Nüfuzlu beynəlxalq vasitəçi - ŞƏRH
Azərbaycanın siyasəti və məqsədi ondan ibarətdir
ki, region dövlətlərini, beynəlxalq aləmi əməkdaşlığa, tərəfdaşlığa dəvət etsin,
istənilən layihələrdə hamının marağının təmin olunmasına şərait yaradılsın. Bu maraqların
təmini bütün tərəflərə uduş gətirsin
Azərbaycanın yerləşdiyi regiongeosiyasi, strateji
vəiqtisadibaxımdan dünyanın siyasi xəritəsində xüsusi əhəmiyyət kəsb
edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də regionun digər
ölkələri ilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada
bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli
maraqlarını önə çəkmək əsas olaraq götürülür.
Balanslı xarici siyasət
Xarici siyasətdə balanslaşdırılmış xəttin əsas
götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.
Bu siyasətin nəticəsi kimi Azərbaycan işğalçı Ermənistan istisna olmaqla,
region və dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən
münasibətlərə malikdir. Ölkəmiz regionun iqtisadi xəritəsini dəyişəcək təşəbbüslərlə
çıxış edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol
oynayır. Azərbaycan Avropa İttifaqının, NATO-nun üzvü olmasa da, bu təşkilatlarda
təmsil olunan qərb dövlətləri ilə yaxın əlaqələr qurub. Eynilə Avrasiya
İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil
olunmayan Azərbaycan bu təşkilatlardakı ölkələrlə hərbi, siyasi, iqtisadi,
humanitar çərçivədə əməkdaşlıq edir. Bu cür balanslı xarici siyasət Azərbaycanı
Cənubi Qafqazın lider dövlətinə, regionun sabitlik adasına çevirib. Təsadüfi
deyil ki, son illər Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin,
konfransların, forumların ev sahibinə çevrilib. Hətta iki fərqli qütbü təmsil
edən amerikalı və rusiyalı generallar da dialoq aparmaq üçün paytaxt Bakıda bir
neçə dəfə görüşüblər. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən
biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə
aktiv rol almasıdır.
Kəskin xarakter almış münasibətlər
Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də
daha geniş miqyasda sabitləşdirici rol oynayır. Şərqlə Qərb arasında mühüm
körpü olan Azərbaycan, strateji əlaqələr qurduğu ayrı-ayrı ölkələrin bir-birinə
qarşı münasibətlərinin müsbətə doğru dəyişməsinə də təsir edir. Buna misal
olaraq, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi bir zamanda Prezident
İlham Əliyevin hər iki tərəf arasında vasitəçilik etməsini, Bakıda keçirilən
Birinci Avropa Oyunları çərçivəsində hər üç ölkə liderinin bir araya gəlməsini
göstərmək olar. Kəskinləşən Moskva-Kiyev münasibətləri fonunda bir müddət
bundan öncə Azərbaycan Prezidentinin Ukrayna səfərinə də vasitəçilik prizmasından
yanaşmaq olar. Həm Ukrayna, həm də Rusiya ilə yüksək səviyyəli münasibətlərə
malik olan Azərbaycan dost ölkələr arasında düşmənçiliyin deyil, dostluğun
qalib gəlməsinə tərəfdardır. Müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli
mühit yarada biləcək potensialını dəfələrlə nümayiş etdirən Azərbaycan indi də
Türkiyə ilə İsrail arasında razılaşmanın imzalanmasında vacib rol oynaya bilər.
Bunu amerikalı siyasi ekspert Ceykob Kamaras İsrailin nüfuzlu "The Jerusalem
Post” nəşrində dərc edilən məqaləsində qeyd edib.
Yeni və uğurlu strategiya
Bütün sadalanan faktlar Azərbaycanın balanslı
xarici siyasətinin real nəticəsi, nüfuzlu beynəlxalq vasitəçi rolunda çıxış etməsinin
əyani göstəricisidir. Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İsrail
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki,
Azərbaycanın xarici siyasəti ilk növbədə tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulub.
Millət vəkilinin sözlərinə görə, bu siyasət Azərbaycana daim uğur gətirir: "Tarixən
bizim bölgə böyük imperiyaların marağında olub. Burada yaşayan insanlar bu
müharibələrin qurbanı olub. Azərbaycanın siyasəti və məqsədi ondan ibarətdir
ki, region dövlətlərini, beynəlxalq aləmi əməkdaşlığa, tərəfdaşlığa dəvət
etsin. Bununla da istənilən layihələrdə hamının marağının təmin olunmasına şərait
yaradılsın. Bu maraqların təmini bütün tərəflərə uduş gətirsin. Bu, olduqca
mühüm amildir, yeni və uğurlu strategiyadır. Azərbaycan ona görə bu hədəflərə
çata bilir ki, minilliklər boyu bu ərazidə fərqli dinlərə, etnik köklərə malik
xalqlar əməkdaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Tolerantlıq və
multikulturalizm Azərbaycan üçün həyat tərzidir. Bu ənənələri yaşadan Azərbaycan
dünyaya əməkdaşlıq və tərəfdaşlıq mesajları verir. Dəfələrlə ölkəmizdə
sivilizasiyaların dialoqu formatında konfranslar keçirilib, mədəniyyətlərin əməkdaşlığı
ənənələri davam etdirilib. Düşünürəm ki, bu siyasət Azərbaycana daim uğur gətirir”.
Ölkəmiz üçün strateji layihələr
Partiya sədrinin qənaətincə, uğurlu xarici siyasətimiz
Azərbaycana imkan verir ki, ölkəmiz üçün strateji layihələri həyata keçirə
bilsin, hətta bir sıra hallarda aralarında ziddiyyətlər olan dövlətləri də əməkdaşlığa,
tərəfdaşlığa cəlb etsin: "Bu, əməkdaşlıq və tərəfdaşlıq strategiyasının
uğurudur. Burada söhbət bütün tərəflərin maraqlarının təmin olunmasından, tərəfdaşlıq
sisteminin formalaşmasından gedir. Azərbaycanın nüfuzlu beynəlxalq vasitəçi
rolunda çıxış etməsinə gəlincə, bizə məlumdur ki, bir sıra bölgələrdə olan
fikir ayrılıqları böyük güclər arasında toqquşmalara gətirib çıxarır. Azərbaycan
nüvə arsenalına, ballistik raketlərə sahib olan böyük ölkə deyil ki, hansısa
dövlətləri sülhə məcbur edə bilsin. Azərbaycan öz siyasəti ilə bütün tərəfləri əməkdaşlığa,
tərəfdaşlığa, dialoqa dəvət edir. Bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış
edir. Hətta Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Ermənistana da tövsiyə
edir ki, beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlıq etsin, sülh istiqamətində
ciddi addımlar atsın”.
Rufik İSMAYILOV