Ümumdünya türk xalqlarının zəngin maddi və
mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən "Novbahar” və
ya "Novruz” bayramı min illərdir böyük
bir mədəniyyət hadisəsi kimi davam etməkdədir.
Hər zamankı kimi bu gün də Azərbaycanda, Türkiyədə, Altayda, Çinin
uyğurlar yaşayan ərazilərində, türk xalqlarının yaşadığı bütün coğrafiyalarda
və Orta Asiya türk dövlətlərində "Novruz” mart ayında bahar bayramı kimi qeyd
olunmaqdadır.
Bu
bayram yazın ilk günündən başlayaraq qanın qaynaması, ruhun təzələnməsi, ruzinin bollaşması, yeyəcəklərin artması,
bitki aləminin canlanması, ağacların oyanması ilə müşahidə edildiyindən insanlarda
onun kutsallığına inam yaranmışdır. Bundan istifadə edən əhalinin bir hissəsi
öz dünyagörüşlərinə müvafiq olaraq bu bayrama dini don geydirməyə çalışmışlar.
Bunun bir səbəbi savadsızlıqdan irəli gəlirdisə, bir qismi də bayramı adına
bağladıqları qəhrəmana sevgidən doğurdu. Beləliklə də, Novruzun əsl mahiyyəti
təhrif edilir, bu bayramın əsas qayəsində deformasiyalar baş verir, müxtəlif
inancların yaranmasına gətirib çıxarırdı.
Bizim fikrimizcə isə Novruz bayramı bir
şadlıq, şənlik mərasimiolmaqla türk xalqlarının ənənəvi mərasimidir ki, bunun
arxasında dini mahiyyət daşıyan heç nə yoxdur. Bu bayram şumer və turan təqvimi
ilə yeni ilin birinci günü kimi miladi təqvimlə mart ayının 21-də gecə-gündüzün
bərabərləşdiyi gün keçirilir. Yeni günün başlanmasını isə suda balığın arxası
üstə çevrilməsi anından qəbul edirlər. Həmin anda gecə-gündüz
bərabərləşir.
Novruzun mahiyyəti
Novruz bolluq və bərəkət bayramıdır. Bu
bayrama hazırlıq qış girməmişdən qabaq başlayır. Payızın sonlarında yığılan
kənd təsərrüfatı məhsullarından müəyyən hissəsi Novruz bayramına saxlamaq
məqsədi ilə xüsusi metodlardan istifadə olunur. Qara yazın ağırlığını nəzərə
alaraq payızda hazırlanan əsas ərzaq məhsullarından biri qoç ətindən qovurma
bişirilməsidir. Belə ki, kənd yerlərində yaşayan elə bir ailə tapılmaz ki, bir
və ya iki qoç kəsib qovurma bişirməsin.
Bayrama hazırlıqla bağlı payızın son
günlərində ağ nazlı deyilən şaftalıdan və şəkəri armuddan "alana” hazırlanır və
cəvizdən "sucuq” basılır, qurudulur və yaza saxlanılır. Hazırlıq mərhələsində
kənd camaatı mütləq saxladıqları mal-heyvanın da qışdan çıxmasını nəzərə alaraq
müəyyən tədbirlər görürlər.
Böyük çillənin çıxması ilə sayaçı
ev-ev gəzib bayrama hazırlığın başladığını bildirir:
Bayrama nə qaldı,
Qalmadı – əlli gün.
Əlli günü say ötür,
Qarmala quzu götür.
Xanım ayağa dursana,
Sayanı yola salsana.
Heyvandarlığın inkişafını təmin etmək məqsədilə yay və payız aylarında
qışın mərhələlərinə uyğun olaraq yem tədarükü görülür. Qaba yemlər, xəzəl və
yumşaq güzdək deyilən yonca və çilimcan ot bağlamaları ayrı-ayrılıqda yığılır.
Güzdək ot bağlamaları yaz ağzı təzə doğulmuş quzu, çəpiş və buzovlar üçün
nəzərdə tutulur. Tövlədə balaca küz düzəldilir, təzəcə doğulmuş körpə
heyvanları ora qatırlar.
Bayram ərəfəsində nənələrin
boğçaları, sandıqları açılır, bayram hazırlıqları görülür. Bayram süfrəsinə
müxtəlif çeşidli şirniyyatlar – paxlava, şəkərbura, çökə, quru və taraş
meyvələr, rəngbərəng bəzədilmiş yumurtalar, qırmızı lentlə bağlanmış səməni,
odun simvolikası şam və su qoyulur. Səməni yaşıllığın, həyatın rəmzi kimi
evlərin bəzəyinə çevrilir.
Bahar bayramının əsas atributları
səməni, yumurta, çökə, şəkərbura, paxlava, od və sudur.
"Kitabi-Dədə
Qorqud”da bahar bayramı
Novruzu
zərdüştlüklə bağlayan tədqiqatçılar daha çox bunu bayramdan öncə keçirilən
axırçərşənbə gecəsi icra edilən atəşfəşanlıqla əlaqələndirirlər. Eyni zamanda
burada şamanizmin izləri də özünü mühafizə etməkdədir. Sovet dönəmində bu bayramın
qadağan edilməsinə baxmayaraq, bir çox rayonlarda, xüsusilə də Ordubadda əhali
öz etiqadından dönməmiş, Novruzu xüsusi coşqu ilə qeyd etmişlər. Bu gün də
axırçərşənbədə dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda tonqallar
qalanır, tonqalların ətrafında dövrə vurub yallı gedirlər. Mərasimdə
"Atıl-batıl çərşənbə, baxtım açıl, çərşənbə”, ağırlığım-uğurluğum bu odda
yansın” - deyib tonqalın üstündən atılırlar. Fişəng atıb, Ordubad ustalarının
kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan,
onaçılanlar partladılıb atəşfəşanlıq edilir, lopalar yandırılır, bununla da şər
qüvvələri qorxudub qaçırda bildiklərinə inanırlar.
"Ağırlığım-uğurluğum bu odda yansın”
ifadəsinə aydınlıq gətirək. Bəzən bu
ifadəni düzgün anlamayanlar ağırlıq, uğurluq sözlərini ayrılıqda işlədirlər və
bu da "uğurluğun” odda yandırılması kimi yanlış anlaşmaya səbəb olur. Təbii ki,
"uğuru” yandırmaq xoş deyildir. Bu mərasimdə də "uğurun” yandırılması haqqında
söhbət yoxdur. Burada ifadə "ağırlıq”dır, sadəcə sözün şiddət dərəcəsini
artırmaq məqsədilə "ağırlığım-uğurluğum” işlədilir. Dilimizdə bu tipli sözlərin
işlədilməsinə tez-tez rast gəlirik. Məs: ət-mət, qənd-mənd, qəpik-quruş və s.
Ramazan Qafarlı od yandırmaq ritiualı haqqında yazır: "Od anlamı "Kitabi-Dədə Qorqud” eposunun ruhuna
hopmuşdur. Boyların birində göstərilir ki, Qanturalı Selcan xatunu gətirmək
üçün yad ölkəyə – Trabzona yola düşəndə atası Qanlı qoca oğlunu bu niyyətdən
çəkindirmək istəyir. Qanturalı isə odun köməyi ilə keçilməz yerləri adlayacağını
bildirir. Dədə Qorqud insanları daxilən saf, qüdrətli görmək istəyir. Ona görə
də mənəvi aləmdən bəhs edən fikirləri odla əlaqələndirməyi tövsiyə edir.
Oğuzların adətincə, tonqal həmrəyliyə, birliyə çağırış rəmzi idi”.
"Xanbəzəmə” mərasiminin kökündə "Dədə Qorqud”
ənənələrinin dərin izlərinə rast gəlirik. "Dədə Qorqud”da diqqət çəkici bir
məqam var. Demək olar ki, boyların əksəriyyətində xanlar xanı Bayandır xanın
ildə bir dəfə Oğuz bəylərini bir yerə yığıb şənlik etdiyindən söhbət açılır.
Birinci boy sayılan "Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım hey!”-də
ilk cümlə belə başlayır: "Bir gün Qam
Ğan oğlı xan Bayandır yerindən turmışdı. Şami günligi yer yüzünə dikdirmişdi.
Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalicəsi döşənmişdi.
Xanlar xanı xan Bayandır yildə bir
kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. Genə toy edib, atdan-ayğırdan,
dəvədən buğra, qoyundan qoç qırdırmışdı”.
"Kitab”ı oxuduqca məlum olur ki, bütün
bu yeyib-içmələrdən sonra Bayandır xan evindən çıxıb gedər, evini
yağmalatdırardı. İldə bir dəfə keçirilən bu tədbir yaz vaxtına düşürdü. İlk
növbədə qeyd edək ki, bu tədbiri payızda, qışda görmək mümkün olmadığı kimi,
yayın istisində də görülməzdi. Çünki payızın qışa hazırlıq mərhələsi olduğunu
nəzərə alsaq, yayda da oğuzlar yaylağa
köçürdülər. Deməli, xanlar xanı Bayandır xanın qonaqlıq təşkil etməsi və evin
yağmalanması mərasimi ilk yaz ayına təsadüf etməlidir. Birinci ona görə ki,
artıq qış öz ömrünü yaza təhvil verir, qışdan qalan azuqə ehtiyatları, imkanı
məhdud ailələrə paylanır, müxtəlif bölgələrdən gələn bəylər padşahın
xəzinəsindən öz rəiyyəti və işləri üçün lazım olanı alıb aparırlar. Burada
aydın görünür ki, mərkəzi hökumət rolunda çıxış edən xanlar xanı Bayandır xan
əslində bir imperatordur. Bu imperatorluğun ətrafında birləşən iç və dış oğuz
bəylikləri hamısı bir yerdə dövləti təmsil edir, yazın gəlişi ilə başlanacaq
əkin-biçin işlərinə hazırlıq mərhələsində bir yerə yığışırlar. Burada daha bir
diqqət çəkici məqam vardır. Bayandır xan qonaqların yaxşı qarşılanması məqsədi
ilə "atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç” qırdırmışdı. İnək cinsindən
olan heyvan, eyni zamanda dişi dəvə, dişi qoyun kəsilməsi halına rast gəlinmir.
Bu birinci növbədə dişi heyvanların nəsil artırmaq qabiliyyəti ilə bağlıdırsa,
ikinci tərəfdən bu heyvanlar həm də ərzaq təminatçılarıydı. İnəklərə isə xüsusi
bir diqqətlə yanaşılırdı. Doğulan buzovların dişiləri damazlıq kimi saxlanılır,
erkəklərinin böyük hissəsi axtalanaraq qoşqu üçün hazırlanır, bir qismi törədici
kimi yetişdirilirdi. Qoşqu üçün hazırlanan öküzlər əkin-biçin işində əvəzsiz
heyvanlardır. Ana inəklərdən çox süd sağılması ərzaq məhsuldarlığın əsasını
təşkil edirdi. Həm də inəyə müqəddəs heyvan kimi baxılırdı, onu kəsmək günah
sayılırdı. Bu xüsusiyyət bu gün də bəzi şərq ölkələrində, o cümlədən
Hindistanda davam etməkdədir.
Beləliklə də, tamamilə aydın olur ki,
Bayandır xanın keçirdiyi mərasimin vaxtı yazdır. Bu mərasimin Novruz bayramının arxaik forması
olması görünməkdədir. Bəylərin Bayandır xanın görüşünə gəlməsi, at yarışlarının
keçirilməsi, mükafatlandırmalar, evin (xəzinənin – N.M.) yağmalanması və s.
kimi təzahürlər Novruz bayramında hazırda icra edilən adət-ənənənin ilkin
əlamətlərini əks etdirir. Bu tədbirin məhz yazın əvvəlində keçirilməsi haqqında
Əzizxan Tanrıverdinin "Dədə Qorqud”un möcüzələr dünyası” kitabında diqqəti
çəkən bir məqam vurğulanır: "Kitab”da "Novruz bayramı”nın adı çəkilmir, amma
bir sıra sintaktik bütövlərdə təbiətin bir günü elə təsvir edilir ki,
istər-istəməz yazın gəlişinin bayram edilməsi yada düşür:
Salqum-salqum tan yelləri
əsdigində,
Saqqallu boz ac turğay sayradıqda,
Bədəvi atlar issin görüb
oğradıqda,
Saqqalı uzun tat əri banladıqda,
Ağlı-qaralı seçilən çağda,
Qalın Oğuzun gəlini-qızı bəzənən
çağda,
Köksü gözəl qaya tağlara gün
dəgəndə.
Bəg yigitlər cılasınlar bir-birinə
qoyulan çağda”.
Göründüyü kimi, bu parçada nə "yaz”, nə
də ki "Novruz” sözü işlənib. İlin digər fəsillərinin də adı çəkilmir. Ancaq
mətnin ümumi semantik yükü yaz fəslinin hər hansı bir gününün yox, məhz
başlanğıc gününün (21-22 mart) təsvir edildiyini göstərir.”
İkinci diqqət edəcəyimiz məqam
"Kitabi-Dədə Qorqud”un sonunda, "İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boyı
bəyan edər” boyunda Qazan xanın evinin
yağmalanmasıdır. Hərəkətlərinə görə Qazana
söyləyicinin-ozanın əvvəlki boylardan fərqli olaraq bu boyda
münasibətinin dəyişildiyini hiss edirik. Burada Qazan haqqında adı ilə söhbət
açılır, onun rütbəsi qeyd olunmur.
Halbuki, bildiyimiz kimi, Qazan Bayandır xanın bəylərbəyisi, yəni müaviniydi və
dastanın bir çox yerində ona "Qazan bəy” və bəzən də "Qazan xan” deyilirdi. Bu
boyda isə ona tamamilə fərqli münasibət hiss olunur. Boy belə başlayır: "Üç oq,
Boz oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Əmma
Taş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı” .
Məntiq ilə gərək Qazan xan hər il toy
edib evini yağmaladaydı. Lakin ozanın məlumatından belə aydın olur ki, Qazan
ənənəni pozmuş, Üç oq, Boz oq bəyləri yığılarsa, evini yağmaladırmış.
Xalqımızın yaratdığı bir deyim var: "üzə düşmək”. Yəni üzə düşüb, məcbur qalıb
nəsə etmək və bu dəfəki yağmalanma da iç Oğuz bəyləri özləri yığıldığına görə
baş verir. Açıq-aydın görünür ki, Qazan
ənənənin davam etdirilməsində nəinki maraqlı deyil, hətta Bayandır xanın inam və etibarından
sui-istifadə edərək İç Oğuz və Dış Oğuz bəyləri arasında fərq qoyub münaqişə
yaradır. Bu münaqişə hakimiyyəti zəiflətməklə yanaşı, tarixi adət-ənənənin də
pozulmasına gətirib çıxardır. Hətta "Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində
Qazanın Oğuz bəylərini üç ildə bir dəfə yığıb görüşməsi və evini yağmalatması
qeyd olunur. Bundan başqa Qazanın naqis hərəkətləri Oğuzların arasına ədavət
salmaqla bitmir, o, eyni zamanda dövlət işlərini başlı-başına buraxıb, gününü
kef məclisləri təşkil etməklə keçirir, dövlətin ciddiliyinə zərbə vurur. Nəticə
məlumdur, oğuzların Dərbənddən Dərəşama, Gürcüstandan Göyçə gölünə qədər olan
ərazilərinin böyük bir hissəsi itirilir, düşmən tapdağı altında qalır.
Dövlətin dayaqlarının sarsılması,
xanlar xanı Bayandır xanın sələfi Oğuz xandan gələn ənənəvi bayramlaşmanın bu
şəkildə dağıdılması ötən zamanlarda davam etmiş, bunun da nəticəsində bir çox
mərasim elementləri arxaikləşmişdir. Lakin xalq yaddaşı bu adət-ənənəni
unutmamış, onu yazın gəlişi ilə canlandırmış və keçmişdə qalan xan ədalətini,
xan səxavətini Novruz bayramında həmin "Xanbəzəmə” motivi ilə yaşatmağa
çalışmışdır. Beləliklə, Novruz bayramının əsas obrazı xanın seçilməsi olub,
vəzir, kosa, təlxək, cəllad köməkçi personajlardır. Xanın simasında
hakimiyyətin əzəməti, var-dövlət, zənginlik, bolluq, əmin-amanlıq, haqq, ədalət
və hüquq təzahür edir.
Sual oluna bilər ki, niyə məhz bu
arxaik məzmun Ordubad rayonunda qalmışdır? İlk öncə qeyd etmək lazımdır ki,
Ordubad öz relyefi, təbii şəraiti, hətta insanları ilə zəngin bir regiondur.
İkincisi, bu ənənə həm də Cənubi Azərbaycanda movcuddur və tarixən Ordubad
rayonunun Təbriz şəhəri ilə çox yaxın iqtisadi-mədəni əlaqələri olmuşdur və bu
əlaqələrin də arxaik kökləri yaşamaqdadır. Ordubad rayonunun ərazisində "Dədə
Qorqud”da olan toponimlər də mühafizə olunmaqdadır. Burada Qazan xanın adıyla bağlı Qazangöl, Qazanköç
yaylağı kimi ərazilər mövcuddur. Hətta, Beyrəyin ölüm ayağındakı soylamasında -
"Qaraqucda Qazlıq atım kişnətmədin”dəki Qaraquc dağı da Ordubad ərazisindədir.
Əlincə qalası isə Ordubad rayonunun qonşuluğunda – Culfa rayonunun ərazisində,
eyni coğrafi məkanda yerləşir. Nuh peyğəmbərin adıyla bağlı məkanların çox böyük
bir hissəsi Ordubad ərazisindədir. Əslində, Ordubad rayonu bütövlükdə, belə
demək caizsə, Dədə Qorqud yadigarlarının qorunduğu bir bölgədir.
Üçüncüsü, bu mərasim hətta sovet
rejiminin ən çox şiddət etdiyi zamanlarda belə unudulmamış, hər il Ordubad
rayonunun bütün kəndlərində və rayon mərkəzində keçirilmişdir. ”Bütün bunlar
onu göstərir ki, mərasimlər müəyyən müddət dəyişikliyə uğrasa da, ayrı-ayrı
bölgələrimizdə yaşayır və özündə çox əski çağların informasiyasını qoruyub
saxlayır” .
Ordubad rayonunda "Xanbəzəmə” mərasiminə xüsusi hazırlıq işləri
aparılırdı. Demək olar ki, bütün kəndlərin, hətta ayrı-ayrı məhəllələrin öz
xanı olurdu. Xan üç gün müddətinə seçilirdi. Bayrama hazırlıq hər bir evdə aparılırdı.
Bayram günü adamlar mütləq çalışırdılar ki, geyimlərini təzələsinlər. Nənəmin
sözləri bu gün də qulaqlarımdan getmir. Nənəm deyərdi ki, əgər paltar ala
bilmirsənsə, heç olmasa corablarını təzələ, əgər ona da imkanın yoxdursa,
corabının bağını təzələ.
Bu günə qədər ən dərin izlərini
Ordubad rayonunda saxlayan "Xanbəzəmə” Novruz bayramının arxetipi və əsas
atributlarının qarantı olaraq mərasimin mahiyyətini əks etdirir. Eyni zamanda
"Xanbəzəmə” demokratik seçki sisteminin qədim türkün təfəkküründə
formalaşmasının bariz nümunəsi kimi yaşamaqdadır. Bu mərasim Kitabi-Dədə
Qorqudda Xanlar Xanı Bayandır Xanın evini yağmalatması motivinin sonrakı
dönəmlərdə xalq tərəfindən ortaya gətirilməsi ilə ənənəni davam etdirmək
istəyidir. Xan üç gün müddətinə seçilir. Xan dövlətin-hakimiyyətin qarantı
olmaqla bərabər sabitliyin, var-dövlətin, zənginliyin, bərəkətin, bolluğun
ifadəçisidir. Xan bu müddətdə xalq meydanında əhalinin içərisində idarəçiliklə
məşğul olur, fərmanlar verir, bayramın yüksək səviyyədə keçirilməsini təmin
edir. Təəssüf ki, hazırda respublika səviyyəsində keçirilən bayram
tədbirlərində əksər vaxt keçəl, kosa personajlarından istifadə edilir. Xan,
vəzir, təlxək, cəllad personajları unudulmuşdur.
Halbuki təntənəli şəkildə keçirilən bu
tədbirlərin əsas qayəsi hamının şadlanması, hamının bayramı yüksək səviyyədə
keçirməsi, imkansız adamlara maddi və mənəvi köməkliklərin göstərilməsidir.
Bütün bu işlərin həyata keçirilməsində xanın böyük rolu vardır. Xan ədalətli,
ciddi və düzgün olmalıdır. Xanın ciddi, ədalətli, düzgün olması
hakimiyyətin-dövlətin ciddiliyinə, onun möhkəm özül üzərində qurulduğuna işarədir. "Xanbəzəmə” mərasimində təlxək və
kosanın bütün hiylə və oyunlarının arxasında xanı güldürmək məqsədi güdülür.
Əgər xan ədalətsizliyə yol verərsə, ciddiliyini itirərsə və ya hansısa naqis
hərəkəti ilə ikrah yaradarsa, hətta dodağı qaçarsa, suya basılardı. Belə hala
rast gəlinməmişdi. Xan hər zaman ciddiyyətini qoruyub saxlayırdı. Xan obrazının
mahiyyətini açıqlayan Muxtar
Kazımoğlu yazır: "Qədim türk dünya görüşünə görə, xaqan Göyün (Tanrının)
yerdəki təmsilçisidir”.
Mərasimin sonunda xan əhali ilə
xudafizləşir, gələn il bu vaxt yenidən görüşmək ümidi ilə xoş arzularını
söyləyir, hamıyla birlikdə "yallı” gedirdi.
Yığılan pul, azuqə və əşyalar iştirakçılar
arasında bölüşdürülür, kasıblara, imkansız ailələrə, yetim uşaqlara hədiyyələr
paylanırdı.
Novruz dostluq və
barış bayramıdır
Novruzu digər bayramlardan
fərqləndirən bir cəhət də bu bayramda küsülülərin barışmasıdır. Bu küsülülük
ailə içərisində, dost-tanış arasında, hətta el-oba münasibətlərində ola
bilərdi. Belə hallarda ağsaqqallar ortaya düşər, yaşca kiçik olan küsülünü
özləri ilə birlikdə böyük küsülünün bayramını təbrikə aparardılar. Hamı kimi
küsülülər də bir-birinin bayramını təbrik edər, əl verib salamlaşar və
küsülülük öz-özünə aradan qalxmış olardı. Uşaqlar ev-ev gəzib ağsaqqalların
bayramını təbrik edər, bayram payı, əsasən də yumurta yığar, sonra da
yığdıqları yumurtaları döyüşdürərdilər. Bu ənənələr müəyyən deformasiyalara
uğrasa da, davam etməkdədir.
Novruz bayramı haqqında bu günə qədər
ədəbiyyatımızda çox yazılıb, çox deyilibdir. Bu gündən sonra da yazılacaqdır.
Novruz bayramı elə bir bəşəri bayramdır ki, onun arxaik qatında olan mətləblər
hələ də tam açılmayıbdır...