Əliağa Vahidin ədəbiyyata gəlişi Məşədi Azərlə
bağlı olsa da, biz onun ustadları sırasına bir nəfərin də adını artıra bilərik
ki, həmin şəxs Mirzə Əbdülxaliq Yusifdir. Əslində bu siyahını xeyli qabarda
bilərik, lakin Vahidin görüşdüyü və ən çox bəhrələndiyi şəxslər Mirzə
Əbdülxaliq Yusif və Buzovnalı Məşədi Azər olmuşdur. Şair öz əsərlərində
(qəzəllərində) bu iki şəxsin adını tez-tez çəkir. Təbii ki, biz bu siyahıya
Ağadadaş Müniri, Mirzə Əbdülxaliq Cənnəti və.s şairlərin də adlarını əlavə edə
bilərik. Vahid onları da çox yaxşı tanıyırdı. Ancaq burada bir məsələ var ki,
Vahid onları sadəcə olaraq "Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisindən
tanıyırdı. Belə demək mümkündürsə onları özünə rəsmi şəkildə ustad qəbul
etmirdi. Əliağa Vahid bir qəzəlində yazır:
Mənə təxəllüsü Yusif verib dedi: Vahid,
Gərək də fərqlənəsən sən
buxudnimalar ilə.
Verilən beytdən
də aydın şəkildə göründüyü kimi Mirzə Əbdülxaliq Yusif Vahidin həm ustadı
olmuş, həm də ona məhz Vahid təxəllüsünü o vermişdir. Bütün bunlara əsaslanaraq
deyə bilərik Əliağa Vahidin ustadlarından biri də elə Mirzə Əbdülxaliq
Yusifdir. Digər şeirində Əliağa Vahid yazır:
Bakı şairlərindən, Vahida, Yusifdi rəhmətlik,
O getdisə, onun indi yerində Azər
əyləşmiş.
Əliağa Vahid
Mirzə Əbdülxaliqi bütün şairlərdən üstün hesab edirdi. Yuxarıdakı bənd də bunu
aydın göstərir. "Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisinin ən qocaman
üzvü məhz Mirzə Əbdülxaliq Yusif olmuşdur. Buna görə o, yuxarıda verilən beytdə
demək istəmişdir ki, Bakı şairlərinin ən uca taxtında rəhmətlik Yusif oturardı,
indi o yoxdu, orda Azər əyləşir. Bu beytin açılışından belə nəticəyə gəlmək
olur ki, Vahid Mirzə Əbdülxaliq Yusifi ondan sonra isə Məşədi Azəri ən böyük
Bakı şairləri hesab edirdi.
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,
Kimdən soraq: ustadımız Azər yenə
varmı?
Şeirin ruhundan
da hiss olunduğu kimi, Əliağa Vahid bu şeiri çox güman ki, qocaman vaxtlarında
qələmə almışdır. Şeirdə artıq ustadlarının dünyadan köçdüklərini andırması
fikirlər bizə bu nəticəyə gəlməyə əsas verir. Vahid poeziyasında daha çox
Məşədi Azər tez-tez yad edilir. Bu da Vahidin ədəbiyyata onun sayəsində
gəlməsiylə bağlıdır.
Ey Müniri! Yanıram eşq oduna, Azərə de,
Azər olsa, yanacaq şöləfəşan olmağıma.
***
Vahid, Azər xoş demiş: oddur vücudu aşiqin:
"Azəri-eşqəm, güman etmə, şərərdən düşmüşəm”.
***
Əgər ustadımız Azər kimi bir həmdəm ola,
Həmdəmi olmaz idim bir para əyyarlərin.
***
Şerdən bəhs etmə, Vahid, biz də dünya görmüşük,
Şerdə Azər kimi ustadi-əzəm
başqadır!
Əliağa Vahid poeziyasının formalaşmasında və
inkişafında Məşədi Azərin rolu danılmazdır. O, bir çox şairlərdən şeir-sənət
sirlərini öyrənsə də ən çox Məşədi Azərdən öyrənmiş və onu özünə daha yaxın
bilmişdir.
Bir
az öncə vurğuladıq ki, Əliağa Vahidin dövrü-mətbuata ilk qədəm qoymasına
vasitəçi Məşədi Azər olmuşdur. Azərbaycan radiosunun arxivində Əliağa Vahidin
yorğun və xırıltılı yeganə səsyazması
qorunub saxlanır. Həmin səsyazmada Əliağa Vahid "Olmadım bir ləhzə, yarəb, bu
vətən küncündə şad” beyti ilə başlayan şeirinin ilk üç misrasını öz səsiylə
oxuyur və bu şeirin yazılma tarixi haqqında məlumat verir. Əliağa Vahidin adı
çəkilən şeir barədə danışdıqlarını sizlərə olduğu kimi təqdim edirik:
"- Seyid Zərgərgilin evindəydim mən. Girdim içəri.
Salaməleyküm - əleyküməssəlam. Gördüm bir zorba, hündür kişidi. Lap
dağıstanlıya oxşayır elə. Seyid Zərgər mənə dedi: "Tanışol Azər
əfəndiynən". Mən adın eşitmişdim, üzün görməmişdim. Azərə dedi
ki,tanışolun, bu da milli şairlərdəndir. Azər ona dedi: "Necə
olur, milsiz də var?" O, cavab verə bilmədi. Özü deyən kimi, Azər orda
məni saymırmış, ələ salan kimiymiş. Ürəyində, ibtidada. Mənə şeir oxutdurdu ki,
qoçaq, oxu şeirlərindən. Mən ona dedim ki, sizin hüzurunuzda mən nə oxuya
biləcəyəm? Özü dedi: "Oxu, bu özü elə böyük şeydi mənimçün ki, belə
deyirsən".
Qəzəl bu idi ki:
Tökmüş o şux məh üzə
zülfi-siyahini,
Guya
ki, gizlədib fələk əbr içrə mahini.
Bu elə indi kitabda da
var. Mirzə mənə deyərdi: "Sağ ol, qoçaq". Mən elə bilirdim məni ələ
salır. Demə, bu yazıq elə "qocağı" doğrudan deyirmiş.
"Bərəkallah", "Sağ ol". Belə dedi. Müxtəsəri, çox şeylər
oxuduq. Bu gedəcəkdi. Dedi: "Mən mətbuata gedirəm". Mən də bilmirəm
"mətbuat" nə deməkdir axı. Qərəz, başa düşdüm ki, Orucovun mətbəəsinə
getmək istəyir. Dışarı çıxanda mən də Azərlə bərabər çıxdım. Bir az getdik
söhbət eləyə-eləyə. Dedi, gedək orda sənitanışeləyim, tapşırım. Sən
şeirlər yazginən. Sən yaxşı şair olacaqsan. Nə yaxşı yazmısan!
İndi anlayıram, həm məni
həvəsləndirirdi, həm də elə düzgün deyib də kişi...
Getdik ora - mətbəəyə. Sabirin heykəli olan yer mətbəə idi. Girdik içəri,
gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundovdu. Var idi neçə adam, onları
tanımadım kimlər idi. Azər onlara tapşırdı ki, bu uşaqdan muğayat olun. Şeir
yazsa, çap eləyin. Mən də sevindim. Qərəz, bayıra çıxanda qəzet vardı Azərin
əlində. Oxudu mənimçün. Qafiyələri "dad", "fəsad",
"fəryad" - belə gedirdi. Mən də getdim evə, gecəynən o qafiyədə bir
şeir yazdım. Səhərisi gün "İqbal" qəzetində çıxdı:
Olmadım bir ləhzə, ya
Rəbb, bu vətən mülkündə şad,
Ömrüm
əksildi günü-gündən, qəmim oldu ziyad,
Bivəfa
gördüm kimə dünyada etdim etimad”.
Əliağa Vahidin öz
səsyazmasını sizə təqdim etdik. Səsyazmadan da göründüyü kimi Vahid ilk dəfə
dövrü mətbuata Azərin vasitəsilə qədəm qoymuşdu.
Bu şeir Əliağa Vahidin bir çox kitablarında yer alır.
Maraqlı məqam orasıdır ki, şair özü şeiri bu cür oxuyur ancaq, kitablarda bu
şeir müxtəlif dəyişikliklərə uğramışdır. Təbii ki, ola bilsin şair redaksiyaya
verən zaman özü şeirə düzəliş etmiş və yaxud da radioda oxuyan zaman şeirdə
bəzi dəyişikliklərə yol vermişdir. Bu barədə əlimizdə dəqiq bir məlumat olmasa
da çap olunmuş kitablarının çoxunda yuxarıda verdiyimiz üç misra müxtəlif cür
verilir.
Şairin 1975-ci ildə Qulam Məmmədli, Rəşid Quliyev və Ataxan Paşayev
tərəfindən tərtib olunmuş seçilmiş əsərlərinin birinci cildində həmin şeir
parçası bu cür verilmişdir:
Olmadım bir ləhzə, yarəb,
bu vətən küncündə şad,
Səbrim əksildi
günü-gündən qəmim oldu ziyad.
Bivəfa gördüm, kimə
dünyada etdim etimad,
Çərxi-dun sübhü məsa oldu
mənimlə kəcinad,
Əlaman,
çərxi-sitəmkarın əlindən dad, dad.
Yuxarıda verdiyimiz nümunə 1975-ci il nəşrindəndir. Digər nəşrlərdə də bu
cür yazılmışdır. Gəlin səsyazmayla kitab arasında olan fərqlərə baxaq:
Səsyazma:
Olmadım bir ləhzə, ya
Rəbb, bu vətən mülkündə şad,
Kitab:
Olmadım bir ləhzə, yarəb,
bu vətən küncündə şad,
Və yaxud:
Səsyazma:
Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,
Kitab:
Səbrim əksildi günü-gündən
qəmim oldu ziyad.
Zənnimizcə şeirin bu cür çoxvariantlılığının bir səbəbi
var. Şair bu şeiri hələ gənc yaşlarında qələmə almışdı. Dəfələrlə də həmin şeir
eyni formada çap olunmuşdur. Ancaq səsyazma isə Əliağa Vahidin yaşlı
vaxtlarında lentə alınmışdır. Vahidin radioda şeiri deyən zaman sözləri bədahətən başqa sözlərlə əvəz etməsi şeirin
bəzi sözlərini unutmuş olmasından xəbər verir. Ona görə də şeirdə bu cür forma
dəyişikliyi özünü göstərir.
Vahid ədəbi məktəbi və Vahid poeziyası ölməzdir. Dahi
şair dünyaya XIX əsrin sonunda gəlmiş, XX əsrin 60-cı illərində də dünyadan
köçmüşdür. Əslində bu elə də böyük bir zaman kəsiyi adlana bilməz. Bu zaman
kəsiyində Vahid poeziyası nə köhnəlmiş, nə də qocalmışdır. Əsrimiz kimi cavan
olan bir poeziyaya isə biganə yanaşanlarımızın sayı olduqca çoxdur. Ancaq
yüzillər sonra belə Əliağa Vahid poeziyası ilk günkü təravətini qoruyub
saxlayacaq. Şair özü bir qəzəlində belə yazır:
Vahid bu qədər səndə ki
var eşq-məhəbbət,
Dünya
qocalıb getsə, çətin sən qocalansan.
Nə yaxşı ki, xanəndələrimizin ürəkləri, avazları Vahid poeziyasıyla
qırılmaz tellərlə bağlıdır. Yaxşı ki, onlar Vahidin poetik irsindən ayrılmır və
onu daim yaşadırlar...