• cümə, 29 Mart, 18:10
  • Baku Bakı 14°C

Naxçıvanın dini turizm potensialı - REPORTAJ

20.11.21 11:00 1493
Naxçıvanın  dini turizm potensialı - REPORTAJ
Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf”i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
Qədim oğuz-türk yurdu Naxçıvan tarixi-memarlıq, təbiət abidələri, ilk insan yaşayış məskənləri, sənət əsərləri, mineral və müalicəvi əhəmiyyətli su mənbələri ilə zəngindir. Burada dini ziyarətgahlar, pir və imamzadələr də çoxluq təşkil edir. Təkcə ziyarətgahların sayı 140-a yaxındır. Onlar inanclı insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır. Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu bölgənin dini turizm potensialı, o cümlədən iki əsas ziyarətgahla daha yaxından tanış olmaq imkanı qazandıq.


Nuh Peyğəmbərin yurdu

Bu ziyarətgahlardan biri Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsidir. Rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması, əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal edir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapıb. Nuh və ona iman gətirənlərin mindiyi gəminin ilk dəfə Naxçıvanda quruya çıxması ilə insanların burada məskən salması da rəvayətlərdə yer alıb. İddia olunur ki, yeni nəsil məhz buradan törəyərək artıb, təşəkkül tapıb. Təsadüfi deyil ki, "Naxçıvan” sözü "Nuh tərəfdarlarının çıxdığı yer” mənasında işlədilir, muxtar respublikaya Nuh Yurdu da deyilir.

Tədqiqatçılar məlumat veriblər
"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun bizə verdiyi məlumata görə, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Onun sözlərinə görə, Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər.Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli də XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı, yerləşdiyi ərazi təsvir edilib.

Qafqazın ən böyük məscid kompleksi tikilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb. 2010-cu ildə türbənin yaxınlığındakı Köhnəqala - Naxçıvanqala əvvəlki görkəminə qaytarılıb, muzey yaradılıb. Ali Məclis Sədrinin 2013-cü ildə imzaladığı digər sərəncamla "Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi yaradılıb. Hazırda bu ərazidə Qafqazın ən böyük məscid kompleksindən biri inşa edilir.

Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf”
Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü müqəddəs Qurani-Kərimin "Əl-Kəhf” surəsində haqqında bəhs edilən "Əshabi-Kəhf” ziyarətgahıdır. "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı bələdçi Ələkbər Məmmədli söylədi ki, müqəddəs kitabın "Əl-Kəhf” ("Mağara”) surəsinin 9, 10, 11, 12 və 18-ci ayələrində mağara barədə ayrıca bəhs olunması, bu qədim ziyarətgahın İslama qədərki dövrdə tanınmasına və məşhurlaşmasına dəlalət edir: "Dini rəvayətə görə, qədim dövrlərdə şahın zülmündən bezən gənclər təkallahlığa iman gətirib və hökmdarın qəzəbindən qaçmaq üçün bu mağaraya sığınıblar. Allah onları 309 il yuxuya verib, şahın zülmündən qoruyub. Sözügedən mağara Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf” məhz Naxçıvandadır”.


Kərbəla, hətta Həcc ziyarətinə bərabər

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə "Əshabi-Kəhf”də abadlıq və yenidənqurma işləri aparılıb. 2004-cü ildən ziyarətgah "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərməyə başlayıb. Son illərdə "Əshabi-Kəhf” ziyarətgahının ərazisində aparılmış yenidənqurma, bərpa və abadlıq işləri zamanı zəvvarlar üçün daha rahat şərait yaradılıb və məscid tikilib. Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf”i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.

Rufik İSMAYILOV
Bakı-Naxçıvan-Bakı



















banner

Oxşar Xəbərlər