Nəsrəddin Tusinin milliyyətcə türk olduğu şübhə doğurmur

Dünya şöhrətli
alim Nəsrəddin Tusinin hansı millətdən olması müzakirə predmetinə çevrilib.
Buna səbəb isə The Vintage News-da yayımlanan "Təkamül nəzəriyyəsini Darvindən
600 il əvvəl ortaya atan islam alimi kimdir?” başlıqlı yazı olub. Məqalədə
Tusinin "Əxlaqi-Nasiri” adlı əsərində Darvin doğulmamışdan 600 il əvvəl təkamül
nəzəriyyəsinin sadə bir nümunəsini irəli sürdüyü qeyd olunub və onun islam
dünyasının ən böyük alimlərindən olduğu nəzərə çatdırılıb. Müzakirə mövzusuna çevrilən
və narazılıqla qarşılanan məqam isə Nəsrəddin Tusinin fars alimi kimi təqdim
olunmasıdır. Məsələni tarixçi alimlərlə müzakirə edib Tusinin hansı millətdən
olduğunu araşdırmağa çalışdıq. Müsahiblərimiz bildirdilər ki, bu cür tanınmış şəxslərin
milli kimliyi barədə hər zaman danışılır və müxtəlif xalqlar onlara sahiblənməyə
çalışırlar.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın
orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Dilavər Əzimli"Kaspi”yə açıqlamasında dedi ki, Nəsrəddin Tusi türkdür və bunu tarixi mənbələr
sübut edir. Əsas fakt isə onun babalarının Ordubadda yaşamasıdır: "İskəndər bəy
Münşi "Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi)” mənbəsində Hatəm
bəy Ordubadini Tusi nəslinin nümayəndəsi, nəvə-nəticələrindən biri kimi təqdim
edir. Orada yazılır ki, Hatəm bəy XIII əsrin görkəmli Azərbaycan alimi Nəsrəddin
Tusinin nəslindəndir və ordubadlı Məlik Bəhramın oğludur: "O, yüksək səviyyəli
və gözəl bir əsli-nəsəbə malikdir, öz ali şəcərəsi cəhətdən sanki fəzilət
ümmanının bir incisidir. O, bəşəriyyətin ustadı Nəsir əl-millət vəd-din Tusinin
- Allah onun ruhuna can versin - nəslindəndir". Onun ata-babaları nəsilliklə
Ordubadın kələntərləri olublar. Hatəm bəy Ordubadi də əvvəlcə Ordubadın kələntəri
olub, daha sonra isə şəxsi bacarığına görə I Şah Abbasın hakimiyyətinin əvvəllərində
saraya dəvət edilib. Məsələ ondadır ki, insanlar daim eyni məkanda yaşamırlar,
bir yerdən başqa yerə köçürlər. Köçməyə gəzməklə və digər səbəblərlə yanaşı, təhsil
almaq istəyi də səbəb olurdu. Bilirsiniz ki, "Şərq aləmi” deyilən bir anlayış
var. Şərqin əsas təhsil mərkəzləri iri şəhərlərdə yerləşirdi. Ona görə də təhsil
almaq istəyənlər həmin şəhərlərə üz tuturdular. Məsələn, Ərdəbildə doğulan Şeyx
Səfiəddin Şiraza gedir ki, orada təhsil alsın. Nəinki orada yaşamaq, hətta
Şirazda doğulmuş olsaydı belə, bu, onun türk olmadığı anlamına gəlmir. Tusinin
babaları da eynən bu cür yerdəyişmə ediblər”.
D.Əzimlinin
fikrincə, Nəsrəddinin Tusa köçməsi, orada boya-başa çatması, təhsil alması onun
fars olduğunu göstərən fakt deyil. Çünki onun nəslinin nümayəndələri indi də
Ordubadda yaşayır: "Doğrudur, onun Həmədanda doğulması barədə də fikirlər var.
Ümumiyyətlə, bu tip şəxsiyyətlər haqda müxtəlif fikirlər deyilir. Məsələn, Nəsimi
ilə bağlı müxtəlif iddialar var. Amma onun Şamaxıda doğulması faktdır. Bu mənada,
Tusinin də babalarının əslən Ordubaddan olması tarixi mənbələrdə əksini tapıb.
Bəlkə də, o, Həmədanda doğulub, sonradan Tus şəhərinə köçüb. Bizi maraqlandıran
əsas məsələ odur ki, o, bir azərbaycanlı, bir türkdür. Əsas odur ki, dünyaya
belə bir tarixi şəxsiyyət vermişik. Bu məsələnin ortaya çıxmasında AMEA
Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudlunun böyük əməyi var.
Onun rəhbərliyi altında "Dünyanı bəzəyən Abbasın tarixi” adlı mənbə nəşr
olundu. Bu, çox böyük mənbədir. Dünya tarixində mühüm mənbələrdən sayılır. Demək
olar ki, Azərbaycan tarixşünaslığı bu mənbə ilə başlanır və o, hazırda əlimizdədir.
Buna əsasən də, Tusinin azərbaycanlı olduğunu deyə bilərik”.

Tarix elmləri doktoru, professor Şahin Fazil qeyd etdi ki, bu cür insanların konkret məkanı
olmur, onlar bütün dünyanın insanlarıdır və bu sıraya haqqında danışdığımız Nəsrəddin
Tusi də daxildir: "Bildiyiniz kimi, tarixi Azərbaycan ərazilərinə bir çox hücumlar
olub. Gah monqollar, gah səlcuqlar, gah da elə osmanlı türkləri, rumilər ölkəmizi
işğal ediblər. Demək olar ki, çox yerdə belə olub. Ona görə də bu gün haradasa
təmiz bir xalq olduğu şübhə yaradır. Hamı bir-birinə qaynayıb-qarışıb. Amma elə
dahilər var ki, onlara azərbaycanlı deyə bilirik. Məsələn, Nizami farsca yazsa
da, o, Azərbaycanın böyük mütəfəkkiridir. Sırf təxəllüsə görə mühakimə yürütmək
olmaz. Məsələn, Cəlaləddin Ruminin təxəllüsü türklərə bağlı olsa da, o, fars
şairidir. Bu söz Tusiyə də aiddir və ona "Tusi” olduğuna görə fars demək olmaz.
Mən özüm dəfələrlə Tusda olmuşam. Bizdəki kimi, orada da Tusi ilə bağlı müəyyən
məkanlar, eksponatlar var. Bilirsiniz ki, o, Marağada rəsədxana tikdirmişdi. Həmin
rəsədxananın müəyyən hissələri həm Tehranda, həm də Tusda saxlanılır”.
Həmsöhbətimiz
Tusinin Azərbaycanla bağlılığı olmadığını deməyi mümkünsüz hesab edir. Azərbaycan
tarixçisi İskəndər Münşi Hatəm bəy Ordubadinin Nəsrəddin Tusinin nəslindən
olduğunu qeyd edibsə, deməli, Nəsrəddin türk alimidir: "Münşi azərbaycanlı
olmağına baxmayaraq, farsca yazıb və həmin əsəri dilimizə mən özüm tərcümə etmişəm.
Orada qeyd olunub ki, Şah Abbas Ordubada gələndə özü ilə baş vəziri olan Hatəm
bəy Ordubadini də götürür. Onun azərbaycanlı olması isə şübhəsizdir. Başqa bir
fakt mərhum alimimiz Seyidağa Onullahi ilə bağlıdır. O, tarix elmləri doktoru,
professor idi və Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmişdi.
Azərbaycana gəldikdən sonra araşdırmalar apararaq öz şəcərəsini – nəsil ağacını
tərtib etdi. O, əsil-kökünü 13-cü əsrə qədər çatdırdı və ulu babasının Nəsrəddin
Tusi olduğunu sübut etdi. Onullahi Azərbaycan Astarasından idi”.
Ş.Fazil onu da
qeyd etdi ki, farsca yazmaq o dövrün ənənəsi idi. Şairlər də, tarixçilər də əsərlərini
farsca və ya ərəbcə yazırdılar. Bu səbəbdən, Nizami haqda deyilən sözlər Tusiyə
də aiddir və onun farsca yazması fars olması anlamına gəlmir: "Mən bir tarixçi
kimi düşünürəm ki, Hatəm bəy Ordubadinin və Seyidağa Onullahinin Tusi nəslindən
olması Nəsrəddinin türklüyünü göstərən əsas faktlardır. Təbii ki, hər kəs bu
cür insanları öz adlarına çıxmağa, öz ölkələrinə mənsub etməyə çalışır. Ermənilər,
mənfur düşmənlərimiz də bu cür hərəkətlər edirlər. Şairlərimizi, şeirlərimizi,
musiqilərimizi, ənənələrimizi özlərininkiləşdirirlər. Guya ki, dolma onlarındır.
Bunu ortaq xörək kimi qəbul etmək olar, amma adından da görünür ki, bu, türk
sözüdür. Və yaxud da "Sarı gəlin” mahnısı. Onlarda sarı gəlin sözümü var?
Mahnını bizim dildə oxuyub deyirlər ki, guya bu, erməni mahnısıdır. Bu cür
faktlar çoxdur. Əlbəttə ki, Tusi dünyanın ən böyük dahilərindən biridir. Müəyyən
faktlar məni onun azərbaycanlı olduğunu deməyə vadar edir. Tarix əvvəl-axır
sübut edəcək ki, kim kimdir. Azərbaycanda Tusi adına küçə var. Mən istərdim ki,
onun heykəli də qoyulsun. Pedaqoji universitet də Tusi adına idi. Bu ad boşuna
qoyulmamışdı. Deməli, əllərində əsas olub ki, universiteti belə adlandırıblar.
Yenə də deyirəm, bütün hallarda, dünyanın böyük alimi kimi onunla fəxr edirəm və
azərbaycanlı olduğuna əminəm”.

BDU-nun dosenti Atamoğlan Məmmədli də Nizami kimi Tusinin də dəfələrlə fars alimi
kimi təqdim olunmasına təəssüflənir. Hesab edir ki, bunun əsas səbəbi əsərlərini
farsca yazmalarıdır: "Həqiqətdir ki, Nəsrəddin Tusi türk ədibi, yazarı, alimi
olub və müxtəlif sahələri yüksək səviyyədə bilib. Milli mənsubiyyətinə gəlincə,
xarici mətbuatda fars kimi qeyd olunmasına reaksiya vermək lazımdır, ancaq belə
halları bir qədər də təbii qarşılamalıyıq. Ən çox da avropalılar farsca yazanı
fars kimi təqdim edirlər. Onların baxış bucağı budur. Bu, o demək deyil ki,
Tusi türk alimi deyil. O, elm aləmində türk alimi kimi tanınır. Təhriflər adətən
iki səbəbdən olur. Ya qərəzli şəkildə, bilərəkdən fars kimi yazılır, ya da
dediyim kimi, yaradıcılıq dili əsas götürülür. Belə faktları səbirlə
qarşılamaqla mübarizə aparmaq lazımdır. Məlumdur ki, o zaman türk dövlətlərinin
çoxunda fars dilindən istifadə olunub. Səlcuqlar da, osmanlılar da farsca
yazırdılar. Elə Səfəvilər dövlətində də fars dilindən istifadə olunub”.
A.Məmmədli
xatırlatdı ki, səfəvilərdə sarayda türkcə danışılsa da, inzibati aparat, yəni
idarəetmə dilində farscadan istifadə olunub: "Marağada, həmin rəsədxana
olmuşam. Hazırda baxımsız haldadır, abadlıq işləri aparılmır. Tusi orada cənubi
azərbaycanlıların cəm halda yaşadığı bölgədə fəaliyyət göstərib. Tehran o zaman
elə də məşhur deyildi, Rey şəhəriyanında kiçik bir qəsəbə hesab olunurdu.
Tusi orada, Tusda və digər yerlərdə – yəni mədrəsələr olan yerlərdə fəaliyyət
qururdu, həmin təhsil ocaqlarında dərs verirdi. Yəni sadaladıqlarımın hamısı
türk arealı idi və orada azərbaycanlılar yaşayırdı. Onun adı hazırda İranda da əbədiləşdirilir”.

Fəlsəfə doktoru Aytək Məmmədova da alimin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar
məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırdı və onun türklərə rəğbətini
türk əsilli olmasının təsdiqi kimi qiymətləndirdi: "1258-ci ildə monqollar
Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşüb, 1261-ci (659) ilin əvvəllərindən
Nəsrəddin Tusinin yanında yaşayıb. İbn əl-Füvəti yazıb ki, Nəsrəddin Tusi
Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu
Maraği ilə görüşüb ona belə bir tapşırıq verib - İrbil, Mosul və Əlcəzirəyə
getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə
qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilib.
Bu, Azərbaycan alimi Nəsrəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini
ifadə edir. Türkiyənin görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974)
ismaili məzhəbinin XIII əsrdə ən parlaq bir dövrü olduğunu xatırladarkən
Xorasanda bu məzhəbə mənsub alimlərin toplandığını qeyd edir. Bildirir ki,
ismaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan
Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi ətrafına da zamanın
tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı
alimlərini toplayırdı. Xoca Nəsir Tusi prinsip baxımından ismailliliklə
eyni əsildən olan imami məzhəbindən
olduğu üçün Nasirəddinin məclisinə qatılmaqda gecikmədi və orada çox yaxşı
qarşılandı. Qeyd edim ki, o dövrdə hamı müsəlman kimi qeyd olunurdu, ona görə də
alimin milləti haqda konkret və qəti danışmaq bir az çətinlik yaradır. Amma
ümumi gedişata baxdıqda onun türk olduğunu demək olur”.
Şəfa Tapdıq
