• cümə axşamı, 25 aprel, 00:29
  • Baku Bakı 19°C

“Nəhənglər”in Cənubi Qafqaz müzakirəsi

06.11.21 10:15 906
“Nəhənglər”in Cənubi Qafqaz müzakirəsi
Ankara sübut edir ki, Vaşinqton və Parisin siyasətindən asılı olmayaraq, Türkiyə Cənubi Qafqazda 44 günlük müharibədən sonra formalaşan geosiyasi nizamı müstəqil şəkildə idarə edəcək və regionda öz rolunu inkişaf etdirəcək


Dünyanın aparıcı dövlətlərinin toplandığı G-20 ölkələrinin sammiti yekunlaşıb. Romada keçirilən bu sammitdə diqqət mərkəzində həm də Cənubi Qafqaz, xüsusilə Qarabağ məsələsi olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istər ABŞ lideri Co Bayden, istərsə də fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi müzakirə predmeti olub. Hətta Türkiyə lideri keçirdiyi mətbuat konfransında apardığı müzakirələrin səmərəli olduğunu ayrıca vurğulayıb. G-20 ölkələrinin sammitində Cənubi Qafqazın müzakirə edilməsi, Ərdoğanın bu məsələlərə həssas yanaşması regiondakı vəziyyətə necə təsir edə bilər?

1 saat 10 dəqiqə ərzində...

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Ərdoğanın G-20 sammitində keçirdiyi görüşlərdə, xüsusilə Co Baydenlə görüşdə Cənubi Qafqazda gedən proseslər, o cümlədən Qarabağ məsələsi müzakirə predmeti olaraq prioritet olmadı: "Bu görüşü Türkiyə-ABŞ münasibətlərinin bundan sonra gərginlik müstəvisinə daşınmaması üçün atılan addım kimi qiymətləndirmək lazımdır. Ona görə də, Türkiyənin bir çox strateji məsələləri müzakirə predmetinə çevrilə bilmədi. Eyni zamanda bunun içərisində Qarabağ məsələsi də yer alır. Çünki 1 saat 10 dəqiqə ərzində Türkiyəni narahat edən bütün məsələləri müzakirə etmək və ciddi nəticələrə nail olmaq mümkün deyildi. Düşünürəm ki, bu məsələ daha çox Fransa prezidenti ilə müzakirə olunub. Bilirsiniz ki, Fransanın da Cənubi Qafqazda, xüsusilə Qarabağ məsələsində tormozlayıcı rolu olur. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçi ölkədir, ancaq buna rəğmən, tərəf olaraq Ermənistanın hər zaman yanında durub”.

"Fransa təkcə Cənubi Qafqazda deyil...”

Politoloq qeyd etdi ki, Fransa Azərbaycan-Ermənistan münasibətləri kontekstində proseslərin açılmasına tormozlayıcı effekt yaratmağa hələ də davam edir: "Fikrimcə, situasiyanın aydınlanması və Türkiyənin artıq regionda həlledici bir aktyor olaraq prosesdə iştirakı təkzib olunmadığı üçün Makronun Ərdoğanla xüsusi olaraq müzakirə aparmasına ehtiyac yaranıb. Onu qeyd edim ki, Fransa təkcə Cənubi Qafqazda deyil, geosiyasi maraqlarının olduğu regionlarda dominant roluna sahib olmağa çalışır. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyir. Bu məsələdə ona mane olan ölkələr isə Türkiyə və Azərbaycandır. Buna görə, bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Fransa prezidenti Türkiyə ilə uzlaşmadan bütün regional məsələlərdə maraqlarının təmin olunmayacağını anladı. Bu, Qarabağ məsələsinə də aiddir. Ona görə də, düşünürəm ki, belə bir görüş kontekstində Qarabağ məsələsi müzakirə predmetinə çevrilib. Ancaq hansı razılaşmanın əldə olunması haqqında konkret informasiyalar yoxdur. Bu ona görə deyil ki, razılaşmaları gizli saxlayırlar. Düşünürəm ki, bu müzakirə daha çox məsələlərin aydınlaşması və gələcək perspektivdə qarşılıqlı fikirlərin dinlənilməsinə hesablanmışdı. Əminəm ki, Türkiyə prezidenti Fransanın tutduğu mövqe və davranışların heç bir perspektivinin olmadığını Makrona doğru-dürüst anladıb”.

"Həlledici tərəf Rusiya və qardaş Türkiyədir”

N.Miri vurğuladı ki, bu gün bütün kommunikasiyaların, eyni zamanda Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan ölkələrdən biri məhz Fransadır: "Bu yöndə ABŞ-ın da fikirləri müəyyən mənada Fransa ilə üst-üstə düşür. Bir məqama toxunum ki, bu prosesdə əsas həlledici tərəf Rusiya və qardaş Türkiyədir. Bu kontekstdə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın prosesə öz ağırlıqlarını qoyduqları təqdridə, Fransanın fikirləri o qədər də önəm daşımır.
Ərdoğanın görüşlərinin proseslərə təsirinə gəlincə, bu, Fransanın və ABŞ-ın məsələyə münasibəti kontekstində müəyyənləşəcək. Açığı, bu məsələdə ABŞ və Fransanın o qədər də ciddi təsir qüvvəsi yoxdur. Mənə elə gəlir ki, ABŞ və Fransanın diqqətinə çatdırıldı ki, nə qədər qatar tərpənməyib, prosesə əngəl yaradan fikir və davranışlardan vaz keçsinlər”.

"Türkiyə fəaliyyətini genişləndirir”

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyənin beynəlxalq nüfuzunun artması G-20 zirvəsində bir daha təsdiq edilmiş oldu: "ABŞ və Fransa prezidentlərinin Ərdoğanla görüşü də, demək olar ki, Türkiyənin üstünlüyü ilə baş tutdu. Türkiyə Cənubi Qafqaz siyasətində artıq Fransa və ABŞ-ın mövqeyini nəzərə almadan müstəqil şəkildə fəaliyyət göstərdiyini bir daha büruzə verdi. Regionda "altılıq” formatının yaradılmasında Türkiyə aktiv rola malikdir. Burada Amerikanın və Fransanın yer almadığının alt mesajda verilməsi də göstərir ki, Cənubi Qafqaz siyasətində bu iki dövlətin rolunun qarşısı alınıb. Türkiyə bu istiqamətdə öz fəaliyyətini genişləndirir”.

"Vaşinqton və Parisin siyasətindən asılı olmayaraq…”

M.Əsədullazadə hesab edir ki, Türkiyənin, ümumiyyətlə, Cənubi Qafqazda "altılıq” platformasını həyata keçirmək siyasəti, bu istiqamətdə regiona veriləcək sülh və təhlükəsizlik töhfəsi Vaşinqton və Paris tərəfindən də reallığın qəbul edilməsinə gətirib çıxaracaq. Ankara sübut edir ki, Vaşinqton və Parisin siyasətindən asılı olmayaraq, Türkiyə Cənubi Qafqazda 44 günlük müharibədən sonra formalaşan geosiyasi nizamı müstəqil şəkildə idarə edəcək və regionda öz rolunu inkişaf etdirəcək”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər