• çərşənbə axşamı, 19 mart, 06:05
  • Baku Bakı 8°C

Nikol Paşinyanı kim idarə edir?

14.08.19 20:07 15354
Nikol Paşinyanı kim idarə edir?
Ermənistanda "məxməri inqilab”dan il yarımdan çox vaxt keçsə də, hər hansı dəyişiklik baş vermədiyi göz önündədir. Erməni mediasında, iqtisadi və siyasi ekspert dairələrində uzun müddətdir ki, bunun səbəblərini göstərən materiallar dərc edilir. Gəlinən əsas qənaət də budur ki, ölkə iqtisadiyyatının əsasını inhisarçı-oliqarxik bir sistem təşkil edir. Ekspertlər vurğulayırlar ki, Ermənistandakı oliqarxiya və siyasi sistemlər bir-birinə qarışıb. Bildirilir ki, keçən il Nikol Paşinyanın əsas şüarlarından biri məhz bunun aradan qaldırılacağı idi, lakin vədinə əməl etmədi. Arxada qalan il yarım göstərdi ki, Paşinyan hakimiyyət və biznesi bölüşdürmək, oliqarxiya və siyasətin birləşməsini aradan qaldırmaq vədini çox tez unutdu. Buna sübut odur ki, bu gün Ermənistanın iqtisadi sisteminin əsası əvvəlki iki onillikdə fəaliyyət göstərən inhisarçı-oliqarxik sistemdir.
"1in.am” saytında dərc olunan "Nikol Paşinyanı kim idarə edir?” başlıqlı məqalədə də qeyd olunan məsələ ətraflı araşdırılıb. Bildirilir ki, bu ilin birinci yarısı üçün Ermənistanda ən çox vergi ödəyən iri vergiödəyicilərinin siyahısı dərc olunub. "Siyahıda heç bir dəyişiklik yoxdur - əvvəlki hakimiyyətin dövründə təmsil olunan şəxslərin yenə də burada adları keçir. Monopolistlər, iri mülkiyyətçilərin şirkətləri, oliqarxik qaydalarla işləyənlər hamısı buradadır. Yenə də Ermənistan iqtisadiyyatının əsasını oliqarxiya təşkil edir. Əvvəl hər şey kölgədə idi. Problem onda deyil ki, oliqarxlar kölgədə idilər və yaxud qanuni sahədə fəaliyyət göstərirdilər. Məsələ ondadır ki, indi hakimiyyət oliqarxiyanın qanuni sahəyə keçməsini özlərinin uğuru kimi qələmə verməyə çalışır”. Müəllif daha sonra əlavə edir ki, oliqarxiya – Ermənistanda 20 ildən artıqdır ki, fəaliyyət göstərən siyasi-iqtisadi sistemin əsas, başlıca hissəsini təşkil edib: "Dövlət, eyni zamanda kriminal dünya ilə birlikdə yetişən oliqarxiya ölkədə mövcud olmuş iki hakimiyyətin mövcudluğuna xidmət edib. Hakimiyyət də öz növbəsində oliqarxların monopol maraqlarına xidmət edib. Oliqarxiya olmadan Koçaryan-Sarkisyan hakimiyyəti mövcudluğunu qoruyub saxlaya bilməzdi. Öz növbəsində hakimiyyət oliqarxiyaya xidmət etməsəydi, onda oliqarxiya malik olduğu funksional əhəmiyyəti də əldə edə bilməzdi. Bu, bir növ orqanik, dialektik bağlılıq – Ermənistanın siyasi və iqtisadi sistemi üçün geriyə dönməsi mümkün olmayan nəticələr idi”.
Ardınca da vurğulanır ki, əvvəlki rejimlər oliqarxiyanın timsalında iqtisadi bazis və siyasi təbəqə rolunu oynayıblar. Erməni yazar bildirir ki, "məxməri inqilab”la hakimiyyətin siyasi təbəqəsi – yalnız aysberqin bur hissəsi, yüksəkliyi aradan qalxdı. "Bu hakimiyyətin digər orqanik hissəsini təşkil edən hissəsi - oliqarxiya hələ də fəaliyyət göstərməkdə və çiçəklənməkdə davam edir. Beləliklə də, Ermənistanda "məxməri inqilab”la hakimiyyətin dəyişməsi barədə qiymətləndirmələr yalnız şərtidir. Təkrar edirik, "məxməri” inqilab”la yalnız əvvəlki hakimiyyətin siyasi hissəsi - əgər istəyirsinizsə, vitrin hissəsi dəyişib. İnqilabdan sonra keçən il yarımlıq müddətdə yeni hakimiyyət iqtisadiyyatın oliqarxik strukturunun dəyişilməsi üçün nəinki sistemli addımlar atdı, əksinə, həmin oliqarxiya ilə dinc şəraitdə fəaliyyət göstərməkdə davam etdi. Hakimiyyətdə olanlar, konkret olaraq baş nazir Nikol Paşinyanda belə bir təəssürat formalaşa bilər ki, keçmiş oliqarxlar artıq "özününküdür”. Lakin bu heç də belə deyil. Nikol Paşinyan oliqarxiyanın maraqlarını ifadə edən fiqura çevrilmək üzrədir. Problem ondadır ki, məntiqlə, oliqarxiya onun maraqlarını ifadə edən rejimin maraqlarına uyğun fəaliyyət göstərəcəyi halda inkişaf edə bilər. Bu gün reallıq belədir ki, oliqarxiya bu gün də qəbul edilən qərarlara təsir edə bilir”, - deyə məqalədə vurğulanır. Müəllif bildirir ki, "hakimiyyət oliqarxiyaya qarşı hansısa bir qərar qəbul edərsə, onun mümkün təxribatlarının baş verəcəyindən də ehtiyat edir. Ermənistan iqtisadiyyatının proporsiyası, ölkənin iqtisadi modeli dəyişməyənə kimi - Nikol Paşinyan hakimiyyəti oliqarxiya qarşısında qorxusunu saxlayacaq. Yalnız üzdə göstərmək istəyəcək ki, onları idarə etməkdədir. Əslində isə oliqarxiya hakimiyyəti idarə edir, ölkənin iqtisadi həyatında öz rolunu oynamaqda davam edir. Oliqarxiya da zaman-zaman ya hakimiyyəti ona xidmət etməyə məcbur edəcək, ya da ona xidmət edəcək hakimiyyəti idarəçiliyə gətirmək yollarını arayacaq. Bu planda əvvəlki sistemin və oliqarxiyanın maraqları identikdir”. Sonda bildirilib ki, oliqarxiya köhnə Ermənistanın ən böyük və başlıca qalığı kimi qalır. Əvvəlki sistem də nəyin bahasına olursa-olsun, köhnə sistemin qayıtmasına çalışır. Nikol Paşinyanın da məchul iqtisadi siyasəti buna dəstək vermiş olur”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər