• cümə, 19 Aprel, 05:15
  • Baku Bakı 18°C

Novruz bayramı çağdaş ədəbiyyatda

16.03.20 12:30 3135
Novruz bayramı çağdaş ədəbiyyatda
Bu ocaq nəzmdə də, nəsrdə də yanıb, onu sönməyə qoymayaq
Novruz bayramı həmişə incəsənət adamlarının, ədəbiyyatçıların diqqət mərkəzində olan mövzulardan olub. Klassik ədəbiyyatımızdan başlayaraq bu günümüzə qədər Novruz bayramına, adət-ənənələrinə maraq azalmayıb.
"Müzakirə”mizdə çağdaş ədəbiyyatımızda Novruza olan yanaşmanı öyrənməyə çalışdıq.
Ədəbiyyatımız onu addım-addım vəsf edib
"Şəhriyarın «Heydər babaya salam» poeması Azərbaycan xalqının dilinin əzbəridir. Bayramı o qədər şirin dillə, səlis və rəvan təsvir edib ki, ağlıma ondan gözəl və ifadəli heç bir nəzm nümunəsi gəlmir” deyən «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs xalqın da Novruza etinasız qalmadığını bildirir: "Mənim fikrimcə, bədii ədəbiyyat Novruzla, yazın gəlişi ilə bağlı nə qədər gözəl nümunələr yaratmış olsa belə, xalqın ümumi yaratmış olduğu deyimlər, ifadələr, bayatılar daha gözəl, daha müqəddəsdir. Novruz "Yeni gün, yeni həyat» deməkdir. Bu ifadə artıq azərbaycanlaşıb, türkləşib. Bu bayram yaranandan bəri ədəbiyyatımız onu addım-addım vəsf edib. Əlimizdə o qədər çox nümunə olmasa belə, inanıram ki, ədəbiyyat heç vaxt bu bayrama etinasız qalmayıb. Həm poeziya, həm də nəsrdə Novruzla bağlı kifayət qədər süjetlər, əhvalatlar yer alıb. Eləsi var ki, sırf həyatın özündən qaynaqlanıb, yazıçı ora heç nə artırmayıb. Eləsi var ki, orda bir detal olaraq istifadə olunub».
Q.Ağsəs bildirir ki, 16-17 il bundan əvvəl Novruzla bağlı «İlaxır çərşənbəsi» adlı esse yazıb: «Bütün esse yalnız bir cümlədə ifadə olunurdu: "Novruzda adamı heç kəsin iti tutmur”. Yəni bu bayramda yumurta döyüşməkdən, qapı pusmaqdan, xoruz döyüşdürməkdən, qayanın başında ocaq qalamaqdan və təkər yandırıb üzüaşağı diyirləməkdən, yelləncəkdən, ağac altından keçməkdən, suyun üzərindən tullanmaqdan, fal açmaqdan, üzük salmaqdan tutmuş bütün bu rituallara demək olar ki, bir cümlə ilə bu essedə toxunmuşdum”.
Q.Ağsəs Novruz bayramının həmçinin bayram toyları ilə müşayiət olunduğunu xatırlayır: "İstərdim ki, ədəbiyyatda bu mövzuya ayrıca yer ayrılsın. Yalançı Çərşənbə bitəndən sonra artıq bayram toyları başlayır. Bu toyların özəlliyi ondadır ki, şənliyi daha çox bir məhəllədə tək yaşayan bir insanın evinə salırdılar. Bu, xeyirxah bir iş idi. Qara zurna, nağara və qarmon alətlərindən istifadə olunaraq şənlik qurulurdu. Bu bayram toylarında adamlar nəmər atıb oynayır, yumurta döyüşdürür, qovurğa qovurur, uşaqlara hədiyyələr verirdilər. İki nəfər o şöləni idarə edirdi. Padşah və vəzir də olurdu. Bütün bunlar bütövlükdə xalq tamaşaları idi.
Xalq tamaşaları sonradan peşəkar teatrın yaranmasına təkan verdi. Teatrın, aktyor nəslinin yaranmasında da Novruz şənliklərinin böyük rolu oldu. İstər keçəli, istər kosanı oynamaq aktyorluq məharəti tələb edirdi. İllər keçdikcə bunlar artıq bizim Azərbaycan teatrını yaratdılar. Xalq teatrı olaraq isə onlar daha qədim idi”.
Baş redaktor hesab edir ki, Novruz bayramı Azərbaycanın ən müqəddəs bayramıdır: "Hazırda koronavirus təhlükəsi üzündən bayram elə də kütləvi şəkildə qeyd olunmayacaq. Amma düşünürəm ki, baharın gəlişi, bu sevinc Azərbaycandan əskik olmayacaq. İnanıram ki, hətta, tövsiyələrə baxmayaraq, xüsusən kəndlərimiz, obalarımız Novruz bayramını əvvəlki kimi şövqlə keçirəcəklər. Şəhərlərdə, kəndlərdə yandırılan ocağın tüstüsü yeganə ocaqdır ki, adama xoş gəlir. Novruz ocağının fərqli bir aurası var. Çox arzulayaram ki, Novruz bayramı və ənənələri daha layiq olduğu şəkildə ədəbiyyatımızda işıqlansın. Novruz ocağı nəzmdə də, nəsrdə də yanıb, biz bu ocağı sönməyə qoymayaq».

"Güldəstə bayramı”
Tənqidçi Əsəd Cahangirin sözlərinə görə, sovet dövrü ədəbiyyatında Novruz bayramı ilə bağlı əsərlər yazılıb. Belə ki, bu və ya digər əsərlərdə Novruz bayramına, adət-ənənəsinə müəyyən yer ayrılıb: "Bunun ən gözəl nümunəsi Səməd Vurğunun «Komsomol» poeması idi. Sonralar bu poemanın əsasında Yusif Səmədoğlunun ssenarisi əsasında rejissor Tofiq Tağızadə məşhur «Yeddi oğul istərəm» filmini çəkdi. Novruzla bağlı detallar bu ekran əsərində öz parlaq əksini tapıb. Eləcə də İsmayıl Şıxlının «Dəli Kur» romanında Novruzla bağlı adət-ənənələr geniş əks olunub. Həmçinin bu əsər əsasında çəkilən filmdə də bayramla bağlı adət-ənənələr ekrana gəlir”.
Tənqidçi bildirir ki, bundan əlavə, Novruzla bağlı bir sıra əsərlər – səhnəciklər, pyeslər, şeirlər, poemalar meydana gəlib: "Əlbəttə, bunların sayını artırmaq da olardı. O dövr şairlərin içərisində elə birisi yox idi ki, Novruz mövzusuna bu və ya digər dərəcədə toxunmasın. Hətta, 60-cı illərdə mərhum ictimai-siyasi xadim və dramaturq Şıxəli Qurbanov Novruz bayramını bərpa etmək üçün çox cəhdlər göstərmişdi. Bu bayramı bəziləri dini bayram kimi qələmə verməyə çalışırdı. Elə hesab olunurdu ki, Novruz bayramı Həzrət Əlinin taxta çıxdığı günlə bağlıdır. Əslində o, Azərbaycan xalqının çox qədim, əski inanclarından doğan bir bayram idi. Ola bilsin ki, sonradan dini motivlə milli motivi birləşdirmək üçün Həzrət Əli məsələsi bura əlavə olunmuşdu. Əlbəttə ki, bu, daha çox siyasi məqsəd daşıyan məsələ idi. Ona görə də Şıxəli Qurbanov bayramın adını dəyişib «Güldəstə bayramı» qoymaq istəyirdi. Onun məqsədi milli bayramımızı bərpa etmək idi. Ancaq o, çox kəskin təzyiqlərlə qarşılandı. Sovet dövründə rəsmi dairələr Novruz bayramını yüksək səviyyədə qarşılamırdı. Bununla belə, xalq, bayramı yaşadırdı. Çox xoşdur ki, milli müstəqillik əldə ediləndən sonra Azərbaycan dövləti, ulu öndər Heydər Əliyev, hazırda da ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva milli bayramımızın bərpa olunmasında, ümummilli səviyyədə qeyd olunmasında nəinki fərmanlar verməklə kifayətlənir, həmçinin bu bayramda şəxsən iştirak edir, xalqla birlikdə bayramı qeyd edirlər. Əlbəttə ki, bu amil xalqın təsəvvüründə bayramı bizə daha da doğmalaşdırır, ona yüksək rəsmi status verir”.
Ə.Cahangir bütün bunlarla yanaşı, bu mövzunun ədəbiyyatda yaddaqalan ifadəsini xatırlamadığını deyir: "Mahnılar bəstələnir, oxunur, bu mahnıların xətrinə 3-4 bənddən ibarət şeirlər də yazılır. Amma çox paradoksaldır ki, sovet dövründə tutaq ki, Səməd Vurğun, Abdulla Şaiq, Yusif Səmədoğlu və digər şair və yazıçılarımızın bayrama həsr etdiyi mövzular çağdaş şair və yazıçılarımızın yaradıcılığında yoxdur. Ola bilsin ki, var, amma mən oxumamışam. Amma bilavasitə Novruz bayramının istər nəsrdə, istərsə də şeirdə yaddaqalan bir təsviri ilə rastlaşmamışam. Halbuki Novruz bayramı klassik ədəbiyyatımızda da özünün dolğun əksini tapırdı. Füzulinin qəzəllərində, Nizaminin yaradıcılığında bayram mövzusu yer almışdı. Məsələn, Füzulinin «Leyli və Məcnun» poemasında təsadüfi deyil ki, Leyli və Məcnunun görüşü məhz Novruz bayramı ərəfəsinə təsadüf edirdi. «O gün ki, dünyaya nur saçan günəş Novruzun feyzini bu dünyaya vermişdi”. Eləcə də Leyli ilə Məcnunun qəlbində də bir Novruz Bayramı – sevginin bayramı vardı. Təbiətlə insanın daxilində gedən prosesləri eyniləşdirirdilər. Bu məsələ sovet dövründə də davam edirdi. Səməd Vurğunun, Sabirin yaradıcılığında biz bu nümunələrə rast gəlirik. Sabirin yaradıcılığında bu, sosial problem kimi öz əksini tapırdı: «Bayram oldu, heç bilmirəm neyləyim, bizim evdə dolu çuval da yoxdur» kimi misralarda, istənilən halda Novruza münasibət ifadə olunurdu”.
Tənqidçinin sözlərinə görə, baharın təsviri Səməd Vurğun yaradıcılığında daha geniş əksini tapmışdı: "Ancaq bu gün hər hansı bir şairin, dramaturqun yaradıcılığında Novruz bayramının təsviri və tərənnümü haqqında bir söz demək, ədəbiyyat tənqidçisi olaraq mənə çətindir. Novruz özümüzə qayıdışımızdır. Görünür, bədii ədəbiyyatın ictimai-siyasi prosesləri dərhal qavrayıb, öz süzgəcindən keçirib ortaya bir məhsul çıxarması bir az vaxt tələb edir. Tədricən öz tarixinə, inancına qayıdış, milli yaddaşa tamamilə oturur, bu, bədii ədəbiyyata da öz bəhrəsini verəcək».

Bu günə qədər tamaşalar səhnəyə çıxır
Xalq artisti Mərahim Fərzəlibəyovun sözlərinə görə, bu gün teatrlarda səhnəyə qoyulan Novruz bayramı ilə bağlı tamaşa və ya səhnəciklər ötən illərə aiddir: "Abdulla Şaiq 50-ci illərdə «Gözəl bahar» adlı pyesində Novruz bayramının maraqlı təsvirlərini yaratmışdı. Həmin pyes Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Bu əsərin yazılması 50-ci illərə təsadüf etmişdi. Təəssüf ki, sonradan Novruz bayramının yasaq edilməsi ədəbiyyatçıların qarşısında müəyyən maneələr yaratdı. Yazıçılar Bahar bayramına yalnız əsərlərində müəyyən hissələr ayırdılar. Düzdür, sonradan Şıxəli Qurbanov bu bayramın kütləvi şəkildə keçirilməsinə nail olsa da, yenə maneələr yarandı. Bayram Moskva tərəfindən bəyənilmədi və keçirilməsi qadağan olundu. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Novruz bayramı xalqın dəyəri kimi qeyd olunmağa başladı. Artıq bu bayram müstəqillik dövrümüzdə hər il böyük təntənə ilə qeyd olunur. Eləcə də, bayramın qeyd olunması ədəbiyyatda öz əksini tapdı”.
Rejissorun fikrincə, Novruz bayramına həsr olunan böyük sənət əsərləri olmasa da, bayramın atributlarına aid müəyyən ssenarilər meydana gəlib. Belə ki, həmin ssenarilər hər il teatrlarda səhnəyə qayıdır: "Düzdür, 50-ci ildən sonra Novruz bayramına həsr olunan peşəkar, professional əsərlər yaranmasa da, bayramın ab-havasını özündə əks etdirən müəyyən ssenarilərin olması da əhəmiyyətlidir. Yaxşı ki, həmin əsərlər əsasında hazırlanan tamaşalar bu günə qədər səhnəyə çıxır».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər