Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
21.10.19 11:00
1101
Bir neçə gün öncə 2018 və 2019-cu illər Ədəbiyyat
üzrə Nobel mükafatı sahiblərini tapdı. Mükafat 2018-ci il üçün polşalı yazıçı
Olqa Tokarçuka, 2019-cu il üçün avstriyalı yazıçı Peter Handkeyə verilib.
Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel
mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Yaranan qalmaqal səbəbindən bir
çox jüri üzvü istefa vermişdi.Mükafata layiq görülənlərin
adlarıədəbiyyatçılar arasında birmənalı qarşılanmayıb. Mükafatın
verilməsini ədalətsiz hesab edənlərlə yanaşı, müəlliflərin nüfuzlu mükafatı
haqq etdiklərini söyləyənlər də var.
Qeyd edək ki, Ədəbiyyat üzrə Nobel Mükafatıədəbiyyatsahəsindəki nailiyyətlərə
görə Komitəninhər il təqdim etdiyi ali mükafatdır. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu
tərəfindən idarə olunur və İsveç Akademiyası seçdiyi beş üzvdən ibarət komitə
tərəfindən verilir.Alfred Nobelinvəsiyyətinə
əsasən, mükafat "idealist tərzdə” yazan yazıçılara verilir.Ceyms Coys,
Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms
kimikimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də məhz
bu amil göstərilir.
Ədəbiyyat üzrə ilk Nobel mükafatı
1901-ci ildəSülli Prüdoma təqdim edilib.
"Müzakirə”mizdə
Nobel mükafatı ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirmək istədik. Kifayət qədər tanınmırlar
Yazıçı-publisist Nəriman
Əbdürrəhmanlı "Bu ilin, daha doğrusu, son iki ilin Nobel mükafatçılarını
tanıyıram” deyir: "Düzdü, Peter Handkenin yaradıcılığına kifayət qədər bələd
deyiləm, rus dilində çıxan bəzi əsərlərini, bir də Mahir Qarayevin tərcüməsində
bir hekayəsini oxumuşam. Olqa Tokarçukun yaradıcılığına isə kifayət qədər
bələdəm. Hətta ötən il "Muker” mükafatının sahibi kimi, üç hekayəsini Azərbaycan
dilinə çevirmişəm və "Xəzər” jurnalının 3-cü sayında çap olunub”. Yazıçı hesab
edir ki, Nobel mükafatı olsa belə, hər bir mükafat subyektivdir, yalnız seçim
heyətinə daxil olanların mövqeyini ifadə edir: "Belə vəziyyətdə, bizim o seçimə
hörmət bəsləməkdən başqa əlacımız qalmır. Şübhəsiz ki, nominantlar arasında
daha layiqli qələm sahibləri ola bilərdi. Amma Nobel Komitəsi bu yazıçıları
layiq biliblərsə, biz də razılaşmalıyıq”. Mükafatçıların bizim oxucular
tərəfindən tanınıb-tanınmamasına gəlincə, yazıçı hesab edir ki, hələ nəinki
Azərbaycan oxucuları, eləcə də ədəbiyyatşünaslarımız və tərcüməçilərimiz belə,
builki qalibləri kifayət qədər tanımırlar: "Əksəriyyət, adlarını bəlkə də
birinci dəfə eşidirdi. Bundan sonra isə əsərləri tərcümə olunacaq, haqlarında
yazılacaq. Bir sözlə, bəxtləri üzlərinə güldü”. Daha çox şəxsi əlaqələrin
rolu
"Bu il həm də 2018-ci ildə verilməyən Nobel mükafatı verildi” deyən şair Aqşin Yenisey xatırladır ki, keçən
il mükafatın verilməməsinə səbəb Akademiya üzvlərindən birinin ərinin cinsi
istismara görə məhkəməyə verilməsi və haqqında məhkəmə hökmü çıxarılması
olmuşdu: "Həmin mükafat bu il polyak müəllif Olqa Tokarçuka verildi. 2019-cu
ilin mükafatçısı Peter Handke isə daha çox dramaturq, ssenarist kimi tanınır.
"Qapıçının penalti anındakı həyəcanı”, "Solaxay qadın” kimi romanlarının
türkcəsi ilə tanışam. Ədəbiyyat çevrələrində Handke haqqında daha çox "həvəskar
romançı” ifadəsinə rast gəlmək olur. Onu roman yazarı hesab edənlərin sayı
etməyənlərdən xeyli azdır. Handke və Tokarçuk populyar müəlliflər hesab
olunmur. Tokarçuk daha çox Polşa ədəbiyyatının məşhurudur və keçən il Nobellə
yanaşı, "Man Booker” mükafatını da qazanmışdı. Lakin İsveç Akademiyasında baş
verən cinsi təcavüz məsələsi onun Nobelini gecikdirdi”. Yazar hər iki müəllifə
qarşı heç bir şəxsi fikrinin olmadığını deyir: "Məncə, hər iki müəllif tezliklə
unudulan "Nobelçilər”in sırasına qatılacaqlar. Baxmayaraq ki, hər iki müəllifin
türkçə kitabları tərcümə olunub, amma türk ədəbi çevrələrində bu müəlliflər
haqqında "mütləq oxunmalıdır” tipli yazılara rast gəlməmişəm. Bizdə olduğu
kimi, bütün dünyada da bu cür mükafatlarda daha çox şəxsi əlaqələr rol oynayır.
Ciddi müəlliflər artıq bu cür mükafatlarla maraqlanmırlar. Nobellə bu gün daha
çox üçüncü dünya ölkələri maraqlanır. Allahın gitaraçalan Bobu heç mükafatı
almağa da gəlmək istəmirdi, yalvar-yaxarla gətirdilər ki, rüsvayçılıq olmasın”. Nobel Komitəsinin seçimi
Yazar Səxavət Sahilin fikrincə, Nobel mükafatının ötənilki qalibinin
də bu il açıqlanması onu göstərir ki, mükafat komissiyası nüfuzunu bərpa etmək
istəyir. Belə ki, ötənilki məlum qalmaqaldan sonra belə bir adımın atılması
gözlənilən idi: "Həm 2018-ci il, həm də 2019-cu ilin mükafatçıları Avropada və
dünyada tanınmış ədəbiyyat simalardır. Olqa Tokarçuk bundan əvvəl "Buker”
mükafatının qalibi olub. Aparıcı dillərə çevrilib, ciddi nəşriyyatların
diqqətini cəlb edib və kifayət qədər kitabları satılıb. Bu kriteriyalar da
Nobel mükafatı üçün yetərli hesab oluna bilər. Digər tərəfdən, daha ciddi və
tanınan imzalar namizəd kimi göstərildiyi halda Olqa Tokarçukun bu mükafatı
alması isə Nobel Komitəsinin seçimdir”. Yazar hesab edir ki, Azərbaycan oxucusuna
Tokarçuka nisbətən daha çox tanış olan, mükafatın builki qalibi Avstriya
yazıçısı Piter Handkedir. Belə ki, Handke də tanınmış və ciddi nəşriyyatların
maraq dairəsində olan yazıçıdır: "Oxucularımız onu "Qapıçının penalti qorxusu”
romanından tanıyırlar. Düşünürəm ki, hər iki müəllif bundan sonra yerli
naşirlərin diqqətini daha çox cəlb edəcək”. S.Sahil mükafatın verilməsini
ədalətli hesab edir: "Düşünürəm ki, Nobel komissiyasının işini şübhə altına
almağın özü ədalətsizlikdir. Hətta mükafat Bob Dilana veriləndə, şübhələr daha son
həddə çatdı. Görünür, komissiya Bob Dilanın fəaliyyətinə və yaradıcılığına da
diqqət ayırmaqla o cür müəlliflərə qarşı həm diqqət artırılması, həm də
münasibətin dəyişməsini istəyib. İstənilən halda Nobel Komitəsinin işini
ədalətsiz hesab etmək, onu ciddi olmayan ədəbiyyata üstünlük verməkdə qınamaq
düz deyil. Görünür, komitə müəyyən mənada balanslaşdırılmış siyasət yürüdür.
Həm yüngül janrlara diqqət ayırır, həm də öz nüfuzunu bərpa edə bilir”. Yazarın
fikrincə, Azərbaycan oxucuları demək olar ki, Nobel mükafatçılarını tanıyır: "150
cildlik dünya ədəbiyyatı” seriyasında ayrıca Nobel mükafatçıları sıralaması
var. Orda tam əhatə olunmasa da, çox hissəsi çap olunub. Digər tərəfdən, bu
mükafatın qaliblərinin əksəriyyəti mükafat almadan öncə tanınan
imza olduğundan, onlar oxucularımıza tanışıdır. Azərbaycanca tərcümə olunmayan
müəllifləri isə ən azından, türkcə və rusca oxumaq mümkünüdür”. Bizimkilər niyə almasın?
Tənqidçi Əsəd Cahangir hesab edir
ki, təkcə 2018 və 2019-cu illərin Nobel mükafatçıları deyil, ardıcıl olaraq bir
neçə ildir ki, Nobel Komissiyasının üzvləri dünya oxucularını heyrətləndirməklə
məşğuldurlar: "Bir var yaxşı mənada heyrətləndirmək, bir də var mənfi mənada.
Hesab edirəm ki, bu mükafat artıq süquta doğru gedir. Keçən il komissiya
daxilində baş verən münaqişə, həmin il mükafatın verilməməsi də bu konfliktin
üzə çıxmasının əlaməti idi. Bu prosesdə böhran gedir. Səbəbini bilmirəm, ancaq
bir məsələ məlumdur ki, ya dünya ədəbiyyatı bu qədər zəifləyib, artıq Nobeli
verməyə adam tapmırlar, ya da Nobel Komissiyasının ədəbi meyarları qoyub başqa
meyarlara üz tutması bunu məntiqi bir iflasa gətirib çıxarır. Mənə elə gəlir
ki, Nobel almaq artıq qeyri-adi bir hadisə deyil. Xüsusən son mükafatçılar ki,
Nobel aldılar, məndə belə bir qənaət yarandı ki, bu mükafatı almaq qeyri-adi
bir şey deyil”. Ə.Cahangir əvvəllər bu mükafata əlçatmaz bir məqam kimi baxdığını
deyir: "Məsələn, mən əvvəllər hesab edirdim ki, Nobeli almaq üçün Markes
olmalısan. İndi isə ən adi statistik bir yazıçı da Nobeli ala bilər”. Tənqidçi
son illərin tendensiyasından sonra artıq onda öz ədəbiyyatçılarımıza qarşı bir
ümid də yarandığını deyir: "Bu adamlar alandan sonra azərbaycanlı yazıçılar
niyə Nobel mükafatını almamalıdır? Artıq Azərbaycandan kimsə Nobel alsa, buna təəccüblənmərəm.
Onda Kamal Abdullaya nə üçün vermədilər? Kəramət Böyükçölə Nobel mükafatı
versələr, mən təəccüblənmərəm. Niyə də almasın, yaxşı statuslar yazır. Son
illər verilən mükafatlara görə, mükafatlandırma haqqında qənaətim budur: bu
mükafat mənim gözümdən düşdü”.