• cümə, 26 Aprel, 17:31
  • Baku Bakı 23°C

Nurəddin Mehdixanlı: "Hamının Azərbaycan adlı bir Vətəni var"

24.09.21 12:30 465
Nurəddin Mehdixanlı: "Hamının Azərbaycan adlı bir Vətəni var"
Məlumdur ki, Ermənistanın silahlı qüvvələri keçən il sentyabrın 27-si səhər saatlarından başlayaraq müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək çoxlu sayda yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi sərhədlərimiz boyunca atəşə tutmuşdur. Azərbaycanın rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyunca əks hücumlara keçmişdir. 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarımız, faşist xislətli ermənilərin viran etdiyi, dağıtdığı kəndlərimiz, şəhərlərimiz, bütün yaşayış məskənlərimiz düşmən tapdağından azad olunmuşdur. İndi ölkə başçımızın böyük səyi, fədakarlığı sayəsində Qarabağda quruculuq işləri aparılır. Bir neçə gündən sonra, Böyük Zəfərlə başa çatmış Vətən müharibəsinin bir ili tamam olur.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı deyib.
"Bütün dünyanın gözü qarşısında baş verən bu hadisələrə, Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq təşkilatlar biganə yanaşaraq susqunluq nümayiş etdirdilər. BMT, ATƏT-in Minsk qrupu bu məsələni sülh yolu ilə həll edəcəkləri missiyasını üzərlərinə götürsələr də, bu istiqamətdə bir addım da olsa belə, irəli getmədilər. Ötən illər ərzində Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəinki saya salmadı, əksinə, azğın düşmən, onun hərbi xuntası öz cinayətkar əməllərindən əl çəkmədi. Yeni müharibələrə başlamaqla yeni ərazilər işğal edəcəkləri barədə bəyanatlarla çıxış etdilər”, - deyə Nurəddin Mehdixanlı müharibə zamanı baş verən hadisələrə fikrini bildirib.
Müharibənin başlanma səbəblərindən danışan Xalq artisti qeyd edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr Azərbaycana qarşı daha aqressiv mövqe tutub, qıcıqlandırıcı, təhrikedici açıqlamalar verdilər, hərbi diversiyalar həyata keçirməyə başladılar. Dünya təcavüzkara dur! demədi. Azərbaycan xalqına qarşı edilən vəhşiliklərə, kəndlərimizdə, şəhərlərimizdə törətdikləri dağıntılara heç bir münasibət bildirməyən dünya gücləri erməni vandalizminə göz yumdular. Bu da Azərbaycan xalqının səbrini daşırdı. Artıq cəbhəboyu düşmənin hücumlarını əks hücumlarla dəf etmək, işğalda olan torpaqlarımız uğrunda savaşa başlamağa sövq etdi. Həmin günlər insanlar küçə və meydanlara "ya öləcəyik, ya qalacayıq” tələbi ilə çıxdılar. Ali Baş Komandan Prezident İlham Əliyevin birbaşa rəhbərliyi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız bir-birinin ardınca cəsur, igid əsgərlərimizin rəşadətli döyüşləri nəticəsində azad olundu. Azərbaycan ordusunun döyüş ruhu, hərbi hazırlığı və gücü qarşısında davam gətirə bilməyən erməni ordusu hərbi texnikasını, silah-sursatını, ölüsünü, yaralısını döyüş meydanında qoyub qaçmağa başladı. Ermənistan ordusunda minlərlə fərarilik hərəkətləri baş verdi.
Cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Ali Baş Komandan televiziya kanallarında azad olunan kəndlərin, şəhərlərin adlarını çəkdikcə, xalqın sevinci aşıb-daşır, milli ruh daha da vüsətlənirdi. Xalq uzun illərdən sonra Azərbaycan Ordusunun qələbəsini bayram sevincilə qarşılayırdı.
"Torpaqlar azad olunduqca gözlərimizin qarşısında dəhşətli mənzərələr görünməyə başlandı. Xaraba qoyulmuş yurd yerlərimiz, evlərimiz, kənd və qəsəbələrimizin görüntüsü bizə çox ağr təsir bağışlayırdı. Abidələr, teatr binaları, məktəblər, kitabxanalar yaşayış məskənlərimiz uçurularaq xarabazara çevrilmişdi. Bu vəhşilikləri dünyanı ən "qədim” və "mədəni” milləti, özlərinə erməni deyən məxluqat törətmişdi”, - deyə Xalq artisti vurğulayıb.
Bildirib ki, savaşın son qəhrəmanlıq səhifəsi bizim üçün müqəddəs olan Şuşa şəhərində yazıldı. Azərbaycan ordusu qayalıqlara dırmanaraq əlbəyaxa savaşda Qarabağımızın tacı olan Şuşa şəhərini murdar işğalçıların tapdağından təmizlədi və burada Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Biz bu qələbəni bir yumruq altında birləşməyimiz sayəsində qazandıq.
Bu gün azad olunmuş Qarabağımızda ciddi abadlıq işləri aparılır – yollar, körpülər salınır, işıq, qaz xətləri çəkilir. Bu işlərin qısa bir zamanda görülməsi insanı heyrətləndirir. Dağları yararaq, Şuşaya bir ox kimi istiqamətlənmiş Zəfər yolunun çəkilməsi xalqımıza böyük qürur hissi yaşadır. Bu, heç şübhəsiz, dövlət-xalq birliyinin ən ümdə göstəricisidir. Bu gün Azərbaycan xalqı sübut etdi ki, bizdən ötrü həll edilə bilməyəcək məsələ yoxdur. İndi Qarabağda qədim abidələr bərpa olunur, orada Azərbaycan əsgəri şərəflə sərhədlərimizin keşiyini çəkir.
Mən Şuşa şəhərində olarkən orada qürurla öz vəzifəsini yerinə yetirən Azərbaycan polisini görəndə öz-özümə "nə yaxşı ki, mən azərbaycanlıyam” dedim. Biz bu qələbəni bir yumruğa çevrilməyimiz nəticəsində qazandıq. Yüzillərdir ölkəmizdə müxtəlif millətlər yaşasa da, hamının Azərbaycan adlı bir vətəni var. Çünki bu qələbə respublikamızda yaşayan, Azərbaycan vətəndaşı olan türkün, talışın, ləzginin, avarın, tatın, yəhudinin, ukraynalının, rusun birliyi sayəsində qazanıldı”, - deyə Nurəddin Mehdixanlı əlavə edib.
banner

Oxşar Xəbərlər