsələsi var. Təhsil Nazirliyi tələbələrin onlayn təhsil diplomunu sertifikasiya etmir. Buna görə də hazırda problem yaşanır. İnsanların çəkindiyi nöqtə budur. Dünyada magistr təhsillərinin 90 faizi onlayn şəkildə təqdim olunur. İnsanlar yavaş-yavaş buna gedirlər. Bizdə də bu, formalaşdırılmalıdır.

- "İndi bilik və bacarıq dövrüdür, sertifikat və diplom yox” yanaşmasıyla xaricdə onlayn magistr təhsili alanlar da var.
- Düzdür, bilik və bacarıq zamanıdır və sertifikat önəm kəsb etmədiyi dövrə keçirik. Ancaq dünya ölkələrində belə praktika var ki, dövlət nəyi təsdiq edirsə, ona daha çox inanırlar. Bu təsdiq olmayanda, düşünürlər ki, bu, hər hansı fırıldaqdır, yaxud lazımsızdır. Özəl şirkətlər işə qəbulda o diplomun təsdiq olunub-olunmadığına fikir verməyə bilərlər, ancaq dövlət işinə qəbulda artıq bu, sədd ola bilər.

- Növbəti tədris ilinin əvvəlində təhsil müəssisələrinin açılıb-açılmayacağı hələ dəqiq deyil. Sizcə, növbəti dövrə necə hazırlaşmaq lazımdır?
- Növbəti tədris iliylə bağlı ilk plan bu gün yaşanan vəziyyəti ciddi şəkildə analiz etmək olmalıdır. Gələcəkdə bu və ya buna bənzər vəziyyətlər yarananda, hazırlıqlı olsunlar. Əgər sentyabrda auditoriyada təhsil başlansa, pandemiya dövründəki problemlər hamının yadından çıxacaq. Bir daha məsələyə qayıdılmayacaq. Martdan bu yana təhsil müəssisələrinin prosesin üstünə düşmək üçün kifayət qədər vaxtları oldu ki, sentyabr ayında ciddi onlayn tədris verə bilən platformalar və ya tədris mərkəzləri yaratsınlar. Buraya kurslar da daxildir. Bəlkə də edirlər, hələ açıqlama verilmir. Ancaq hələ ki nəticə yoxdur. 7-8 ildir ki, dünyada onlayn təhsilə üstünlük verilirsə, biz də  bundan kənarda qalmalı deyilik.

Aygün Asimqızı