AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ombudsman Səbinə Əliyevanın Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili ilə onlayn görüşü olub

Ombudsman Səbinə Əliyevanın Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili ilə onlayn görüşü olub

Cəmiyyət
10 Aprel 2020, 15:51 243
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova ilə onlayn görüşü keçirilib. Görüş yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması ilə bağlı insan hüquqlarının qorunması sahəsində meydana çıxan çağırışlar və məsələlərin həlli üzrə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərin müzakirəsinə həsr olunub.

Müvəkkil Səbinə Əliyeva ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının geniş vüsət almaması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında profilaktik və təxirəsalınmaz tədbirlərin davam etdirildiyini, bu məqsədlə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldığını bildirib. O, bu istiqamətdə Müvəkkil tərəfindən çevik tədbirlər görüldüyünü, hazırki dövrdə əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini, habelə mütəmadi olaraq rəsmi internet səhifəsi və digər sosial media vasitələri ilə maarifləndirici məlumatlar yayımlandığını, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi üzrə aidiyyəti qurumlara tövsiyələr verildiyini vurğulayıb.

Qeyd olunub ki, Ombudsman təsisatında insanların qəbulunun müvəqqəti dayandırılmasına baxmayaraq, ərizə və müraciətlərin e-mail, onlayn müraciət, telefon, faks və sosial şəbəkələr vasitəsilə qəbulu həyata keçirilir. Ombudsmanın 24 saat ərzində fəaliyyət göstərən qaynar xətlərinə daxil olan müraciətlər də dərhal araşdırıldıqdan sonra cavablandırılır, həmçinin məlumatlandırma aparılır və müvafiq məsləhətlər verilir, müraciətlərin istiqamətləndirilməsi həyata keçirilir.

Bildirilib ki, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq, Müvəkkil Milli Preventiv Mexanizm mandatı çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əlaqəli şəkildə fəaliyyətini davam etdirir. Respublika ərazisində müvəqqəti və ya daimi əsaslarla yaşayan, həmçinin əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin dövlət xidmətlərinə çıxış imkanları araşdırılıb, bu xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara tövsiyələr verilib.

O da diqqətə çatdırılıb ki, 6 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 176 nəfər məhkum əfv olunub, həmin şəxslərdən 10 nəfəri məhz Müvəkkilin müraciətləri nəzərə alınaraq azadlığa buraxılıb. Həmçinin Müvəkkil tərəfindən penitensiar müəssisələrdə monitorinqlər davam etdirilib.

Görüş zamanı Müvəkkil Səbinə Əliyeva hazırda Rusiya Federasiyasının ərazisində olan soydaşlarımızın vəziyyətinin nəzarətdə saxlanılmasını xahiş edib, müraciətlərdə qaldırılan məsələlərin həllini tapması məqsədilə birgə operativ tədbirlərin görülməsini təklif edib.

Rusiya Federal Ombudsmanı T.Moskalkova bu istiqamətdə öz ölkəsinin təcrübəsini bölüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.